Məhkəmə qərarları › İş №3(3-9)-281/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-281/2026

22.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-281/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən Qərardan şikayət verən orqan (şəxs) barəsində ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş, onun **-OZ-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobillə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozması göstərilərək əməli Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra – IXM-in) 327.2-ci maddəsi ilə tövsif edilmiş və barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qərardan şikayət verən orqan (şəxs) həmin elektron qərardan şikayət verərək Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsi tərəfindən barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası DIN-in BDYPI-nin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin olunmamışdır. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının, həmçinin Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və barəsində tətbiq olunmuş 100 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, inzibati xəta hadisəsinin “Təhlükəsiz şəhər” videomüşahidə kameralarının köməyi ilə aşkar edilməsi qanunla müəyyən edilmiş elektron icraat qaydasına uyğun olmamışdır. Onun mövqeyinə görə, IXM-in 122-ci maddəsində nəzərdə tutulmuş elektron qərar mexanizmi yalnız foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin qanunla müəyyən edilmiş qaydada tətbiqi halında mümkündür. “Təhlükəsiz şəhər” kameralarının isə bu iş üzrə məhz həmin xüsusi texniki vasitə statusunda tətbiq olunduğu, eləcə də inzibati xətanın həmin sistem vasitəsilə real vaxt rejimində aşkar edilərək elektron qərarın qanuna uyğun tərtib olunduğu sübuta yetirilməmişdir. Şikayətçi həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi onun əsas dəlillərini tam araşdırmamış, elektron qərarın qəbul edilməsinə əsas olmuş video məlumatların hansı texniki vasitə ilə, hansı rejimdə və hansı prosessual qaydada əldə edildiyini yoxlamadan səlahiyyətli orqanın qərarını dəyişdirilmədən saxlamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan – Azərbaycan Respublikası DIN-in BDYPI-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə inzibati işin materiallarını apellyasiya şikayətinin dəlilləri ilə birlikdə tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv olunmalı, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi elektron qərarın yalnız formal mövcudluğu ilə kifayətlənmiş, həmin qərarın IXM-in 122-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin məlumatları əsasında, real vaxt rejimində və “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “ICMAL” altsistemi vasitəsilə unikal nömrə verilməklə tərtib olunub-olunmadığını araşdırmamışdır. Inzibati məsuliyyətin tətbiqi üçün yalnız görüntünün mövcudluğu kifayət deyildir. Görüntü inzibati xəta hadisəsini əks etdirsə belə, həmin görüntünün hansı hüquqi statusa malik texniki vasitə ilə əldə edildiyi, həmin texniki vasitənin IXM-in 122.1-ci maddəsində nəzərdə tutulan xüsusi texniki vasitələr dairəsinə daxil olub-olmadığı, elektron qərarın isə qanunun tələb etdiyi ardıcıllıqla və real vaxt rejimində tərtib edilib-edilmədiyi ayrıca yoxlanılmalıdır. Bu hallar sübuta yetirilmədiyi halda elektron qərarın hüquqi etibarlılığı şübhə altında qalır. Hazırkı işdə inzibati xəta hadisəsinin ## #### 2026-cı il tarixdə saat 15:01-də qeydə alındığı, elektron qərarın isə həmin gün saat 17:03-də qəbul edildiyi göstərilmişdir. Bu vaxt fərqi özlüyündə birbaşa olaraq hər bir halda qərarın qanunsuzluğu nəticəsini yaratmasa da, iş materiallarında qərarın hadisə aşkar edilən anda real vaxt rejimində formalaşdırılması, “ICMAL” altsistemində avtomatlaşdırılmış qaydada unikal nömrə alması və bundan sonra aidiyyəti informasiya sistemində təsdiq edilməsi barədə mötəbər məlumat olmadığından, həmin vaxt fərqi elektron icraatın qanunauyğunluğu ilə bağlı əsaslı şübhə yaradır. Başqa sözlə, məhkəmə üçün həlledici məsələ yalnız “iki saatlıq gecikmə” deyil, həmin müddət ərzində elektron qərarın qanunla müəyyən edilmiş avtomatlaşdırılmış ardıcıllıqla formalaşdırıldığını təsdiq edən sübutların işdə olmamasıdır. Səlahiyyətli orqan elektron qərarın qanuna uyğun tərtib edildiyini sübuta yetirməli olduğu halda, iş materiallarında bu prosedurun real vaxt rejimində həyata keçirilməsini təsdiqləyən “ICMAL” qeydiyyatı, unikal nömrənin avtomatlaşdırılmış qaydada verilməsi və xüsusi texniki vasitənin hüquqi statusuna dair kifayət qədər aydın məlumat mövcud deyildir. IXM-in 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında iş üzrə icraata xitam verilir. Həmin norma imperativ xarakter daşıyır və məhkəməyə bu halda icraatı davam etdirmək üçün diskresion səlahiyyət vermir. Birinci instansiya məhkəməsi bu imperativ nəticəni nəzərə almamış, elektron qərarın qəbul edilməsinə əsas olmuş materialların qanuniliyini, yetərliliyini və etibarlılığını ayrıca qiymətləndirməmişdir. Halbuki məhkəmə inzibati orqanın qərarını formal qaydada təsdiq edən orqan deyil, həmin qərarın qanuniliyini və əsaslılığını, sübutların isə qanuni yolla əldə edilibedilmədiyini yoxlayan müstəqil ədalət mühakiməsi orqanıdır. Səlahiyyətli orqan tərəfindən təqdim olunmuş materiallarda “Təhlükəsiz şəhər” videomüşahidə kamerasının konkret olaraq IXM-in 122.1-ci maddəsində nəzərdə tutulan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə kimi sertifikatlaşdırılması, həmin texniki vasitənin yol hərəkəti qaydalarının pozulmasını avtomatlaşdırılmış qaydada aşkar etməsi, həmçinin elektron qərarın həmin məlumat əsasında real vaxt rejimində tərtib olunması barədə kifayət qədər sübut təqdim edilməmişdir. Belə vəziyyətdə həmin görüntülər şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün təkbaşına yetərli və qüsursuz sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında işlərdə təqsirsizlik prezumpsiyası tətbiq olunur. IXM-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəyə əsasən isə şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll olunur. Buna görə də elektron qərarın qanunauyğun tərtib edilməsi ilə bağlı sübut yükü şikayətçinin deyil, inzibati məsuliyyət tətbiq etmiş səlahiyyətli orqanın üzərinə düşür. IXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrindən biri işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırılmasıdır. IXM-in 75-ci maddəsi isə inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin və şəxsin təqsirinin müəyyən edilməsini zəruri hal kimi nəzərdə tutur. Bu tələblər birinci instansiya məhkəməsi tərəfindən tam yerinə yetirilməmişdir. IXM-in 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktiki məlumatlar sübutlar sayılır. Lakin həmin faktiki məlumatların sübut kimi qəbul edilməsi üçün onların qanunla nəzərdə tutulmuş qaydada əldə olunması və iş üçün əhəmiyyətli halları mötəbər şəkildə təsdiq etməsi zəruridir. IXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. Hazırkı işdə isə birinci instansiya məhkəməsi sübutları məcmu halında yoxlamamış, elektron qərarın formalaşdırılması prosedurunda aradan qaldırılmamış şübhələri şəxsin xeyrinə qiymətləndirməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilməli olan prosessual hüquq normalarına uyğun olmamışdır. Elektron qərarın real vaxt rejimində tərtib olunması, xüsusi texniki vasitənin hüquqi statusu və “ICMAL” altsistemində avtomatlaşdırılmış qeydiyyat prosedurunun icrası sübuta yetirilmədiyindən, şəxsin təqsiri qanuni və mötəbər sübutlarla təsdiq edilmiş hesab edilə bilməz. IXM-in 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. IXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq, bu Məcəllədə nəzərdə tutulmuş hallarda qərar ləğv edilə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilə bilər. IXM-in 135.1.1, 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrində isə iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların araşdırılmaması, gəlinmiş nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli halların sübuta yetirilməməsi və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədən prosessual pozuntular qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi müəyyən edilmişdir. Beləliklə, iş materialları və apellyasiya şikayətinin dəlilləri birlikdə qiymətləndirildikdə məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati xəta haqqında işin faktiki və hüquqi halları tam və obyektiv araşdırılmamış, elektron qərarın qanuniliyi ilə bağlı mühüm şübhələr aradan qaldırılmamışdır. Bu səbəbdən şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı və səlahiyyətli orqanın elektron qərarı ləğv edilməli, Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara və IXM-in 53.1.11, 105.1, 114.2.1, 133, 134, 135 və 136-cı maddələrinin tələblərinə əsasən, apellyasiya instansiyası məhkəməsi Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı və Azərbaycan Respublikası DIN-in Baş Dövlət Yol Polisi Idarəsinin ## #### 2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata IXM-in 53.1.11-ci maddəsinə əsasən xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar