Məhkəmə qərarları › İş №3(3-9)-292/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-292/2026

26.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-292/2026 26.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, səlahiyyətli orqan — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, “Mars-O” Kəndli (Fermer) Təsərrüfatının Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra — IXM) 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X7 tərəfindən “Mars-O” Kəndli (Fermer) Təsərrüfatına ##.##.2026-cı il tarixli, *-**- */*-***/**** nömrəli məktubla verilmiş göstərişin ötən dövr ərzində təmin edilməməsi iddiası ilə barəsində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “Mars-O” Kəndli (Fermer) Təsərrüfatı barəsində IXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri olan hallar, o cümlədən göstərişin icra edilməməsinin məhz hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunmasına yönəlməsi, eləcə də hüquqi şəxsin təqsirini təsdiq edən hallar kifayət qədər sübuta yetirilməmişdir. Məhkəmə qərarından narazı qalan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Tamerlan Məlikli şikayət verərək Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Xidmət tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında “Mars-O” Kəndli (Fermer) Təsərrüfatının inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, “Əmək və məşğulluq” altsisteminə baxış zamanı “Mars-O” tərəfindən işçinin əməkhaqqı məbləğində düzəliş edilməli olduğu müəyyən edilmiş, bununla bağlı ##.##.2026-cı il tarixli məktubla qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə uyğunlaşdırılması barədə icrası məcburi olan göstəriş verilmiş, lakin məktubda göstərilən müddət ərzində pozuntu aradan qaldırılmamış və görülmüş tədbirlər barədə regional şöbəyə məlumat təqdim edilməmişdir. Şikayətdə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2024-cü il tarixli, *** nömrəli Qərarına istinad edilərək qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi üzrə müddətlərin müəyyən edildiyi, həmin qərarın normativ hüquqi akt kimi hamı üçün məcburi olduğu, X3 Xidmətinin göstərişlərinin isə Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən işəgötürənlər üçün icrası məcburi olduğu göstərilmişdir. Səlahiyyətli orqan hesab etmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilən dövrdə göstəriş icra olunmadığından IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmış, sonradan pozuntunun aradan qaldırılması isə məsuliyyəti yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda aradan qaldıra bilər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X1 şikayətin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və “Mars-O” Kəndli (Fermer) Təsərrüfatının inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq “Mars-O” Kəndli (Fermer) Təsərrüfatının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Bu prinsip inzibati məsuliyyətin formal pozuntu ehtimalına deyil, qanunda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin sübuta yetirilməsinə əsaslanmasını tələb edir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Həmin Məcəllənin 539.1-1-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin maddənin tətbiqi üçün bir neçə hüquqi şərtin birlikdə mövcudluğu tələb olunur: göstəriş səlahiyyətli orqan tərəfindən və qanunla verilmiş səlahiyyət həddində qəbul edilməli, onun məzmunu konkret və icra oluna bilən olmalı, göstərişin ünvanlandığı şəxs dəqiq müəyyən edilməli, göstərişin həmin şəxsə lazımi qaydada çatdırılması, icra müddətinin bitməsi və bu müddətdə göstərişin icra edilməməsi sübut olunmalıdır. Hüquqi şəxs barəsində məsuliyyət məsələsi həll edilərkən isə əlavə olaraq IXM-in 18.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. IXM-in 18.2-ci maddəsinin məzmununa görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi müəyyən edilməlidir. Belə tənzimləmə hüquqi şəxsin məsuliyyətinin obyektiv məsuliyyət modeli kimi deyil, təqsir və hüquqi şəxsin fəaliyyət sferası ilə əlaqələndirilmiş məsuliyyət modeli kimi nəzərdə tutulduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının məcburiliyi və preyudisial təsiri sərhədsiz xarakter daşımır; belə qərarların təsiri, bir qayda olaraq, barəsində qərar çıxarılmış və həmin icraatda prosessual hüquqlarını həyata keçirmiş şəxslərin dairəsi ilə məhdudlaşır. Həmin qərarda xüsusi vurğulanmışdır ki, eyni inzibati xəta hadisəsi üzrə bir subyekt barəsində qəbul edilmiş qərar fərqli subyektin məsuliyyətini avtomatik həll edilmiş saymağa əsas vermir. “Eyni fakt” ilə “eyni subyekt” anlayışları qarışdırılmamalı, fərqli subyektin məsuliyyəti onun müdafiə hüququ və təqsirsizlik prezumpsiyası təmin edilməklə müstəqil araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyi hüquqi şəxs və vəzifəli şəxs üzrə inzibati məsuliyyətin fərqli hüquqi əsaslara malik olduğunu da təsdiqləyir. Vəzifəli şəxsin konkret hərəkəti və ya hərəkətsizliyi hüquqi şəxsin məsuliyyətinin mexaniki davamı kimi qiymətləndirilə bilməz; hüquqi şəxs barəsində ayrıca olaraq əməlin onun xeyrinə, maraqlarının qorunması üçün və ya onun fəaliyyət sferasına aid idarəetmə iradəsinin təzahürü kimi baş veribvermədiyi müəyyən edilməlidir. Məhkəmə iş materiallarını, səlahiyyətli orqanın şikayətini və birinci instansiya məhkəməsinin qərarını yoxlayaraq hesab edir ki, şikayət əsaslı deyil və təmin edilməməlidir. Bu konstitusion hüquqi yanaşma hazırkı iş üzrə də həlledici əhəmiyyət daşıyır. Çünki hazırkı icraatda məsuliyyətə cəlb edilməsi tələb olunan subyekt hüquqi şəxsdir və belə halda yalnız əmək qanunvericiliyinə dair göstərişin mövcudluğu və onun icra edilməməsi barədə ümumi iddia hüquqi şəxsin məsuliyyətinin bütün elementlərini əvəz edə bilməz. Inzibati orqan hüquqi şəxsin özünə aid təqsir elementlərini, o cümlədən göstərişin icra edilməməsinin onun xeyrinə və ya maraqlarının qorunmasına xidmət etdiyini ayrıca sübuta yetirməli idi. Səlahiyyətli orqanın əsas dəlili göstərişin icra edilməməsi faktına yönəlmişdir. Lakin inzibati məsuliyyətin yaranması üçün yalnız göstərişin mövcudluğu və onun icra olunmaması barədə ümumi iddia kifayət etmir. Protokolu tərtib edən orqan konkret olaraq hansı əmək müqaviləsi üzrə, hansı əməkhaqqı göstəricisinin, hansı normativ tələbə zidd olduğu, həmin uyğunsuzluğun hansı müddətdə aradan qaldırılmalı olduğu və protokol tərtib edilən tarixə bu öhdəliyin icra edilmədiyini təsdiq edən mötəbər sübutları təqdim etməlidir. Iş materiallarında isə hüquqi şəxsin ##.##.2026-cı il tarixli göstərişi aldıqdan sonra həmin göstərişi icra etmək imkanına malik olduğu, lakin buna baxmayaraq təqsirli hərəkətsizlik göstərdiyi və bu hərəkətsizliyin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunmasına xidmət etdiyi barədə kifayət qədər inandırıcı sübutlar yoxdur. Şikayətdə Nazirlər Kabinetinin ## ######## 2024-cü il tarixli, *** nömrəli Qərarının normativ xarakter daşımasına istinad edilməsi də birinci instansiya məhkəməsinin nəticəsini aradan qaldırmır. Normativ hüquqi aktın hamı üçün məcburi olması mübahisəsizdir; lakin normativ aktın mövcudluğu konkret inzibati xəta işində məsuliyyət üçün tələb olunan bütün elementlərin birbaşa sübuta yetirilməsi demək deyildir. Hər bir halda məhkəmə konkret göstərişin məzmununu, ünvanlandığı şəxsi, icra müddətini, icrasızlığın faktiki və hüquqi əsaslarını ayrıca yoxlamalıdır. IXM-in 539.1-1-ci maddəsinin dispozisiyası “əmək münasibətlərinin iştirakçıları” tərəfindən icrası məcburi olan göstərişin icra edilməməsini nəzərdə tutur. Bu maddə üzrə məsuliyyət məsələsi həll edilərkən göstərişin məhz əmək münasibətlərinin iştirakçısı kimi barəsində icraat aparılan hüquqi şəxsə ünvanlanması və onun həmin göstərişi icra etməyə borclu subyekt olması aydın müəyyən edilməlidir. Hazırkı işdə inzibati orqan bu elementləri şübhə doğurmayacaq şəkildə əsaslandırmamışdır. Səlahiyyətli orqanın “pozuntunun sonradan aradan qaldırılmasının məsuliyyəti aradan qaldırmaması” barədə dəlili hazırkı iş üzrə həlledici əhəmiyyət daşımır. Birinci instansiya məhkəməsi icraata ona görə xitam verməmişdir ki, pozuntu sonradan aradan qaldırılmışdır. Məhkəmənin nəticəsi ondan ibarətdir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin zəruri elementləri sübuta yetirilməmişdir. Inzibati xəta tərkibi sübuta yetirilmədiyi halda məsuliyyəti aradan qaldıran halların tətbiqindən danışmağa ehtiyac yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin inzibati məsuliyyəti məsələsində sübut yükü inzibati məsuliyyətə cəlb edilən şəxsin üzərinə keçirilə bilməz. Inzibati orqan qanuni göstərişin mövcudluğunu, göstərişin lazımi qaydada çatdırılmasını, icra müddətinin bitməsini, icrasızlığı, hüquqi şəxsin təqsirini və IXM-in 18.2-ci maddəsi baxımından hüquqi şəxsin xeyrinə və ya maraqları ilə əlaqəni özü sübuta yetirməlidir. Şübhələrin inzibati məsuliyyətə cəlb edilən şəxsin xeyrinə şərh edilməsi prinsipi nəzərə alınmaqla, bu elementlərdən hər hansı biri yetərli sübutlarla təsdiqlənmədikdə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması yolverilməzdir. Inzibati məsuliyyət tədbiri ehtimallara, ümumi mülahizələrə və yalnız normativ aktın məcburiliyinə dair istinadlara əsaslana bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün qiymətləndirmiş, maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun tətbiq etmiş və inzibati xəta tərkibinin olmaması əsası ilə icraata xitam verməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmir və qərarın ləğvi üçün hüquqi əsas yaratmır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarında ifadə olunmuş mövqe də hazırkı nəticəni gücləndirir: hüquqi şəxsin inzibati məsuliyyəti fərdiləşdirilməli, vəzifəli şəxsin və ya ümumi pozuntu faktının mövcudluğundan birbaşa çıxarılmamalı, IXM-in 18.2-ci maddəsində nəzərdə tutulan xeyir və ya maraq elementi sübutlarla əsaslandırılmalıdır. Iş materiallarında bu elementlər sübuta yetirilmədiyindən birinci instansiya məhkəməsinin icraata xitam verilməsi barədə nəticəsi qanuni və əsaslıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hüquqi məsuliyyətin tətbiqi hüquqi dövlət prinsipinin tərkib hissəsi olan təqsirə əsaslanan məsuliyyət konsepsiyasına uyğun həyata keçirilməlidir. Hüquqi məsuliyyət tədbirlərinin tətbiqi zamanı formal yanaşma ilə kifayətlənmək olmaz; məsuliyyət üçün əhəmiyyətli bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Insan Hüquqlarının və X4 haqqında Konvensiyanın 6-cı maddəsindən irəli gələn ədalətli məhkəmə araşdırması standartları cəza xarakterli nəticələr doğuran inzibati icraatlarda da nəzərə alınmalıdır. Bu standartların məntiqinə görə məsuliyyətə səbəb olan hallar dövlət orqanı tərəfindən inandırıcı şəkildə sübuta yetirilməli, məhkəmə sübutlarla təsdiq edilməmiş ehtimallara əsaslanaraq məsuliyyət müəyyən etməməlidir. Beləliklə, işin faktiki halları, şikayətin dəlilləri və qanunvericiliyin tələbləri birlikdə qiymətləndirildikdə məhkəmə belə qənaətə gəlir ki, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və “Mars-O” Kəndli (Fermer) Təsərrüfatının inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud deyildir. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar