Məhkəmə qərarları › İş №3(3-9)-411/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-411/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-411/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın dəyişdirilmədən saxlanılması barədə Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim X1), Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni hesab edilmişdir. İŞİN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən ## ###### 2025-ci il tarixli, EQ seriyalı, ******** nömrəli elektron qərarla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə olunması qanunsuz və əsassızdır. Hesab edir ki, Azərbaycan Respublikası İXM-in 122.1-ci maddəsində xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilə bilən inzibati xətaların məhdud və qapalı siyahısı müəyyən edildiyi halda, barəsində tətbiq edilmiş İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta həmin siyahıya daxil edilməmişdir. Buna görə də, yalnız xüsusi texniki vasitələrdən əldə edilmiş məlumatlar əsasında həmin maddə ilə elektron qərarın qəbul edilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qərardan şikayət verən orqan (şəxs) şikayət verərək, Biləsuvar Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, şikayətin təmin edilərək İXM-in 53.2-ci maddəsinə əsasən barəsindəki EQ seriyalı ******** nömrəli qərar üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sözügedən qərarı maddi və prosessual hüquq normalarının kobud, total pozuntusu və hüquqi təhriflərlə qəbul edilmişdir. Belə ki, işə baxan hakim DYP-nin aşkar texniki və hüquqi xətasını əsassız olaraq ört-basdır etmək məqsədilə qüvvədə olan qanunvericilikdə və hüquq doktrinasında mövcud olmayan, tamamilə subyektiv təfəkkürə əsaslanan "tətikləyici xəta" bəhanəsini (məntiqini) uydurmuşdur. Məhkəmə İXM-in imperativ (mütləq yerinə yetirilməli olan) tələblərinə qarşı bariz hüquqi nihilizm nümayiş etdirərək, qanunun imperativ normalarını qanunsuz olaraq "əhəmiyyətsiz" statusuna gətirmiş və hüququn aliliyi prinsipini sarsıtmışdır. Birincisi: İXM-nin 122.1-ci maddəsinin imperativ tələbinin məhkəmə tərəfindən aşkar təhrif edilməsi barədə: Birinci instansiya məhkəməsi öz qərarında rəsmi olaraq etiraf edir ki, İXM-nin 122.1-ci maddəsində xüsusi texniki vasitələrlə (kameralarla) aşkar edilə bilən və birbaşa elektron qərar (EQ) çıxarılmasına icazə verilən xətaların qəti və məhdud siyahısı müəyyən edilmişdir və İXM-nin 332.3-cü maddəsi həmin siyahıda yoxdur. Lakin bədbəxtlikdən, hakim öz qərarında "bu maddənin siyahıda olub-olmaması həlledici əhəmiyyət daşımır" kimi qeyri-hüquqi bir iddia irəli sürmüşdür. Bu yanaşma, Azərbaycan Respublikası Konstitusiyasının və İXM-nin təməl prinsipi olan qanunçuluq prinsipinin birbaşa və kobud şəkildə pozulmasıdır. Belə ki, əgər qanunverici hakimiyyət (Parlament) hər hansı bir xəta tərkibini elektron cərimə siyahısına daxil etməyibsə, heç bir məhkəmə və ya hakim qanunvericinin iradəsinin fövqünə çıxaraq, həmin imperativ normanı "vacib deyil" bəhanəsi ilə əhəmiyyətsiz saya bilməz. Hakim özbaşına qərar qəbul edərək, qanundan kənar formada çıxarılmış "EQ" seriyalı qərara hüquqi don geyindirə və onu qanuniləşdirə bilməz. Qanunun imperativ tələbinə görə, "EQ" seriyalı qərarlar yalnız və yalnız İXM-nin 122.1-ci maddəsindəki qapalı siyahıda olan maddələr üzrə çıxarıla bilər. Siyahıdan kənar çıxarılan hər bir elektron qərar başlanğıcdan etibarsızdır. İkincisi: Sübutların qanunsuzluğu (İXM 76.2 və 152) İXM-nin 152-ci maddəsinə əsasən, faktlar yalnız qanunla müəyyən edilmiş qaydada əldə edilən sübutlarla müəyyən edilir. 332.3-cü maddə 122.1-ci siyahıda olmadığı üçün həmin maddə üzrə radarın (kameranın) qeydə aldığı görüntü qanunsuz əldə edilmiş sübutdur. İXM-nin 76.2-ci maddəsi qanuna zidd əldə edilmiş sübutların istifadəsini qadağan edir. Hakim qanunsuz sübutu (siyahıda olmayan maddə üzrə radar fotosunu) "qanuni icraatın əsası" kimi qiymətləndirməklə hüquqi xətaya yol vermişdir. Üçüncüsü: Hakim tərəfindən uydurulmuş "tətikləyici xəta" məntiqinin hüquqi əsassızlığı və İXM-nin 34.3-cü maddəsinin səhv təfsir edilməsi barədə: Birinci instansiya məhkəməsinin hakimi öz qərarında iddia edir ki, guya inzibati icraat ilkin olaraq radarda sürət həddinin aşılması faktına görə ("tətikləyici xəta" kimi) başladığı üçün, sistem eyni sənəddə İXM-nin 332.3-cü maddəsini də tətbiq edə bilər. Hakim bu iddiasını əsaslandırmaq üçün İXM-nin 34.3cü maddəsinə (bir hərəkətlə bir neçə inzibati xətanın törədilməsi qaydasına) istinad etmişdir. Bu məntiq və hüquqi təfsir kökündən tamamilə səhvdir: İXM-in 34.3-cü maddəsinin tətbiq dairəsi tamamilə fərqlidir: Bu maddə yalnız səlahiyyətli vəzifəli şəxs (yol polisi müfəttişi) tərəfindən nəqliyyat vasitəsi fiziki olaraq saxlanıldıqda, sürücünün sənədləri vizual və birbaşa yoxlanıldıqda və yerindəcə əlbəttə ki, fiziki protokol tərtib edildikdə tətbiq oluna bilər. Bu maddənin insan faktoru olmadan, proqram təminatı vasitəsilə avtomatik işləyən elektron qərarlara şamil edilməsi hüquqaziddir. Robotlaşdırılmış sistemin səlahiyyət həddi məhduddur: Elektron Qərar (EQ) çıxarılması prosedurunda avtomatlaşdırılmış sistem yalnız və yalnız İXM-nin 122.1 -ci maddəsindəki konkret siyahıya daxil olan xəta üzrə, həmin xətanın qanunla müəyyən edilmiş sanksiyası daxilində (məsələn, sürət həddini aşmağa görə 10 AZN) elektron cərimə qərarı formalaşdıra bilər. Sistemin guya sürət həddinin aşılmasına görə icraat başlatmasını bəhanə gətirərək, qanuni siyahıda ümumiyyətlə mövcud olmayan İXM-in 332.3 maddəsi ilə vətəndaşa 400 AZN-lik böyük məbləğdə "EQ" seriyalı elektron qərar çıxarması qanunvericiliyin tələblərindən birbaşa yayınmaq və qanunun dolanılmasıdır. Avtomatlaşdırılmış sistem öz rəqəmsal səlahiyyət çərçivəsini aşa və qanunvericinin (Parlamentin) müəyyən etdiyi qapalı siyahıdan kənara çıxaraq özbaşına cərimə tətbiq edə bilməz. Məhkəmənin bu qanunsuzluğu "tətikləyici məntiq" adı altında müdafiə etməsi hüququn əsas prinsiplərinə ziddir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya məhkəməsi işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mübahisə olunan qərardan görünür ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq onlara İXM-in tələblərinə uyğun hüquqi qiymət verməklə, iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, ## ###### 2025-ci il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi “VAZ 21074” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Biləsuvar rayonu, H.Əliyev prospekti, Zirvə otelinin yaxınlığında, Cəlilabad istiqamətində yolun həmin hissəsində müəyyən edilmiş 40 km/saat sürət həddini 12 km/saat aşaraq 52 km/saat sürətlə hərəkət etməsi xüsusi texniki vasitə ilə qeydə alınmış, həmin hərəkət İXM-in 328.1ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan fotomateriallardan və xüsusi texniki vasitənin qeydə aldığı məlumatlardan görünür ki, inzibati xəta *X****B*** nömrəli xüsusi texniki vasitə ilə ## ###### 2025-ci il tarixdə saat 22:19:32-də qeydə alınmış, fotomateriallarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, markası, hərəkət etdiyi sürət, həmin yol sahəsində qüvvədə olan sürət həddi və inzibati xətanın törədildiyi yer aydın şəkildə əks olunmuşdur. Həmin məlumatların həqiqiliyini şübhə altına alan və ya onların etibarsızlığını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Bundan başqa, iş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati icraat zamanı yalnız xüsusi texniki vasitə ilə qeydə alınmış sürət həddinin aşılması faktı deyil, eyni zamanda barəsində inzibati icraat aparılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi halı da müəyyən edilmiş, bu səbəbdən onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 332.3-cü maddələri ilə tövsif edilərək, Məcəllənin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq daha ciddi inzibati xətaya görə nəzərdə tutulmuş 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini və məcmusunu nəzərə almaqla düzgün qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, qanunverici inzibati xətalar haqqında işlər üzrə hər hansı bir sübut növünə əvvəlcədən müəyyən edilmiş üstün hüquqi qüvvə verməmiş, əksinə, sübutların məcmu halında qiymətləndirilməsini tələb etmişdir. Bu baxımdan, xüsusi texniki vasitənin qeydə aldığı məlumatlar, fotomateriallar, elektron qərar, habelə səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati icraat zamanı müəyyən edilmiş digər hallar birlikdə qiymətləndirildikdə, barəsində inzibati icraat aparılan şəxsin inzibati xəta törətməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materialları ilə tam təsdiq olunur. Apellyasiya şikayətində göstərilir ki, İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş siyahıda həmin Məcəllənin 332.3-cü maddəsi göstərilmədiyindən elektron qərarın qanunsuz olduğu, buna görə də həmin qərar üzrə icraata xitam verilməli olduğu iddia edilir. Lakin apellyasiya məhkəməsi bu dəlilləri əsaslı hesab etmir. Belə ki, iş materiallarından açıq şəkildə görünür ki, xüsusi texniki vasitə tərəfindən avtomatik qaydada aşkar edilərək qeydə alınmış inzibati xəta nəqliyyat vasitəsinin müəyyən edilmiş sürət həddini aşması olmuş və bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini təşkil etmişdir. Sonrakı inzibati icraat zamanı isə səlahiyyətli vəzifəli şəxs tərəfindən barəsində inzibati icraat aparılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi halı da müəyyən edilmiş və həmin hal hüquqi qiymətləndirilərək onun hərəkətlərinin əlavə olaraq İXM-in 332.3-cü maddəsi ilə də tövsif edilməsi nəticəsinə gəlinmişdir. Bu səbəbdən apellyasiya şikayətində irəli sürülən, guya barəsində İXM-in 332.3-cü maddəsi üzrə elektron qərar qəbul edilməsi barədə dəlil iş materiallarının məzmunu ilə təsdiq olunmur. Apellyasiya şikayətində həmçinin göstərilir ki, İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş siyahıda İXM-in 332.3-cü maddəsi göstərilmədiyindən həmin maddə üzrə xüsusi texniki vasitələr vasitəsilə əldə olunmuş məlumatlar qanunsuz sübut hesab edilməli, nəticə etibarilə həmin sübutlara əsaslanmaqla qəbul edilmiş qərar ləğv edilməlidir. Apellyasiya məhkəməsi həmin dəlili də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin məzmunundan görünür ki, həmin norma xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilə bilən inzibati xətalar üzrə elektron qərarın qəbul edilməsinin prosessual qaydasını müəyyən edir. Həmin normanın məqsədi xüsusi texniki vasitələrlə qeydə alınan inzibati xəta faktının rəsmiləşdirilməsi prosedurunu tənzimləməkdən ibarətdir. Lakin həmin norma inzibati icraat başlanıldıqdan sonra səlahiyyətli vəzifəli şəxsin işin digər hallarını araşdırmaq, inzibati xəta törətmiş şəxsin hüquqi statusunu müəyyən etmək, onun hərəkətlərinə digər hüquqi qiymət vermək və qanunvericiliklə ona verilmiş səlahiyyətləri həyata keçirmək hüququnu məhdudlaşdırmır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumat sübut hesab edilir. Həmin maddənin məzmunundan da göründüyü kimi, xüsusi texniki vasitələrin göstəriciləri sübut növlərindən yalnız biridir və inzibati icraat zamanı toplanmış digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə sürət həddinin aşılması faktı xüsusi texniki vasitə vasitəsilə qeydə alınmış, bundan sonra isə səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati icraat aparılarkən barəsində inzibati icraat aparılan şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı müəyyən edilmiş və həmin hal inzibati iş materiallarına əlavə edilmiş müvafiq məlumatlar əsasında hüquqi qiymətləndirilmişdir. Bu baxımdan, İXM-in 332.3-cü maddəsinin tətbiqi yalnız xüsusi texniki vasitənin qeydə aldığı məlumatlara deyil, inzibati icraat zamanı müəyyən edilmiş digər faktiki hallara da əsaslanmışdır. Odur ki, apellyasiya şikayətində göstərilən, guya İXM-in 332.3-cü maddəsinin tətbiqinin yalnız xüsusi texniki vasitənin qeydə aldığı məlumatlara əsaslandığı və buna görə də həmin sübutların qanunsuz hesab edilməli olduğu barədə dəlil iş materialları ilə öz təsdiqini tapmır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, birinci instansiya məhkəməsi qanunvericilikdə nəzərdə tutulmayan "tətikləyici xəta" anlayışını tətbiq etməklə iş üzrə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi həmin dəlili də əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qərarının məzmunundan görünür ki, məhkəmə tərəfindən hər hansı yeni hüquq norması yaradılmamış, yaxud qanunda nəzərdə tutulmayan hüquqi institut tətbiq edilməmişdir. Məhkəmə yalnız iş materiallarında müəyyən olunmuş faktiki halları qiymətləndirərək göstərmişdir ki, inzibati icraatın başlanmasına əsas verən hal xüsusi texniki vasitə ilə qeydə alınmış sürət həddinin aşılması olmuş, bundan sonrakı mərhələdə isə səlahiyyətli vəzifəli şəxs tərəfindən iş üzrə bütün hallar araşdırılmış və bunun nəticəsində barəsində inzibati icraat aparılan şəxsin digər inzibati xəta törətməsi də müəyyən edilmişdir. Bu isə inzibati icraatın mahiyyətindən irəli gələn qanuni prosedurdur və həmin halın məhkəmə tərəfindən izah edilməsi heç də yeni hüquq normasının yaradılması və ya qanunun geniş təfsiri kimi qiymətləndirilə bilməz. Əks yanaşma qəbul edildiyi halda, xüsusi texniki vasitə ilə aşkar olunmuş inzibati xəta üzrə başlanılmış icraat zamanı müəyyən edilən digər hüquqi əhəmiyyətli halların səlahiyyətli vəzifəli şəxs tərəfindən ümumiyyətlə nəzərə alınmaması nəticəsinə gəlinərdi ki, bu da inzibati icraatın tam, hərtərəfli və obyektiv araşdırılması prinsipinə zidd olardı. Bundan başqa, apellyasiya şikayətində İXM-in 34.3-cü maddəsinin yalnız nəqliyyat vasitəsinin yerində saxlanılması və fiziki protokol tərtib edilməsi hallarında tətbiq edilə biləcəyi göstərilmişdir. Apellyasiya məhkəməsi qeyd edir ki, İXM-in 34.3-cü maddəsinin mətnində həmin maddənin yalnız nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı hallara şamil edilməsini nəzərdə tutan hər hansı məhdudlaşdırıcı norma mövcud deyildir. Həmin maddə şəxsin eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətməsi halında tətbiq ediləcək inzibati tənbeh qaydasını müəyyən edir və onun tətbiqi icraatın hansı üsulla başlanmasından asılı deyildir. Hazırkı iş üzrə də səlahiyyətli vəzifəli şəxs tərəfindən müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs eyni vaxtda həm sürət həddini aşmış, həm də nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etmişdir. Belə olan halda İXM-in 34.3-cü maddəsinə uyğun olaraq daha ciddi inzibati xətaya görə nəzərdə tutulmuş inzibati tənbehin tətbiq edilməsi qanunun tələblərinə uyğundur. Beləliklə də, yuxarıda qeyd olunanlara məcmu halında hüquqi qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq onlara İXM-in tələblərinə uyğun hüquqi qiymət vermiş, iş materiallarında olan fotomaterialları, xüsusi texniki vasitədən əldə edilmiş məlumatları, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli, EQ seriyalı ******** nömrəli elektron qərarı və səlahiyyətli vəzifəli şəxs tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı düzgün qiymətləndirmişdir. Məhkəmə haqlı olaraq müəyyən etmişdir ki, elektron qərarla yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş yolda müəyyən edilmiş hərəkət sürətinin 10-20 km/saat həddində aşılması faktı rəsmiləşdirilmiş, sonrakı inzibati icraat zamanı isə Qərardan şikayət verən orqan (şəxs) nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi halı da müəyyən edilmişdir. Bu səbəbdən onun hərəkətlərinin İXM-in 328.1-ci və 332.3-cü maddələri ilə tövsif edilərək, həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməsi və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ## ###### 2025-ci il tarixli, EQ seriyalı ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının qanuni hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına tam uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər iş materiallarında olan sübutlarla təsdiq olunmur. Şikayətçinin İXM-in 122.1-ci maddəsinə istinad etməklə 332.3-cü maddənin xüsusi texniki vasitələrlə aşkar edilə bilən inzibati xətalar sırasına daxil edilmədiyini göstərməsi məhkəmə tərəfindən haqlı olaraq əsaslı hesab edilməmişdir. Çünki iş materialları ilə müəyyən olunur ki, xüsusi texniki vasitə ilə yalnız İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş sürət həddinin aşılması faktı qeydə alınmış, 332.3-cü maddə üzrə məsuliyyət isə səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati icraat zamanı müəyyən edilmiş digər hallara əsasən tətbiq edilmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olmasına dəlalət etmir, mahiyyət etibarilə iş üzrə düzgün müəyyən edilmiş halların və tətbiq edilmiş hüquq normalarının şikayətçi tərəfindən fərqli qaydada şərh edilməsinə əsaslanan subyektiv mülahizələrdən ibarətdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi qeyd edilənlərə əsaslanaraq və İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin olunmasın. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar