Məhkəmə qərarları › İş №3(3-9)-343/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-343/2026

25.06.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-343/2026 25.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi ilə, Zeynallı Aslan Ismayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – MMC) nümayəndəsi Nümayəndə iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X7 tərəfindən “xxxx” MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla verilmiş göstərişin icra edilməməsi iddiası üzrə MMC barəsində IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə “xxxx” MMC barəsində IXM-in 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli şikayət verərək Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini və Xidmətin X7 tərəfindən “xxxx” MMC barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli protokol əsasında MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Səlahiyyətli orqan şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” MMC-də işçilərin qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi təmin edilməmiş, buna görə də MMC-yə ##.##.2025-ci il tarixli, *-**-*/*-******/**** nömrəli məktubla pozuntunun 10 (on) gün ərzində aradan qaldırılması, əks halda məsuliyyətə cəlb olunacağı barədə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin MMC tərəfindən Xidmətin qanuni göstərişinin icra edilməsi və bu barədə Xidmətin X7 məlumat verilməsi təmin edilməmişdir. Şikayətdə həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi inzibati orqanın araşdırmasına və protokoluna lazımi hüquqi qiymət verməmiş, hüquqi şəxsin nümayəndəsi tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə sonradan irəli sürülmüş mülahizələri əsas götürmüşdür. Səlahiyyətli orqanın qənaətinə görə, protokol qanuni və əsaslıdır, “xxxx” MMC IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin subyekti olan işəgötürəndir və təqsiri iş materiallarında olan sübutlarla təsdiq edilmişdir. Şikayət müəllifi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” ## ######## 2024-cü il tarixli, *** nömrəli Qərarına istinad edərək qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi öhdəliyinin 2025-ci ilin # #### tarixindən gec olmayaraq icra edilməli olduğunu bildirmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını, Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə IXM-in 133.2.4-cü maddəsinə əsasən onun iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, habelə inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən digər səlahiyyətli şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. IXM-in 6-cı maddəsində təsbit edilmiş qanunçuluq prinsipinə görə inzibati tənbeh yalnız bu Məcəlləyə uyğun tətbiq edilə bilər. IXM-in 8-ci maddəsinin məzmunundan irəli gələn təqsirsizlik prezumpsiyasına əsasən isə şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. IXM-in 75 və 76cı maddələrinin tələblərinə görə məhkəmə iş üçün əhəmiyyətli halları yalnız qanuni, aid, mötəbər və kifayət edən sübutların məcmusu əsasında müəyyən etməlidir. IXM-in 539.1-1-ci maddəsinin tələbinə əsasən Əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati işin materiallarını, X3 Xidmətinin apellyasiya şikayətini və birinci instansiya məhkəməsinin qərarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət əsaslı deyil və təmin olunmamalıdır. Belə ki, IXM-in 539.1-1-ci maddəsinin hüquqi mahiyyətinə görə, inzibati məsuliyyətin yaranması üçün yalnız formal olaraq “göstəriş” adlandırılmış sənədin mövcudluğu kifayət etmir. Həmin maddənin tətbiqi üçün göstəriş qanuna uyğun verilməli, onun predmeti əmək qanunvericiliyi üzrə real və hüquqi cəhətdən mümkün öhdəliyə aid olmalı, ünvanlanan şəxs tərəfindən icra edilməməsi protokol tərtib edilən vaxt mötəbər sübutlarla təsdiq olunmalı və icra edilməmə şəxsin təqsirli davranışının nəticəsi olmalıdır. Bu səbəbdən məhkəmənin yoxlamalı olduğu əsas məsələ səlahiyyətli orqanın göstərişinin ayrıca inzibati akt kimi ləğv edilib-edilməməsi deyil, həmin göstərişin IXM-in 539.1- 1-ci maddəsi üzrə inzibati məsuliyyət yarada biləcək qanuni, müəyyən, icrası mümkün və məcburi xarakter daşıyıb-daşımamasıdır. Belə yoxlama inzibati xəta işinə baxan məhkəmənin səlahiyyət həddindən kənara çıxması deyil, əksinə, IXM-in 75 və 76-cı maddələrindən irəli gələn sübutları qiymətləndirmə vəzifəsinin tərkib hissəsidir. Birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq MMC barəsində IXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati icraatın inzibati xəta tərkibinin obyektiv və subyektiv əlamətlərinin sübuta yetirilməməsi səbəbindən xitam edilməli olması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası həmin nəticəni işin faktiki halları və tətbiq edilməli hüquq normaları ilə uzlaşan hesab edir. Iş materiallarından görünür ki, “Əmək və məşğulluq” altsistemində elektron sənəd formasına keçirilmədiyi iddia olunan münasibətlər iki istiqamətdə qiymətləndirilməlidir: birincisi, MMC-nin qanuni təmsilçisi X1 öz rəhbər statusu ilə bağlı münasibəti; ikincisi, Nümayəndə ilə bağlı əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi məsələsi. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin sərbəst surətdə əmək fəaliyyəti növünü seçmək, əmək qabiliyyətindən sərbəst istifadə etmək hüququ vardır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsi isə sahibkarlıq fəaliyyətinin azadlığını təmin etməklə hüquqi şəxsin təşkilati müstəqilliyinin və onun daxili idarəetmə münasibətlərinin qanun çərçivəsində sərbəst müəyyən edilməsini nəzərdə tutur. Bu konstitusion prinsiplər əmək hüquq münasibətlərinin yaranmasının əsasını təşkil edən “azad iradə” və “müqavilə sərbəstliyi” prinsipləri ilə sıx bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsi əmək münasibətlərinin, bir qayda olaraq, əmək müqaviləsi əsasında yarandığını təsbit edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324 və 389-cu maddələrinin məzmunundan isə görünür ki, müqavilə hüquqi baxımdan iki və ya daha çox tərəfin qarşılıqlı və uzlaşdırılmış iradə ifadəsini tələb edir. Məhz bu hüquqi yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2025-ci il tarixli Qərarında da ifadə edilmişdir. Həmin qərarın hüquqi mövqeyinə görə hüquqi şəxslə onun idarəetmə orqanı arasında münasibətlər əsasən mülki hüquqi xarakterli olsa da, hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir; lakin hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda müqavilə anlayışının tələb etdiyi iki tərəfin qarşılıqlı iradə ifadəsi mövcud olmur və həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyi hazırkı iş üçün həlledici əhəmiyyət daşıyır. Çünki inzibati orqan tərəfindən elektronlaşdırılmadığı iddia edilən münasibətlərdən biri ayrıca işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsi deyil, MMC-nin qanuni təmsilçisi olan X1 öz rəhbər statusu ilə bağlı münasibətidir. Belə münasibətdə eyni şəxsin həm işəgötürən, həm də işçi qismində çıxış etməsi müqavilənin hüquqi təbiətinə uyğun gəlmir və bu münasibətin əmək müqaviləsi kimi elektron sənəd formasına keçirilməsi tələb oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2024-cü il tarixli, *** nömrəli Qərarı və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” ## #### 2024-cü il tarixli, ****-VIQD nömrəli Qanun qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsini nəzərdə tutur. Həmin normativ tənzimləmə əmək münasibətinin və qüvvədə olan əmək müqaviləsinin hüquqi mövcudluğunu ilkin şərt kimi qəbul edir. Hüquqi baxımdan əmək müqaviləsi hesab edilməyən münasibətin elektron sistemdə “əmək müqaviləsi” kimi rəsmiləşdirilməsi isə bu normativ aktların məqsədinə və hüquqi mahiyyətinə uyğun deyildir. Elektron sənəd forması əmək münasibətinin yaranmasının müstəqil əsası deyil, artıq mövcud olan və qanunvericiliyə uyğun bağlanmış əmək müqaviləsinin rəsmiləşdirilməsi üsuludur. Buna görə də hüquqi baxımdan yaranmamış əmək müqaviləsinin elektron formaya keçirilməsi barədə göstəriş həmin hissədə hüquqi predmeti olmayan, icrası mümkün olmayan və IXM-in 539.1-1-ci maddəsi üzrə inzibati məsuliyyət yarada bilməyən tələb kimi qiymətləndirilməlidir. Səlahiyyətli orqanın şikayətində hüquqi şəxsin Əmək Məcəlləsinin 3-cü maddəsi baxımından işəgötürən olması vurğulansa da, bu dəlil hazırkı nəticəni dəyişmir. Hüquqi şəxsin ümumi mənada işəgötürən statusuna malik olması o demək deyil ki, hüquqi şəxsin icra orqanının rəhbəri eyni şəxs olan halda həmin şəxslə özü arasında əmək müqaviləsi bağlamalı və onu elektron sistemdə rəsmiləşdirməlidir. Işəgötürən statusu yalnız qanunla mümkün və real əmək münasibəti mövcud olduqda inzibati məsuliyyətin subyektliyi məsələsini gündəmə gətirə bilər. Məhkəmə həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq Nümayəndə münasibətdə göstərişdə qeyd olunan pozuntunun inzibati xəta haqqında protokol tərtib edilənədək aradan qaldırıldığını, yəni əmək müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olaraq elektron sənəd formasına keçirildiyini müəyyən etmişdir. Səlahiyyətli orqanın şikayətində həmin faktı təkzib edən, protokol tərtib edilən vaxt pozuntunun hələ də davam etdiyini sübut edən mötəbər dəlil göstərilməmişdir. IXM-in 539.1-1-ci maddəsi üzrə məsuliyyət göstərişin ümumən gec icra edilməsinə deyil, protokol tərtib edilən zaman icrası məcburi olan qanuni göstərişin icra edilməməsi faktının mövcudluğuna əsaslanmalıdır. Əgər protokol tərtib edilənədək göstərişin müəyyən hissəsi icra olunmuşdursa, inzibati orqan həmin hissə üzrə tərkibin hələ də mövcud olduğunu, gecikmənin müstəqil olaraq konkret normanın dispozisiyası ilə əhatə edildiyini və hüquqi şəxsin təqsirini ayrıca əsaslandırmalı idi. Hazırkı işdə belə əsaslandırma və sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iş materialları üzrə səlahiyyətli orqanın göstərişi iki hissədə qiymətləndirildikdə, X1 aid münasibət üzrə hüquqi predmeti olan əmək müqaviləsinin mövcudluğu sübuta yetirilmir, Nümayəndə aid hissə üzrə isə pozuntunun protokol tərtib edilənədək aradan qaldırıldığı müəyyən olunur. Bu hallar birlikdə MMC-nin IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə birmənalı nəticəyə gəlməyə əsas vermir. Şikayətdə birinci instansiya məhkəməsinin hüquqi şəxsin nümayəndəsinin “sonradan irəli sürülmüş mülahizələrinə” əsaslandığı bildirilsə də, apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsinin nəticəsi yalnız nümayəndənin izahatına deyil, iş materiallarında olan sənədlərə, əmək münasibətinin hüquqi təbiətinə, Konstitusiya Məhkəməsinin məcburi hüquqi mövqeyinə və inzibati xəta tərkibinin sübut olunması tələbinə əsaslanmışdır. Inzibati xəta haqqında iş üzrə məhkəmə araşdırmasının predmeti inzibati orqanın mövqeyinin mexaniki təsdiqi deyil, protokolda göstərilən faktların qanuni sübutlarla təsdiq olunub-olunmadığının və həmin faktların konkret maddənin dispozisiyasını təşkil edibetmədiyinin yoxlanılmasıdır. Məhkəmə protokolda göstərilməyən və ya sübut edilməyən halları inzibati orqanın əvəzinə tamamlamamalı, inzibati məsuliyyət üçün tələb olunan şübhəsiz nəticə formalaşmadıqda şəxsin xeyrinə qərar qəbul etməlidir. Qanunçuluq və hüquqi müəyyənlik prinsipləri də bu nəticəni tələb edir. Şəxs yalnız qanunda aydın göstərilmiş, hüquqi cəhətdən mümkün və icrası ondan tələb edilə bilən öhdəliyi təqsirli şəkildə pozduqda inzibati məsuliyyətə cəlb edilə bilər. Hüquqi baxımdan mövcud olmayan əmək müqaviləsinin elektron sənəd formasına keçirilməsi barədə tələb isə inzibati məsuliyyətin yaranması üçün qanuni əsas kimi çıxış edə bilməz. Bu baxımdan apellyasiya instansiyası hesab edir ki, Yardımlı Rayon Məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutları qanunun tələblərinə uyğun qiymətləndirmiş və IXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin sübuta yetirilməməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Şikayətdə göstərilən dəlillər həmin nəticəni təkzib etmir və qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh edilənlərə və Azərbaycan Respublikası IXM-in 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Hüquq Idarəsinin rəis müavini Tamerlan Məlikli tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar