Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-338/2026 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan Ismayıl oğlunun katibliyi ilə Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Salyan Rayon Prokuroru R Rəşad Mansurov tərəfindən verilmiş protestə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokolu tərtib edən orqan tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - IXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında ##.##.2026-cı il tarixli material baxılması üçün ## ##### 2026-cı il tarixdə Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. Xankəndi Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin direktoru X1 tərəfindən elektron informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq inzbati xətaya dair icraatı aparılan işin məhkəmə aidyyəti qaydasında Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə “xxxx” MMC-nin direktoru X1 tərəfindən verilmiş vəsatət təmin edilmiş, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Protokolu tərtib edən orqan daxil olmuş inzibati xəta haqqında materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərardan Salyan Rayon Prokuroru, R Rəşad Mansurov tərəfindən apellyasiya instansiyası məhkəməsinə protest verilərək Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadının ləğv edilməsi və inzibati xəta haqqında materiala aidiyyəti üzrə Salyan Rayon Məhkəməsində baxılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə protestlə əlaqədar iş materialları materiallarını, apellyasiya protestinin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadını və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, protest təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Qanunverici həmin norma ilə inzibati xəta işləri üzrə ərazi aidiyyətinin müəyyən edilməsinin əsas və ümumi qaydasını təsbit etmişdir. Bu qaydanın məqsədi inzibati xətanın törədilməsi ilə bağlı sübutların toplandığı, hadisə ilə əlaqəli halların müəyyən olunduğu və hüquqazidd əməli təşkil edən faktiki hərəkətlərin baş verdiyi ərazi üzrə işə baxılmasını təmin etməklə inzibati icraatın operativliyinə, səmərəliliyinə və obyektivliyinə nail olmaqdan ibarətdir. Aidiyyət normaları yalnız texniki və ya təşkilati xarakter daşımır. Bu normalar məhkəmə hakimiyyətinin həyata keçirilməsinin qanunla müəyyən edilmiş formasını təşkil etməklə hüquqi müəyyənlik, qanuni məhkəmə və prosessual sabitlik prinsiplərinin mühüm təminatlarından biridir. Şəxsin hansı məhkəmə tərəfindən mühakimə olunacağını qanun əvvəlcədən müəyyən etməli, həmin məsələ sonradan subyektiv mülahizələr və ya məqsədəuyğunluq meyarları əsasında dəyişdirilməməlidir. Bu baxımdan aidiyyət qaydaları yalnız qanunla nəzərdə tutulmuş hallarda və qanunun məqsədinə uyğun şəkildə tətbiq oluna bilər. Iş materiallarından müəyyən olunur ki, “xxxx” MMC-yə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi istinad olunur. Həmin maddədə nəzərdə tutulan inzibati xəta obyektiv cəhətdən hərəkətlə törədilən inzibati xətadır və işəgötürən tərəfindən əmək müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsində ifadə olunur. Belə inzibati xətanın hüquqi mahiyyəti onu göstərir ki, məsuliyyətə səbəb olan hüquqazidd davranış hər hansı sənədin tərtib olunmaması və ya qeydiyyatın aparılmaması deyil, konkret şəxsin faktiki olaraq əmək fəaliyyətinə cəlb edilməsidir. Deməli, inzibati xətanın obyektiv tərəfini təşkil edən hərəkət işçinin faktiki işlədiyi yerdə həyata keçirilir və hüquqazidd əməl həmin ərazidə başa çatmış hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq, xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir. Hərəkətsizlik formasında törədilən inzibati xətalarda isə törədilmə yeri qanunla nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməli olduğu yer hesab edilir. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyindən göründüyü kimi, inzibati xəta haqqında işlər üzrə ərazi aidiyyəti müəyyən edilərkən əsas meyar inzibati xətanın obyektiv tərəfinin harada reallaşmasıdır. Hüquqazidd əməli törədən şəxsin yaşayış və ya yerləşdiyi yer, yaxud hüquqi ünvanı yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda əhəmiyyət kəsb edə bilər. Əks halda inzibati xətanın törədildiyi yer meyarı öz hüquqi əhəmiyyətini itirmiş olar. Birinci instansiya məhkəməsi qərardadında müdafiə hüququnun təmin edilməsi, məhkəməyə çıxış imkanlarının genişləndirilməsi, nümayəndələrin məhkəmə iclaslarında iştirakının asanlaşdırılması və digər məqsədəuyğunluq mülahizələrinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, həmin hallar özlüyündə mühüm prosessual təminatlar olsa da, aidiyyət institutunun müəyyən edilməsində həlledici meyar hesab edilə bilməz. Çünki müdafiə hüququnun təmin olunması aidiyyət qaydalarının dəyişdirilməsi yolu ilə deyil, qanunvericilikdə nəzərdə tutulmuş digər prosessual vasitələrdən istifadə edilməklə həyata keçirilməlidir. Bundan əlavə, IXM-in 110.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş alternativ aidiyyət qaydası müstəsna xarakter daşıyır və həmin norma geniş təfsir edilə bilməz. Ümumi qaydadan istisna müəyyən edən normalar dar təfsir olunmalı və onların tətbiq dairəsi qanunvericinin iradəsindən kənara çıxarılmamalıdır. Əks yanaşma istisna normanın ümumi qaydanı faktiki olaraq əvəz etməsinə gətirib çıxarar ki, bu da hüquqi müəyyənlik prinsipinə zidd olardı. Məhkəmə həmçinin nəzərə alır ki, aidiyyət qaydalarının məqsədlərindən biri də sübutların bilavasitə araşdırılması prinsipinin təmin edilməsidir. Inzibati xətanın törədildiyi ərazi üzrə fəaliyyət göstərən məhkəmə hadisə ilə bağlı sübutların, şahid ifadələrinin və digər halların araşdırılması baxımından daha əlverişli prosessual imkanlara malikdir. Bu isə iş üzrə obyektiv həqiqətin müəyyən edilməsinə xidmət edir. Iş materiallarından görünür ki, inzibati məsuliyyətə səbəb olduğu iddia edilən hərəkətlər Salyan rayonu ərazisində həyata keçirilmiş, inzibati xəta haqqında material da məhz həmin faktlarla əlaqədar tərtib edilmişdir. Belə olan halda IXM-in 110.1-ci maddəsinin ümumi qaydasına uyğun olaraq işin ərazi aidiyyəti Salyan Rayon Məhkəməsinə aiddir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyət məsələsini həll edərkən qanunvericilikdə nəzərdə tutulmuş əsas meyarı deyil, məqsədəuyğunluq xarakterli halları üstün tutmuş, nəticədə IXM-in 110.1-ci maddəsini və Konstitusiya Məhkəməsinin həmin normaya verdiyi məcburi hüquqi şərhi düzgün tətbiq etməmişdir Odur ki, protest təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı qanuni və əsaslı olmadığından ləğv edilməli, inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və IXM-in 114, 118, 128 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Protest təmin edilsin. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı Salyan Rayon Prokuroru, R Rəşad Mansurov tərəfindən verilmiş protestə münasibətdə ləğv edilsin. Inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №3(3-9)-338/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-338/2026
18.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver