Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-273/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həmidov Səadətdin Kamran oğlunun, Səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Qərarından şikayət verilən orqan tərəfindən “xxxx” MMC-nin rəhbəri Həmidov Səadətdin Kamran oğluna ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubla verilmiş göstərişin ötən dövr ərzində təmin edilməməsinə görə barəsində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair ##.##.2026-cı il tarixli MN ******* №-li inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Sözügedən qərardan Həmidov Səadətdin Kamran oğlu tərəfindən məhkəməyə şikayət verilmiş və qərarın ləğv edilməsi xahiş edilmişdir. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Qərardan şikayət verən orqan (şəxs) IXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X5 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilmiş və Qərardan şikayət verən orqan (şəxs) barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə şikayət verərək, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Xidmət tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərhələlərə uyğun olaraq həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il ## ######## tarixli *** nömrəli Qərarına əsasən 2024-cü il ## #### tarixli ****-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il # ####adək müəyyən edilmişdir. "Əmək və məşğulluq" altsisteminə baxış zamanı Qərardan şikayət verən orqan (şəxs) tərəfindən elektron sənəd formasına keçirilməyən əmək müqaviləsinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin müqavilənin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi məqsədilə *-**-*/*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli icrası məcburi göstəriş məktubu göndərilmiş, lakin məktubun icrası təmin edilməmişdir. Xidmətin qanuni göstərişinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən heç bir tədbir görülməmiş və bu barədə Xidmətə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq qərarına istinad edərək təsisçi həm də direktor olduqda onunla əmək müqaviləsinin bağlanılmamasına, ümumiyyətlə şəxslərin əmək müqaviləsi bağlamasına məcbur edilməsi səbəbindən göstərişin qanuni olmamasına əsaslanmaqla işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Belə ki, inzibati orqan hazırkı işdə işəgötürəni, yaxud işçini hər hansı müqavilənin bağlanmasına məcbur edən göstəriş verməmişdir. Inzibati orqanın göstərişi artıq bağlanılmış, mövcud müqavilənin formasının dəyişdirilərək elektron sənəd formasına keçirilməsini təmin etmək barədədir. Müvafiq tələb yuxarıda da istinad edildiyi kimi qanundan irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında bütün işəgötürənlərə aid edilmişdir. Inzibati orqan bu göstərişə əməl etməmiş işəgötürənlərə bu barədə icrası məcburi göstəriş vermişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müəssisənin direktoru olmadığı barədə verdiyi izahat həqiqəti əks etdirmir. Bu barədə əmək müqaviləsi bildirişi əlavə olunur. Həmçinin, inzibati orqanın icrası məcburi göstərişinin qanuniliyi və əsaslılığının mübahisələndirilməsi inzibati məhkəmələrin icraatına aid olduğundan ümumiyyətlə məhkəmənin həmin göstərişin qanuniliyi məsələsini mübahisələndirmə səlahiyyəti yox idi. Məhkəmə tərəfindən şəxsin həmin icrası məcburi göstərişi icra etmə imkanları araşdırıla bilərdi. Nəticədə Xidmət tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində qəbul edilmiş ## ###### 2026-cı il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin nümayəndəsi X1 şikayətin təmin olunmasını, Sabirabad Rayon Məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini, ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həmidov Səadətdin Kamran oğlu şikayətin təmin olunmamasını, Sabirabad Rayon Məhkəməsinin müvafiq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. IXM-in 539.1-1-ci maddəsinin tələbinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını, X4 Xidmətinin apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsaslı deyil və təmin olunmamalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Həmidov Səadətdin Kamran oğlu barəsində IXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati icraat inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərinin sübuta yetirilməməsi səbəbindən əsaslı olaraq xitam edilmişdir. Apellyasiya instansiyası bu nəticə ilə razılaşır. IXMin 539.1-1-ci maddəsinin hüquqi mahiyyətinə görə, inzibati məsuliyyətin yaranması üçün yalnız formal olaraq icrası məcburi olan göstərişin mövcudluğu kifayət etmir. Bu norma əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən təqsirli şəkildə icra edilməməsini tələb edir. Yəni, inzibati məsuliyyət yalnız o halda yarana bilər ki,
1. icrası məcburi olan göstəriş qanunvericiliyin tələblərinə uyğun şəkildə verilsin;
2. həmin göstəriş barəsində ünvanlanan şəxs rəsmi qaydada məlumatlandırılsın;
3. göstərişin icrası üçün real imkan mövcud olsun;
4. icra edilməməsi təqsirli davranışın nəticəsi olsun. Məhkəmə müəyyən edir ki, “Əmək və məşğulluq” altsistemində elektron sənəd formasına keçirilmədiyi iddia olunan əmək müqaviləsi Qərardan şikayət verən orqan (şəxs) özü barəsində olan müqavilədir. Iş materialları ilə təsdiq olunur ki, Qərardan şikayət verən orqan (şəxs) “xxxx” MMC-nin həm yeganə təsisçisi, həm də həmin hüquqi şəxsin icra orqanının rəhbəri hesab edilən şəxsdir. Mübahisənin hüquqi mahiyyəti də məhz bu münasibətin əmək münasibəti hesab edilə bilib-bilməməsinin müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin sərbəst surətdə əmək fəaliyyəti növünü seçmək, əmək qabiliyyətindən sərbəst istifadə etmək hüququ vardır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi isə sahibkarlıq fəaliyyətinin azadlığını təmin etməklə hüquqi şəxsin təşkilati müstəqilliyinin və onun daxili idarəetmə münasibətlərinin qanun çərçivəsində sərbəst müəyyən edilməsini nəzərdə tutur. Bu konstitusion prinsiplər əmək hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edən “azad iradə” və “müqavilə sərbəstliyi” prinsipləri ilə sıx bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsi əmək münasibətlərinin məhz əmək müqaviləsi əsasında yarandığını təsbit edir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324 və 389-cu maddələrinin məzmunundan görünür ki, müqavilə anlayışı hüquqi baxımdan iki və ya daha çox tərəfin qarşılıqlı və uzlaşdırılmış iradə ifadəsini nəzərdə tutur. Müqavilə institutunun mahiyyəti müxtəlif hüquq subyektlərinin müstəqil iradələrinin uzlaşmasına əsaslanır. Bu səbəbdən eyni şəxsin eyni hüquq münasibətində həm işəgötürən, həm də işçi qismində çıxış etməsi hüquqi konstruktor baxımından mümkün hesab edilmir. Məhz bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2025-ci il tarixli Qərarında ətraflı şəkildə ifadə edilmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibəti yaranmır, çünki belə halda müqavilənin tələb etdiyi qarşılıqlı iradə ifadəsi mövcud olmur. Plenum qeyd etmişdir ki, bir şəxsin müqavilənin hər iki tərəfi kimi çıxış etməsi müqavilənin hüquqi təbiəti və məntiqi ilə uzlaşmır. Bu halda münasibət əmək müqaviləsi ilə deyil, şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin olunması barədə qərar və ya əmrlə rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri normativ xarakter daşımaqla bütün məhkəmələr və hüquq tətbiqedici orqanlar üçün məcburidir. Buna görə də hazırkı iş üzrə inzibati orqanın “mövcud əmək müqaviləsinin elektron formaya keçirilməsi” barədə irəli sürdüyü tələb Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyi fonunda qiymətləndirilməlidir. Iş materiallarından görünür ki, səlahiyyətli orqan tərəfindən “Əmək və məşğulluq” altsistemində elektronlaşdırılmadığı iddia edilən münasibət hər hansı ayrıca fiziki şəxslə bağlanmış əmək müqaviləsi deyil, məhz Qərardan şikayət verən orqan (şəxs) özünün rəhbər statusu ilə bağlı məlumat olmuşdur. Başqa sözlə, inzibati orqan faktiki olaraq tək təsisçi olan şəxsdən özü ilə əmək müqaviləsi bağlamasını və həmin müqaviləni elektron sistemdə rəsmiləşdirməsini tələb etmişdir. Halbuki Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyi belə münasibətdə əmək müqaviləsinin hüquqi baxımdan yaranmadığını birmənalı şəkildə müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2024-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmiş keçid mexanizmi və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## #### 2024-cü il tarixli ****-VIQD nömrəli Qanun qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsini nəzərdə tutur. Həmin normativ tənzimləmə əmək münasibətinin hüquqi mövcudluğunu ilkin şərt kimi qəbul edir. Lakin hüquqi baxımdan əmək müqaviləsi hesab edilməyən münasibətin elektron sistemdə “əmək müqaviləsi” kimi rəsmiləşdirilməsinin tələb edilməsi həmin normativ aktların məqsədinə və hüquqi mahiyyətinə uyğun deyildir. Çünki elektron forma hüquqi münasibətin özünü yaratmır, yalnız mövcud münasibətin rəsmiləşdirilməsi üsulu kimi çıxış edir. Əmək hüququnun həm milli, həm də beynəlxalq hüquq doktrinasında qəbul edilmiş əsas prinsiplərindən biri əmək münasibətlərinin real və faktiki hüquqi mahiyyətinə üstünlük verilməsi prinsipidir. AHIK-in “Əməyin Mühafizəsi üzrə Təlimatları” və beynəlxalq standartlarında (ILO Konvensiyaları) göstərilmişdir ki, münasibətin hüquqi xarakteri formal ada görə deyil, onun faktiki məzmununa görə müəyyən edilməlidir. Hazırkı iş üzrə isə hər hansı işçi ilə işəgötürən arasında subordinasiya, əmək funksiyasının yerinə yetirilməsi, əmək haqqının ödənilməsi və digər klassik əmək münasibəti elementləri müəyyən olunmamışdır. Əksinə, iş materialları münasibətin hüquqi şəxsin daxili idarəetmə münasibəti xarakteri daşıdığını göstərir. Avropa Insan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Şəxs yalnız qanunda açıq, aydın və müəyyən edilmiş öhdəliyi pozduqda məsuliyyətə cəlb edilə bilər. Hazırkı halda isə Qərardan şikayət verən orqan (şəxs) üzərinə hüquqi baxımdan mümkün olmayan hərəkətin — özü ilə əmək müqaviləsinin elektron formaya keçirilməsinin təmin edilməsi öhdəliyinin qoyulması hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. Məhkəmə həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində məsuliyyətin yaranması üçün inzibati orqanın göstərişi yalnız formal olaraq deyil, mahiyyət etibarilə də qanuni və icrası məcburi olmalıdır. Qanunsuz və ya hüquqi əsası olmayan göstərişin icra edilməməsi şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Əks yanaşma inzibati məsuliyyətin qanunçuluq prinsipi ilə ziddiyyət təşkil edərdi. IXMin 6-cı maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə görə heç kəs qanunla müəyyən edilməyən əsas və qaydada inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, səlahiyyətli orqanın verdiyi göstərişin hüquqi predmeti mövcud olmamışdır. Çünki hüquqi baxımdan yaranmayan əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi tələb edilə bilməzdi. Belə olan halda həmin göstərişin icra edilməməsi də IXM-in 539.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmır. Səlahiyyətli orqanın “göstərişin qanuniliyinin yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməsi” barədə dəlili əsassızdır. Belə yanaşma qəbul edilərsə, inzibati xəta işinə baxan məhkəmə məsuliyyətin əsasını təşkil edən göstərişin qanuni olubolmadığını araşdırmadan şəxsi məsuliyyətə cəlb etməli olardı ki, bu da qanunçuluq prinsipinin mahiyyətini aradan qaldırardı. IXM-in 539.1-1-ci maddəsi məsuliyyəti istənilən göstərişin deyil, yalnız qanuni və icrası məcburi göstərişin icra edilməməsi ilə əlaqələndirir. Deməli, həmin göstərişin hüquqi əsasının mövcud olub-olmamasını yoxlamaq inzibati xəta işinə baxan məhkəmənin birbaşa vəzifəsidir. Hazırkı iş üzrə məhkəmə göstərişi ayrıca inzibati akt kimi ləğv etməmiş, yalnız həmin göstərişin inzibati məsuliyyət yarada biləcək hüquqi keyfiyyətə malik olub-olmadığını qiymətləndirmişdir. Bu isə məhkəmənin səlahiyyət həddini aşması deyil, əksinə, IXM-in 75 və 76-cı maddələrindən irəli gələn vəzifəsinin icrasıdır. Üstəlik, Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyi ilə hüquqi baxımdan mövcud olmayan əmək müqaviləsinin elektron formaya keçirilməsi tələb olunduğundan, həmin göstərişin qanuniliyi yoxlanılmadan şəxsin məsuliyyətə cəlb edilməsi hüquqi müəyyənlik və ədalətli məhkəmə araşdırması prinsipləri ilə də uzlaşmazdı. Məhkəmə həmçinin səlahiyyətli orqanın mövqeyində mövcud olan ziddiyyəti ayrıca irad kimi qiymətləndirir. Belə ki, şikayətdə müqavilənin elektron sənəd formasına keçirilməsinin təmin edilməsi məqsədilə ##.##.2026-cı il tarixli *-**-*/*-*****/**** nömrəli icrası məcburi göstəriş məktubunun göndərildiyi və həmin məktubun icra edilmədiyi qeyd edildiyi halda, inzibati tənbeh vermə haqqında qərarda isə tam fərqli olaraq ##.##.2025-ci il tarixli *-**-*/*- ******/**** nömrəli göstərişin icra edilməməsi inzibati məsuliyyətin əsası kimi göstərilmişdir. Səlahiyyətli orqan tərəfindən inzibati məsuliyyətin hansı konkret göstərişin icra edilməməsi ilə əlaqələndirildiyinin dəqiq müəyyən edilməməsi inzibati icraatın keyfiyyətinə və qərarın əsaslılığına ciddi şübhə yaradır. Inzibati məsuliyyətin hüquqi əsası ehtimallarla və ya bir-birini təkzib edən istinadlarla deyil, aydın, konkret və ziddiyyətsiz formada müəyyən edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, qeyd olunan uyğunsuzluq inzibati orqanın şikayətinin kifayət qədər diqqətli və hüquqi müəyyənlik prinsipinə uyğun əsaslandırılmadığını göstərən mühüm haldır. Məhkəmə hesab edir ki, qeyd edilənlər şikayətin dəlillərinin əksini sübut edir və bu da ona əsas verir ki, apellyasiya qaydasında verilmiş şikayət formal mülahizələrə əsaslanmış və IXM-in 3-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) təqsirli olması və onun əməlində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına dair hər hansı sübüt təqdim edilməmişdir. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X4 Xidmətinin Hüquq Idarəsinin rəisi Islam Həsənzadə tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.