Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-314/2026 11.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan Regional Idarəsinin “inzibati tənbeh vermə haqqında” ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayətlə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan Regional Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati inzibati tənbeh vermə haqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarına əsasən Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmamışdır. Məhkəmə qərarından narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Şirvan-Salyan regional şöbəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Qərardan şikayət verən orqan (şəxs) şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin “Inzibati tənbeh vermə haqqında” MN ******* nömrəli, ##.##.2026-cı il tarixli qərarını əsassız hesab edir. Belə ki, Şirvan şəhəri Nizami küçəsində uşaqlar üçün kiçik bir oyun obyekti işlədir. Şirvan şəhər Polis şöbəsi tərəfindən ona aidiyyəti olmayan işlə bağlı araşdırma aparılarakən guya ona məxsus obyektdə X2 adlı şəxsin əmək müqaviləsi bağlanılmadan işləməsi və xidmətlərin yerinə yetirilməsi müəyyən olunmuş və qeyd olunan fakt araşdırılması üçün Şırvan şəhər Prokurorluğuna göndərilmişdir. Şirvan şəhər Prokurorluğunda aparılan araşdırma zamanı izahatında X2 ona məxsus obyektdə işləməməsini, oyun oynamaq üçün gəlməsi barədə izahat vermişdir. Lakin Şirvan şəhər Prokurorluğu heç bir obyektiv araşdırma aparmadan X2 ona məxsus obyektdə əmək müqaviləsi bağlanılmadan işləməsini əsas götürüərək inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edərək baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə göndərmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsi heç bir araşdırma aparmadan, onun iştirakını təmin etmədən barəsində MN ******* nömrəli, ##.##.2026-cı il tarixli “Inzibati tənbeh vermə haqqında” qərar qəbul edərək 3000 manat məbləğində cərimə tətbiq etmişdir. Qeyd etdiyi kimi, kiçik bir obyektdə uşaqlar üçün oyun salonu yaratmış və həmin oyun salonundan gündəlik olaraq az miqdarda gəlir götürür. Əldə etdiyi gəlir onun öz dolanışığına belə çatmır. Belə olan halda necə işçi işlədə bilər. Bundan əlavə vergi orqanı əməkdaşları mütəmadi olaraq yoxlamalar keçirirlər. Əgər qanunsuz işçi işlətsəydi onda onlar aşkar edərdilər. Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsi onu vəzifəli şəxs kimi qiymətləndirmiş və barəsində 3000 manat məbləğində cərimə tətbiq etmişdir. IXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati- təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qanunvericilik qeyd olunan normada hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslərin vəzifəli şəxs hesab edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şirvan-Salyan regional şöbəsi həmin normanı əsas tutaraq onu 3000 manat cərimə etmişdir. Halbuki onun işlətdiyi obyektin ümumi sahəsi 30 kv.metrdir. Obyektdə 3 ədəd oyun kompüteri və monitor quraşdırılmışdır. Belə olan halda necə vəzifəli şəxs hesab oluna bilər. Məhkəmə iclasında işə baxan hakim bildirmişdir ki, vəzifəli şəxs sayılır. Bəs sual verəndə ki, fiziki şəxs kimdir? Hakim bildirdi ki, fiziki şəxs vöeni olmayan şəxslərdir. Bu fikirlə qəti razı deyildir. Bununla bağlı da bildirir ki, Vöeni olmayan şəxslər əmək müqaviləsi bağlaya bilməz, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz, həmçinin heç kimi işə götürə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) X1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apelyasiya instansiyası məhkəməsi IXM-in 133.2.4-cü madddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati icraat materiallarında olan X2 izahatından görünür ki, o, şikayətçiyə məxsus oyun salonunda hansı vəzifəni yerinə yetirdiyini, iş vaxtını, yerinə yetirdiyi əmək funksiyalarını, aldığı aylıq əməkhaqqının məbləğini, habelə əməkhaqqını kimdən aldığını konkret şəkildə göstərmişdir. Həmin şəxs izahatında oyun kompüterlərinə oyun proqramlarının yazılması, müştərilərin oyun prosesinə nəzarət edilməsi kimi funksiyaları icra etdiyini, hər gün müəyyən edilmiş vaxt ərzində fəaliyyət göstərdiyini və buna görə aylıq əməkhaqqı aldığını bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məlumatlar əmək münasibətlərinə xas olan əsas elementləri, yəni əmək funksiyasının mövcudluğunu, iş rejimini, əməyin müqabilində ödəniş verilməsini və işin müəyyən şəxsin maraqları naminə yerinə yetirilməsini özündə ehtiva edir. Belə məlumatların məzmunu və xarakteri təsadüfi qaydada oyun salonuna gələn şəxsin davranışı ilə uzlaşmır. Bundan başqa, şikayətçi X2 obyektə yalnız oyun oynamaq məqsədilə gəldiyini bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər və obyektiv sübut təqdim etməmişdir. Halbuki inzibati xəta haqqında iş üzrə icraat zamanı irəli sürülən etirazlar yalnız mülahizə xarakterli bəyanatlarla deyil, onları təsdiq edən sübutlarla əsaslandırılmalıdır. IXM-in sübutlara dair müddəalarına görə sübutlar məcmu halında qiymətləndirilməlidir. Iş üzrə mövcud sübutların məcmusu X2 obyektdə təsadüfi ziyarətçi deyil, müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirən şəxs kimi fəaliyyət göstərdiyini təsdiq etdiyi halda, şikayətçinin əks mövqeyi yalnız təkzib xarakterli bəyanat səviyyəsində qalmışdır. Bu səbəbdən apellyasiya məhkəməsi şikayətçinin X2 onun yanında işləməməsi barədə dəlilini inandırıcı hesab etmir və həmin dəlilin iş üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunduğu qənaətinə gəlir. Həmçinin apellyasiya məhkəməsi qeyd edir ki, IXM-in 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyəti nümayəndəsi funksiyasını həyata keçirən şəxslərlə yanaşı, dövlət və qeyri-dövlət təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində çalışan şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər də vəzifəli şəxs hesab olunurlar. Vəzifəli şəxs anlayışının müəyyən edilməsində şəxsin formal hüquqi statusundan daha çox onun faktiki həyata keçirdiyi funksiyalar həlledici əhəmiyyət daşıyır. Şəxsin vəzifəli şəxs hesab olunması üçün onun dövlət orqanında və ya hüquqi şəxsdə işləməsi zəruri deyildir. Mühüm olan həmin şəxsin başqalarının əməyinin təşkil edilməsi, iş prosesinin idarə olunması, işçilər üzərində sərəncam vermək, işə qəbul etmə və işdən azadetmə, əmək funksiyalarını müəyyənləşdirmə, əməyin nəticələrini qəbul etmə, əmək haqqının ödənilməsi, habelə əmlak və maliyyə vəsaitləri üzərində inzibati-təsərrüfat xarakterli səlahiyyətləri həyata keçirməsidir. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” ## #### 2013-cü il tarixli qərarında da ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda göstərilmişdir ki, vəzifəli şəxs anlayışının müəyyən edilməsində əsas meyar şəxsin tutduğu vəzifənin adı və ya təşkilatihüquqi forması deyil, onun həyata keçirdiyi təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarının mahiyyəti və məzmunudur. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, təşkilatisərəncamverici funksiyalar kollektivin və ya ayrı-ayrı işçilərin fəaliyyətinin təşkil edilməsi, idarə olunması və onlara münasibətdə məcburi göstərişlər vermək səlahiyyətlərini, inzibati-təsərrüfat funksiyaları isə əmlakın, pul vəsaitlərinin və digər maddi dəyərlərin idarə olunması və onlara dair sərəncam vermək səlahiyyətlərini əhatə edir. Iş materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) uşaqlar üçün oyun salonu fəaliyyətini təşkil edən, həmin obyektin işinin idarə edilməsini həyata keçirən və orada işləyən şəxslərin fəaliyyətinə rəhbərlik edən şəxs olmuşdur. Iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, X2 həmin obyektdə kompüter nəzarətçisi funksiyalarını yerinə yetirmiş, əmək haqqını birbaşa Qərardan şikayət verən orqan (şəxs) almış, iş qrafiki və əmək funksiyası əvvəlcədən müəyyən edilmişdir. Bu hallar şikayətçinin faktiki olaraq iş prosesini təşkil etdiyini, işçinin əmək fəaliyyətindən istifadə etdiyini və əmək münasibətlərinə xas olan təşkilatisərəncamverici səlahiyyətləri həyata keçirdiyini təsdiq edir. Şikayətçinin fəaliyyət göstərdiyi obyektin kiçik olması, onun hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və ya məhdud sayda avadanlığa malik olması onun vəzifəli şəxs statusunu aradan qaldırmır. Qanun vəzifəli şəxs anlayışını müəssisənin ölçüsündən, işçilərin sayından və ya dövriyyənin həcmindən asılı etməmişdir. Hüquqi əhəmiyyət kəsb edən hal şəxsin faktiki olaraq təşkilati-sərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərini həyata keçirib-keçirməməsidir. Şikayətçinin vergi orqanları tərəfindən aparılmış yoxlamalar zamanı əmək qanunvericiliyinin pozulmasının aşkar edilməməsinə dair dəlili də hüquqi baxımdan əsaslı sayıla bilməz. Hər hansı yoxlama zamanı müəyyən pozuntunun aşkar edilməməsi sonradan həmin pozuntunun mövcudluğunu istisna etmir və iş üzrə toplanmış digər sübutların hüquqi qüvvəsini aradan qaldırmır. Həmçinin, şikayətçinin onun iştirakı təmin edilmədən inzibati icraatın aparılması barədə dəlillərini də iş materialları ilə müqayisəli şəkildə qiymətləndirmişdir. Lakin həmin dəlillər inzibati orqanın qərarının ləğv edilməsinə səbəb ola biləcək xarakterli prosessual pozuntunun mövcudluğunu təsdiq etmir. Inzibati məsuliyyət məsələsinin həlli üçün əhəmiyyətli olan hallar səlahiyyətli orqan tərəfindən araşdırılmış, toplanmış sübutlar məhkəmə tərəfindən yoxlanılmış və onlara hüquqi qiymət verilmişdir. Beləliklə, iş üzrə mövcud sübutların məcmusu Qərardan şikayət verən orqan (şəxs) əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini, həmin münasibətlər çərçivəsində təşkilati-sərəncamverici funksiyalar həyata keçirməsini və nəticə etibarilə IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti olmasını təsdiq edir. Birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, IXM-in 75, 76, 84-cü maddələrinin tələblərinə uyğun olaraq izahatı və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Qərardan şikayət verən orqan (şəxs) tənbeh edilməsi haqqında qərarı dəyişdirmədən saxlamışdır. Qərardan şikayət verən orqan (şəxs) istinad edilən inzibati xətanı törətməsi, inzibati xəta haqqında qərar, Hakan Cəfərovun izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu hal işin mübahisəsiz halıdır. IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) ona istinad edilən inzibati xətanı törətməsi işdə olan sübutlarla tam təsdiq edilir. Belə ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası IXM-in 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında qərar tərtib olunarkən hər hansı pozuntuya yol verilməmişdir. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, şikayətin dəlilləri sübutların məcmusunu təkzib etmir və qərarın ləğvi üçün hüquqi əsas yaratmır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları və IXM-in 128-134.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati xəta üzrə qərar qəbul edilmiş şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-314/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-314/2026
11.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver