Məhkəmə qərarları › İş №3(3-9)-331/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-331/2026

19.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-331/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Zeynalov Musa Həsən oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İmanov Famil Kamran oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi) ilə İmanov Famil Kamran oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin əlamətləri olmadığından xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu barəsində Protokol tərtib edən orqanlar tərəfindən inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli MN******* nömrəli elektron qərar qəbul edilmiş, bununla bağlı İmanov Famil Kamran oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi üçün ##.##.2025-ci il tarixli 3-17-5/2 ******/**** nömrəli məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma həyata keçirilməmiş və yaxud mümkünsüzlüyü barədə məlumat təqdim olunmamışdır. Bu səbəbdən, Protokol tərtib edən orqanlar tərəfindən İmanov Famil Kamran oğlunun barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və "xxxx" MMC-nin vəzifəli şəxsi İmanov Famil Kamran oğlunun X3 Xidməti tərəfindən barəsində tərtib edilmiş ##.##.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lerik Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarına əsasən (hakim Yusif Zeynalov) "xxxx" MMC-nin vəzifəli şəxsi İmanov Famil Kamran oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi İmanov Famil Kamran oğlu Azərbaycan Respublikası İXM-nin 469- 1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 (min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir və həmin qərar qüvvəyə minmişdir. İnzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi halda könüllü ödənilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsi ilə müəyyən edilmiş tədbirlərin görülməsi məhz qərarı qəbul edən səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. İmanov Famil Kamran oğlunun "xxxx" MMC-də rəsmi işləməsi və əmək haqqı alması ilə əlaqədar X3 Xidməti İXM-nin 150-ci maddəsinin tələblərinə əsasən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat məbləğində cərimənin ödənilməsinin təmin edilməsi məqsədi ilə "xxxx MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli xəbərdarlıq məktub ünvanlamışdır. Sözügedən cərimənin əmək haqqından tutulması ilə bağlı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən hər hansı tədbir görülmədiyindən İXM-nin 529.1- 1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Sadalanan tədbirlərə baxmayaraq, "xxxx" MMC tərəfindən Xidmətin qanuni göstərişinə əsasən 1500 manat cərimənin ödənilməsi ilə əlaqədar hər hansı vəsaitin köçürülməsi təmin edilməmişdir. Bu səbəbdən həm hüquqi şəxs, həm də vəzifəli şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X3 Xidməti tərəfindən ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb inzibati məsuliyyətə cəlb edilmiş şəxsin cəriməsinin tutulması üçün işəgötürənin İXM-nin 150.1-ci maddəsinin tələblərini saymayaraq, heç bir tədbir görməməsi olmuşdur. Həmçinin, işəgötürənlərin bu kimi hərəkətləri şəxsin törətdiyi əmələ görə məsuliyyət daşıması və qanunlara əməl etmək ruhunda tərbiyələndirilməsi yolunda maneələr törədir, habelə heç bir lüzum olmadan İcra orqanlarının işinin əsassız artmasına gətirib çıxarır. Beləliklə, "xxxx" MMC tərəfindən ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 1500 manat cərimənin ödənilməsi ilə bağlı heç bir tədbir görülməmiş və qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda, X3 Xidməti tərəfindən MMC-nin vəzifəli şəxsi İmanov Famil Kamran oğlu barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanuni və əsasladır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq İdarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək həmin dəlillərə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İXM-nin 529.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İş materiallarında olan Protokol tərtib edən orqanlar ##.##.2025-ci il tarixli, MN ******* nömrəli elektron qərarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə İmanov Famil Kamran oğlunun barəsində 1500 manat inzibati cərimə növündə tənbeb tətbiq edilmişdir. İş materiallarında olan Protokol tərtib edən orqanlar tərəfindən “xxxx” MMC-yə ünvanlanmış ## ###### 2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubundan görünür ki, Protokol tərtib edən orqanlar tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılan təhlillər zamanı əldə edilmiş məlumatlar əsasında məlum olmuşdur ki, hər bir işçinin istehsalatda bədbəxt hadisələr va peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmamasına, o cümlədən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanması təmin edilmədiyindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Protokol tərtib edən orqanlar tərəfindən ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 (üç) iş gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. Eyni zamanda tutulmanın həyata keçirildiyi dövrdə rübdə bir dəfə Xidmətə məlumat verilməsi, inzibati məsuliyyətə cəlb edilən fiziki şəxs işdən çıxdıqda və ya inzibati cəriməni onun əmək haqqından, yaxud digər gəlirlərindən tutmaq imkanı olmadıqda inzibati məsuliyyətə cəlb edilən şəxsin yeni iş yerini göstərməklə (əgər bu mümkündürsə), ödəmənin mümkünsüzlüyünün səbəblərini, eləcə də ödəmə olmuşdursa, bu barədə müvafiq qeyd aparılmaqla, inzibati cərimə barədə qərarın sürətini 3 (üç) gün müddətində Xidmətə qaytarılmasını xahiş etmişlər. İş materiallarında olan göndərişlərin izlənməsi barədə çıxarışdan görünür ki, SS*********AZ nömrəli sifarişli xəbərnaməli məktub ##.##.2025-ci il tarixdə “xxxx” MMC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Protokol tərtib edən orqanlar tərəfindən “xxxx” MMC-nin sərəncamverici direktoru İmanov Famil Kamran oğluna ünvanlanmış ## ###### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu barəsində Protokol tərtib edən orqanlar tərəfindən inzibati tənbeh vermə haqqında ##.##.2025-ci il tarixli MN******* nömrəli elektron Qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlunun əmək haqqından hər ay 25% tutulmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsinin təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətə yazılı formada məlumat verilməsi üçün ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktub göndərilmiş, lakin hazırki dövrə qədər tutulma həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Bu səbəbdən inzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədi ilə ##.##.2026-cı il tarixdə saat 15:00-da Xidmətə (AZ1113, Bakı şəhəri, Svetlana Məmmədova küçəsi, 107) və ya video konfrans vasitəsi ilə (ZOOM platforması linki üzərindən) dəvət olunmuşdur. İş materiallarında olan göndərişlərin izlənməsi barədə çıxarışdan görünür ki, SS*********AZ nömrəli sifarişli xəbərnaməli məktub ##.##.2026-cı il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə çatdırılmışdır. İş materiallarında olan X3 Xidmətinin baş məsləhətçisi, baş əmək müfəttişi X2 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati cərimə olunmuş şəxsin işlədiyi (əmək haqqı aldığı müəssisəyə) iş yerinə İmanov Famil Kamran oğlunun əmək haqqından tutulması üçün göndərilmiş ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubda nəzərdə tutulmuş müddətdə tutulmanın aparılmamışdır. Nəticədə, İmanov Famil Kamran oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan “xxxx” MMC ilə İmanov Famil Kamran oğlu arasında bağlanmş əmək müqaviləsindən görünür ki, İmanov Famil Kamran oğlu işəgötürən tərəfindən sərəncamverici direktor vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin ## ######## 2025-ci il tarixli, ** nömrəli əmrindən görünür ki, İmanov Famil Kamran oğlu səhhətində yaranmış problemlərlə əlaqədar ## ######## 2025-ci il tarixindən ## #### 2026-cı il tarixinədək öz hesabına məzuniyyətə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim olunan “muzdlu işlə əlaqədar ödəməmənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannaməsi”ndən (hesabatından) görünür ki, 2025-ci ilin dördüncü rübü üzrə İmanov Famil Kamran oğluna həmin rüb üzrə heç bir əmək haqqı hesablanmamış və əmək haqqı almadığından gəlirindən heç bir tutulma olmamışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Protokol tərtib edən orqanlar və “xxxx” ASCyə ünvanlanmış ## #### 2026-cı il tarixli RR/114 və RR/*** nömrəli məktublardan görünür ki, müəssisə “xxxx” ASC (VÖEN:1504764661) ilə ************* saylı, ##.##.2022-ci il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlamışdır. Bildirmişlər ki, müəssisə mövsümü, yəni yay aylarında fəaliyyət göstərdiyi üçün işçilər mövsümün sonunda işdən azad olunur. Ancaq sığorta haqları illik hesablanır və müəssisə tərəfindən vaxtında ödənilir. Ötən illər ərzində (2022, 2023, 2024) işçilərinin illik icbari sığorta haqlarını ödəmələrinə baxmayaraq həmin işçilər yay mövsümü başa çatdıqdan sonra işdən azad olunmuş, nəticədə illik ödədikləri icbari sığorta haqqı “xxxx” ASC-də artıq ödəmə şəklində qalmışdır. Bu müqaviləyə əsasən də hər ilin tamamında əlavə qoşma yazılaraq hər iki tərəfdən təsdiq olunub, hesab-faktura və elektron qaimə onlara təqdim olunduqdan sonra müəssisə tərəfindən ödəniş olunur. ##.##.2025-ci il tarixdə MH********** saylı qoşma tərtib olunmuş, elektron qaimə və hesab-faktura onlara təqdim olunduqdan sonra ##.##.2025-ci il tarixində ödəniş olunmuşdur. Qoşma tərtib olunduğu zaman əmək müqavilələrin bildiriş bazasında 6 nəfər işçinin adı olduğundan, qoşma siyahıda həmin 6 nəfərin adı göstərilmiş, ödəniş tələb olunmuş və müəssisə tərəfindən ödəniş edilmişdir. Mövsümün tam başlanması ilə əlaqədar 2025-ci ilin iyul ayının axırlarında 30 nəfər əlavə işçi 2 aylıq işə götürülmüş və avqust ayının sonlarında işdən azad edilmişdir. Qısa zaman ərzində işə götürülmuş bu işçilərin icbari sığortası ilə əlaqədar əlavə qoşma tərtib olunmamış və ödəniş tələb olunmamışdır. “xxxx” ASC-də artıq ödənilmiş icbari sığorta haqqı olduğu halda, 2025-ci ildə müqavilə yeniləndikdən sonra 2 aylıq işə götürülmüş, 30 nəfər işçiyə görə əlavə ödəniləcək icbari sığorta haqqı ötən illərdə artıq ödənilmiş icbari sığorta haqqı ilə əvəzləşdirilməmişdir. Bütün qeyd etdiklərini nəzərə alıb, “xxxx” ASC tərəfindən tam il üzrə işləməmiş işçilərə görə yaranmış artıq ödənilən sığorta haqlarını, sonradan işə qəbul edilmiş digər işçilərin sığorta haqları ilə əvəzləşdirilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən məhkəmə işinin dayandırılması barədə məhkəmə orqanına müraciət etmələri xahiş edilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin elektron ünvan 1 ünvanından Protokol tərtib edən orqanlar elektron ünvan 2 ünvanına göndərilmiş ##.##.2026-cı il tarixli elektron məktubdan görünür ki, onlara ünvanlanmış və 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə ilə bağlı icra tədbirlərinin görülməsinə dair bildiriş məktubu ilə əlaqədar ciddi narazılıq və etirazlarını bildirmişlər. Qeyd olunan rəsmi məktub qanunvericiliyin tələblərinə zidd olaraq poçtalyon tərəfindən şəxsən təqdim edilməmiş, imza qarşılığında təhvil verilməmiş və poçt qutusuna da salınmamışdır. Sözügedən məktub idarənin giriş hissəsində açıq şəkildə qoyulmuş, nəticədə onlar bu barədə vaxtında məlumatlandırılmamışdır. Məktub yalnız bu gün, təsadüfən təmizlik işləri aparılarkən əməkdaşları tərəfindən aşkar edilmişdir. Eyni zamanda xüsusi olaraq qeyd etmişlər ki, məktubda istinad edilən ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli əvvəlki məktub onlara ümumiyyətlə təqdim edilməmişdir. Həmin məktub nə poçt vasitəsilə, nə də başqa rəsmi üsulla onlara çatdırılmamışdır. Bu fakt bir daha onu göstərir ki, bildirişlərin təqdim edilməsi ilə bağlı sistemli pozuntu mövcuddur. Məlum olduğu kimi, məktubda ##.##.2026-cı il tarixində saat 15:00-da Zoom platforması üzərindən iclasın keçiriləcəyi göstərilmişdir. Lakin rəsmi bildirişlərin vaxtında və qanuni qaydada təqdim edilməməsi səbəbindən onlar bu prosesə lazımi şəkildə hazırlaşmaq və müdafiə hüququndan istifadə etmək imkanından məhrum edilmişdir. Bu hal Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan müdafiə və ədalətli icraat hüquqlarının kobud şəkildə pozulmasıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və inzibati icraatın ümumi prinsiplərinə əsasən, inzibati məsuliyyətə cəlb edilən şəxs vaxtında, rəsmi və sübut edilə bilən formada məlumatlandırılmalıdır. Bildirişlərin təqdim edilməməsi və ya qeyri-rəsmi üsullarla çatdırılması inzibati qərarların hüquqi qüvvəsini şübhə altına alır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflərindən 1) Rəsmi məktubların təqdim edilməməsi və poçtalyon tərəfindən qanunsuz çatdırılma faktının araşdırılması, 2) ##.##.2025ci il tarixli əvvəlki məktubun onlara təqdim edilməməsinin rəsmi şəkildə nəzərə alınması, 3) ##.##.2026-cı il tarixli Zoom iclasının təxirə salınması və yeni tarix barədə məktubun qanuni qaydada yenidən göndərilməsi; 4) 1500 manat məbləğində tətbiq edilmiş inzibati cərimə üzrə icraatın müvəqqəti dayandırılması və işə yenidən baxılması, 5) Müdafiə mövqeyini, sübutları və izahatları tam şəkildə təqdim edə bilmələri üçün əlavə vaxt verilməsinin təmin edilməsini xahiş etmişlər. Əks halda, tərəflərindən hüquqlarının pozulması ilə bağlı yuxarı instansiyalara, o cümlədən məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində qalacaqlarını bildirmişlər. İş materiallarında olan “xxxx” MMC-nin elektron ünvan 1 ünvanından Protokol tərtib edən orqanlar elektron ünvan 3 ünvanına göndərilmiş ##.##.2026-cı il tarixli elektron məktubdan görün ki, onlara tətbiq edilməsi nəzərdə tutulan inzibati cərimə ilə bağlı bildirmişlər ki, elektron qərarla rəsmi qaydada tanış olduqdan sonra həmin qərarın icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Belə ki, qərar qanuni qüvvəyə mindikdən sonra “xxxx” MMC-nin sərəncamverici direktoru İmanov Famil Kamran oğlunun əmək haqqısından hər ay 25 faiz tutulmaqla, müəyyən edilmiş məbləğin mərhələli şəkildə X3 Xidmətinin müvafiq hesabına ödənilməsi təmin ediləcəkdir. Qeyd etmişlər ki, onların məqsədi inzibati icraatın gedişində əməkdaşlıq etmək, öhdəliklərin icrasını könüllü şəkildə təmin etmək və məsələnin daha da ağırlaşdırılmasının qarşısını almaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, könüllü icra niyyətinin nəzərə alınmasını və barələrində əlavə inzibati tədbir və ya ağırlaşdırıcı qərar qəbul edilməməsini xahiş etmişlər. İş materiallarında olan "xxxx" ASC ilə xxxx” MMC arasında bağlanmış ##.##.2022-cı il tarixli, ************* nömrəli müqavilədən görünür ki, tərəflər arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. İş materiallarında olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə ##.##.2025-ci il tarixli, MT2507 seriyalı, ******** nömrəli elektron qaimə-fakturadan (gönədərən “xxxx” ASC VÖEN 1504764661, qəbul edən “xxxx” MMC VÖEN 1603477791) görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası” 9965111040 xidmət kodu ilə qiyməti 77,88 manat təşkil etmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli, İB0078888374_278118_250711 nömrəli ödəniş tapşırığından görünür ki, “xxxx” MMC-nin AZ**RBTA******************** nömrəli hesabından MH********** nömrəli müqavilə əsasında “xxxx” ASC-nin AZ**RBTA******************** nömrəli hesabına 77,88 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan sığortaçı "xxxx" ASC tərəfindən “xxxx” MMC yə göndərilmiş HF********** nömrəli, ##.##.2025-ci il tarixli hesab fakturadan görünür ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortaya əsasən MH********** nömrəli müqavilə üzrə sığorta haqqı 77,88 manat təşkil etmiş və ödənilmə tarixi ##.##.2025-ci il qeyd olunmuşdur. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verərəkən, ona əsaslanmışdır ki, “Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu barəsində ##.##.2025-ci il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə 1500 manat məbləğində inzibati qaydada cərimə olunmuş, qeyd edilən qərar İmanov Famil Kamran oğlunun əmək haqqından hər ay 25% olmaqla 1500 manat məbləğində inzibati cərimənin ödənilməsi üçün ##.##.2025-ci il tarixli, 3-17-5/2 ******/**** nömrəli məktubla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilsə də, məhkəmə iclasında aparılmış araşdırma ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamverici direktoru İmanov Famil Kamran oğlu ## ######## 2025-ci il tarixindən ## #### 2026-cı il tarixinədək öz hesabına məzuniyyətə buraxıldığı və həmin tarixindən məzuniyyətdə olduğu, ona 2025-ci ilin dördüncü rübü üzrə heç bir əmək haqqının hesablanmadığı, bu səbəbdən onun gəlirindən heç bir tutulma aparılmasının mümkün olmadığı müəyyən edilmişdir. Odur ki, İmanov Famil Kamran oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halı təsdiqini tapmamışdır”. Bununla da, əməldə İXM-nin 529.1-1-ci maddəsinin tərkib əlamətləri olmadığından vəzifəli şəxs İmanov Famil Kamran oğlunun barəsində qeyd olunan maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarını həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” MMCnin sərəncamverici direktoru Famil İmanov ## ######## 2025-ci il tarixindən ## #### 2026-cı il tarixinədək öz hesabına məzuniyyətə buraxılmış, həmin müddət ərzində əmək funksiyasını faktiki olaraq yerinə yetirməmiş və ona əmək haqqı hesablanmamışdır. İş materiallarında olan vergi hesabatları da təsdiq edir ki, 2025-ci ilin dördüncü rübü üzrə ona hər hansı əmək haqqı ödənilməmiş və nəticə etibarilə gəlirindən tutulma aparılması üçün hüquqi və faktiki əsas mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət həmin Məcəllənin 150.5.1-ci maddəsində göstərilən subyektlər tərəfindən inzibati cərimənin icrası ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə yaranır. Lakin inzibati məsuliyyətin tətbiqi üçün yalnız müəyyən hərəkətin edilməməsi faktının mövcudluğu kifayət etməməklə, şəxsin əməlində inzibati xəta tərkibinin bütün elementləri, o cümlədən təqsir elementi mövcud olmalıdır. Hazırkı iş üzrə isə müəyyən edilmiş hallardan görünür ki, Famil İmanovun məzuniyyətdə olması və ona əmək haqqı hesablanmaması səbəbindən onun gəlirindən hər ay 25 faiz tutulmaqla inzibati cərimənin icrasını təmin etmək obyektiv olaraq mümkün olmamışdır. Şəxsin iradəsindən asılı olmayan hallarda qanunla nəzərdə tutulmuş hərəkətin yerinə yetirilməməsi isə qəsd və ya ehtiyatsızlıq formasında təqsir kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati məsuliyyət institutunun mahiyyəti şəxsin yalnız öz təqsirli davranışına görə məsuliyyət daşımasını nəzərdə tutur. Obyektiv səbəblərdən icrası mümkün olmayan öhdəliyin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi isə təqsir prinsipinin mahiyyəti ilə uzlaşmır və inzibati məsuliyyətin əsaslarını təşkil edən zəruri elementlərin mövcudluğunu istisna edir. Beləliklə də, məhkəmə hesab edir ki, Famil İmanov inzibati cərimənin icrası ilə bağlı tədbirləri bilərəkdən və ya səhlənkarlıq nəticəsində yerinə yetirməmiş şəxs hesab edilə bilməz. Əksinə, gəlirin olmaması səbəbindən tutulmanın aparılması hüquqi və faktiki cəhətdən mümkün olmamışdır. Bu səbəbdən də, onun əməlində İXM-nin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın subyektiv tərəfi, yəni təqsir elementi mövcud deyildir və inzibati məsuliyyət üçün zəruri olan xəta tərkibi formalaşmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, işin halları onu deməyə əsas verir ki, İmanov Famil Kamran oğlunun ona istinad edilən inzibati xəta hadisəsini törətməsi sübuta yetmir. Birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də, səlahiyyətli orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar