Məhkəmə qərarları › İş №3(3-9)-274/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-274/2026

18.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-274/2026 18.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, onun **-BJ-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz 300E minik” markalı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığı göstərilərək əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 328.2-ci maddəsi ilə tövsif edilmiş və barəsində 50 manat məbləğində inzibati cərimə, habelə qanunvericiliklə nəzərdə tutulmuş cərimə balı tətbiq olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) həmin elektron qərardan şikayət verərək Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən barəsində tərtib olunmuş ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-in BDYPI-in ## ###### 2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin olunmamışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının, həmçinin Baş Dövlət Yol Polisi Idarəsinin ## ###### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin qərarı ilə razı deyildir və hesab edir ki, həmin qərar işin faktiki hallarının tam və obyektiv araşdırıImaması neticəsində qəbul edilmişdir. Inzibati cərimə qərarında hadisə yerinin Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun (M-2) 68-ci kilometrində baş verdiyi göstərilmişdir. Lakin həmin tarixdə Masallı rayonu Ərkivan kəndindən isti suya gedən yol istiqamətində hərəkət etmişdir. Bu yol coğrafi və inzibati baxımdan qeyd edilən M-2 avtomobil yoluna aid deyildir. Bu hal inzibati xəta hadisəsinin yerinin səhv göstərildiyini və faktiki vəziyyətlə uyğun gəlmədiyini açıq şəkildə göstərir. Iş üzrə sürət ölçülməsi texniki vasitələrlə həyata keçiriImişdir. Lakin həmin ərazidə radarın mövcudIuğunu bildirən müvafiq yol nişanIarının (6.14 ye ya 3.24) olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu hallar müəyyən edilmədən texniki vasitələrin nəticələrinin sübut kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə radar/kamera məlumatlarını əsas götürmüş, lakin həmin məlumatların hansı şəraitdə əldə olunmasını və hadisə yeri ilə uyunluğunu yoxlamamışdır. Onun həmin yolda hərəkət etmədiyi iddia olunduğu halda, bu halın araşdırılmaması qərarın əsassız olmasına səbəb olmuşdur. Iş materiallarında olan sübutlar inzibati xətanın baş verməsini və onun məhz onun tərıfindən törədilməsini tam və şübhəsiz şəkiIdə təsdiq etmir. Mövcud sübutlar natamam və şübhəli xarakter daşıyır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə o, təqsirsiz hesab olunur və sübut etmə yükü inzibati orqanın üzərinə düşür. Mövcud işdə isə şübhəli məqamlar onun xeyrinə həll edilməli olduğu halda, məhkəmə əks nəticəyə gəImişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Azərbaycan Respublikası DIN-in BDYPI-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət təmin olunmalı, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə ləğv olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, birinci instаnsiyа məhkəməsinin hаkimi tərəfindən işdə olan sübutlar hərtərəfli, tаm və оbyektiv аrаşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli olan maddi-prosessual hüquq normalarına uyğun olmamış, inzibati xəta haqqında iş üzrə sübutetmə standartı, elektron qərarın hüquqi təbiəti və elektron icraatın imperativ prosedur qaydaları düzgün qiymətləndirilməmişdir. Məhkəmə yalnız inzibati orqanın təqdim etdiyi elektron qərara və texniki vasitələrin məlumatlarına formal istinad etməklə kifayətlənmiş, həmin məlumatların qanunvericiliyin tələb etdiyi prosedur çərçivəsində əldə olunub-olunmadığını, elektron qərarın real vaxt rejimində formalaşdırılması və “ICMAL” altsistemi vasitəsilə unikal nömrələndirmə mərhələsinin həyata keçirilib-keçirilmədiyini araşdırmamışdır. Halbuki, inzibati məsuliyyətin tətbiqi yalnız maddi tərkib əlamətlərinin deyil, eyni zamanda qanunla müəyyən edilmiş prosessual təminatların da dəqiq və şərtsiz gözlənilməsini tələb edir. Birinci instansiya məhkəməsi xüsusilə IXM-in 122-ci maddəsinin elektron icraatla bağlı imperativ müddəalarını düzgün tətbiq etməmişdir. IXM-in 122.1-1-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməzdən əvvəl unikal nömrə verilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsisteminə ötürülməli və yalnız həmin qərara real vaxt rejimində, avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün aidiyyəti informasiya sisteminə göndərilməlidir. Bu norma elektron inzibati icraatın texniki-prosessual legitimliyini təmin edən imperativ xarakterli normadır və onun məqsədi elektron qərarın sonradan dəyişdirilməsinin, manipulyasiyanın və qeyri-müəyyənliyin qarşısını almaqdır. Iş materiallarından görünür ki, hadisə ## ###### 2026-cı il tarixdə saat 23:08-də qeydə alınmış, elektron qərar isə yalnız ## ###### 2026-cı il tarixdə qəbul edilmişdir. Beləliklə, inzibati qərarın real vaxt rejimində formalaşdırılması və “ICMAL” altsistemində avtomatlaşdırılmış qeydiyyat proseduru qanunun tələb etdiyi şəkildə həyata keçirilməmişdir. Elektron qərarın hadisə ilə eyni vaxt intervalında deyil, sonradan rəsmiləşdirilməsi IXM-in 122.1- 1-ci maddəsinin birbaşa pozuntusudur. Bu pozuntu isə IXM-in 53.1.11-ci maddəsinin tətbiqini şərtləndirir. Həmin maddəyə əsasən, IXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Qanunverici burada məhkəməyə hər hansı diskresion səlahiyyət verməmiş, imperativ hüquqi nəticə müəyyən etmişdir. Yəni elektron qərarın real vaxt rejimində formalaşdırılmaması müəyyən edildiyi halda, inzibati orqanın qərarı hüquqi qüvvəsini itirir və icraatın davam etdirilməsi mümkün olmur. Bundan əlavə məhkəmənin əsaslandırmasından görünür ki, inzibati orqanın təqdim etdiyi məlumatları faktiki olaraq mübahisələndirilməz həqiqət kimi qəbul etmiş, şikayətçinin irəli sürdüyü etirazları isə heç bir hüquqi təhlil aparmadan “özünü müdafiə xarakterli” izahat kimi qiymətləndirmişdir. Belə yanaşma isə məhkəmənin obyektiv araşdırma funksiyası ilə bir araya sığmır. Çünki məhkəmə inzibati orqanın mövqeyini təsdiqləyən orqan deyil, təqdim olunmuş sübutların qanuniliyini, yetərliliyini və etibarlılığını yoxlayan müstəqil ədalət mühakiməsi orqanıdır. Şikayətçi tərəfindən hadisə yerinin qərarda göstərilən ərazi ilə uyğun gəlmədiyi, həmin tarixdə başqa istiqamətdə hərəkətdə olduğu, radarın yerləşdiyi ərazidə müvafiq xəbərdaredici nişanların mövcudluğunun araşdırılmadığı göstərilsə də, məhkəmə bu halların heç birini araşdırmamış, nə əlavə sübut tələb etmiş, nə də həmin ziddiyyətləri aradan qaldırmağa cəhd göstərmişdir. Məhkəmənin “xüsusi texniki vasitələrin məlumatları” ifadəsinə istinad etməsi özüözlüyündə həmin məlumatların hüquqi qüvvəyə malik olmasını təsdiq etmir. Çünki texniki vasitələrdən əldə edilən məlumatların sübut kimi qəbul edilməsi üçün onların əldə olunma prosedurunun qanunvericiliyə tam uyğunluğu müəyyən edilməlidir. Məhkəmənin qərarında diqqət çəkən digər ciddi çatışmazlıq isə sübutetmə yükünün faktiki olaraq şikayətçinin üzərinə keçirilməsidir. Halbuki, inzibati məsuliyyət tətbiq edən orqan şəxsin təqsirini tam və şübhəsiz şəkildə sübuta yetirməyə borcludur. Şikayətçi isə yalnız əsaslı şübhə yaratmaqla kifayətlənə bilər. Hazırkı işdə hadisə yerinin uyğunluğu, elektron qərarın real vaxt rejimində formalaşdırılması, texniki vasitələrin tətbiqinin qanuniliyi ilə bağlı aradan qaldırılmamış şübhələr mövcud olduğu halda, məhkəmə həmin şübhələri şəxsin xeyrinə deyil, inzibati orqanın xeyrinə qiymətləndirmişdir. Bu isə təqsirsizlik prezumpsiyasının mahiyyətinə ziddir. Inzibati məsuliyyət tədbirlərinin tətbiqi zamanı prosessual təminatların pozulması maddi həqiqətin mövcudluğunu belə hüquqi baxımdan əhəmiyyətsiz edə bilər. Çünki inzibati məsuliyyət yalnız nəticəyə deyil, həm də həmin nəticəyə hansı hüquqi prosedur vasitəsilə çatılmasına əsaslanır. “Qanunla müəyyən olunmuş prosedur” prinsipi hüquqi dövlət anlayışının ayrılmaz elementidir və inzibati orqanın fəaliyyətində formal qanunçuluq deyil, substantiv qanunçuluq-başqa sözlə məhkəmənin gəldiyi nəticənin işin müəyyən edilmiş faktiki halları və tətbiq olunan maddi hüquq norması ilə uyğunliğunu ifadə edən hüquqi meyar tələb edir. Elektron inzibati icraatın rəqəmsal mexanizmlərlə həyata keçirilməsi isə bu sahədə prosedur normalarına daha ciddi riayət edilməsini zəruri edir. Əks halda elektron sübutların dəyişdirilməzliyi və hüquqi etibarlılığı şübhə altına düşür. Bundan əlavə, təqsirsizlik prezumpsiyası inzibati məsuliyyət münasibətlərinə də şamil olunur. Şəxsin təqsiri tam, qəti və şübhədən kənar sübut edilmədikdə həmin şübhələr onun xeyrinə təfsir edilməlidir. Hazırkı işdə isə hadisə yerinin uyğunluğu, texniki vasitələrin tətbiq şəraiti, elektron qərarın real vaxt rejimində tərtib olunması və elektron prosedurun qanunauyğunluğu ilə bağlı aradan qaldırılmamış ciddi şübhələr mövcuddur. Birinci instansiya məhkəməsi bu şübhələri inzibati orqanın xeyrinə qiymətləndirməklə sübut yükünü faktiki olaraq şikayətçinin üzərinə keçirmişdir ki, bu da inzibati icraatın fundamental prinsiplərinə ziddir. Beləliklə, göstərilən hüquqi əsaslandırmalar və məhkəmə iclasında müəyyən edilmiş bu ziddiyyətli hallar birlikdə qiymətləndirildikdə, apellyasiya instansiyası məhkəməsi qəti nəticəyə gəlir ki, iş üzrə şəxsin təqsiri maddi və prosessual hüquq normalarını kobud şəkildə pozulması yolu ilə əldə edilmiş sübutlara söykənir. IXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Həmin norma inzibati məsuliyyətin formal ehtimallara deyil, hüquqi cəhətdən mötəbər və qanuni üsulla əldə edilmiş sübutlara əsaslanmalı olduğunu müəyyən edir. IXM-in 12.1-ci maddəsi inzibati xəta anlayışını müəyyən edərkən əməli hüquqazidd və təqsirli davranış kimi xarakterizə edir. Deməli, şəxsin məsuliyyətə cəlb olunması üçün yalnız texniki qeydin mövcudluğu kifayət etmir; həmin qeydin qanunla nəzərdə tutulmuş prosedur qaydalarına uyğun əldə olunması və hüquqi qüvvəyə malik sübut statusu qazanması zəruridir. IXM-in: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.1.11-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci mаddəəsinə əsаsən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məcəllənin 135.1.2-ci mаddəsinə əsаsən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, məcəllənin 135.1.3-ci mаddəsinə əsаsən isə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, hаbelə məcəllənin 135.1.6-ci mаddəsinə əsаsən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta haqqında iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına uyğun olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, Qərardan şikayət verən orqan (şəxs) tərəfindən apellyasiya qaydasında verilmiş şikayət təmin edilməli, Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli və Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarları ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları və IXM-in 53.1.11, 133, 134 və 136-cı maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Masallı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli və Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli qərarları ləğv edilsin, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar