Məhkəmə qərarları › İş №3(3-9)-253/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-253/2026

05.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-253/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, “İnşaatçı-Neftçi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə aidiyyətlə bağlı eyni səviyyəli birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına dair məsələyə baxaraq MÜƏYYƏN ETDİM: “İnşaatçı-Neftçi” MMC tərəfindən ##.##.2025-ci il tarixdə Xocavənd rayon Azıx kəndi yaxınlığında lisenziya və ya icazə sənədi olmadan qanunsuz olaraq qum-çınqıl qarışığından ibarət hasilat işləri aparıldığı üçün barəsində İXM-in 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. “İnşaatçı-Neftçi” MMC ##.##.2026-cı il tarixdə Xocavənd Rayon Məhkəməsinə vəsatət ünvanlayaraq, MMC-nin hüquqi ünvanının Şirvan şəhərində yerləşdiyini nəzərə alaraq inzibati xəta haqqında işin aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsi həmin vəsatəti nəzərə alaraq qeyd olunan inzibati xəta haqqında işi baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərmişdir. İşi aidiyyəti üzrə göndərən məhkəmə hesab etmişdir ki, İXM-in 110.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer dedikdə hüquqi şəxslərə münasibətdə onun hüquqi ünvanının olduğu yer başa düşülür. Şirvan Şəhər Məhkəməsi Xocavənd Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmamış və işin ona aid olmadığı qənaətinə gələrək, inzibati xəta haqqında işi ərazi aidiyyəti ilə bağlı fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Aidiyyəti mübahisələndirən məhkəmə isə hesab etmişdir ki, barəsində icraat aparılan hüquqi şəxsin Şirvan şəhərində dövlət qeydiyyatında olması və işin həmin məhkəmədə baxılmasına dair vəsatət verməsi işin ərazi aidiyyətinin dəyişdirilməsi üçün kifayət qədər hüquqi əsas hesab edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “yaşadığı yer” anlayışı mahiyyət etibarilə fiziki şəxslərə aid olub, hüquqi şəxsin qeydiyyat ünvanı ilə eyniləşdirilə bilməz. Qanunvericilikdə hüquqi şəxslərlə bağlı hallarda “yerləşdiyi yer”, “olduğu yer” və ya “hüquqi ünvan” anlayışlarından istifadə edildiyi halda, qeyd olunan normada məhz “yaşadığı yer” ifadəsinin işlədilməsi bu istisnanın hüquqi şəxslərə şamil olunmamasını göstərir. Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına əsas olan halları iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib və Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin müvafiq normalarını rəhbər tutub aşağıdakılarını qeyd edilməsini məqsədəuyğun hesab edirəm. İşin mahiyyətinə keçməzdən öncə qeyd edilməldir ki, aidiyyət məsələsinə ciddi şəkildə əməl edilməsi ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasının birbaşa tələbidir. Əsas Qanunun 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsində qeyd edilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ######## 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun başqa bir qərarında-“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Əsas Qanunun və cinayət-prosessual qanunvericiliyin müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən görünür ki, aidiyyət qaydalarının pozulması yolverilməzdir və məhkəmələr bu qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu onunla əlaqədardır ki, məhkəmə aidiyyətinin pozulması nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Odur ki, hazırki iş üzrə aidiyyətlə bağlı fikir ayrılığını yaradan halları, habelə birinci instansiya məhkəmələrinin bununla bağlı mövqelərini nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İnzibati xətalara dair işlərin aidiyyətini müəyyən edən həmin normanın məzmunundan göründüyü kimi qanunverici inzibati xətanın törədildiyi yerə nisbətdə alternativ aidiyyəti müəyyən edərkən “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer” anlayışından istifadə etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi sonuncu qanunvericilik aktında yaşayış yerinin mənzil, ev, yataqxana və s. məkanlar olmasının mümkünlüyünə istinad edən qanunverici İXM-in 110.1-ci maddəsində də aidiyyət qaydasını təsbit edərkən eyni anlayışdan istifadə etməklə əslində fiziki şəxsləri nəzərdə tutmuşdur. Həqiqətən də qanunvericilik aktlarında yaşayış yerini izah edən anlayışlardan görünür ki, belə anlayışlar, məsələn ev, mənzil, qaraj, yataqxana və s. kimi yerlər yalnız fiziki şəxslərin məkanlarını ehtiva edə bilər. Ona görə də hesab edirəm ki, İXM-in 110.1-ci maddəsində alternativ aidiyyətə münasibətdə istifadə edilən “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer” anlayışından istifadə edən qanunverici əslində fiziki şəxslərin yaşayış yerini nəzərdə tutmuşdur ki, bu da hüquqi şəxslərin həmin qaydadan faydalanmaq imkanını aradan qaldırır. Beləliklə, inzibati xətanın törədildiyi yer üzrə baxılmalı olduğunu nəzərə alaraq hesab edirəm ki, İXM-in 110.1-ci maddəsinə uyğun olaraq, yuxarıda göstərilənlərə əsasən hüquqi şəxs “İnşaatçı-Neftçi” MMC-yə istinad edilən inzibati xəta haqqında işə onun törədildiyi yer üzrə Xocavənd Rayon Məhkəməsində baxılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, inzibati xətalara dair işlər üzrə aidiyyətlə bağlı mübahisələrin həlli Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarından irəli gələn hüquqi mövqeyi nəzərə almaqla mübahisənin həlli zamanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə istinad etməyi məqsədəuyğun hesab edirəm. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsində isə göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsaslanıb, Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutub QƏRAR VERDİM: “İnşaatçı-Neftçi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar