Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-219/2026 20.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Teymurov Amil Ağamoğlan oğlunun iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Teymurov Amil Ağamoğlan oğlu Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə (işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi) təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Teymurov Amil Ağamoğlan oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Teymurov Amil Ağamoğlan oğlunun IXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 manat cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilmiş, Teymurov Amil Ağamoğlan oğlunun barəsində IXM-in 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayət verərək, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Teymurov Amil Ağamoğlan oğlu barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında elektron qərarın qüvvədə saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti şikayətini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı ləğv edilməli və Xidmətin ## ###### 2026-cı il tarixli, MN ******* saylı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərar qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə qərar qəbul edərkən əmək qanunvericiliyinin tələblərinin, işçilərin əmək müqaviləsi ilə əldə etdikləri hüquqlarının pozulması məsələsinə toxunmadan, təkcə təqdim edilmiş hesabatlarla müəyyən etmişdir ki, işçilərə minimum əmək haqqı ödənilir. Habelə məhkəmə qeyd edir ki, X2 işçilərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən IXMin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. Bunun əksini sübut etmək vəzifəsi isə inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür ki, o da, bu hüququndan istifadə edərək məhkəməyə lazımi sənədləri təqdim etməmişdir. Belə ki, Inzibati xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biridə 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsidir. Xidmətin ## ###### 2026-cı il tarixli, MN ******* saylı əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar çıxarılan inzibati tənbeh vermə haqqında elektron qərarı tam qanuni və əsaslıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Teymurov Amil Ağamoğlan oğlu şikayətin təmin olunmamasını, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Iş materiallarına olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, Teymurov Amil Ağamoğlan oğlu IXM-in 192.3cü maddəsi ilə (işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi) təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Iş materiallarında olan Saatlı rayonu Kamallı-Hacıqasımlı Bələdiyyəsinin iclasının ## ######## 2024-cü il tarixli, ** nömrəli protokolundan görünür ki, Saatlı rayonu Kamallı- Hacıqasımlı Bələdiyyəsinin iclasında “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin ikinci və üçüncü hissələrinin və 2-ci maddəsinin ikinci və üçüncü hissələrinin tələblərinə əsasən və protokolda adları qeyd edilən bələdiyyələrin qarşılığı razılığı əsasında Saatlı rayonu Kamallı-Hacıqasımlı bələdiyyəsinin Nərimanov, Dəlilər, Kamallı-Hacıqasımlı və Novruzlu bələdiyyələri ilə birləşdirilməsi və yeni yaranan bələdiyyənin Nərimanov bələdiyyəsi adlandırılması məqsədəuyğun hesab edilmişdir. Iş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayonu Nərimanov bələdiyyəsinin Nizamnaməsinin “ümumi müddəalar” hissəsinin 1.6-cı bəndindən görünür ki, Saatlı rayonu Nərimanov bələdiyyəsi Dəlilər, Hacıqasımlı, Kamallı, Kamallı-Hacıqasımlı, Musalı, Naharlı, Nərimanov və Novruzlu kəndlərinin ərazi sərhədləri daxilində özünüidarəetmə formasında fəaliyyət göstərir. Iş materiallarında olan bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il ## ####### tarixli **-VIIQ nömrəli Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli **s nömrəli Sərəncamının icrası ilə əlaqədar möhür və ştampın ləğv edilməsi ilə bağlı ## #### 2025-ci il tarixli aktdan görünür ki, Saatlı rayonu Kamallı-Hacıqasımlı kəndinin möhür və ştampı bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün yaradılmış komissiya tərəfindən ləğv edilmişdir. Iş materiallarında olan Saatlı rayonunun Nərimanov Bələdiyyəsinin ## ###### 2025ci il tarixli, ** nömrəli məktubundan görünür ki, Saatlı rayon Kamallı-Hacıqasımlı Bələdiyyəsinin ## ######## 2024-cü il tarixli, ** nömrəli qərarına əsasən Saatlı rayonu X6 rayon Nərimanov Bələdiyyəsinə birləşdirilmişdir, bələdiyyənin möhürü, künc ştampı və asan imzası ləğv edilmişdir. Saatlı rayon Kamallı-Hacıqasımlı Bələdiyyəsinin sabiq sədri Teymurov Amil Ağamoğlan oğlunun əmək müqaviləsinə xitam verilməmişdir. Saatlı rayon X3 rayon Kamallı- Hacıqasımlı Bələdiyyəsinin hüquqi varisidir. Teymurov Amil Ağamoğlan oğlunun əmək müqaviləsinə xitam verilməsi xahiş olunur. Göstərilən sənədlərin məzmunundan aydın olur ki, Kamallı-Hacıqasımlı bələdiyyəsi ayrıca hüquqi münasibət iştirakçısı kimi tam ləğv edilməmiş, digər bələdiyyələrlə birlikdə Nərimanov bələdiyyəsinə birləşdirilmiş, sonuncu isə hüquqi varis kimi fəaliyyətini davam etdirmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar qəbul edilən vaxt əvvəlki Kamallı- Hacıqasımlı bələdiyyəsi artıq ayrıca təşkilati vahid kimi fəaliyyət göstərməmiş, digər bələdiyyələrlə birlikdə Nərimanov bələdiyyəsinə birləşdirilmişdir. Lakin həmin hal öz-özlüyündə inzibati məsuliyyət məsələsini birmənalı həll etmir. Bu şəraitdə inzibati orqan konkret olaraq hansı vəzifəli şəxsin, hansı statusda, hansı dövr üzrə və hansı hüquqi əsasla məsuliyyətə cəlb edilməli olduğunu, eləcə də hüquqi varislik və aidiyyət məsələlərini tam və aydın müəyyən etməli idi. IXM-in 192.3-cü maddəsinin tələbinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hazırkı işdə həlledici məsələ əvvəlki bələdiyyənin formal rekvizitlərinin ləğv olunması deyil, inzibati məsuliyyətin subyekti məsələsinin düzgün müəyyən edilməsidir. Inzibati orqan qərar qəbul edərkən bələdiyyələrin birləşdirilməsi nəticəsində yaranmış yeni hüquqi vəziyyəti, hüquqi varislik münasibətlərini, əmək münasibətlərinin hansı subyekt çərçivəsində davam etdiyini və barəsində qərar çıxarılmış şəxsin məhz hansı hüquqi statusla məsuliyyət daşıdığını aydınlaşdırmalı idi. Bu məsələlər aydınlaşdırılmadan yalnız əvvəlki bələdiyyənin sədrinin adı ilə elektron qərar çıxarılması sübutetmə baxımından kifayət hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, X1 Xidmətinin apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət hüquqi və faktiki baxımdan əsaslı deyil və təmin olunmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 13-cü maddəsinə əsasən bələdiyyə ərazilərinin müəyyənləşdirilməsi və dəyişdirilməsi, o cümlədən bələdiyyələr təşkil edilərkən və yenidən təşkil edilərkən, yəni birləşdirilərkən və ayrılarkən, qanunla müəyyən edilir. Həmin norma göstərir ki, birləşmə bələdiyyələrin ərazi və təşkilati əsaslarının dəyişməsi ilə müşayiət olunan yenidən təşkil formasıdır. Deməli, belə halda əvvəl mövcud olmuş bələdiyyə tərkibi, onun daxili strukturu və həmin struktur daxilində formalaşmış idarəçilik qaydası əvvəlki məzmunda birmənalı davam edən hüquqi vəziyyət kimi qəbul edilə bilməz. Qanunun 14-cü maddəsinə görə bələdiyyələr bələdiyyə üzvlərindən ibarət seçkili yerli özünüidarə orqanlarıdır və onların strukturu qanuna və nizamnaməyə uyğun müəyyən edilir. Bu müddəa göstərir ki, bələdiyyə sədrinin hüquqi statusu ayrıca, müstəqil və abstrakt səlahiyyət kimi deyil, konkret bələdiyyə tərkibində formalaşmış seçkili orqanın daxilində yaranan və həmin orqanın mövcudluğu ilə şərtlənən səlahiyyət kimi mövcuddur. Başqa sözlə, sədrin səlahiyyəti həmin şəxsin özü ilə deyil, onun daxil olduğu bələdiyyə qurumunun qanuni tərkibi, strukturu və prosedur qaydasında formalaşdırılmış iradəsi ilə bağlıdır. Bir neçə bələdiyyə vahid bələdiyyə qurumunda birləşdirildikdə əvvəlki bələdiyyələrin hər birinə aid ayrıca təşkilati çərçivə dəyişmiş olur. Belə dəyişiklikdən sonra əvvəlki bələdiyyə üzrə mövcud olmuş sədrin yeni qurum çərçivəsində bir qayda olaraq əvvəlki həcmdə səlahiyyət daşıdığını qəbul etmək qanunun sistemli məzmununa uyğun olmaz. Çünki yeni bələdiyyə üzrə idarəçilik əvvəlki bələdiyyələrdən hər hansı birinin rəhbər şəxsi tərəfindən deyil, məhz yeni qurumun qanunda nəzərdə tutulmuş qaydada formalaşmış orqanları tərəfindən həyata keçirilməlidir. Qanunun 16-1-ci maddəsi yeni seçilən bələdiyyənin ilk iclasının keçirilməsi qaydasını ayrıca tənzimləyir və müəyyən edir ki, bələdiyyə sədri yeni tərkibin ilk iclasında seçilir. Bu norma xüsusi əhəmiyyət daşıyır. Çünki o, yeni qurum daxilində sədrlik səlahiyyətinin mənbəyinin əvvəlki status yox, məhz yeni tərkibin iradəsi ilə keçirilən seçki olduğunu təsbit edir. Deməli, birləşmədən sonra sədrin səlahiyyət daşıması barədə nəticə yalnız yeni bələdiyyə tərkibində qanunla müəyyən edilmiş seçki və təşkilati prosedurlar başa çatdıqdan sonra mümkün ola bilər. Qanunun 16-cı maddəsinə əsasən bələdiyyənin iclası üzvlərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir və iclası bələdiyyənin sədri, sədr olmadıqda isə sədr vəzifəsini icra edən şəxs aparır. Bu normaların məzmunundan aydın görünür ki, bələdiyyə adından qərarvermə səlahiyyəti yalnız legitim qaydada formalaşmış tərkib və həmin tərkibin səlahiyyətli iclası vasitəsilə həyata keçirilə bilər. Buna görə də əvvəlki bələdiyyə üzrə seçilmiş sədrin birləşmədən sonrakı mərhələdə yeni bələdiyyə adından iclas çağırmaq, iclasa sədrlik etmək və ya təşkilati-sərəncamverici qərarlar vermək səlahiyyətinə malik olması qənaətinə gəlmək üçün ayrıca normativ əsas tələb olunur. Iş materiallarında isə belə ayrıca hüquqi əsas görünmür. Qanunun 18-ci maddəsinə görə bələdiyyənin icra aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir, yerli əhaliyə xidmət və sosial-iqtisadi proqramların həyata keçirilməsi üçün yaradılan icra strukturlarının rəhbərləri isə bələdiyyə iclasının qərarına əsasən təyin olunur. Buradan da görünür ki, icra sahəsində səlahiyyətlərin həyata keçirilməsi belə bələdiyyənin mövcud legitim iclası və onun qərarlarından asılıdır. Ona görə də birləşmədən sonrakı mərhələdə əvvəlki sədrin yeni qurumun icra aparatına rəhbərlik etməsi və ya yeni qurum adından sərəncam xarakterli hərəkətlər etməsi üçün həmin yeni qurumun hüquqi baxımdan formalaşmış iradəsi mövcud olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ondan çıxış etmişdir ki, inzibati məsuliyyətin yaranması üçün şəxsin barəsində istinad edilən inzibati xətanın həm obyektiv, həm də subyektiv əlamətləri, o cümlədən həmin şəxsin inzibati xətanın subyekti kimi çıxış etməsi, yəni müvafiq tarixdə həmin münasibətlər üzrə real səlahiyyət daşıması mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmalıdır. Inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın özlüyündə qabaqcadan müəyyən edilmiş sübutedici qüvvəsi yoxdur; onlar digər sübutlarla birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, Teymurov Amil Ağamoğlan oğlu əvvəl Saatlı rayonu Kamallı-Hacıqasımli bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır. Lakin “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının ## ####### 2024-cü il tarixli **-VIIQ nömrəli Qanununa əsasən həmin bələdiyyə digər bələdiyyələrlə birlikdə Nərimanov bələdiyyəsinin tərkibinə birləşdirilmişdir. Beləliklə, həmin normativ dəyişiklikdən sonra Kamallı-Hacıqasımli bələdiyyəsi əvvəlki idarəetmə quruluşu və əvvəlki səlahiyyət daşıyıcıları ilə ayrıca fəaliyyət göstərən bələdiyyə kimi çıxış etməmiş, əvvəlki sədrin də məhz həmin bələdiyyə üzrə müstəqil qaydada idarəçilik, sərəncamvermə və əmək münasibətlərini formalaşdırma səlahiyyətləri davam etməmişdir. Başqa sözlə, birləşmədən sonrakı dövrdə əvvəlki bələdiyyə üzrə əmək müqavilələrinin şərtlərini dəyişmək, əməkhaqqını müəyyən etmək və ya bu sahədə işəgötürən iradəsini ifadə etmək imkanının həmin şəxsə aid olması ayrıca sübut edilməli idi. Inzibati orqan tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli elektron qərarda Amil Teymurovun guya həmin tarixdə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqının müəyyən edilməsinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə məsuliyyət daşıdığı göstərilmişdir. Lakin işdə olan sübutlar həmin tarixdə onun məhz Kamallı-Hacıqasımli bələdiyyəsi üzrə belə səlahiyyətli vəzifəli şəxs kimi çıxış etdiyini təsdiq etmir. Əksinə, birinci instansiya məhkəməsinin əsaslandığı faktiki hallar göstərir ki, inzibati xətanın qərarda qeyd olunan tarixdə və qərarda göstərilən hüquqi status çərçivəsində məhz Teymurov Amil Ağamoğlan oğlu tərəfindən törədilməsi obyektiv olaraq mümkün olmamışdır. Bu isə inzibati xəta subyektinin mövcudluğu məsələsini aradan qaldırır və şəxsin məsuliyyətə cəlb edilməsi üçün zəruri olan əsas ünsürlərdən birini istisna edir. Inzibati məsuliyyət məsələsində aradan qaldırılması mümkün olmayan şübhələr məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Inzibati orqanın üzərinə düşən sübutetmə vəzifəsi yerinə yetirilmədiyi, yəni ## ###### 2026-cı il tarixdə Amil Teymurovun mübahisələndirilən əmək münasibətləri üzrə səlahiyyətli subyekt olması, həmin qərarın onun iradəsi və göstərişi ilə formalaşması, habelə IXM-in 192.3-cü maddəsinin dispozisiyasına uyğun əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb edilməsi qanuni hesab oluna bilməz. Nəticə etibarilə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, sübutları düzgün qiymətləndirmiş və qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmir, buna görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi işin hallarına uyğun maddi və prosessual hüquq normalarına düzgün əsaslanmışdır. Bu səbəbdən həmin hüquq normalarının əlavə olaraq sadalanmasına lüzum yoxdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərinin əksini sübut edir və bu da ona əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət formal mülahizələrə əsaslanmış və IXM-in 3-cü maddəsinə əsasən Saatlı rayonu Kamallı-Hacıqasımlı Bələdiyyəsinin təqsirli olması və onun sədri olmuş Amil Teymurovun əməlində IXM-in 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair hər hansı sübüt təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Saatlı rayonu Kamallı-Hacıqasımlı Bələdiyyəsinin sədri olmuş Teymurov Amil Ağamoğlan oğlunun IXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 manat cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi, Teymurov Amil Ağamoğlan oğlunun barəsində IXM-in 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Saatlı rayonu Kamallı-Hacıqasımlı Bələdiyyəsinin sədri olmuş Teymurov Amil Ağamoğlan oğlunun IXM-in 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 manat cərimə olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi, Teymurov Amil Ağamoğlan oğlunun barəsində IXM-in 192.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X1 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-219/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-219/2026
20.04.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver