Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-367/2026 10.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, X2 barəsində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Ə.Müseyibov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X1) ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi, inzibati tənbeh vermə haqqında ##.##.2026cı il tarixli qərar dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI: ##.##.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 ##.##.2026-cı il tarixdə saat 10:36 radələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsini pozduğuna görə 200 manat məbləğində cərimə edilmişdir. X2 məhkəməyə şikayət ünvanlayaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2026-ci il tarixli, EQ ******** saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2026-ci il tarixdə o, köhnə Ələt Astara yolunda Cəlilabad rayonundan Masallı rayonuna gedərkən “Chevrolet Cruz” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı tərəfindən AR İXM-in 328.3-cü maddəsi ilə barəsində inzibati xəta haqqında EQ ******** saylı qərar qəbul edilmişdir. Lakin protokol və qərar qanunsuzdur. Ona tətbiq edilmiş inzibati cərimə ilə bağlı bildirir ki, cərimə qərarında guya onun Ələt-Astara-İran avtomobil yolunun (M-3, E-119, AH-8) 153-cü kilometrində hərəkət edərək sürət həddini aşdığı qeyd edilmişdir. Lakin qeyd olunan tarix və vaxtda o, faktiki olaraq Cəlilabad rayonundan Masallı rayonu istiqamətində, Köhnə Ələt-Astara avtomobil yolu ilə hərəkət etmişdir. Həmin vaxt M-3, E-119, AH-8 magistral yolu ilə hərəkət etməmiş və bu yolun 153cü kilometrində olmamışdır. Buna görə də ona 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir və bundan əlavə 3 bal sürücülük vəsiqəsinə tənbeh tətbiq edilmişdir. Cəlilabad-Masallı istiqamətində yerləşən Köhnə Ələt-Astara avtomobil yolu, coğrafi və inzibati baxımdan Ələt-Astara-İran avtomobil yoluna (M-3) aid deyildir və cərimə qərarında göstərilən kilometr göstəricisi ilə üst-üstə düşmür. Bu isə inzibati xəta hadisə yerinin səhv müəyyən edildiyini açıq şəkildə göstərir. Beləliklə, inzibati xəta hadisəsinin yeri düzgün müəyyən edilmədiyindən, barəsində tətbiq edilmiş cərimə əsassız və qanunsuzdur. İş üzrə Masallı Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: X2 Rayon Məhkəməsinin 0# #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati qərarından apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, DİN BDYPİ-nin ##.##.2026-cı il tarixli inzibati cərimə qərarının ləğv edilməsini və izibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əsas arqument ondan ibarət olmuşdur ki, inzibati xəta haqqında qərarda hadisə yeri kimi Ələt-Astara-Iran avtomobil yolunun (M-3) 153-cü kilometri göstərilmişdir. Halbuki həmin tarixdə və vaxtda o qeyd edilən magistral yol ilə deyil, Cəlilabad rayonu istiqamətindən Masallı rayonu istiqamətinə Köhnə Ələt-Astara avtomobil yolu ilə hərəkət etmişdir. Bu hal şikayətində açıq şəkildə göstərilmışdir. Lakin məhkəmə bu arqumenti araşdırmamış, hadisə yerinin düzgün olub-olmamasını müəyyən etməmiş, radarın yerləşdiyi yer barədə heç bir araşdırma aparmamış və nəticədə əsas mübahisə predmetinə hüquqi qiymət verməmişdir. İş üzrə sürət ölçülməsi texniki vasitələrlə həyata keçirilmişdir. Lakin həmin ərazidə radarın mövcudluğunu bildirən müvafiq yol nişanlarının (6.14 və ya 3.24) olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Bu hallar müəyyən edilmədən texniki vasitələrin nəticələrinin sübut kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə hadisə yerinin koordinatlarını müəyyən etməmiş; radarın yerləşdiyi nöqtəni araşdırmamış; yol sxemini tələb etməmiş; göstərilən kilometr göstəricisinin faktiki hərəkət marşrutu ilə uyğunluğunu yoxlamamışdır. Hadisə yerinin düzgün müəyyən edilməməsi isə inzibati xəta hadisəsinin özünü şübhə altına alan ən mühüm hallardan biridir. Məhkəmə radar/kamera məlumatlarını əsas götürmüş, lakin həmin məlumatların hansı şəraitdə əldə olunmasını və hadisə yeri ilə uyğunluğunu yoxlamamışdır. Onun həmin yolda hərəkət etmədiyi iddia olunduğu halda, bu halın araşdırılmaması qərarın əsassız olmasına səbəb olmuşdur. İş materiallarında olan sübutlar inzibati xətanın baş verməsini və onun məhz onun tərəfindən törədilməsini tam və şübhəsiz şəkildə təsdiq etmir. Mövcud sübutlar natamam və şübhəli xarakter daşıyır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, şəxsin təqsiri sübuta yetirilmədikdə o, təqsirsiz hesab olunur və sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Mövcud işdə isə şübhəli məqamlar onun xeyrinə həll edilməli olduğu halda, məhkəmə əks nəticəyə gəlmişdir. Məhkəmə iş üzrə əsas arqumentləri araşdırmadan, inzibati orqanın təqdim etdiyi məlumatlara üstünlük vermiş və işə formal yanaşmışdır. Bu isə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma prinsipinin pozulması deməkdir. Masallı Rayon Məhkəməsinin qərarı faktiki olaraq ümumi xarakterli qanun maddələrinin sadalanmasından ibarətdır. Qərarda göstərilir ki, guya "işin faktiki halları və inzibati xəta haqqında qərarın qanuni olması təsdiqini tapmışdır" Lakin qərarda göstərilmir: hansı sübutlarla təsdiqini tapmışdır, hadisə yerinin düzgün olduğu necə müəyyən edilmişdir, şikayətçinin dəlilləri niyə qəbul edilməmişdir və hansı əsasla radar məlumatları etibarlı hesab edilmişdir. Beləliklə, məhkəmə onun irəli sürdüyü konkret arqumentlərə münasibət bildirməmiş, inzibati orqanın qərarını formal qaydada qüvvədə saxlamışdır. Bu isə məhkəmə qərarının əsaslandırılmışlıq və qanunilik tələblərinə cavab vermədiyini göstərir. Birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün aşağıdakı sualları tələb etməmiş radarın yerləşdiyi nöqtəyə dair rəsmi məlumatlar; GPS koordinatlar, radar cihazının kalibrləmə və sertifikat sənədləri, hadisə yerinin sxemi, yol nişanlarının yerləşmə sxemi və foto və video materialların tam surətləri. Bu sübutlar araşdırılmadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən Qərardan şikayət verən orqan (şəxs) və inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətin dəlillərini inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli surətdə araşdıraraq apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2026-cı il tarixli, EQ ******** №-li inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə) törətdiyinə görə, onun barəsində 200 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Belə ki, həm birinci instansiya məhkəməsinə təqdim edilmiş şikayətin, həm də apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətçi inzibati tənbeh vermə haqqında qərarda hadisə yerinin Ələt–Astara–İran avtomobil yolunun (M-3) 153-cü kilometri kimi göstərilməsini əsas arqument kimi irəli sürür. Onun mövqeyinə görə, həmin tarix və vaxtda o, göstərilən magistral avtomobil yolu ilə deyil, Köhnə Ələt–Astara avtomobil yolu ilə hərəkət etmiş, buna görə də qərarda hadisə yerinin düzgün göstərilməməsi inzibati məsuliyyətə cəlb edilməsini qanunsuz etmişdir. Bundan başqa, şikayətçi hesab edir ki, birinci instansiya məhkəməsi onun bu arqumentini araşdırmamış, radarın yerləşdiyi ərazi, GPS koordinatları, yol sxemi, radar barədə xəbərdaredici yol nişanlarının mövcudluğu və digər hallara hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi qeyd olunan dəlilləri iş materiallarında olan sübutlarla müqayisəli şəkildə qiymətləndirərək onların əsaslı olmadığı qənaətinə gəlir. İlk növbədə qeyd edilməlidir ki, hazırkı iş üzrə hüquqi qiymət verilməli olan əsas hal şikayətçinin qərarda göstərilmiş yol kodu və ya kilometr göstəricisi ilə razılaşmaması deyil, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətməməsidir. İnzibati məsuliyyətin yaranması üçün həlledici hüquqi əhəmiyyət kəsb edən hal şəxsin müəyyən edilmiş maksimal hərəkət sürəti həddini aşması faktıdır. Bu səbəbdən qərarda göstərilən yolun inzibati təsviri və ya kilometr göstəricisi ilə bağlı irəli sürülən etirazlar yalnız həmin etirazların sürət həddinin aşılması faktını təkzib etdiyi halda hüquqi nəticə doğura bilər. Hazırkı iş üzrə isə belə hal müəyyən edilməmişdir. İş materiallarında olan və apellyasiya baxışı zamanı bilavasitə tədqiq edilmiş fotoşəkillər və videogörüntülərdən aydın şəkildə müəyyən olunur ki, X2 idarə etdiyi "Chevrolet Cruze" markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilmiş maksimal hərəkət sürətini aşaraq hərəkət etmişdir. Videogörüntülər ardıcıl şəkildə izlənildikdə görünür ki, nəqliyyat vasitəsi yaşayış məntəqəsi daxilində hərəkət edir, yolun sağ hissəsində yerləşən maksimal 60 km/saat hərəkət sürətini müəyyən edən yol nişanı aydın görünür, daha sonra isə 70 km/saat maksimal sürət həddini müəyyən edən yol nişanı müşahidə olunur. Bununla da videoyazının özü həmin yol sahəsində qüvvədə olan sürət məhdudiyyətini obyektiv şəkildə əks etdirir. Videogörüntülərdən eyni zamanda açıq şəkildə görünür ki, şikayətçi idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkət edən digər nəqliyyat vasitələrini əhəmiyyətli sürət üstünlüyü ilə ötərək hərəkətini davam etdirmişdir. Görüntülərdə digər nəqliyyat vasitələrinin yol şəraitinə və həmin ərazidə müəyyən edilmiş sürət həddinə uyğun hərəkət etdikləri müşahidə olunduğu halda, şikayətçinin idarə etdiyi avtomobilin qısa zaman ərzində həmin nəqliyyat vasitələrini geridə qoyması, avtomobili intensiv sürətləndirməklə yüksək sürətlə hərəkət etməsi və müəyyən edilmiş sürət həddini aşması vizual olaraq da açıq-aşkar müşahidə edilir. Həmin hallar videogörüntülərin məzmunu ilə birbaşa təsdiq olunur və sürət həddinin aşılması faktını obyektiv şəkildə əks etdirir. Apellyasiya məhkəməsi hesab edir ki, iş üzrə mövcud videogörüntülər sürət həddinin aşılması faktını birbaşa əks etdirən texniki sübut olmaqla yüksək sübutedici qüvvəyə malikdir. Məhkəmə həmin görüntüləri bilavasitə tədqiq etmiş və görüntülərdə əks olunan faktiki halları müşahidə etmişdir. Videogörüntülərin məzmunu şikayətçinin müəyyən edilmiş sürət həddini aşmasını birmənalı şəkildə təsdiq etdiyi halda, qərarda göstərilmiş yol kodunun, kilometr göstəricisinin və ya inzibati qərarda istifadə olunmuş texniki identifikasiya məlumatlarının şikayətçinin iddia etdiyi kimi faktiki hərəkət etdiyi marşrutla tam uyğun gəlməməsi sürət həddinin aşılması faktını aradan qaldırmır və onu təkzib etmir. Başqa sözlə, şikayətçinin istinad etdiyi hal yalnız inzibati qərarda göstərilmiş hadisə yerinin inzibati təsviri ilə bağlıdır. Halbuki iş üzrə toplanmış sübutların məcmusu, xüsusilə də videogörüntülər, onun məhz müəyyən edilmiş sürət həddini aşaraq hərəkət etməsini birbaşa təsdiq edir. Bu səbəbdən qərarda göstərilmiş 153-cü kilometr göstəricisinin şikayətçinin iddia etdiyi marşrutla uyğun gəlməməsi, öz-özlüyündə, törədilmiş inzibati xətanı aradan qaldıran və ya şəxsi inzibati məsuliyyətdən azad edən hal kimi qiymətləndirilə bilməz. Şikayətçinin radarın yerləşdiyi yerin müəyyən edilməməsi, radar barədə xəbərdaredici yol nişanlarının mövcudluğunun araşdırılmaması, GPS koordinatlarının, yol sxeminin, radarın quraşdırıldığı nöqtəyə dair məlumatların və digər texniki sənədlərin tələb edilməməsi barədə dəlillərinə münasibətdə apellyasiya məhkəməsi qeyd edir ki, həmin hallar iş üzrə müəyyən edilmiş faktiki vəziyyəti dəyişdirmir. Belə ki, sürət həddinin aşılması faktı iş materiallarında olan videogörüntülərlə bilavasitə təsdiq olunduğundan, şikayətçinin istinad etdiyi həmin texniki məlumatların əlavə olaraq əldə edilməsi iş üzrə artıq müəyyən edilmiş faktiki halları dəyişdirə və ya təkzib edə biləcək xarakter daşımır. Məhkəmə hesab edir ki, mövcud videogörüntülər sürət həddinin aşılması faktının müəyyən edilməsi üçün kifayət edən, obyektiv və etibarlı sübutdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, həmin Məcəllədə nəzərdə tutulmuş inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları əsasında real vaxt rejimində elektron qərar qəbul edilir. Həmin Məcəllənin 38.6cı maddəsi, 53.1.11-ci maddəsi və 114.2.1-ci maddələri yalnız qanunvericilikdə göstərilən prosessual pozuntuların mövcudluğu müəyyən edildiyi halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə apellyasiya baxışı zamanı həmin normaların tətbiqini şərtləndirən hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab edir ki, səlahiyyətli orqan Ə.Müseyibovu İXM-in 328.3-cü maddəsi ilə 200 manat cərimə edərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Belə ki, İXM-in mütləq-müəyyən sanksiyasında iki yüz manat məbləğində inzibati cərimə nəzərdə tutulmuşdur. Hesab olunur ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi ədalətlilik prinsipini müəyyən edən İXM-in 9.1-ci maddəsinin tələblərinə uyğun olmuşdır. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmçinin Azərbaycan Respublikası İXM-in: 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu, xüsusilə də məhkəmə iclasında bilavasitə tədqiq edilmiş videogörüntülər X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam və kifayət qədər təsdiq edir. Apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə müəyyən edilmiş faktiki halları təkzib etmədiyindən, habelə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olması barədə qənaətə gəlməyə əsas vermədiyindən, Masallı Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov
Məhkəmə qərarları › İş №3(3-9)-367/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-367/2026
10.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver