Məhkəmə qərarları › İş №3(3-9)-295/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-295/2026

25.05.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-295/2026 25.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi İsmayılov İlqar Nəriman oğlunun iştirakı ilə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5, 266.3 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş şikayətə apelyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı (hakim: Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə, Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3, 234.0.5 və 271-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. İŞİN HALLARI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN ******* nömrəli, ## ###### 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən ##.##.2025-ci il tarixində Şirvan-Salyan RTİ-nin tabeliyində olan Çuxanlı kənd tam orta məktəbinin həyətində orada formalaşan tullantıların normadan kənar atılması, qalaqlanması və yandırılması faktı, “Tullantılar haqqında qanunun” 12-ci maddəsinin pozulması aşkar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X1 tərəfindən İXM-in 266.3, 234.0.5, 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinən Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayət verərək, apellyasiya şikayətinin təmin olunmasını, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında işin yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən, Şirvan-Salyan Regional Təhsil İdarəsi barəsində Az.Respublikasının İXM-nin 266.3, 234.0.5 və 271-ci maddələri ilə hüquqi şəxs qismində tərtib edilmiş MN******* nömrəli ##.##.2025-ci il tarixli protokol ləğv olunaraq iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Az.Respubılikası İXM-nin 53.1.2-ci madəssinə əsasən iş üzrə icraata xitam vermişdir. Hakim işə baxarkən sanki dövlətin qanunla qorunan maraqlarının əksinə inzibati xətanı törədən qarşı tərəfin hüquqlarının müdafiəçisi qismində çıxış etmiş, maddi və prossesual hüquq normalarını pozaraq qərəzli qərar qəbul edərək iş üzrə icraata xitam vermişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərdiyindən onun struktur bölməsi kimi Şirvan-Salyan Regional Təhsil İdarəsi AR İXM-in 266.3, 234.0.5, 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil. Az.Respubılikası İXM-in 64.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Az.Respubılikası İXM-in 64.2. Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər Az.Respubılikası İXM-in 65.1-1-ci maddəsinin mənasına görə Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Belə olduğu halda həmin İdarə hüquqi şəxs qismində tanınmırsa Şirvan-Salyan Regional Təhsil İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 işin baxılmasında nümayəndə kimi necə tanınmışdır? Məhkəmə tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsində inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyən X2 etibarnamə üzrə nümayəndə qismində iştirak etməsinə qəsdən şərait yaradılaraq ciddi qanun pozuntusuna yol vermişdir. Ona görə də, qanunvericiliyin normalarının düzgün tətbiq olunmaması səbəbindən Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarının qərəzli, əsassız, qeyri-obyektiv və qanunsuz olmasının birbaşa sübutudur Məhkəmə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan maddi sübutları, hüquqazidd əməlləri və qanunların obyektiv tətbiqini nəzərə almamışdır. TƏRƏFLƏRİN İZAHATLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi İsmayılov İlqar Nəriman oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə səlahiyyətli orqan məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Apellyasiya məhkəməsi səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə araşdırıb apellyasiya məhkəməsi hesab edir ki, səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya İdarəsinin rəisi F.Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən AR İXM-in 234.0.5, 266.3 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolda ümumi sözlərlə hüquqi şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Bununla yanaşı, iş materiallarından, o cümlədən ##.##.2025-ci il tarixli, ***** saylı aktdan görünür ki, inzibati xəta hadisəsi ##.##.2025-ci il tarixdə baş versə də səlahiyyətli orqan tərəfindən tərtib olunmuş MN № ******* inzibati xəta haqqında protokolda qeyd olunan hadisənin ##.##.2025-ci il tarixdə törədilməsi qeyd olunmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin törədilmə tarixi ilə bağlı iş materialları və inzibati xəta haqqında protokol arasında ciddi ziddiyyətlər mövcuddur. İnzibati xəta haqqında protokolda hadisənin vaxtı və tarixi inzibati xətanın obyektiv tərəfini müəyyən edən mühüm rekvizitlərdən biri olmaqla, şəxsin hansı əmələ görə məsuliyyətə cəlb olunduğunu aydın şəkildə bilməsi, müdafiə hüququndan effektiv istifadə etməsi və işin faktiki hallarının düzgün müəyyən edilməsi baxımından fundamental əhəmiyyət daşıyır. Hadisənin baş vermə tarixinin bir ay fərqlə yanlış göstərilməsi texniki xarakterli xırda qüsur kimi deyil, işin mahiyyətinə təsir edən əhəmiyyətli prosessual pozuntu kimi qiymətləndirilməlidir. Bu cür uyğunsuzluq inzibati xəta hadisəsinin zaman baxımından müəyyən edilməsini şübhə altına alır, protokolun mötəbərliyini zəiflədir və şəxsin hansı konkret hadisəyə görə məsuliyyətə cəlb edildiyini qeyri-müəyyən edir. İXM-in 234.0.5-ci maddəsinin dispozisiyasına görə, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsi inzibati məsuliyyətə səbəb olur. İş materialları ilə tullantıların toplanması və yandırılması qaydalarının pozulması nəticəsində atmosfer havasının çirkləndirilməsi hadisəsinin məhz hüquqi şəxsin təqsirli davranışı nəticəsində baş verməsi kifayət qədər sübuta yetirilmir. Belə ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün yalnız pozuntunun baş verməsi faktı deyil, həm də həmin pozuntu ilə hüquqi şəxsin fəaliyyəti (və ya fəaliyyətsizliyi) arasında səbəbli əlaqənin mövcudluğu, eləcə də hüquqi şəxsin təqsirinin konkret və mötəbər sübutlarla müəyyən edilməsi zəruridir. Mövcud iş materiallarında tullantıların məhz hüquqi şəxs tərəfindən toplandığını, yandırıldığını və ya bu prosesin onun göstərişi, nəzarəti və ya təşkilatçılığı ilə həyata keçirildiyini təsdiq edən kifayət qədər, bir-biri ilə uzlaşan sübutlar mövcud deyildir. Atmosfer havasının çirklənməsi faktının mövcudluğu özlüyündə hüquqi şəxsin təqsirini prezumpsiya qaydasında müəyyən etməyə əsas vermir. İnzibati məsuliyyət yalnız təqsirin sübuta yetirilməsi prinsipi əsasında tətbiq oluna bilər və aradan qaldırılmamış şübhələr məsuliyyətə cəlb edilən şəxsin xeyrinə təfsir edilməlidir. Bu baxımdan, tullantıların toplanması və yandırılması qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə hüquqi şəxsin təqsiri müəyyən edilmiş hesab oluna bilməz. Apellyasiya şikayətinin İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə dair dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız məktəb ərazisində tullantıların mövcudluğu və ya normadan kənar şəkildə aşkar olunması faktı kifayət deyildir. İnzibati delikt hüququnda məsuliyyətin yaranması üçün əsas və mütləq şərt inzibati xətanın bütün tərkib elementlərinin, xüsusilə subyekt və subyektiv cəhətin dəqiq və şübhəsiz şəkildə müəyyən edilməsidir. Bu elementlərdən hər hansı birinin, o cümlədən əməli konkret törədən şəxsin müəyyən olunmaması inzibati xəta tərkibini istisna edir və məsuliyyətin tətbiqini hüquqi baxımdan qeyri-mümkün edir. AR İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə məsuliyyət yalnız konkret olaraq həmin hüquqazidd əməli törədən fiziki, vəzifəli və ya hüquqi şəxsə tətbiq oluna bilər. Bu normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, inzibati məsuliyyət ümumi vəziyyətə görə deyil, konkret faktiki hərəkətə görə və həmin hərəkəti törədən müəyyən subyektə görə müəyyən edilir. Yəni maddənin tətbiqi üçün təkcə tullantıların mövcudluğu deyil, həmin tullantıların kim tərəfindən atıldığı və ya yandırıldığı faktının sübuta yetirilməsi zəruridir. Eyni zamanda “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən məişət tullantıları yalnız xüsusi tutumlara atılmalı, onların kənar yerlərə atılması və ya yandırılması qadağandır. Lakin bu normanın pozulması avtomatik olaraq inzibati məsuliyyət yaratmır. Həmin pozuntunun hüquqi nəticə doğura bilməsi üçün mütləq şəkildə konkret subyektin müəyyən edilməsi və onun təqsirinin sübuta yetirilməsi tələb olunur. Hazırkı iş materiallarının təhlili göstərir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin 266.3-cü maddə ilə nəzərdə tutulmuş inzibati xətanı məhz özü tərəfindən törətməsi barədə birbaşa, fərdi və mötəbər sübutlar mövcud deyildir. İş üzrə təqdim edilmiş akt, foto və video materiallar yalnız məktəb həyətində tullantıların mövcudluğunu və ümumi sanitariya vəziyyətini əks etdirir. Lakin həmin sübutlar tullantıların konkret olaraq hansı şəxs tərəfindən atıldığını, yandırıldığını və ya qalaqlanmasını müəyyən etməyə imkan vermir. Bu isə inzibati xətanın subyekt elementinin sübuta yetirilmədiyini göstərir. AR İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə münasibətdə də eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Həmin maddə tullantıların qalaqlanması və ya yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Lakin bu maddə üzrə inzibati məsuliyyətin yaranması üçün yalnız faktın mövcudluğu kifayət etmir, həmin faktı bilavasitə törədən konkret subyektin müəyyən edilməsi və onun əməli ilə nəticə arasında birbaşa səbəbli əlaqənin sübuta yetirilməsi zəruridir. Hazırkı işdə isə tullantıların yandırılması və ya qalaqlanmasının Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən həyata keçirildiyini təsdiq edən heç bir hüquqi və faktiki sübut təqdim olunmamışdır. Bundan əlavə, inzibati məsuliyyət fərdiləşdirilmiş məsuliyyət prinsipinə əsaslanır və ehtimala, ümumi yanaşmaya və ya struktur aidiyyətə görə tətbiq oluna bilməz. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün onun müstəqil hüquq subyekti kimi həmin əməli törətməsi və ya onun adından çıxış edən səlahiyyətli şəxslərin bu əməli icra etməsi mütləq şəkildə sübuta yetirilməlidir. Lakin hazırkı işdə belə bir hal müəyyən edilməmişdir. İnzibati xəta tərkibinin mövcudluğu üçün zəruri olan digər mühüm element – subyektiv cəhət, yəni təqsir də iş materiallarında təsdiqini tapmamışdır. Şirvan-Salyan Regional Təhsil İdarəsinin tullantıların atılması, yandırılması və ya qalaqlanması ilə bağlı hər hansı göstəriş verməsi, bu prosesə bilavasitə nəzarət etməsi və ya həmin hərəkətləri icra etməsi barədə heç bir sübut yoxdur. Bu isə təqsirin sübuta yetirilmədiyini və inzibati məsuliyyət üçün əsas hüquqi şərtin mövcud olmadığını göstərir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 234.0.5, 266.3 və 271-ci maddələri üzrə inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan subyektin düzgün müəyyən edilməsi və subyektiv cəhətin sübuta yetirilməsi təmin olunmamışdır. İş materialları yalnız ümumi vəziyyəti əks etdirir, lakin hüquqazidd əməli konkret olaraq kimin törətdiyini müəyyən etmir. Bu isə inzibati xəta tərkibinin olmaması deməkdir. Apellyasiya məhkəməsi bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsi hüquqi şəxsin inzibati məsuliyyətinin müəyyən olunması üçün konkret meyarlar təqdim edir. Maddədə nəzərdə tutulmuş “hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün” ifadələri yalnız həmin hüquqi şəxsin maddi və ya iqtisadi fayda əldə etdiyi, yaxud fəaliyyətinin davamlılığını, məsuliyyətdən yayınmasını və nüfuzunun qorunmasını təmin etmək məqsədilə törədilmiş hərəkətləri əhatə edir. İş materiallarından görünür ki, baş vermiş hadisə məişət tullantılarının urnalardan kənara atılması, qalaqlanması və yandırılması ilə bağlı olmuşdur. Lakin işdə təqdim olunan akt və protokollar sübut etmir ki, həmin inzibati xəta hadisəsi hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması məqsədilə törədilmişdir. İXM-in 18.2-ci maddəsinin mahiyyəti baxımından, hüquqi şəxsin cərimələnməsi üçün yalnız fiziki şəxsin hərəkəti yetərli deyil, həmin hərəkətin hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunmasına xidmət etməsi zəruridir. Lakin işdə mövcud olan akt, inzibati xəta haqqında protokol və digər sənədlər həmin hərəkətlərin bilavasitə hüquqi şəxs tərəfindən həyata keçirildiyini, onun göstərişi ilə törədildiyini və ya hüquqi şəxsin maraqları naminə baş verdiyini təsdiq edən kifayət qədər və mötəbər sübutlar ehtiva etmir. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün təkcə inzibati xəta hadisəsinin mövcudluğu kifayət etmir. Bununla yanaşı, həmin əməlin hüquqi şəxsin adından, onun maraqlarının təmin olunması və ya qorunması məqsədilə törədilməsi, yaxud hüquqi şəxsin təşkilati iradəsi ilə bağlılığının mövcudluğu sübuta yetirilməlidir. Hüquqi şəxsin məsuliyyəti avtomatik və ya ehtimala əsaslanan qaydada müəyyən edilə bilməz. Mövcud iş materiallarında məişət tullantılarının qalaqlanması və yandırılması hərəkətlərinin hüquqi şəxsin fəaliyyətindən irəli gəldiyi, onun iqtisadi və ya təşkilati maraqlarına xidmət etdiyi, yaxud hüquqi şəxsin vəzifəli şəxslərinin tapşırığı, nəzarəti və ya razılığı ilə həyata keçirildiyi müəyyən edilmir. Əksinə, təqdim olunmuş sübutlar həmin hadisənin hüquqi şəxslə səbəbli və hüquqi əlaqəsini kifayət qədər təsdiqləmir. Belə olan halda, hüquqi şəxsin təqsirinin yalnız ehtimallar əsasında müəyyən edilməsi inzibati məsuliyyətin təqsirə əsaslanması prinsipinə zidd olardı. Təqsir sübuta yetirilmədiyindən və aradan qaldırılmamış şübhələr mövcud olduğundan, hüquqi şəxs təqsirli hesab edilə bilməz. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, hazırki iş üzrə birinci instansiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şirvan-Salyan Regional Təhsil İdarəsinin barəsində İXM-in 234.0.5, 266.3 və 271-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəldiyindən, apellyasiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli və Salyan Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 133-136-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanısın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar