Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-415/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Qərardan şikayət verən orqan (şəxs) Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və birinci instansiya məhkəməsinin qərarı: İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarla Qərardan şikayət verən orqan (şəxs) ## ###### 2025-ci il tarixdə saat 23:03 radələrində Biləsuvar rayonu, Zirvə otelinin yaxınlığı, Cəlilabad istiqamətində idarə etdiyi ** BG *** dövlət qeydiyyat nişanlı, VAZ 21074 markalı nəqliyyat vasitəsi ilə həmin ərazidə müəyyən edilmiş 40 km/saat sürət həddini 19 km/saat aşaraq 59 km/saat sürətlə hərəkət etdiyinə, habelə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 328.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinmiş, ona daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) həmin elektron qərardan şikayət verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanuni hesab edilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) apellyasiya qaydasında şikayət verərək sözügedən qərarın, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin EQ seriyalı, ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini və iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Şikayətində Qərardan şikayət verən orqan (şəxs) birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş edərək göstərmişdir ki, İXM-in 122.1-ci maddəsində xüsusi texniki vasitələrlə aşkar edilən və elektron qərarla rəsmiləşdirilə bilən inzibati xətaların qapalı siyahısı müəyyən edilmiş, İXM-in 332.3-cü maddəsi həmin siyahıya daxil edilməmişdir. Şikayətçinin mövqeyinə görə, 332.3-cü maddə üzrə elektron qərar çıxarılması qanunsuz olmuş, bu səbəbdən radar fotosu və texniki məlumatlar həmin maddə üzrə sübut kimi qəbul edilə bilməz. Şikayətdə həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi İXM-in 34.3-cü maddəsini düzgün tətbiq etməmiş, avtomatlaşdırılmış sistemin səlahiyyət həddini genişləndirmiş, habelə əvvəlki elektron qərarların ona vaxtında çatdırılmaması faktını nəzərə almamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Qərardan şikayət verən orqan (şəxs) və səlahiyyətli orqan Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən, onların iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Məhkəmə iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və apellyasiya qaydasında verilmiş şikayətin dəlillərini birlikdə qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Əvvəla, şikayətçinin İXM-in 122.1-ci maddəsinə istinadla elektron qərarın bütövlükdə etibarsız olması barədə dəlili əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, inzibati icraatın başlanmasına əsas olmuş ilkin fakt xüsusi texniki vasitə ilə avtomatik rejimdə qeydə alınmış sürət həddinin aşılmasıdır. Həmin fakt İXM-in 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinə aiddir və bu növ xəta xüsusi texniki vasitə ilə aşkar edilə bilən xətalar sırasındadır. Başqa sözlə, hazırkı işdə elektron qərar qanuni siyahıdan kənar olan 332.3-cü maddə üzrə müstəqil və ilkin kamera aşkarlanması kimi deyil, xüsusi texniki vasitə ilə qeydə alınmış 328.1-ci maddə üzrə sürət həddinin aşılması faktı əsasında başlanmış icraat çərçivəsində, həmin nəqliyyat vasitəsini idarə edən şəxsin hüquqi statusunun yoxlanılması nəticəsində qəbul edilmişdir. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsin həmin vaxt nəqliyyat vasitəsini idarə etməsi müəyyən edildikdə, həmin əməl İXM-in 332.3-cü maddəsi ilə hüquqi qiymət alır. Bu baxımdan İXM-in 332.3-cü maddəsinin İXM-in 122.1-ci maddəsində göstərilən siyahıda ayrıca qeyd olunmaması hazırkı mübahisənin həlli üçün həlledici nəticə doğurmur. Çünki apellyasiya şikayətində mübahisələndirilən hüquqi məsələ 332.3-cü maddənin xüsusi texniki vasitə ilə ayrıca aşkarlanması deyil, 328.1-ci maddə üzrə qanuni qaydada qeydə alınmış inzibati xəta faktı ilə eyni hadisədə əlavə olaraq aşkar edilmiş hüquqi vəziyyətə düzgün qiymət verilib-verilməməsidir. İş materiallarında olan fotomateriallar və xüsusi texniki vasitədən əldə edilmiş məlumatlar nəqliyyat vasitəsinin müəyyən edilmiş ərazidə və vaxtda sürət həddini aşdığını təsdiq edir. Səlahiyyətli orqan tərəfindən aparılmış yoxlama nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırıldığı halda nəqliyyat vasitəsini idarə etməsi də müəyyən edilmişdir. Şikayətçi isə həmin sübutların mötəbərliyini aradan qaldıran, nəqliyyat vasitəsini həmin vaxt idarə etmədiyini və ya idarəetmə hüququnun məhdudlaşdırılması barədə məlumatın işə aid olmadığını təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Şikayətçinin sübutların qanunsuzluğu barədə dəlili də qəbul edilə bilməz. Xüsusi texniki vasitənin məlumatı bu işdə 332.3-cü maddə üzrə qanunsuz yolla əldə edilmiş sübut kimi deyil, 328.1-ci maddədə nəzərdə tutulan sürət həddinin aşılması faktının qanuni qaydada qeydə alınması kimi qiymətləndirilmişdir. Sonrakı mərhələdə şəxsin idarəetmə hüququnun məhdudlaşdırılması halının müəyyən edilməsi həmin ilkin sübutun qanunsuzluğunu deyil, iş üzrə toplanmış sübutların məcmu şəkildə qiymətləndirilməsini ifadə edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İXM-in 34.3-cü maddəsinin tətbiqi işin hallarına uyğundur. Belə ki, bir hərəkət zamanı həm sürət həddinin aşılması, həm də idarəetmə hüququ məhdudlaşdırılmış şəxsin nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilmişdir. Bu xətalar üzrə işlərə baxılması eyni səlahiyyətli orqanın aidiyyətində olduğundan inzibati tənbeh daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tətbiq edilmişdir. Bu halda 328.1-ci maddə üzrə müəyyən edilən ilkin xəta yalnız texniki qeydiyyat faktı deyil, eyni zamanda 332.3-cü maddə üzrə hüquqi qiymətləndirməyə səbəb olan hadisənin obyektiv əsasını təşkil edir. Apellyasiya şikayətində əvvəlki elektron qərarların vaxtında çatdırılmaması barədə irəli sürülən dəlil də mübahisələndirilən qərarın ləğvi üçün əsas yaratmır. Həmin hal, mövcud olduğu təqdirdə, müvafiq elektron qərarlardan şikayət verilməsi müddətinin bərpası və ya şəxsin prosessual hüquqlarının təmin edilməsi baxımından qiymətləndirilə bilər. Lakin hazırkı iş üzrə ## ###### 2025-ci il tarixdə törədilmiş əməl, xüsusi texniki vasitənin qeydə aldığı sürət həddinin aşılması faktı və idarəetmə hüququnun məhdudlaşdırılması şəraitində nəqliyyat vasitəsinin idarə edilməsi halları iş materialları ilə təsdiq olunduğundan, yalnız əvvəlki qərarların çatdırılmaması barədə ümumi dəlil bu iş üzrə inzibati xəta tərkibini istisna etmir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl inzibati xəta hesab olunur. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdikdə və həmin işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, inzibati tənbeh daha ciddi inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tətbiq edilir. İXM-in 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakim və səlahiyyətli orqan tərəfindən əsaslanan hər cür faktiki məlumatlar sübut sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən isə inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırılmasına əsaslanan daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 122.1-ci maddəsi xüsusi texniki vasitələrin köməyi ilə avtomatik rejimdə aşkar edilən inzibati xətalar üzrə elektron qərarın qəbul edilməsi mexanizmini müəyyən edir. İXM-in 328.1-ci maddəsində yolda müəyyən edilmiş hərəkət sürətinin 10-20 km/saat həddində aşılmasına görə inzibati məsuliyyət, İXM-in 332.3-cü maddəsində isə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərkən İXM-in tələblərini pozmamış, şikayətçinin elektron qərarın etibarsızlığı barədə dəlillərinə düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı Qərardan şikayət verən orqan (şəxs) şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №3(3-9)-415/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-415/2026
27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver