Məhkəmə qərarları › İş №3(3-9)-426/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-426/2026

31.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-426/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Cinayət Kollegiyasının hakimi Əliyev Əli Abdulla oğlunun sədrliyi, Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə, Səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Mirzağa Fətiş oğlunun iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs İmanov Mirzağa Fətiş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: 3 X2 və Təbii Sərvətlər İdarəsinin rəisi X1 ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərarı ilə İmanov Mirzağa Fətiş oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İmanov Mirzağa Fətiş oğlu * saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Biləsuvar Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarına əsasən şikayət təmin edilməmiş, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X2 və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-cı il tarixli, MN ******* saylı qərarı qanuni hesab edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Mirzağa Fətiş oğlu şikayət verərək, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının qanunsuz və əsassız olması ilə bağlı ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Şikayətdə göstərilmişdir ki, Biləsuvar rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X2 və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 960 manat cərimə edilməyinə dair şikayətinə baxaraq şikayəti təmin edilməmişdir. Məhkəmənin ## #### 2026-cı il tarixli *(*-***)-***/** saylı qərarını qanunsuz, əsassız hesab edir. Belə ki, qərara görə guya o, çöldə yulğun ağacı kəsmişdir. Halbuki belə bir hal olmamışdır. Buna dair sübutları belə yoxdur. Çünki heç bir yulğun kəsməmişdir. Bu günlərdə ona Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X2 və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı gəlmişdir ki, onun barəsində İXM-in 253.2-ci maddəsi ilə onu 960 manat cərimə edilmişdir. Onun hazırda 76 yaşı var. Özü baş beyin xəstəliyi ilə bağlı ömürlük 2-ci qrup əlildir. Əmək qabiliyyətsizdir. Necə ola bilər ki, 76 yaşlı əlil bir adam yulğun ağacını kəssin? Onun özü hərəkət etmək üçün digər adamlardan kömək istəyir. Məhkəmə isə bunlara qiymət verməmiş və saxta qərarı təsdiqləmişdir. Göründüyü kimi tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan hər hansı bir inzibati xəta törədilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, Qanunun tələbinə görə tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan törədilən inzibati məsuliyyətə səbəb olan əməl olarsa bu inzibati xəta hesab olunur. Tərəfindən isə belə bir əməl törədilməmişdir. O, məhz buna görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X2 və Təbii Sərvətlər İdarəsinin ## #### 2026-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə 960 manat cərimə edilməyi haqqında Qərarını qanunsuz hesab edib məhkəməyə şikayət etmişdir. Lakin məhkəmə tərəfindən ümumiyyətlə şikayəti araşdırılmamış, formal olaraq qanunlar toplusu qərara köçürülməklə qərar qəbul edilmişdir. Məgər məhkəmə bunun üçündürmü? Birinci instansiya məhkəməsində barəsində olan qərarın qanunsuz və ədalətsizliyi ilə əlaqədar göstərilənləri qeyd etsə də, məhkəmə tərəfindən təkrarən İXM-in tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Mirzağa Fətiş oğlu şikayətin təmin olunmasını, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının şikayətə uyğun olaraq ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan 3 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını, Biləsuvar Rayon Məhkəməsinin müvafiq qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən barəsində qərar çıxarılmış şəxs, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam və hərtərəfli araşdırılmadığından inzibati xəta materialı yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli, yəni hərəkət və ya hərəkətsizliyi törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci və 8.2-ci maddələrinə əsasən şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 12.1-ci maddəsinə görə inzibati xəta hüquqazidd, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl hesab edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspert rəyi ilə, inzibati xəta haqqında protokolla və bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 253.2-ci maddəsinin məzmunundan görünür ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin maddənin tətbiqi üçün yalnız hər hansı bitkinin ərazidən çıxarılması faktının deyil, həm də çıxarılmış bitkilərin məhz meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri olması, onların qanunsuz kəsilməsi, götürülməsi və ya məhv edilməsi, həmin hərəkətin konkret şəxs tərəfindən törədilməsi və şəxsin həmin hərəkətə təqsirli münasibəti aydın şəkildə müəyyən edilməlidir. Hazırkı işdə birinci instansiya məhkəməsi inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlasa da, İXM-in 253.2-ci maddəsinin yuxarıda göstərilən tərkib əlamətlərini ardıcıl və tam şəkildə yoxlamamışdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraatın əsas məqsədi yalnız inzibati xəta hadisəsinin baş verməsinin müəyyən edilməsi deyil, həm də həmin xətanın konkret şəxs tərəfindən, təqsirli şəkildə törədilib-törədilməməsinin qanunla nəzərdə tutulmuş sübutetmə standartına uyğun müəyyən edilməsidir. İnzibati məsuliyyət şəxsin yalnız nəticə ilə hər hansı əlaqəsinin mövcud olmasına deyil, onun konkret qanunsuz əməli törətməsinin və həmin əmələ görə təqsirinin sübut edilməsinə əsaslana bilər. Bu baxımdan, sübutetmə predmetinə daxil olan bütün mühüm hallar araşdırılmadan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qanunçuluq, obyektiv həqiqətin müəyyən edilməsi və təqsirin fərdiliyi prinsipləri ilə uzlaşmır. Bu baxımdan inzibati orqanın və məhkəmənin araşdırması yalnız nəticənin mövcudluğunu deyil, nəticə ilə konkret şəxsin hərəkəti arasında səbəbli əlaqəni də əhatə etməlidir. Əgər ağac və ya kol əkililərinin çıxarılması texniki işin icrası zamanı baş vermişdirsə, bu işin kim tərəfindən sifariş edildiyi, kim tərəfindən icra edildiyi, icraçının hansı göstəriş əsasında hərəkət etdiyi və barəsində icraat aparılan şəxsin həmin nəticəni qabaqcadan görübgörmədiyi ayrıca yoxlanılmalıdır. İş materiallarından görünür ki, inzibati orqan və birinci instansiya məhkəməsi əsasən şikayətçinin polis orqanına verdiyi izahata, fotoşəkillərə və tərtib olunmuş aktlara istinad etməklə onun İXM-in 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlmişdir. Lakin həmin sübutlar məcmusu iş üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi üçün kifayət etmir; fotoşəkillərin çəkilmə vaxtı, yeri, həmin fotoşəkillərdə əks olunan bitkilərin konkret əraziyə aidiyyəti, aktların hansı müşahidələrə əsasən tərtib edildiyi və bu məlumatların digər sübutlarla təsdiqlənib-təsdiqlənmədiyi tam aydınlaşdırılmamışdır. Əvvəla, iş üzrə su hövzəsinin (kanalın) çəkildiyi torpaq sahəsinin hüquqi statusu və həmin torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməmişdir. Halbuki iş materiallarında yalnız şikayətçinin həyat yoldaşına məxsus ferma barədə məlumat vardır. Lakin həmin fermanın yerləşdiyi torpaq sahəsinin mülkiyyət, icarə və ya istifadə hüququnun kimə məxsus olması, kanalın məhz hansı torpaq sahəsində çəkilməsi, həmin sahədə hər hansı təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi əsasın olub-olmaması araşdırılmamışdır. Bu hal iş üzrə mühüm əhəmiyyət kəsb edir, çünki torpaq sahəsinin hüquqi statusu və bitkilərin həmin sahədəki mühafizə rejimi müəyyən edilmədən ərazidə aparılmış işlərin hüquqi xarakterinə və şəxsin davranışına düzgün hüquqi qiymət vermək mümkün deyildir. Bundan əlavə, yulğun kollarının sayı, növü, ərazidə təbii bitki örtüyü kimi, yoxsa meşə fonduna daxil olmayan ağac-kol əkililəri kimi mövcud olması, onların əvvəlki vəziyyəti və çıxarılma üsulu barədə mütəxəssis rəyi və ya digər mötəbər məlumat iş materiallarında göstərilməmişdir. İXM-in 253.2-ci maddəsinin predmetinin düzgün müəyyən edilməsi üçün bu hallar ayrıca araşdırılmalı idi. Bundan başqa, kanalın faktiki olaraq kimin sifarişi ilə və kimin təşəbbüsü əsasında çəkilməsi də tam araşdırılmamışdır. Şikayətçi izahatında yalnız traktor sürücüsünə kanal çəkilməsi barədə müraciət etdiyini bildirmiş, lakin ağacların çıxarılması barədə hər hansı göstəriş verdiyini etiraf etməmişdir. Birinci instansiya məhkəməsi isə kanalın çəkilməsi faktı ilə ağacların çıxarılması faktını eyniləşdirərək əlavə araşdırma aparmadan həmin nəticəni birbaşa şikayətçinin təqsiri ilə əlaqələndirmişdir. Halbuki inzibati məsuliyyət ehtimallara və dolayı mülahizələrə deyil, konkret sübutlara əsaslanmalıdır. Həmçinin iş üzrə kanalı çəkən traktor sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş, həmin şəxs dindirilməmiş və onun izahatı alınmamışdır. Şikayətçinin öz izahatından görünür ki, o, traktor sürücüsünü tanımadığını bildirmişdir. Buna baxmayaraq, inzibati orqan həmin şəxsin müəyyən edilməsi istiqamətində hər hansı prosessual hərəkət həyata keçirməmiş, birinci instansiya məhkəməsi isə bu çatışmazlığı aradan qaldırmamışdır. Halbuki kanalın çəkilməsi prosesində hansı hərəkətlərin kim tərəfindən həyata keçirildiyini, bitkilərin çıxarılıbçıxarılmadığını və əgər çıxarılmışdırsa, bunun hansı göstəriş əsasında baş verdiyini müəyyən edə biləcək əsas şəxs məhz traktor sürücüsü olmuşdur. Onun dindirilməməsi sübutetmə predmetinə daxil olan mühüm halların araşdırılmaması ilə nəticələnmişdir. Eyni zamanda iş materiallarından ağac və ya kol əkililərinin bilavasitə kim tərəfindən çıxarıldığı, kəsildiyi və ya məhv edildiyi də müəyyən edilmir. Fotoşəkillər yalnız müəyyən sayda yulğun kollarının çıxarıldığını ehtimal etməyə əsas verə bilər. Lakin həmin hərəkətin konkret hansı şəxs tərəfindən icra edildiyini, bunun hansı şəraitdə baş verdiyini, bitkilərin kanalın çəkilməsi zamanı texniki zərurət nəticəsində çıxarıldığını, yaxud qəsdən məhv edildiyini müəyyən edən birbaşa sübut iş materiallarında mövcud deyildir. İnzibati məsuliyyət isə yalnız nəticənin baş verməsi faktına görə deyil, həmin nəticəni törədən konkret şəxsin təqsirli davranışının sübuta yetirilməsi əsasında yarana bilər. Şikayətçinin yaşının və səhhətinin vəziyyəti də birinci instansiya məhkəməsi tərəfindən formal qaydada kənarda saxlanılmışdır. Bu hallar şəxsi birbaşa olaraq inzibati məsuliyyətdən azad etməsə də, onun iddia edilən hərəkəti bilavasitə icra edib-etməməsi, texniki işlərə faktiki rəhbərlik etmək imkanları və təqsirli davranışının sübuta yetirilməsi baxımından digər sübutlarla birlikdə qiymətləndirilməli idi. Məhkəmə qeyd edir ki, sübutetmə fəaliyyəti yalnız mövcud sübutların sadalanması ilə məhdudlaşmır. Hakim iş üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsini təmin etməli, mövcud ziddiyyətləri aradan qaldırmalı və natamam araşdırılmış halların tamamlanması üçün zəruri prosessual tədbirlər görməlidir. İş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması məhkəmənin obyektiv həqiqəti müəyyən etmək vəzifəsinin yerinə yetirilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə torpaq sahəsinin hüquqi mənsubiyyəti, kanalın kimin sifarişi və təşəbbüsü ilə çəkilməsi, kanalı çəkən traktor sürücüsünün şəxsiyyəti və izahatı, yulğun kollarının hüquqi statusu, sayı və növü, eləcə də ağac və ya kol əkililərinin bilavasitə kim tərəfindən və hansı şəraitdə çıxarılması kimi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar tam və hərtərəfli araşdırılmamışdır. Bu prosessual çatışmazlıqlar mövcud sübutların düzgün qiymətləndirilməsinə və hadisənin obyektiv tərəfinin müəyyən edilməsinə imkan vermədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə natamam araşdırma nəticəsində verilmiş hesab edilməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə natamam məhkəmə araşdırmasına yol verilmiş, iş üçün əhəmiyyət kəsb edən hallar tam müəyyən edilməmiş və bunun nəticəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Göstərilən pozuntular iş üzrə yeni sübutların toplanmasını, traktor sürücüsünün müəyyən edilərək dindirilməsini, torpaq sahəsinin hüquqi statusuna dair sənədlərin əldə edilməsini və bitkilərin hüquqi statusuna dair zəruri araşdırmanın aparılmasını tələb etdiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş yeni baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İXM-in 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana və ya vəzifəli şəxsə göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın və ya vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Qərar ləğv edilməli, iş materialı yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Yeni baxış zamanı birinci instansiya məhkəməsi su hövzəsinin (kanalın) çəkildiyi torpaq sahəsinin hüquqi statusunu və həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etməli, kanalın faktiki olaraq kimin sifarişi və təşəbbüsü əsasında çəkilməsini araşdırmalı, kanalı çəkən traktor sürücüsünün şəxsiyyətini müəyyən edib onu dindirməli, yulğun kollarının sayı, növü və hüquqi statusu barədə zəruri məlumatları əldə etməli, ağac və ya kol əkililərinin bilavasitə kim tərəfindən çıxarıldığını, götürüldüyünü və ya məhv edildiyini müəyyənləşdirməli, bundan sonra toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək qanuni və əsaslı qərar qəbul etməlidir. Şərh olunanları və İXM-in 128.1, 133.2.8, 134.1.4, 135.1.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Şikayət təmin edilsin. Biləsuvar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs İmanov Mirzağa Fətiş oğlu tərəfindən verilmiş şikayətə münasibətdə ləğv edilsin. İş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılması və inzibati xəta materialına yenidən baxılması üçün iş Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar