Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-282/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, nzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətin məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığına baxaraq MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi şikayətə inzibati xətanın törədildiyi yer üzrə məhkəmədə baxılmalı olması qənaətinə gələrək, Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işi baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərmişdir. Ağcabədi Rayon Məhkəməsi isə, öz növbəsində İXM-in 110.1-ci maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsaslanaraq, şikayətə onu verən şəxsin yaşadığı yer üzrə baxılmalı olması nəticəsinə gələrək ərazi aidiyyəti barədə fikir ayrılığına baxmaq üçün işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına əsas olan halları iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib və Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin müvafiq normalarını əsas tutub aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edirəm. İşin mahiyyətinə keçməzdən öncə qeyd etməyi zəruri hesab edirəm ki, aidiyyət məsələsinə ciddi şəkildə əməl edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının birbaşa tələbidir. Əsas Qanunun 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29.1-ci maddəsində qeyd edilmişdir ki, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ######## 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun başqa bir qərarında-“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Əsas Qanunun və cinayət-prosessual qanunvericiliyin müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən görünür ki, aidiyyət qaydalarının pozulması yolverilməzdir və məhkəmələr bu qaydalara ciddi şəkildə əməl etməlidirlər. Bu onunla əlaqədardır ki, məhkəmə aidiyyətinin pozulması nəticəsində qəbul edilmiş məhkəmə aktı əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Odur ki, hazırki iş üzrə aidiyyətlə bağlı fikir ayrılığını yaradan halları, habelə birinci instansiya məhkəmələrinin bununla bağlı mövqelərini Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin tələbləri baxımından nəzərdən keçirib aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm. İlk əvvəl onu qeyd etmək lazımdır ki, birinci instansiya məhkəmələri inzibati xətalara dair işlərə iki əsas üzrə baxırlar. Bunlardan birincisi məhkəmələrin baxmaq səlahiyyətinə aid olan inzibati xətalar haqqında protokol və ona əlavə edilmiş materiallar, ikincisi isə vəzifəli şəxslərin baxmaq səlahiyyətinə aid olan işlər üzrə çıxarılan qərarların qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair işlərdir. Hər iki halda məhkəmələr işlərə baxmaq hüququna malik olsalar da birinci halda inzibati xətalar haqqında protokollara baxır, inzibati xətalara dair işləri bilavasitə həll edirlər, ikinci halda isə səlahiyyətli orqanların (vəzifəli şəxslərin) baxdığı inzibati xətalara dair işlər üzrə qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını yoxlayırlar. Ona görə də qanunverici yuxarıda qeyd edilən icraatın növündən asılı olaraq onların hər biri üçün ayrıca aidiyyət qaydaları müəyyən etmişdir. Məhkəmələrin səlahiyyətinə aid olan inzibati xətaların aidiyyəti İnzibati Xətalar Məcəlləsinin 110-cu, səlahiyyətli orqanların baxdığı inzibati xətalara dair işlərin məhkəmə aidiyyətinin isə həmin Məcəllənin 129-cu maddəsi ilə tənzimlənməsi məhz yuxarıda göstərilən icraat növlərinə görə qanunvericilikdə ayrı-ayrı aidiyyət qaydaları şəklində təsbit edilmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, Ağcabədi Rayon Məhkəməsinin, aidiyyəti mübahisələndirərkən İnzibati Xətalar Məcəlləsinin 110-cu maddəsinə istinad etməsi düzgün yanaşma olmamışdır. Belə ki, işin materiallarından görünür ki, araşdırılan inzibati xəta haqqında işə baxmaq səlahiyyətli orqana aiddir və məhkəmə aidiyyəti səlahiyyətli orqanın qərarından verilən hansı məhkəməyə aid olması ilə bağlıdır. Göründüyü kimi hazırki iş üzrə aidiyyət məsələsinin həllində tətbiq edilməli olan norma İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsidir və fikir ayrılığı həmin norma əsasında həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 129.1-ci maddəsində inzibati tənbeh vermə haqqında qərarlardan məhkəmələrə verilən şikayətlərin 3 qaydası müəyyən edilmişdir. İnzibati xətalara dair işlər üzrə səlahiyyətli orqanların qərarlarından verilən şikayətlərin inzibati xətanın törədildiyi yer üzrə baxılması (İXM-in 129.1.3-cü madd.), səlahiyyətli orqanların elektron qərarlarından verilən şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə baxılması (İXM-in 129.1.3-1-ci madd.) və bu Məcəllənin 129.1.3-cü maddəsində nəzərdə tutulan halda şəxsin vəsatətinə əsasən aidiyyətin dəyişdirilərək işə şəxsin yaşayış yeri üzrə baxılması (İXM-in 129.1- 1-ci madd.). İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh vermə haqqında qərarından verilən şikayətlərə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılır. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən, isə bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. İnzibati xəta haqqında iş materiallarından görünür ki, inzibati xəta hadisəsi hüquqi şəxs “xxxx” MMC-nin fəaliyyət göstərdiyi Ağcabədi rayonunun ərazisində onun rəhbəri Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilmişdir. Belə ki, X1 Xidmətinin icrası məcburi olan göstərişi həmin hüquqi şəxsə ünvanlanmış, hüquqi şəxsin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) isə icrası məcburi olan göstərişi təmsil etdiyi hüquqi şəxsin hüquqi ünvanının olduğu, eyni zamanda fəaliyyət göstərdiyi Ağcabədi rayonunun ərazisində icra etməmişdir. Buna görə də hesab etmək olar ki, inzibati xəta hadisəsi Ağcabədi rayonunun ərazisində törədilmişdir. İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta Məcəllənin idarəçilik qaydaları əleyhinə olan inzibati xətalar fəslində yerləşməklə hərəkətsiziliklə törədilən inzibati xətalara aiddir. Belə ki, maddənin dispozisiyasından görünür ki, təqsirkar əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatları (sənədlərin) təqdim etmir, yaxud tam, düzgün və ya vaxtında təqdim etmir (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) və bununla idarəçilik qaydaları əleyhinə yeni inzibati xətanı törədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, inzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin icra edilməli olduğu yer hesab olunur. Həmçinin, işdən görünür ki, hüquqi şəxsin rəhbəri Qərardan şikayət verən orqan (şəxs) barəsində olan inzibati xəta haqqında işə Ağcabədi Rayon Məhkəməsində baxılmasına etiraz etməmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi yer Ağcabədi rayonunun ərazisi olduğuna görə qeyd edilən işə Ağcabədi Rayon Məhkəməsində baxılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edirəm ki, inzibati xətalara dair işlər üzrə aidiyyətlə bağlı mübahisələrin həlli Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Qərarından irəli gələn hüquqi mövqeyi nəzərə almaqla mübahisənin həlli zamanı Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə istinad etməyi məqsədəuyğun hesab edirəm. Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsində isə göstərilmişdir ki, məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Qeyd olunanlara əsaslanıb, Azərbaycan Respublikası CPM-in 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutub QƏRAR VERDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Qərardan şikayət verən orqan (şəxs) verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün Ağcabədi Rayon Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №3(3-9)-282/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-282/2026
14.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver