Məhkəmə qərarları › İş №3(3-9)-309/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-309/2026

05.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-309/2026 05.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Protokolu tərtib edən orqan “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə ## ##### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, “xxxx” MMC 99000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından ## ###### 2024-cü il tarixində Azərbaycan Respublikasından avans olaraq ölkə xaricinə köçürmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35861,50 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## ###### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 35861,50 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 7172,3 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan “xxxx” MMC apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması səbəbindən həmin qərar qanunsuz və əsassızdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması həmin maddə ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Mərkəzi Bankın İdarə Heyətinin ## ###### 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xaric valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndində göstərilmişdir ki, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir. Göründüyü kimi, qaydalara əsasən 2 il müddət ərzində qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadığı halda inzibati məsuliyyətin yaranması üçün idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olmalıdır. Şikayətə əlavə edilən və “Elektron məhkəmə” İnformasiya Sisteminə yüklənən “xxxx” ASC-nin bütün gömrük bəyannamələrinin təqdim edilməsi barədə və ödənişin tam bağlanması barədə ##.##.2026-cı il tarixli, **** saylı məktubu onlara təqdim edilmiş və bank tərəfindən Mərkəzi Banka xaricə köçürülən pul vəsaitinin tam həcmdə dəyərinə bərabər olan malların idxalı barədə məlumat göndərilmişdir. Həmçinin, bildirir ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman onlara məlumat verilməmiş, izahatları alınmamış, mövqeləri öyrənilməmiş, bildiriş və xəbərdarlıq gəlməmişdir. Həmçinin, inzibati xəta haqqında protokolda onların imzaları yoxdur, tərtib edildikdən sonra belə məlumat üçün və mövqelərini bildirmək üçün onlara göndərilməmişdir. Bütün bunlar İXM-in müddəalarına ziddir. Hazırkı iş üzrə tərtib edilmiş inzibati xəta haqqında protokolun surətinin “xxxx” MMC-yə göndərilməsini və ya çatdırılması təsdiq edən heç bir sübut əlavə edilməmişdir. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndələri iştirak etməmişlər və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə apellyasiya şikayətinə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarı ləğv edilməli, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə görə hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Konstitusiyanın 79-cu maddəsinə əsasən heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun sahibkarlıq hüdudlarının nizamlanması əsaslarını müəyyən edən 5-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir. Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır. Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin müvafiq valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyəti müəyyən edən 430.4-cü maddəsi sahibkarlıq fəaliyyəti ilə bağlı müəyyən edilmiş məhdudiyyətlərdəndir. Göstərilən normalar ilə Konstitusiyada təsbit olunmuş azad sahibkarlıq hüququnun pozulub-pozulmamasına aydınlıq gətirilməsi üçün aşağıdakıların nəzərə alınması vacibdir. Azad sahibkarlığın əsasını mülkiyyət təşkil edir. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin II hissəsi). “xxxx” ASC-nin KB-***/*-***/**** saylı Protokolu tərtib edən orqan ünvanlanmış məktubu ilə bildirilmişdir ki, hüquqi şəxs “xxxx” MMC tərəfindən 2 (iki) il müddətinə köçürmələr üzrə idxal olunan mal və ya xidmətin idxalını təsdiq edən müvafiq sənədləri “xxxx” ASC-yə təqdim etməmişdir. ##.##.2024-cü il tarixli “xxxx” MMC ilə “X4 X2 X1 Tıcaret Lımıted” şirkəti arasında bağlanmış müqavilədən görünür ki, müqavilənin ümumi dəyəri 500000 ABŞ dollarıdır. OX* saylı ##.##.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC tərəfindən 99000 dollar “X4 X2 X1 TICARET LIMITED” şirkətinin hesabına köçürülmüşdür. Apellyasiya şikayətinə əlavə edilmiş “xxxx” ASC-nin ## ##### 2026-cı il tarixli, **** saylı məktubundan görünür ki, ************** saylı gömrük bəyannaməsi üzrə çıxılan 35861,50 ABŞ dolları məbləğində vəsait üzrə ##.##.2026-cı il tarixdə banka bəyannamə təqdim olunmuşdur. Göründüyü kimi “xxxx” MMC-nin inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmək niyyəti olmamışdır və onun iradəsindən asılı olmayan səbəblərdən malların ölkəyə idxalı gecikmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə nəzərdən keçirib birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmağı mümkün hesab etmir və belə qənaətə gəlir ki, məhkəmə və inzibati tənbeh vermiş orqan tərəfindən hazırkı iş üzrə gəlinmiş nəticə işin faktiki hallarına və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin mahiyyətinə uyğun olmamışdır. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə istinad olunan əməl İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inizbati xətanın tərkibini təşkil etmir. Bu səbəbdən də iş üzrə icraata xitam verillməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərarı ləğv edilməli, “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş ## ##### 2026-cı il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar