Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-403/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs - İsmayılov İsmayıl Əbil oğlunun oğlunun, səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 Təsərrüfatı İdarəsinin rəisi İsmayılov İsmayıl Əbil oğlunun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.İsmayılov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim: İmanov Əli Sərməz oğlu sədrliyi) ilə, şikayət təmin edilməmiş, ünvan 1 Təsərrüfat İdarəsinin rəisi İsmayılov İsmayıl Əbil oğlunun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARI: İsmayılov İsmayıl Əbil oğlu şikayətlə məhkəməyə müraciət edərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin tərkibində 8 sahə fəaliyyət göstərir və hər sahənin öz sahə rəisi vardır. Həmin ərazilərdə baş verən neqativ hallara görə məsuliyyət sahə rəislərinin üzərinə qoyulmuş və bu barədə müvafiq əmrlər verilmişdir. İdarəyə məxsus sahələrdə naməlum şəxslər tərəfindən törədilən yanğın hadisəsi ilə əlaqədar yerli ekologiya idarəsi tərəfindən onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Halbuki, əməyin mühafizəsi, texniki təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdeh şəxslər barədə tərtib olunmuş əmr aidiyyəti üzrə Ekologiya İdarəsinə təqdim edilmişdir. Buna baxmayaraq, heç bir araşdırma aparılmadan cərimə əmrdə göstərilən məsul şəxslərə deyil, onun adına rəsmiləşdirilmişdir. İnzibati xəta haqqında protokola baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov İsmayıl Əbil oğlu apellyasiya şikayət verərək, barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və işə qanunvericiliyin tələblərinə uyğun olaraq tam və hərtərəfli baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarəyə məxsus ərazidə baş vermiş yanğın hadisəsəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində inzibati cərimə tətbiq edilmişdir. Lakin qeyd olunan qərar qəbul edilərkən iş üzrə faktiki hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Qərarın əsaslandırılması zamanı hadisə ilə hüquqi cə faktiki əlaqəsi olmayan müxtəlif dövrlərə aid vətəndaş müraciətləri, izahatlar və qaynar xəttə daxil olmuş məlumatlar əsas götürülmüşdür. Beləki hadisə ilə bağlı izahatı alınmış vətəndaş, yazılı izahatında ona aid edilən məlumatları vermədiyini bildirmiş, digər bir vətəndaşın isə həmin dövrdə hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Bu hallar qəbul edilmiş qərarın obyektiv və etibarlı sübutlara əsaslanmadığını göstərir. TƏRƏFLƏRİN İZAHATLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ünvan 1 Təsərrüfatı İdarəsinin rəisi İsmayılov İsmayıl Əbil oğlunun apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Səlahiyyətli orqan – * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: AR İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə araşdırıb apellyasiya məhkəməsi hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsmayılov İsmayıl Əbil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla ünvan 1 Təsərrüfatı İdarəsinin balansında olan ərazilərdə tullantıların yandırılması və vaxtında daşınmaması faktı təsdiq edilmiş, həmin halların idarənin fəaliyyətinin təşkilinə cavabdeh olan rəhbər vəzifəli şəxs tərəfindən lazımi nəzarətin həyata keçirilməməsi nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, şikayət verən tərəfindən təqdim edilmiş daxili əmrlər yalnız idarədaxili səlahiyyət bölgüsünü tənzimləyir və rəhbərin qanunla müəyyən edilmiş inzibati məsuliyyətini aradan qaldırmır. Bu əsaslarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 Təsərrüfatı İdarəsinin dislokasiyasında olan ərazilərə tullantıların yandırılması və vaxtında daşınması faktı “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2.500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə edilmiş vətəndaş Zeynallı Aslanın müraciətində qeyd edilmişdir ki, yaşadığı binanın arxasındakı tullantı yeşiklərində (urna) və ətrafında tullantılar yandırılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ünvan 1 Təsərrüfatı İdarəsinin rəisi İsmayılov ismayıl Əbil oğluna ünvanlanmış məktubda göstərilmişdir ki, barəsində tərtib edilmiş ##.##.2026-cı il tarixli, MN ******* saylı protokola əsasən inzibati xəta haqqında işə baxılması üçün ##.##.2026-cı il tarixdə, saat 15:45-də, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına gəlməsini və ya səlahiyyətli nümayəndənizin göndərilməsini xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## ##### 2026cı il tarixli, ****** nömrəli aktından görünür ki, * saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin müvafiq sərəncamına əsasən “Ətraf mühitin mühafizəsi haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbər tutaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qaynar xəttinə edilmiş ##.##.2026-cı il tarixli İD ***** nömrəli “yaşadığı binanın arxasındakı tullantı yeşiklərində (urna) və ətrafında tullantılar yandırılır” məzmunlu müraciət yerində araşdırıldı. X3 məxsus qaynar xətt üzərində olan 055-664-54-05 mobil telefon nömrəsi ilə əlaqə saxlanılan zaman ona araşdırmada iştirak etməyi təklif olunsa da o, araşdırmada iştirak edə bilməyəcəyini və tullantıların mütəmadi olaraq yaşadığı binanın arxa tərəfində yandırıldığını şifahi olaraq bildirmişdir. Araşdırma zərurəti ilə əlaqədar ünvan 1 Təsərrüfatı İdarəsinin sahə rəisi X1 verdiyi izahatda tullantıların M.Ə.Rəsulzadə küçəsində yerləşən “Neptun” supermarketin işçiləri tərəfindən yandırıldığını qeyd etmişdir. “Neptun” supermarketin müdiri müdiri Fariz Abbasov verdiyi izahatda Oktay Həsənovun dediklərinin böhtan olduğunu və işçiləri tərəfindən tullantıları n yandırılmadığını, tullantıların ünvan 1 Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən yandırıldığını bildirmişdir. Araşdırma zamanı vətəndaşlar tərəfindən verilən izahatlarda tullantıların ünvan 1 Təsərrüfatı İdarəsi işçiləri tərəfindən yandırıldığı bildirilmişdir. Əraziyə keçirilən baxış zamanı tullantıların daşınmadığı və yandırılması faktı tərəflərindən müəyyən edilmişdir. Həmçinin, ünvan 1 Təsərrüfatı İdarəsinin balansında olan ərazilərdə keçirilən monitorinq zamanı Şirvan şəhəri. S.Zeynalov küçəsi, bina 9, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi bina 17, Şirvan şəhəri, R İbrahimov küçəsi, bina 8-in arxa hissəsində bərk məişət tullantılarının yandırıldığı və daşınmadığı müəyyən edilmişdir. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını, apellyasiya şikayətinin dəlillərini və işdə toplanmış sübutları qarşılıqlı əlaqədə, tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, İXM-in 234.0.5-ci maddəsinin dispozisiyasına görə, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsi inzibati məsuliyyətə səbəb olur. Apellyasiya məhkəməsi ilk növbədə qeyd edir ki, iş materiallarının məcmusu ilə ünvan 1 Təsərrüfatı İdarəsinin balansında və xidmət göstərdiyi ərazilərdə bərk məişət tullantılarının yandırılması, habelə onların vaxtında daşınmaması faktı öz təsdiqini tapmışdır. Bu hal Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli monitorinq aktı, inzibati xəta haqqında protokol, əraziyə keçirilmiş baxışın nəticələri, inzibati icraat zamanı toplanmış digər yazılı materiallar, eləcə də birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin sübutlardan görünür ki, monitorinq yalnız bir ünvanda deyil, Şirvan şəhərinin müxtəlif ərazilərində aparılmış, nəticədə tullantıların yandırılması və vaxtında daşınmaması halları bilavasitə səlahiyyətli vəzifəli şəxslər tərəfindən müşahidə edilərək aktlaşdırılmışdır. Bu baxımdan, inzibati xəta haqqında qərarın əsasında yalnız vətəndaş müraciətləri deyil, dövlət orqanı tərəfindən aparılmış monitorinqin nəticələri dayanmışdır. İXM-in 234.0.5-ci maddəsinin məzmunundan görünür ki, inzibati xəta tərkibinin yaranması üçün tullantılarla bağlı qanunvericiliklə müəyyən edilmiş davranış qaydalarının pozulması və bunun atmosfer havasının mühafizəsinə mənfi təsir göstərməsi kifayətdir. Eyni zamanda "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi tullantıların sanitariya, gigiyena və ekoloji normalara uyğun qaydada müvəqqəti saxlanılmasını, müntəzəm daşınmasını və zərərsizləşdirilməsini aidiyyəti şəxslərin vəzifəsi kimi müəyyən etmişdir. Hazırkı iş üzrə müəyyən olunmuş faktiki hallar göstərir ki, məhz həmin qanunvericilik tələbləri pozulmuş, tullantılar müəyyən olunmuş qaydada daşınmamış və onların yandırılmasına yol verilmişdir. Bu isə İXM-in 234.0.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhətini təşkil edir. Apellyasiya şikayətində göstərilmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən müxtəlif dövrlərə aid və hadisə ilə əlaqəsi olmayan vətəndaş müraciətlərinə, qaynar xətt məlumatlarına və izahatlara istinad edilmiş, izahatı alınmış şəxslərdən birinin sonradan həmin məlumatları vermədiyi, digər şəxsin isə həmin dövrdə hərbi xidmətdə olduğu müəyyən edilmişdir. Məhkəmə həmin dəlilləri iş materiallarında olan digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirərək onları əsaslı hesab etmir. Belə ki, vətəndaşların müraciətləri və qaynar xəttə daxil olmuş məlumatlar inzibati araşdırmanın başlanmasına səbəb olmuş, lakin inzibati məsuliyyətin tətbiq edilməsinin yeganə əsası kimi çıxış etməmişdir. Səlahiyyətli inzibati orqan həmin məlumatlarla kifayətlənməyərək hadisə yerində monitorinq aparmış, əraziyə baxış keçirmiş, faktiki vəziyyəti yerində araşdırmış, akt tərtib etmiş və yalnız bundan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Deməli, qərar yalnız ayrı-ayrı şəxslərin verdiyi məlumatlara deyil, bilavasitə səlahiyyətli dövlət orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş obyektiv hallara əsaslanmışdır. Apellyasiya şikayətində göstərilən, ayrı-ayrı şəxslərin izahatlarının sonradan dəyişdirilməsi və ya onların hadisə zamanı həmin ərazidə olmaması barədə dəlillər belə, inzibati orqan tərəfindən keçirilmiş monitorinqin nəticələrini, əraziyə baxış zamanı müəyyən edilmiş faktları və iş üzrə mövcud olan digər sübutları təkzib etmir. Çünki inzibati xəta faktının müəyyən olunması yalnız həmin şəxslərin izahatlarından asılı olmamış, müxtəlif sübut növlərinin məcmusu əsasında həyata keçirilmişdir. İnzibati icraat zamanı sübutların qiymətləndirilməsi ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsi və kifayətliliyi baxımından aparılır. Hazırkı iş üzrə mövcud sübutlar birlikdə qiymətləndirildikdə tullantıların yandırılması və vaxtında daşınmaması faktının baş verməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olduğu müəyyən edilir. Məhkəmə həmçinin nəzərə alır ki, apellyasiya şikayətində göstərilən hallar inzibati orqanın və birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən yeni və mötəbər sübutlarla təsdiq edilməmişdir. Şikayətdə irəli sürülən arqumentlər əsasən sübutların qiymətləndirilməsi ilə bağlı subyektiv mövqedən ibarətdir və iş materiallarında olan monitorinq aktını, inzibati xəta haqqında protokolu, əraziyə baxışın nəticələrini, eləcə də digər yazılı sübutları hüquqi qüvvədən salan hallar müəyyən edilmir. İXM-in 234.0.5-ci maddəsinə əsasən, tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə məsuliyyət yalnız konkret olaraq həmin hüquqazidd əməli törədən fiziki, vəzifəli və ya hüquqi şəxsə tətbiq oluna bilər. Bu normanın hüquqi mahiyyəti ondan ibarətdir ki, inzibati məsuliyyət ümumi vəziyyətə görə deyil, konkret faktiki hərəkətə görə və həmin hərəkəti törədən müəyyən subyektə görə müəyyən edilir. Yəni maddənin tətbiqi üçün təkcə tullantıların mövcudluğu deyil, həmin tullantıların kim tərəfindən atıldığı və ya yandırıldığı faktının sübuta yetirilməsi zəruridir. Eyni zamanda “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Lakin bu normanın pozulması avtomatik olaraq inzibati məsuliyyət yaratmır. Həmin pozuntunun hüquqi nəticə doğura bilməsi üçün mütləq şəkildə konkret subyektin müəyyən edilməsi və onun təqsirinin sübuta yetirilməsi tələb olunur. İXM-in 17-ci maddəsinə görə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, tullantıların toplanması, saxlanılması və yandırılması qanunvericiliklə müəyyən edilmiş tələblərə kobud şəkildə əməl edilmədən həyata keçirilmiş, tullantıların yandırılması bilavasitə Şirvan şəhər İH Mənzil Təsərrüfatı İdarəsinin işçiləri tərəfindən icra edilmişdir. Bu hal təsdiq edir ki, həmin fəaliyyət təsadüfi və ya ayrı-ayrı işçilərin şəxsi təşəbbüsü nəticəsində deyil, müəssisənin fəaliyyətinin təşkili və idarə olunmasındakı nöqsanlar nəticəsində baş vermişdir. Müəssisənin işçiləri öz əmək funksiyalarını rəhbərliyin müəyyən etdiyi təşkilati qaydalara və xidməti tapşırıqlara uyğun yerinə yetirdiklərindən, tullantıların qanunsuz qaydada yandırılması onların fərdi davranışı kimi deyil, müəssisənin fəaliyyətinin təşkili ilə bağlı sistemli pozuntu kimi qiymətləndirilməlidir. MTİ-nin rəisi müəssisənin fəaliyyətinin təşkilinə, işçilərin fəaliyyətinə nəzarətin həyata keçirilməsinə, ekoloji və sanitariya normalarına əməl olunmasının təmin edilməsinə, habelə qanunvericiliyin tələblərinə uyğun təhlükəsiz iş prosesinin qurulmasına cavabdeh vəzifəli şəxsdir. Bu səbəbdən onun tabeliyində olan işçilər tərəfindən tullantıların qanunsuz qaydada yandırılmasına yol verilməsi rəhbərlik və nəzarət funksiyalarının lazımi qaydada həyata keçirilmədiyini göstərir. Beləliklə, tullantıların yandırılmasının MTİ-nin işçiləri tərəfindən həyata keçirilməsi, həmin fəaliyyətin müəssisənin istehsalat prosesi çərçivəsində baş verməsi və bunun əksini təsdiq edən hər hansı sübutun olmaması MTİ-nin rəisinin həmin pozuntulara görə birbaşa təşkilati və xidməti məsuliyyət daşıdığını təsdiq edir. Bu məsuliyyət onun hərəkəti ilə yanaşı, qanunvericiliyin tələb etdiyi nəzarət və idarəetmə vəzifələrini lazımi qaydada yerinə yetirməməsindən də irəli gəlir. Belə olan halda, iş üzrə tədqiq edilmiş sübutların məcmusu İ.İsmayılovun vəzifəli şəxs kimi üzərinə düşən xidməti vəzifələri lazımi qaydada yerinə yetirmədiyini təsdiq edir. Belə ki, tullantıların toplanması, saxlanılması və zərərsizləşdirilməsi prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, bu sahədə çalışan işçilərin fəaliyyətinə nəzarətin həyata keçirilməsi və ekoloji təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi onun xidməti vəzifələrinə aid olmuşdur. Lakin iş materiallarından görünür ki, şəhərin müxtəlif ərazilərində tullantıların açıq şəkildə yandırılması mütəmadi xarakter daşımış, həmin hərəkətlər bilavasitə MTİ-nin işçiləri tərəfindən həyata keçirilmiş və buna uzun müddət ərzində yol verilmişdir. Bu isə onu göstərir ki, həmin qanun pozuntuları təsadüfi və ya ayrı-ayrı işçilərin özbaşına davranışının nəticəsi deyil, tullantıların idarə olunmasına lazımi nəzarətin həyata keçirilməməsinin və fəaliyyətin qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsinin nəticəsi olmuşdur. Əgər İ.İsmayılov vəzifəli şəxs kimi üzərinə düşən təşkilati-idarəetmə və nəzarət funksiyalarını lazımi qaydada yerinə yetirsəydi, tullantıların açıq üsulla yandırılmasına yol verilməz, belə hallar vaxtında aşkar edilərək qarşısı alınar və atmosfer havasının çirklənməsi baş verməzdi. Deməli, atmosfer havasının çirklənməsi ilə İ.İsmayılovun öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi arasında birbaşa səbəbli əlaqə mövcuddur. Bu baxımdan, şəhərin müxtəlif ərazilərində tullantıların toplanması və yandırılması qaydalarının dəfələrlə pozulması, nəticədə atmosfer havasının çirklənməsinə səbəb olunması İ.İsmayılovun vəzifəli şəxs kimi qanunvericiliklə müəyyən edilmiş təşkilati və nəzarət vəzifələrini lazımınca yerinə yetirməməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, onlara İXM-in tələblərinə uyğun hüquqi qiymət vermiş, tətbiq edilməli maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq etmədiyindən, həmin qərarın ləğv və ya dəyişdirilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Buna görə də, Şirvan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsaslanaraq və AR İnzibati Xətalar Məcəlləsinin 133-136-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs İsmayılov İsmayıl Əbil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanısın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-403/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-403/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver