Məhkəmə qərarları › İş №3(3-9)-258/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-258/2026

06.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-258/2026 06.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 3(5-160)-426/2026 qərarı ilə (hakim İmanov Əli Sərməz oğlunun sədrliyi ilə), Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin təmin edilməsi, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis Rı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və ona əsassız yazılmış 100 manat (3 bal) inzibati cərimənin silinməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospekti istiqamətində saat 12:40da ** RH *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz 190D” minik markalı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin mərkəzi məlumat xidmətinin rəisi polis R Rı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli elektron qərarın ləğv edilməsi, ona əsassız yazılmış 100 manat məbləğində cərimənin və 3 balın silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-cı il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospektində quraşdırılmış videonəzarət kamerası vasitəsi ilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 190D” minik markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilinə yol hərəkətinin qayda pozuntusunu əks etdirən EQ ******** nömrəli elektron protokol tərtib edilərək barəsində cərimə yazılmışdır. “Asan ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlara inzibati xəta barədə hadisənin elektron qərarı və videogörüntüsü daxil edilməmişdir. Daxil edilmiş fotogörüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin ##.##.2026-cı il saat 12:40 göstərildiyi, lakin elektron qərarda inzibati xətanın törədilmə vaxtının isə ##.##.2026-cı il saat 17:33:29 tarixində (xətanın qeyd edildiyi vaxtdan təxminən 5 saat sonra) göstərildiyi, bununla da foto görüntülərin və qərarın əsassız və qanunazidd olduğu aydın görünür. İşə baxan Şirvan Şəhər Məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev apellyasiya qaydasında şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarının ləğv edilməsi və X1 barəsində qəbul edilmiş elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən ##.##.2026-cı il tarixdə 1.11 üfüqi nişanlanma xəttinin tələbini pozaraq manevr etmə qaydasını pozduğuna görə barəsində elektron qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş qərar ləğv edilməli və inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Birincisi, birinci instansiya məhkəməsinin hakimi səlahiyyətli vəzifəli şəxsin qərarından şikayətə baxarkən səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermədən inzibati xəta haqqında işə baxmışdır. Bununla bağlı qeyd edirik ki, İdarəyə rəsmi olaraq hər hansı bildiriş daxil olmamışdır. Belə ki. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinin tələbinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş Poçt Haqqında AR Qanununa əsasən sifarişli qaydada göndərilməli və göndərilən səlahiyyətli orqana və ya vəzifəli şəxsə çatdırılmasını, təsdiq edən xəbərnamə məhkəməyə daxil olduqdan sonra məhkəmə inzibati xəta haqqında işə mahiyyəti üzrə baxa bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Belə olan halda işə baxılma vaxtı və yeri barədə səlahiyyətli orqana məlumatın çatıbçatmamasını aydınlaşdırmadan iş üzrə icraata xitam vermişdir. İnzibati xəta haqqında işin materiallarında işin baxılma və vaxtı və yeri barədə səlahiyyətli orqana məktubun çatdırılması barədə hər hansı sübut mövcud deyildir. İkincisi, Qeyd etmək istəyitik ki, sürücü barəsində tərtib olunmuş elektron qərarda öz əksini tapmış 3 foto şəkillərdən də tam aydın olur ki, sürücü bilərəkdən 1.11 üfüqi nişanlanma xəttinin tələbini pozaraq qayda pozuntusu törətmişdir, (foto şəkillər əlavə olunur) Üçüncüsü, Xüsusi ilə qeyd etməyi zəruri hesab edirik ki, qeyd olunan qayda pozuntuları ilə bağlı Şirvan Şəhər Məhkəməsindən kütləvi halda inzibati xəta haqqında elektron qərarların ləğvi barədə qərarlar Azərbaycan Respublikası DİN BDYPİ-yə daxil olur. Bu formalı qərarlar kütləvi hal almış və analoji Məhkəmə qərarları nəticəsində sürücülərin bilərəkdən, qəsdən inzibati məsuliyyətdən boyun qaçırılmasına şərait yaradılmış olur. Məlum olduğu kimi ölkə ərazisində maddi ziyan və ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin bir çoxu bu kimi qayda pozuntularının pozulması nəticəsindədir. Qeyd olunan inzibati xətadada olduğu kimi sürücü bilərəkdən inzibati xətanı törətmiş lakin sonradan müxtəlif əsaslar gətirərək inzibati məsuliyyətdən boyun qaçırmağa çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya- epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 7.1-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 10-cu maddəsinə əsasən Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbivə olunması sahəsində tədbirlər hazırlayır və həvata keçirirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5. 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin İ- ci hissəsinə nəsasən yol hərəkətinin iştirakçıları: Yol hərəkəti qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Göründüyü kimi birinci instansiya məhkəməsinin hakimi işin bütün hallarını tam araşdırmadan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq hüquqi qiymət verməmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin hakimi iş üzrə gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, həmçinin iş üçün əhəməiyyətli olan halları sübuta yetirilmədən nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Beləliklə də hesab edir ki, Şirvan Şəhər Məhkəməsinin qərarı ləğv edilməli və X1 barəsində qəbul edilmiş elektron qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya qaydasında şikayətə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş şəlahiyyətli orqan - Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Apellyasiya məhkəməsi işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmadan, iş üzrə Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026cı il tarixli, 3(5-160)-426/2026 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə iş materiallarında Qərardan şikayət verən orqan (şəxs) əməlində inzibati xəta tərkibinin qanunla nəzərdə tutulmuş qaydada təsdiq edilməməsi, inzibati xətanın xüsusi texniki vasitə ilə real vaxt rejimində aşkar olunmaması və elektron qərarın real vaxt rejimində tərtib edilməməsi qənaətinə gələrək, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis Rı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli EQ ******** nömrəli elektron qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və tətbiq edilmiş 100 manat məbləğində cərimə ilə 3 cərimə balının silinməsinə dair nəticəyə gəlmişdir. Aşağıda qeyd olunanlara görə apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərara əsasən Qərardan şikayət verən orqan (şəxs) ##.##.2026-cı il tarixdə Sabirabad şəhəri, H.Əliyev prospekti istiqamətində saat 12:40-da ** RH *** dövlət qeydiyyat nömrəli “Mercedes Benz 190D” minik markalı avtomobili ilə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-nin327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə edilmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını və apellyasiya şikayətini qarşılıqlı formada əlaqələndirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsas yanaşmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbləri əsasında aparmışdır. Həmin maddənin dispozisiyasından açıq şəkildə görünür ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilən inzibati xətalar üzrə elektron qərarın çıxarılması üçün iki əsas amil olmalıdır: 1) inzibati xəta xüsusi texniki vasitə vasitəsilə avtomatik qaydada aşkar edilməli; 2) həmin məlumat real vaxt rejimində birbaşa mərkəzi informasiya sisteminə ötürülərək elektron qərar real vaxt rejimində formalaşdırılmalıdır. Birinci instansiya məhkəməsi əsaslı olaraq müəyyən etmişdir ki, hazırkı işdə istifadə olunmuş görüntülər xüsusi olaraq yol hərəkəti qaydalarının avtomatik qeydə alınması üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış xüsusi texniki vasitədən deyil, “təhlükəsiz şəhər” müşahidə kamerasından əldə edilmişdir. Həmin müşahidə kameraları yol hərəkəti qaydalarının avtomatik aşkarlanması və insan müdaxiləsi olmadan mərkəzi informasiya sisteminə ötürülməsi funksiyasını daşımır. Başqa sözlə, həmin görüntülər sonradan insan tərəfindən izlənilmiş, qiymətləndirilmiş və bundan sonra elektron qərar tərtib edilmişdir. Bu isə İXM-in 122.1-ci maddəsinin tələb etdiyi avtomatlaşdırılmış mexanizmə uyğun gəlmir. Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. İXM-in 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İXM-in 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Bununla yanaşı, İXM-in 122-ci maddəsininin tələblərinə əsasən əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Apellyasiya şikayətində isə bu hüquqi nəticəni təkzib edən hər hansı texniki sənəd, sertifikat, inteqrasiya aktı, proqram təminatına dair məlumat və ya istifadə olunmuş kameranın İXM-in 122.1-ci maddəsində nəzərdə tutulan “xüsusi texniki vasitə” statusuna malik olmasını sübut edən hər hansı mötəbər dəlil təqdim edilməmişdir. Şikayətdə yalnız ümumi formada “foto şəkillərdən qayda pozuntusunun görünməsi” qeyd edilmişdir. Mübahisənin predmeti sürücünün manevr edib-etməməsi deyil, həmin inzibati məsuliyyətin qanunla müəyyən olunmuş prosessual mexanizmə uyğun tətbiq edilib-edilməməsidir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, inzibati məsuliyyət yalnız nəticəyə görə deyil, həm də həmin nəticəyə aparan hüquqi prosedurun qanuniliyinə görə qiymətləndirilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün elementləri mövcud olduqda şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Bu isə o deməkdir ki, inzibati məsuliyyət həm maddi, həm də prosessual əsaslara söykənməlidir. Prosessual qaydanın pozulması məsuliyyət tədbirini hüquqi qüvvədən məhrum edir. Birinci instansiya məhkəməsinin ikinci mühüm hüquqi nəticəsi elektron qərarın “real vaxt rejimində” qəbul edilməməsi ilə bağlı olmuşdur. İş materiallarından görünür ki, iddia edilən inzibati xəta ##.##.2026-cı il tarixdə saat 12:40-da qeydə alınmış, elektron qərar isə həmin gün saat 17:33:29-da formalaşdırılmışdır. Beləliklə, hadisə ilə qərarın rəsmiləşdirilməsi arasında təxminən 5 saata yaxın zaman fərqi mövcuddur. İXM-in 122.1-ci maddəsində istifadə olunan “real vaxt rejimində” ifadəsi təsadüfi termin deyildir və formal xarakter daşımır. Bu anlayış qanunverici tərəfindən xüsusi texniki vasitələrin insan müdaxiləsi olmadan fasiləsiz fəaliyyətini, məlumatın avtomatik ötürülməsini və dərhal elektron qərarın yaranmasını təmin edən hüquqi təminat kimi nəzərdə tutulmuşdur. Əgər görüntü əvvəlcə qeydə alınır, daha sonra ayrıca şəxs tərəfindən araşdırılır, qiymətləndirilir və yalnız bundan sonra qərar qəbul edilirsə, bu artıq real vaxt rejimi deyil, sonradan emal edilmiş inzibati icraat hesab olunur. Birinci instansiya məhkəməsi tam əsaslı olaraq İXM-in 53.1.11-ci maddəsinə istinad etmişdir. Həmin normaya görə, İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib edilmədikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Norma imperativ xarakter daşıyır və məhkəməyə alternativ seçim imkanı vermir. Yəni məhkəmə belə pozuntu müəyyən etdikdən sonra elektron qərarı qüvvədə saxlaya bilməzdi. Apellyasiya şikayətində isə bu məsələyə münasibətdə hər hansı hüquqi arqument irəli sürülməmiş, “real vaxt rejimi” anlayışının necə təmin olunduğu izah edilməmiş, elektron qərarın 5 saata yaxın gecikmə ilə formalaşdırılmasının səbəbi açıqlanmamışdır. Şikayət bu hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyini təkzib edə bilməmişdir. DİN BDYPİ tərəfindən irəli sürülmüş digər arqument ondan ibarətdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Lakin həmin arqument də iş materialları ilə təkzib olunur. Birinci instansiya məhkəməsinin qərarında açıq şəkildə qeyd edilmişdir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İXM-in 133.2.4-cü maddəsinə əsasən məhkəmə belə halda işə onların iştirakı olmadan baxa bilər. Apellyasiya şikayətində həmçinin geniş şəkildə yol hərəkətinin təhlükəsizliyi, inzibati xətaların profilaktikası, sürücülərin məsuliyyət hissi və ictimai təhlükəsizlik məsələlərinə istinad olunmuşdur. Şübhəsiz ki, yol hərəkəti təhlükəsizliyi dövlət üçün mühüm ictimai əhəmiyyət daşıyır. Lakin hüquqi dövlətdə ictimai maraq hüquqi prosedurun pozulmasına haqq qazandıra bilməz. Dövlət orqanları inzibati məsuliyyəti yalnız qanunun müəyyən etdiyi üsul və prosedur çərçivəsində tətbiq edə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən inzibati məsuliyyət qanunçuluq və təqsirsizlik prezumpsiyası prinsiplərinə əsaslanır. İXM-in 8.3-cü maddəsinə görə şəxsin təqsiri barədə aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. Hazırkı işdə isə: istifadə olunan texniki vasitənin hüquqi statusu müəyyən edilməmiş, məlumatın avtomatik ötürülməsi sübut edilməmiş, real vaxt rejimi təmin edilməmiş və elektron qərarın sonradan insan müdaxiləsi ilə formalaşdırıldığı ehtimalı aradan qaldırılmamışdır. Belə şəraitdə birinci instansiya məhkəməsinin təqsirsizlik prezumpsiyasını tətbiq etməsi tam qanunauyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 61.1.8-ci maddəsinə görə, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, şəxs hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüququna malikdir. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin Qərardan şikayət verən orqan (şəxs) barəsində İXM-in 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qənaəti İXM-nin tələblərinə uyğun olmuşdur və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan - Dövlət Yol Polis İdarəsinin şikayətinin dəlilləri hüquqi əsası olmayan mülahizə xarakterli dəlillər olmaqla Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv olunması və yaxud dəyişdirilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz, ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-in 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan- Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini Pərvin Səfərəliyev tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin olunmasın. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar