Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-218/2026 13.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Mən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimi Həşimov Yaşar Xanoğlan oğlu, Hüquqi şəxs X1nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinə dair Saatlı Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, 3(5-150)-236/2026 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X1-nin rəhbəri X2 oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİM: Saatlı Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, 3(5-150)-236/2026 saylı qərarı ilə (hakim V.Qasımovun sədrliyi ilə) hüquqi şəxs X1 İstehsalat Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1 və 452.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməsi, İXM-in 34.3-cü maddəsi tətbiq olunmaqla, hüquqi şəxs X1 İstehsalat Müəssisəsinin İXM-in 215.4-cü maddəsi ilə 6.000 (altı min) manat məbləğində cərimə edilərək, X1 İstehsalat Müəssisəsinə məxsus Saatlı şəhəri, M.Ağayev küçəsi ünvanında yerləşən aptektdə aşkar edilmiş inzibati xətanın bilavasitə obyekti olan 13 qutu+8 ədəd 2 ml N10 Kakarboksilaza ampul, 1 qutu 25 qr. Orkaklin B gel, 2 qutu 011023 seriyalı 15000 ME/ml 10 ml Akvadetrim, 1 qutu 24A818 seriyalı 20 mq N28 Deplorum-S, 1 qutu 211001790 seriyalı 200 mq N50 Melepsin, 1 qutu+20 ədəd NK4583 seriyalı 4mg/10mg N30 Amlessa, 10 ədəd H2406012 seriyalı 100 mg N30 Keprin, 10 ədəd A112058 seriyalı 100 mg N60 Quet, 1 ədəd 224512 seriyalı N10 Parinox ENX, 1 qutu 3060421 seriyalı 10 ml Pinosol, 6 ədəd Temzogel, 30 ədəd PCS0800 seriyalı 50 mg N60 Topamax, 1 qutu 40 mg N50 Dideral, 1 qutu WED5HA seriyalı 50 mg N21 Diane, DLB05505 seriyalı 10 mg/g+1mg/ Travocort krem, 1 qutu L24496A seriyalı 3 mg N100 Budenofalk, 3380724 seriyalı 40 mg Anaprinilinin məhv edilməsi barədə yekun qərar qəbul edilmişdir. Qeyd edilən qərardan narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X1nin rəhbəri X2 oğlu tərəfindən apellyasiya şikayəti (müraciət ərizə adlandırılsa da apellyasiya instansiyası məhkəməsinə ünvanladığından apellyasiya şikayəti kimi qəbul oluna bilər) verilmişdir. İş materiallarından görünür ki, X2 tərəfindən şikayət verilərkən qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna riayət edilməmişdir. İXM-də şikayətin forma və məzmununa riayət edilməməsi halında hansı hərəkətlər edilməsi nəzərədə tutulmamasına münasibət bildirərək qeyd edirəm ki, hazırkı halda cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiq olunmaqla X2 tərəfindən verilmiş şikayət Şirvan Apelyasiya Məhkəməsinin icraatına qəbul edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi belə şərh olunmuşdur ki, “cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Eləcə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının müəyyən edilməsi, habelə şikayət və ya protestin mümkünlüyü ilə əlaqədar digər prosessual məsələlər (şikayətin səlahiyyəti olan şəxs tərəfindən verilib-verilməməsi, imzalanıb-imzalanmaması) kifayət qədər tənzimlənməmişdir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından, həmçinin özünün əvvəlki hüquqi mövqeyindən çıxış edərək hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə məhkəmə qərarından verilmiş şikayət və ya protest vermə müddətinin buraxılıb-buraxılmamasının yoxlanılması ilə əlaqədar prosessual məsələlərin tənzimlənməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müvafiq normaları qanunun analogiyası üzrə tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblərdən bəhs edən 387-ci maddəsində aşağıdakılar göstərilmişdir. 387.1. Apellyasiya şikayətində və ya apellyasiya protestində aşağıdakılar göstərilməlidir: 387.1.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin adı; 387.1.2. apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxsin adı; 387.1.3. hökm və ya qərar çıxarmış birinci instansiya məhkəməsinin adı; 387.1.4. hökm və ya məhkəmənin digər yekun qərarının qısa məzmunu və apellyasiya şikayəti, yaxud protesti verən şəxsin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması; 387.1.5. apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi. 387.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə olunan sənədlərin siyahısı. 387.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır. 387.4. Qanuni nümayəndənin və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında olmadıqda qanuni nümayəndənin və ya nümayəndənin verdiyi apellyasiya şikayətinə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 391.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. İşdə olan şikayətin məzmunundan da görünür ki, təqdim edilmiş sənəd apellyasiya şikayəti kimi qanunvericiliyin müəyyən etdiyi forma və məzmuna uyğun tərtib olunmamışdır. Belə ki, ərizədə “apellyasiya şikayəti” olduğu açıq şəkildə qeyd edilməmiş, yalnız qərardan narazılıq ifadə olunmuş və işə yenidən baxılması xahiş edilmişdir. Halbuki, qüvvədə olan prosessual normalara əsasən apellyasiya şikayəti konkret hüquqi əsaslara söykənməli, birinci instansiya məhkəməsinin qərarının hansı hissələrinin və hansı səbəblərə görə qanunsuz və ya əsassız hesab edildiyi aydın şəkildə göstərilməlidir. Bundan əlavə, ərizədə şikayətin əsaslandırılması aparılmamış, yəni qərarın ləğv və ya dəyişdirilməsi üçün hüquqi və faktiki arqumentlər irəli sürülməmişdir. Bu isə apellyasiya şikayətinin mahiyyətinə zidd olmaqla, onun icraata qəbul edilməsi üçün zəruri şərtlərin pozulması deməkdir. Eyni zamanda, ərizəçi özünü “ALOV-10” istehsalat müəssisəsinin direktoru kimi təqdim etsə də, bu statusunu təsdiq edən hər hansı rəsmi sənədləri şikayətinə əlavə etməmişdir. Nümayəndəlik və ya vəzifə səlahiyyətlərinin mövcudluğu təsdiqlənmədiyindən, onun həmin hüquqi şəxs adından müraciət etmək səlahiyyəti də sübuta yetirilməmişdir. Bununla yanaşı, ərizə müvafiq qaydada təsdiqlənməmiş, möhür və ya digər təsdiqedici rekvizitlərdən istifadə olunmamışdır. Belə olan halda, P.Həsənovun ərizəsi apellyasiya şikayəti kimi qiymətləndirilsə də sadalanan rəsmi sənədlər şikayətə əlavə edilmədiyindən o, apellyasiya şikayəti vermək hüququ olmayan şəxs kimi nəzərə alınmalıdır. Odur ki, işin məhkəmə bахışınа təyin еdilməsi məsələsinin mümkünlüyünü iş mаtеriаllаrı ilə əlaqəli şəkildə nəzərdən kеçirib yuxarıda qeyd olunan qanun normalarının tələblərini də rəhbər tutaraq hеsаb еdirəm ki, X2 oğlunun birinci instansiya məhkəməsinin hüquqi şəxs X1nin İXM-in 215.4-cü maddəsi ilə barəsində 6.000 (altı min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair qərarından verdiyi apellyasiya şikayəti qanunvericiliyin tələbləri ilə uzlaşmadığı üçün onun icraata qəbul edilməsindən imtinа оlunmаlıdır. Odur ki, yuxarıda qeyd olunanları və İXM-in 132-ci mаddəsinin tələblərini rəhbər tutаrаq, QƏRARA ALDIM: Saatlı Rayon Məhkəməsinin 31 mart 2026-cı il tarixli, 3(5-150)-236/2026 saylı qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs X1nin rəhbəri X2 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməkdən imtina edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialı Saatlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardаd qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardаddan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-218/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-218/2026
13.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver