Məhkəmə qərarları › İş №3(3-9)-259/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-259/2026

08.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-259/2026 08.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, səlahiyyətli orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin nümayəndəsi X1 və Xidmətin * saylı Şirvan-X6 nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs - Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin nümayəndələri - nümayəndə1 və nümayəndə2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim İmanov Əli Sərməz oğlunun sədrliyi) ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X8 daxil olmuş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Şirvan şəhəri, Füzuli küçəsi, Çılpaqlı qəsəbəsi ərazisinə # ###### 2026-cı ildə içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıtmışdır. Buna görə də Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov apellyasiya şikayəti verərək, Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 3(5-160)-372/2026 qərarını ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq hüquqi şəxs “X4” LTD Şirkəti barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin * saylı Şirvan- Salyan regional bölmə rəisinin ##.##.2026-cı il tarixli ** saylı Sərəncamı əsasında xidməti ərazi üzrə su qanunvericiliyinin tələblərinə riayət edilməsi vəziyyətinin müəyyən edilməsi məqsədilə keçirilmiş nəzarət tədbirləri zamanı Şirvan şəhəri Füzuli küçəsi Çılpaqlı qəsəbəsində “X5” LTD Şirkətinə məxsus neft xəttində qəza baş verdiyi müəyyən edilmişdir. Araşdırma nəticəsində hasilat prosesi zamanı xam neftlə birlikdə yerin təkindən çıxanlan və texnoloji prosesin ayrılmaz hissəsi olan lay sularının, yağış sularının ötürülməsi üçün nəzərdə tutulmuş açıq arx sisteminə axıdıldığı müəyyən edilmiş, bu fakt üzrə şirkət barəsində IXM-nin 262.2.3-cü maddəsi ilə MN ******* nömrəli, ##.##.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “X3” LTD Şirkətinin barəsində IXM-nin yuxarıda qeyd edilən maddəsi olan inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə İXM-nin 53.1.2-ci maddəsinə istinad edilərək xitam verilmişdir. Şirvan Şəhər Məhkəməsi işin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları nəzərə almamış, işə birtərəfli və səthi yanaşaraq hüquqi şəxsin nümayəndələrinin özünü müdafiə xarakterli izahatını əsas götürmüş, məhkəməyə təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarını düzgün şərh etməmişdir. Ona görə də məhkəmənin qəbul etdiyi qərarı aşağıda göstərilənlərə görə əsassız və qanunsuz hesab edirik. Məhkəmənin əsaslandırmasının mərkəzində duran tezis — neft kütləsinin tullantı suyu kimi kvalifikasiya edilə bilməməsi — hüquqi kateqoriyaların mahiyyətinin dar və formal interpretasiyasına əsaslanır. Halbuki müasir hüquq tətbiqetmədə, xüsusilə ekoloji və su hüququ sahəsində, normativ anlayışların funksional və məqsədyönlü (teleoloji) şərhi üstünlük təşkil edir. Bu baxımdan “tullantı suları” anlayışının yalnız formal tərkib meyarları ilə deyil, onun yaranma mənbəyi, texnoloji kontekst və ətraf mühitə təsir xüsusiyyətləri ilə birlikdə qiymətləndirilməsi tələb olunur. Mübahisə predmeti olan lay suları neft hasilatı prosesində geoloji mühitdən çıxarılan, lakin həmin andan etibarən artıq təbii halını itirərək sənaye təsirinə məruz qalan və çirkləndirici komponentlərlə qarışan maye kütlədir. Bu xüsusiyyətlər onu hüquqi baxımdan “təbii su” kateqoriyasından çıxararaq “istehsal nəticəsində çirklənmiş su” yəni tullantı suyu kateqoriyasına daxil edir. Bu nəticə həm “Su təchizatı və tullantı suları haqqında” Qanunun normativ tərifindən, həm də “Sudan istifadə Qaydalar’nda təsbit olunmuş anlayışdan birbaşa irəli gəlir. Məhkəmənin ekspertiza keçirilməməsini əsas gətirməsi isə sübut hüququnun predmetinə dair yanlış yanaşmanı əks etdirir. Belə ki, hüquqi qiymətləndirmə üçün həlledici olan hal konkret kimyəvi tərkibin laborator dəqiqliklə müəyyən edilməsi deyil, həmin mayenin yaranma kontekstidir. Sənaye hasilatı prosesinin ayrılmaz elementi kimi formalaşan və texnogen təsirə məruz qalan lay sularının çirklənmiş xarakter daşıması elmi və texniki baxımdan mübahisə doğurmayan, əlavə sübuta ehtiyac duymayan ümumi qəbul olunmuş faktdır. Bu səbəbdən ekspertiza tələbi maddi həqiqətin müəyyən edilməsi üçün zəruri deyil və onun olmaması hüquqi kvalifikasiyaya təsir etməməlidir. Digər tərəfdən, həmin suların açıq drenaj sisteminə axıdılması faktı özlüyündə normativ pozuntunun obyektiv tərəfini formalaşdırır. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 15-ci bəndi bu cür halları birbaşa qadağan edir və hüquqi məsuliyyət yaradan əməl kimi müəyyən edir. Bu normanın məqsədi yalnız konkret su obyektlərinin qorunması deyil, bütövlükdə su ehtiyatlarının ekoloji təhlükəsizliyinin təmin edilməsidir. Bu baxımdan onun dar şərhi normanın qoruyucu funksiyasını zəiflədir və hüquqi tənzimləmənin effektivliyini azaldır. Hüquqi şəxsin məsuliyyəti məsələsinə gəldikdə isə, İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsində təsbit olunmuş model obyektiv imputasiya prinsipinə əsaslanır. Yəni hüquqi şəxs yalnız birbaşa qərar qəbul etməklə deyil, həm də fəaliyyət sahəsində zəruri nəzarəti təmin etməməkiə baş verən pozuntulara görə məsuliyyət daşıyır. Mövcud halda qəza və onun nəticəsi olan çirklənmə hadisəsi hüquqi şəxsin istehsal fəaliyyəti çərçivəsində baş vermiş və onun təşkilati nəzarət mexanizmlərinin yetərsizliyi ilə şərtlənmişdir. Bu isə məsuliyyətin istisna edilməsini deyil, əksinə, təsdiq edilməsini tələb edir. Su Məcəlləsinin 103-cü maddəsinin 15-ci bəndinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması - su qanunvericiliyinin pozulması hesab edilir və bu Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti yaradır. İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi” Qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. “Su təchizatı və tullantı suları haqqında" AR qanununun 1-ci maddəsində və AR Nazirlər Kabinetinin ##.##.2014-cü il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci bəndində tullantı suları sularına anlayış verilmişdir. Verilən anlayışa əsasən tullantı suları istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Nəhayət, məhkəmənin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır və mühüm əhəmiyyət kəsb edən halların tam araşdırılmaması ilə müşayiət olunur ki, bu da İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş ləğv əsaslarını formalaşdırır. Azərbaycan Respublikası IXM-nin 135.1.1-ci maddəsinə əsasən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün birbaşa əsasdır. Hazırkı işdə həmin əsaslar tam mövcuddur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən həm maddi hüququn tətbiqində, həm də sübutların qiymətləndirilməsində yol verilmiş səhvlər iş üzrə hüquqi nəticənin yanlış formalaşmasına səbəb olmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən, Şirvan şəhər məhkəməsinin qərarı qanuna uyğun olmadığından və əsassız olduğundan ləğv edilməli, şirkətin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidmətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, neftin çıxarılması üçün böyük texnikalar işləyib. Bu da o deməkdir ki, axıntının həcmi böyük olub, hadisə ilə bağlı isə dərhal məlumat verilməli olduğu halda, nə onlara nə də ekologiyaya belə bir məlumat verilməyib. Xam neftin tərkibində lay suları var və həmin lay suları qeyd edilən şirkətin hesabında olan borudan axıdılıb. Lay suları isə öz növbəsində tullantı suları hesab edildiyindən əməldə inzibati xəta tərkibi mövcuddur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmişdir. Onların əməkdaşları tərəfindən həmin xəta aşkarlanmış və qanuni tədbirlər görülmüşdür. Qarşı tərəf isə qəzanın olub-olmamasına müvafiq izah verə bilməmiş, sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Odur ki, şikayətin təmin edilməsini, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Xidmətin * saylı Şirvan-X6 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə qarşı izahat verərək, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayətə etiraz etdiklərini və şirkətin əməlində inzibati xəta tərkibi olmadığını bildirmiş. Həmçinin onlara məlum olmayan səbəbdən hadisə aşkar olunduğu və şirkət tərəfindən aradan qaldırılmışdır. Səlahiyyətli orqanın əməkdaşları isə, nefti yox, onun qalıqlarını aşkar edib. Boru şirkətin hesabında olsa da, kənarları şirkətə məlum olmayan səbəblərdən zədələnib. Onlara məlum olan kimi də yayılmadan təmizlik işləri aparmaqla qarşısını almışdırlar. Qəzanın səbəbi onlara məlum deyil. Tərtib edilən aktda qeyd olunur ki, arxa neft kütləsi yığılıb. Neft kütləsi isə tullantı suyu deyil, karbohidrogen tərkibli mayedir və yerin kütləsindən yığılır. Hesab edir ki, birinci instansiya məhkəməsində əsaslı olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam vermilmişdir. Odur ki, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər nümayəndə nümayəndə2 apellyasiya şikayəti ilə razı olmadıqlarını qeyd edərək bildirdi ki, baş vermiş hadisə nəticəsində axıntı olub və tərəflərindən qarşısı alınıb. Axıntı 20 metr qədər olub və sadəcə təmizləmədən sonrakı izləri qalıb. Axıntının miqdarı çox olmayıb. Təmizlik işləri qəza olan gündən aparılıb. Həmçinin bildirmişdir ki, borunun təyinatı nefti daşımaqdan ibarətdir. İş materialında qeyd edilən boru mexaniki olaraq kənar təsir nəticəsində zədələnib və axmaya səbəb olub. Qəzanın baş verməsində şirkətin heç bir təqsiri olmayıb, axıntının isə qarşısı alınmışdır. Odur ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarını dinləyib hesab edir ki, şikayət təmin olunmadan, iş üzrə birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.2.3-cü maddəsinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni: içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Səlahiyyətli orqan - Azərbaycan DSEAgentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X8 daxil olmuş ## ###### 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta protokolda qeyd edilir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı Şirvan şəhəri, Füzuli küçəsi, Çılpaqlı qəsəbəsi ərazisinə # ###### 2026-cı ildə içməli məişət, texniki və tullantı sularını kənara təyinatsız axıtmışdır. Birinci instansiya məhkəməsi isə məlum nəticəyə gələrkən belə hesab etmişdir ki, iş materialları ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zəruri və mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, inzibati orqan tərəfindən tərtib olunmuş akt və digər materiallarda hadisənin predmeti kimi “neft kütləsi” və “xam neft” göstərilmiş, axıdıldığı iddia edilən maddənin qanunun mənasında içməli, məişət, texniki və ya tullantı su olması laborator analiz, ekspert rəyi və digər obyektiv sübutlarla müəyyən edilməmişdir. Eyni zamanda, maddənin əraziyə çıxmasının təyinatsız axıdılma nəticəsində, yoxsa boru xəttində baş vermiş texniki nasazlıq və sızma nəticəsində baş verməsi də sübuta yetirilməmiş, əksinə iş materialları sızma aşkar edildikdən dərhal sonra xəttin dəyişdirilməsi, ərazinin təmizlənməsi və nəticələrin aradan qaldırılması üçün tədbirlər görüldüyünü göstərmişdir. Bu baxımdan, hüquqi şəxsin təqsirli, hüquqazidd və iradi davranışı, habelə inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətləri tam sübuta yetirilmədiyindən, aradan qaldırılmayan şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə şərh edilərək, onun əməlində inzibati xəta tərkibi olmadığından İXM-in 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1998-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi” qaydalarının 2-ci bəndinə əsasən su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin əsas məqsəd və vəzifələri mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə, təşkilat və digər hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər tərəfindən su obyektlərinin istifadəsi və mühafizəsi qaydalarına, sudan istifadə limitlərinə, su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində sanitariya-gigiyena, ekoloji, hidrogeoloji, hidroloji, texnoloji, metroloji standartlara, normalara və qaydalara, su mühafizə zonalarının ərazisindən istifadə rejiminə və Azərbaycan Respublikasının su qanunvericiliyinin digər tələblərinə riayət olunmasını təmin etməkdir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər aşağıdakı hallarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar: .....su kəmərlərindən, kanallardan və digər su sistemlərindən özbaşına su götürdükdə, habelə içməli, məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıtdıqda; Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanununun 1ci maddəsi: Əsas anlayışlar tullantı suları - istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır; AR Su Məcəlləsinin 82-ci maddəsinin III abzasına əsasən Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Apellyasiya məhkəməsi aşağıda qeyd olunanlara görə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 aparıcı məsləhətçi-müfəttiş Zamin Səmədov tərəfindən tərtib edilmiş # ###### 2026-cı il tarixli, ****** nömrəli aktdan görünür ki, Şirvan şəhərinin Çılpaqlı qəsəbəsi ərazisində M.Fizuli küçəsinin Google Maps proqramındakı koordinatı 39.921640.48.916695 olan nöqtəsində yağış sularının ötürülməsi məqsədi ilə istifadə olunan kiçik ölçülü arxın məcrasına neft kütləsinin yığılması və kanalda olan suyun axını vasitəsi ilə kanal boyu 30 metrlik hissəyə yayılması faktı aşkar olundu. Faktın araşdırılması məqsədi ilə yaxınlıqda neft hasilatı işlərini həyata keçirən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şirkətinin nümayəndələri nümayəndə2 və Tural Əliyev əraziyə dəvət olunaraq onların iştirakı ilə yerində baxış keçirildi. Araşdırma ilə əlaqədar şirkət nümayəndələrinin verdiyi məlumata əsasən bu ərazidən keçən kiçik diametrli neft xəttinin bir neçə gün öncə yenisi ilə əvəzlənməsi zamanı boruda nəql olunan xam neft kütləsinin sözügedən arxın məcrasına axıdılması müəyyən olundu. Qeyd olunan su ötürücü arxın 1,8 km məsafəni keçməklə 39.929841 48.904749 korrdinatlı nöqtədə birbaşa Kür çayına çıxışının olması da tərəflərindən müəyyən olundu. Araşdırma müddətində şirkətin nümayəndələri tərəfindən əraziyə yükləyici traktor və yük maşını cəlb olunaraq borudan ətrafa axmış neft kütləsinin çıxarılaraq daşınması işlərinə başlandığı tərəflərindən müşahidə olundu. Araşdırmada iştirak edən nümayəndələrlə su qanunvericiliyinin, o cümlədən Su Məcəlləsinin 103-cü maddəsinin tələbləri, həmçinin neft məhsullarının tərkibində digər çirkləndirici maddələrlə yanaşı lay sularının da olduğu, bu tərkibli tullantı suların təyinatsız axıdılmasının inzibati məsuliyyətə səbəb olması izah olundu. Azərbaycan Respublikası İXM-in: 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1 və 76.2-ci maddələrinin tələbinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsalana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 80.1-ci maddəsinin tələbinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2-ci maddəsinə əsasən, sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Apellyasiya məhkəməsi apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını qarşılıq surətdə əlaqələndirib nəzərdən keçirərək müəyyən etmişdir ki, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində hüquqi tənzimləməyə tam uyğun olaraq qəbul edilmişdir. İş materiallarından, təqdim olunan akt və protokollardan görünür ki, hadisə zamanı Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şirkətinə məxsus boruda məhdud miqdarda sızıntı baş vermiş, lakin bu axıntının həcmi dərhal müəyyən edilmiş və hadisəyə operativ müdaxilə ilə aradan qaldırılmışdır. Əraziyə axan maye dərhal yığılıb, təmizləmə işləri aparılmış, ətraf mühitə mənfi təsir minimuma endirilmişdir. Məhkəmə qiymətləndirmişdir ki, hadisənin baş verməsində hüquqi şəxsin iradi hərəkəti və ya nəzarətsizlik kimi faktor sübuta yetirilə bilməmişdir, İş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, axıntının tərkib hissəsi əsasən xam neft və onun texnoloji prosesi nəticəsində yaranan mayelərdən ibarət olub. Apellyasiya şikayətində irəli sürülən lay sularının və neftin tullantı suyu kateqoriyasına aid edilməsi iddiası faktiki və hüquqi baxımdan təsdiqlənməmişdir. Su Məcəlləsi və “Su təchizatı və tullantı suları haqqında” Qanunda tullantı suları anlayışı müəyyən edilmiş meyarlara malikdir və həmin anlayışa görə tullantı su kateqoriyasına yalnız texnoloji proses nəticəsində çirklənmiş, ətraf mühitə nəzarətsiz şəkildə axıdılan və sanitariyagigiyena, ekoloji təhlükə yaradan mayelər daxildir. Hadisə zamanı axıntı operativ tədbirlər nəticəsində qarşısı alınmış, təmizlənmiş və ərazidə əhəmiyyətli çirklənmə yaratmamışdır. Bu isə onu göstərir ki, inzibati xəta üçün qanunvericilikdə nəzərdə tutulmuş obyektiv tərkib elementi mövcud olmayıb. Məhkəmə həmçinin səlahiyyətli orqanın təqdim etdiyi arqumentləri, xüsusən lay sularının tullantı suyu kimi təsnifatına dair iddiaları qiymətləndirmişdir. Faktiki hallar və təqdim edilmiş sübutlar göstərir ki, boruda baş vermiş sızıntının səbəbi xarici mexaniki təsir olub, şirkət tərəfindən idarə olunan prosesdə iradi pozuntu aşkarlanmayıb və qəza dərhal aradan qaldırılmışdır. Bu baxımdan, apellyasiya şikayətində iddia olunan hüquqi məsuliyyət üçün əsaslar mövcud deyil. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş qərar sübutların tam və obyektiv qiymətləndirilməsinə, su və ətraf mühitin qorunması sahəsində normativ tələblərin düzgün şərh edilməsinə əsaslanır. Nəticə etibarilə, apellyasiya şikayətində irəli sürülən iddialar, lay sularının tullantı suyu kimi təsnifatı və hüquqi şəxsin məsuliyyətinin mövcudluğu faktiki və hüquqi baxımdan təsdiqlənməmişdir. Hadisənin predmeti neft kütləsi olmuş, sızıntının həcmi məhdud və aradan qaldırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan hüquqi tərkibin əsas elementi – təyinatsız axıdılmış su – iş materiallarında sübuta yetirilməmişdir. Boru xəttindən sızıntı nəticəsində xam neftin ətrafa axıdılması halının özü təyinatsız və ya nəzarətsiz tullantı sularının axıdılması faktının mövcudluğunu avtomatik olaraq təsdiq etmir. Belə ki, təsadüfi texniki nasazlıq nəticəsində baş vermiş lokal sızıntı ilə tullantı sularının məqsədli və ya təyinatsız şəkildə ətraf mühitə axıdılması eyni hüquqi və faktiki mahiyyət daşımır. Təyinatsız axıdılmadan danışmaq üçün tullantı sularının idarəetmə sistemindən kənar, qəsdən, nəzarətsiz və ya müəyyən olunmuş utilizasiya qaydalarına zidd şəkildə xaric edilməsi etibarlı sübutlarla təsdiq edilməlidir. Halbuki, mövcud halda söhbət qəfil baş vermiş, məhdud həcmli və operativ qaydada aradan qaldırılmış texniki sızıntıdan gedir. Əraziyə axan neftin tərkibində lay sularının olması da özlüyündə tullantı sularının təyinatsız şəkildə kənara axıdıldığını göstərmir. Çünki neft hasilatı və nəqli proseslərində lay sularının neft qarışığında müəyyən miqdarda mövcudluğu texnoloji baxımdan mümkün və gözlənilən haldır. Buna görə, sızıntı nəticəsində əraziyə axmış qarışığın tərkibində lay sularının aşkar edilməsi yalnız həmin texniki hadisənin nəticəsi kimi qiymətləndirilə bilər və əlavə sübutlar olmadan bunun müstəqil şəkildə tullantı sularının qəsdən və ya təyinatsız axıdılması kimi xarakterizə edilməsi əsaslı hesab oluna bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, sızıntının həcminin dərhal müəyyən edilməsi və operativ müdaxilə ilə aradan qaldırılması müəssisənin hadisəni gizlətmək və ya tullantıları nəzarətsiz buraxmaq niyyətində olmadığını, əksinə, texniki qəzanın nəticələrinin minimuma endirilməsinə yönəlmiş tədbirlər gördüyünü göstərən hal kimi qiymətləndirilə bilər. Apellyasiya məhkəməsi həmçinin qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 18.2ci maddəsi hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən olunması üçün konkret meyarlar təqdim edir. Maddədə nəzərdə tutulmuş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” ifadələri yalnız həmin hüquqi şəxsin maddi və ya iqtisadi fayda əldə etdiyi, yaxud fəaliyyətinin davamlılığını, məsuliyyətdən yayınmasını və nüfuzunun qorunmasını təmin etmək məqsədilə törədilmiş hərəkətləri əhatə edir. İş materiallarından görünür ki, baş vermiş hadisə xam neft kütləsinin və onun tərkibində ehtimal olunan lay sularının boru kəmərindən sızması ilə bağlı olmuşdur. Lakin işdə təqdim olunan akt və protokollar sübut etmir ki, həmin sızıntı hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədilə törədilmişdir. Əksinə, nümayəndələrin izahatlarından, əraziyə texnika cəlb edilməsindən və neft kütləsinin arxdan yığılaraq daşınmasından görünür ki, görülmüş tədbirlər hadisənin nəticələrini aradan qaldırmağa, sızmanın yayılmasının qarşısını almağa yönəlib və bu, hüquqi şəxsin fayda və maraqlarını artırmaq məqsədini daşımır. Yəni, törədilmiş hərəkətlər iradi və ya təyinatlı “axıdılma” deyil, texniki nasazlıq nəticəsində yaranmış sızıntının aradan qaldırılmasıdır. İXM-in 18.2-ci maddəsinin mahiyyəti baxımından, hüquqi şəxsin cərimələnməsi üçün yalnız fiziki şəxsin hərəkəti yetərli deyil; həmin hərəkətin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunmasına xidmət etməsi zəruridir. İş materiallarında isə sızmanın səbəbi şirkətə məlum olmayan texniki deformasiyadır, hər hansı iradi qərar və ya xeyir gətirmə məqsədi sübuta yetirilmir. Bundan əlavə, laborator analiz, ekspert rəyi və ya digər elmitexniki sənədlərlə axıdılan mayenin qanunda nəzərdə tutulmuş “tullantı su” və ya digər su kateqoriyasına aid olması təsdiq olunmamışdır. Odur ki, apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz, ona görə də səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti * saylı Şirvan-X6 rəisi Ehtiram Muxtarov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar