Məhkəmə qərarları › İş №3(3-9)-427/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-427/2026

27.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-427/2026 27.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə iştirakı ilə, Verdiyev İbrahim Məhiyəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Oqtay Şahmurov tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X6) şikayətin təmin edilməsi, Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə qəbul etdiyi ##.##.2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. İŞİN HALLARI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Verdiyev İbrahim Məhiyəddin oğlu səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarından şikayətlə Füzuli Rayon Məhkəməsinə müraciət edərək qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə “Kalyon RSY İnşaat X3 İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu ilə “xxxx” MMC-nin direktoru İlkin Hüseynov arasında KAL-RSY-*** nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən emal olunmuş və anbarlaşdırılmış materialların daşınması həyata keçirilir. Qeyd olunan çınqıl hasilatı aparılmış ərazi əvvəllər adıçəkilən şirkətin qanuni əsaslarla fəaliyyət göstərdiyi karxana olmuşdur. Həmin şirkət tərəfindən emal olunmuş çınqıl ərazidə anbarlaşdırılmış və bağlanmış müqaviləyə uyğun olaraq daşınması nəzərdə tutulmuşdur. ##.##.2026-cı il tarixdə X4 Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmiş, yerdə xırda çalaların mövcudluğu qeyd edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Verdiyev İbrahim Məhiyəddin oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda əsassız olaraq göstərilmişdir ki, guya onun tərəfindən həmin ərazidə qazıntı aparılaraq 830 kubmetr həcmində süxur götürülmüşdür. Protokola etiraz edərək bildirmişdir ki, daşınan materiallar əvvəlcədən emal olunmuş və anbarlaşdırılmış hazır məhsullardır və onların daşınması müvafiq müqavilə əsasında həyata keçirilir. Ərazidə tərəfindən hər hansı qazıntı işləri aparılmamışdır. Həmçinin ##.##.2026-cı il tarixdə * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən ərazidə hər hansı qazıntı işlərinin aparılması və ya emal olunmamış xammal hasilatı faktı aşkar edilmədiyi müşahidə edilmiş və bu barədə tərtib edilmiş aktda qeyd edilmişdir. Buna baxmayaraq, X4 Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən tərtib edilmiş əsassız və qanunsuz sənədlərə istinad edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə barəsində ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və ona 2500 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Bundan əlavə bildirir ki, o, “xxxx” MMC-də direktor müavini vəzifəsində çalışır, emal olunmuş və anbarlaşdırılmış materialların daşınmasının təşkilində iştirak etməyi heç bir halda onun tərəfindən qazıntı işlərinin aparılması və ya yerin təkindən istifadə edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, daşınması həyata keçirilən materiallar əvvəlcədən qanuni qaydada hasil olunmuş və anbarlaşdırılmış hazır məhsullardır. Belə olan halda barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət üçün hüquqi əsas yaranmır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş inzibati tənbeh tədbiri əsassız, qanunsuz və hüquqi əsasdan məhrum olmaqla yanaşı, işin faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmadan qəbul edilmişdir. İnzibati xəta haqqında işə baxan birinci instansiyası məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Oqtay Şahmurov apellyasiya şikayət verərək, Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarını qüvvədə saxlayan yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarında göstərmişdir ki, ##.##.2025-ci il tarixdə "Kalyon RSY İnşaat X3 İşletmesi" şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən əvvəlcədən emal olunmuş və anbarlaşdırılmış çınqıl materiallarının daşınması nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayətçi Verdiyev İbrahim Məhiyəddin oğlu "xxxx" MMC-də direktor müavini vəzifəsində çalışmış, onun fəaliyyəti emal olunmuş materialların daşınmasının təşkilindən ibarət olmuşdur. İş materiallarında onun tərəfindən yerin təkindən istifadə edilməsini, faydalı qazıntı hasilatı aparılmasını və ya qanunsuz qazıntı işləri görülməsini təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Əksinə, məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi tərəfindən təsdiq edilmişdir ki, hadisə yerinə baxış zamanı qazıntı işlərinin aparılması, emal olunmamış xammalın çıxarılması və ya daşınması faktı aşkar edilməmişdir. Həmçinin ##.##.2026-cı il tarixli araşdırma materiallarında da belə halların müəyyən olunmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlbetmənin əsasını təşkil edən protokol və qərar əsasən ehtimallara, fotoşəkillərə və dolayı mülahizələrə əsaslanmış, lakin şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi kifayət qədər, mötəbər və bir-biri ilə uzlaşan sübutlarla təsdiq edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəlləpe nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə əsasən şəxsin təqsiri sübuta yetirilmədikdə onun təqsirsizliyi prezumpsiyası tətbiq olunur və aradan qaldırılması mümkün olmayan şübhələr şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə müəyyən edir ki, Verdiyev İbrahim Məhiyəddin oğlunun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın obyektiv və subyektiv tərkib əlamətləri sübuta yetirilməmişdir. Onun yalnız əvvəllər qanuni qaydada hasil edilmiş və anbarlaşdırılmış materialların daşınmasının təşkilində iştirak etməsi yerin təkindən istifadə və ya faydalı qazıntıların qanunsuz çıxarılması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi və Verdiyev İbrahim Məhiyəddin oğlunun həmin hadisənin törədilməsində təqsiri sübuta yetirilmədiyinden onun barəsində qəbul edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassızdır. Məhkəmə iş materiallarını araşdırıb hesab etmişdir ki, şikayət təmin edilməli, Verdiyev İbrahim Məhiyəddin oğlunun İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli MN ******* saylı inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını aşağıdakı göstərilənlərə görə əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirik. Belə ki, ##.##.2026-cı il tarixli, ***** nömrəli aktla müəyyən edilmişdir ki, ##.##.2026cı il tarixdə Verdiyev İbrahim Məhiyəddin oğlu Füzuli rayonu Araytılı kəndi ərazisində 830 kubmetr qarşıq suxur götürməklə yerin təkindən icazə olmada qanunsuz istifadə etmişdir. Bununlada Verdiyev İbrahim Məhiyəddin oğlu Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanl törətdiyi üçün barəsində ## ###### 2026-cı il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmiş, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təkzib edilməz sübutlarla kifayət qədər sübuta yetirildiyi üçün ##.##.2026-cı il tarixli, MN ******* saylı qərarla vəzifəli şəxs qismində 2500 (iki min beş yüz) manat cərimə olunmuş, qərar ##.##.2026-cı il tarixdə qüvvəyə minmişdir. Bundan başqa X4 Ehtiyatlarından İstifadə Agentliyi (bundan sonra Agentlik) tərəfindən “XH MMC tərəfindən qanunsuz qazıntı işlərinin aparılması" ilə bağlı İdarəyə daxil olmuş ##.##.2026-cı il tarixli **/DMXEI-** saylı müraciət “xxxx” MMC-nin nümayəndəsi İbrahim Məhəddin oğlu Verdiyevin iştirakı ilə tərəfimizdən araşdırılmışdır. Aparılan araşdırma “xxxx” MMC-nin nümayəndəsi İbrahim Verdiyev yazılı və şifahi izahatında bildirdi ki, hal-hazırda çınqıl hasilatı aparılan ərazi əvvəllər “Kalyon RSY İnşaat Adi Ortaqlığı Ticari İşletmesi” Şirkətinin qanuni karxanası olmuş və həmin şirkət tərəfindən emal olunmuş çınqıl həmin ərazidə anbarlaşdırılmışdır. 2025-ci ilin sentyabr ayında “xxxx” MMC ilə “Kalyon RSY İnşaat Adi Ortaqlığı Ticari İşletmesi” Şirkəti arasında rəsmi alqı-satqı müqaviləsi bağlanmış, 1 il ərzində daşınacaq emal olunmuş çınqılın dəyəri hesablanaraq ödənilməsi təmin olunmuşdur. Bununla yanaşı o bildirmişdir ki, hal-hazırda həmin ərazidə emal olunmuş çınqılı daşımaqla məşğuldur. ##.##.2026-cı il tarixdə Agentliyin əməkdaşları əraziyə gələrək fotoşəkillər çəkmiş və onunla heç bir izahat işləri aparmadan sənədləşmə işləri aparmışlar. İbrahim Verdiyevin bildirdiyinə görə həmin ərazidə emal olunmuş çınqıl hasilatı aparılan zaman çalalar əmələ gəlmiş və həmin çalalardan emal olunmamış çınqıl hasilatı olmamışdır. İbrahim Verdiyev buna etiraz etməsinə baxmayaraq onun barəsində tərtib olunmuş sənədlərin qanunsuz olduğunu yazılı izahatında bildirmişdir, ibrahim Verdiyev tərəfindən “xxxx” MMC ilə “Kalyon RSY İnşaat Adi Ortaqlığı Ticari İşletmesi" Şirkəti arasında bağlanmış alqı-satqı müqaviləsinin surəti təqdim edilmişdir. Məsələ ilə bağlı sözügedən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, hal-hazırda çınqıl hasilatı aparılan ərazi əvvəllər “Kalyon RSY İnşaat Adi Ortaqlığı Ticari İşletmesi" Şirkətinin qanuni karxanası olmuş və həmin şirkət tərəfindən emal olunmuş çınqıl həmin ərazidə anbarlaşdırılmışdır. Hal-hazırda “xxxx" MMC tərəfindən emal olunmuş çınqıl rəsmi müqaviləyə uyğun olaraq daşınır. Əraziyə baxış zamanı qanunsuz qazıntı aparılması və ya emal olunmamış xammal hasilatının aparılması halları aşkar edilməmişdir. Qeyd edir ki, araşdırma müddətində İbrahim Verdiyev tərəfindən qanunsuz qazıntı aparılması halları aşkar edilməsə də Agentliyin tərtib etdiyi sənədlər üzərində aparılan təhlillər göstərir ki, ##.##.2026-cı il tarixdə Verdiyev İbrahim Məhəddin oğlu tərəfindən qazıntı hallarına yol verilmiş və ümumilikdə 830 m3 həcmdə emal olunmamış qarışıq suxur hasilatı aparılmışdır. Araşdırmanın nəticəsi olaraq tərəfimizdən qanunamüvafiq qaydada ##.##.2026-cı il tarixli ***** saylı Akt və MN № ******* nömrəli Protokol tərtib olunaraq 830 m3 həcmdə emal olunmamış qarışıq suxurun götürülməsi nəticəsində təbiətə dəymiş ziyan “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarına əsasən 10458 (on min dörd yüz əlli səkkiz) manat müəyyən edilmişdir. Hesab edir ki, Füzuli rayon Məhkəməsi işə bir tərəfli yanaşmış, yalnız şikayətçinin maraqlarından çıxış etmiş, yuxanda qeyd edilənləri nəzərə almadan əsassız və qanunsuz qərar qəbul etmişdir. Ona görədə Füzuli rayon Məhkəməsinin ## ### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilərək, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Verdiyev İbrahim Məhiyəddin oğlunun barəsində qəbul etdiyi ##.##.2026-ci il tarixli, MN ******* nömrəli qərarı qüvvədə saxlanmalıdır. PROSESSUAL MƏSƏLƏLƏR: Səlahiyyətli orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etdi. Apellyasiya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Verdiyev İbrahim Məhiyəddin oğlu məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya məhkəməsi İ.Verdiyevin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək apellyasiya məhkəməsi belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmadan, Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim olunmuş sübutları, tərəflərin izahatlarını və inzibati xəta haqqında işin materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, səlahiyyətli orqan tərəfindən Verdiyev İbrahim Məhiyəddin oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qanunvericiliyin tələblərinə uyğun qaydada mötəbər və kifayət qədər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iş materiallarında şikayətçinin yerin təkindən istifadə etməsi, qanunsuz qazıntı aparması və ya faydalı qazıntı hasilatı həyata keçirməsi barədə etibarlı sübutlar mövcud deyildir. Əksinə, məhkəmə baxışı zamanı səlahiyyətli orqanın nümayəndəsi hadisə yerində qazıntı işlərinin aparılması və emal olunmamış materialların çıxarılması faktının aşkar edilmədiyini təsdiq etmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş materialları ilə daşınan çınqılın əvvəllər qanuni qaydada hasil olunaraq anbarlaşdırılmış material olduğu, şikayətçinin isə yalnız həmin materialların daşınmasının təşkilində iştirak etdiyi təsdiq edilir. Məhkəmə hesab etmişdir ki, inzibati məsuliyyətə cəlbetmənin əsasını təşkil edən protokol və qərar ehtimallara və dolayı mülahizələrə əsaslanmış, şikayətçinin təqsiri isə mötəbər sübutlarla təsdiq edilməmişdir. Bu səbəbdən təqsirsizlik prezumpsiyasının tələbləri rəhbər tutulmaqla, onun barəsində qəbul edilmiş inzibati tənbeh qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Verdiyev İbrahim Məhiyəddin oğlu tərəfindən qeyd edilən inzibati xəta hadisəsini törətməsini sübuta yetirilməməsi ilə bağlı yekun nəticəyə gələrkən qiymətləndirilən sübutlara düzgün istinad etmiş, həmçinin qanunun normalarını düzgün tətbiq edərək hüquqi qiymət vermişdir. Belə ki, birinci instansiya məhkəməsində; Azərbaycan Respublikası ETSN * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi İbrahimli Asiman Sahil oğlu tərəfindən tərtib olunmuş ##.##.2026cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Verdiyev İbrahim Məhiyəddin oğlu İXM-nin 228-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə olunmuşdur. ##.##.2026-cı il tarixli, ***** saylı akt, ##.##.2026-cı il tarixli MN******* saylı protokol, həmin tarixli xidməti məruzə və fotoşəkillər əsasında müəyyən olunur ki, ##.##.2026-cı il tarixdə Füzuli Rayon Arayatlı kəndi ərazisində Verdiyev İbrahim Məhiyəddin oğlu tərəfindən qazıntı aparılaraq 830 m3 həcmdə qarışıq süxur götürülmüşdür. ##.##.2025-ci il tarixdə “Kalyon RSY İnşaat X3 İşletmesi” şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali Durdu ilə “xxxx” MMC-nin direktoru İlkin Hüseynov arasında bağlanmış KAL-RSY-*** nömrəli alqı-satqı müqaviləsi əsasında müəyyən olunur ki, bu Müqavilə bir tərəfdən bundan sonra "Satıcı" adlanacaq ''Kalyon RSY inşaat X3 İşletmesi" Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru Ali DURDU şəxsində və digər tərəfdən bundan sonra "Alıcı" adlandırılacaq "xxxx" Məhdud Məsuliyyət Cəmiyyəti adından Direktor İlkin HÜSEYNOV şəxsində 03 Sentyabr 2025-ci il tarixdə Bakı şəhərində bağlanmışdır. "Satıcı" malı hazırkı müqavilənin bir hissəsi olan Əlavələr və qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə "Alıcı" tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq "Alıcı"ya təhvil verməyi öz öhdəsinə götürür. Apellyasiya məhkəməsi apellyasiya şikayəti üzrə həmçinin onu da qeyd edir ki, İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş qeyd olunan icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə İXM-in “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” üzrə fəslinə yox, “Mülkiyyət əleyhinə olan inzibati xətalar” (fəsil 24) üzrə fəslinə aiddir. Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İlk növbədə apellyasiya məhkəməsi qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mahiyyət etibarilə birinci instansiya məhkəməsində araşdırılmış halların təkrar ifadəsindən ibarətdir və həmin dəlillər məhkəmənin gəldiyi nəticələrin səhv olmasını təsdiq edən hər hansı yeni sübut və ya hüquqi əsasla müşayiət olunmur. Apellyasiya şikayətində əsasən ##.##.2026-cı il tarixli ***** nömrəli akta, MN ******* nömrəli inzibati xəta haqqında protokola, X4 Ehtiyatlarından İstifadə Agentliyinin müraciətinə və həmin qurum tərəfindən hazırlanmış materiallara istinad edilməklə şikayətçinin guya 830 kubmetr həcmində qarışıq süxur hasil etməsi göstərilsə də, həmin sənədlərin məzmunu iş üzrə mövcud olan digər sübutlarla, o cümlədən məhkəmə iclasında verilmiş izahatlarla, araşdırma zamanı tərtib olunmuş aktlarla və işin faktiki halları ilə müqayisəli şəkildə qiymətləndirildikdə həmin sənədlərin şikayətçinin təqsirini şübhədən kənar təsdiq etmədiyi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, şəxsin təqsirini və iş üçün əhəmiyyət kəsb edən digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktiki məlumat sübut hesab edilir. Lakin həmin sübutlar yalnız formal olaraq mövcud olmaqla kifayətlənməməli, etibarlı, mötəbər, bir-biri ilə uzlaşan və işin faktiki hallarını şübhəsiz təsdiq etməlidir. Eyni zamanda Məcəllənin 84.1-ci maddəsinə görə hakim sübutları onların məcmusuna əsasən hərtərəfli, tam və obyektiv qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi də məhz bu prinsipləri rəhbər tutaraq iş üzrə təqdim olunmuş bütün sübutları ayrılıqda deyil, qarşılıqlı əlaqədə qiymətləndirmiş və haqlı olaraq nəticəyə gəlmişdir ki, səlahiyyətli orqanın təqdim etdiyi materiallar şikayətçinin təqsirini təsdiq etmək üçün kifayət etmir. Apellyasiya şikayətində əsas dəlil kimi göstərilir ki, ##.##.2026-cı il tarixli akt və protokolla Verdiyev İbrahim Məhiyəddin oğlunun 830 kubmetr həcmində qarışıq süxur götürdüyü müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin akt və protokolun mövcudluğu özlüyündə şəxsin təqsirinin mübahisəsiz sübutu kimi qəbul edilə bilməz. Çünki səlahiyyətli orqan tərəfindən tərtib olunmuş akt və protokol yalnız sübut vasitələrindən biridir və həmin sənədlərdə göstərilən hallar digər obyektiv sübutlarla təsdiq edilmədikdə məhkəmə həmin sənədləri avtomatik olaraq mötəbər sübut kimi qəbul etməyə borclu deyildir. Əks yanaşma qəbul edilərsə, bu, məhkəmənin sübutları sərbəst qiymətləndirmə səlahiyyətini aradan qaldırar və səlahiyyətli orqanın tərtib etdiyi istənilən sənədi əvvəlcədən müəyyən edilmiş sübut qüvvəsinə malik sənəd kimi qəbul etməyə səbəb olar ki, bu da İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinin tələblərinə zidd olardı. Məhkəmə xüsusi olaraq qeyd edir ki, apellyasiya şikayətində istinad olunan araşdırma materiallarının özündə də mühüm ziddiyyətlər mövcuddur. Belə ki, iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə ETSN-in * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirmiş, həmin baxış zamanı qanunsuz qazıntı aparılması, emal olunmamış xammalın çıxarılması və ya hasil olunması faktını aşkar etməmişlər. Bu hal yalnız şikayətçinin izahatı ilə deyil, həm də məhkəmə iclasında iştirak etmiş inzibati orqanın nümayəndəsinin izahatı ilə təsdiq edilmişdir. Nümayəndə açıq şəkildə bildirmişdir ki, onlar hadisə yerində olduqları zaman qazıntı işləri və emal olunmamış materialın daşınması müşahidə edilməmiş, protokol yalnız sonradan Agentlik tərəfindən təqdim edilmiş fotoşəkillər və digər materiallar əsasında tərtib olunmuşdur. Belə olan halda apellyasiya şikayətində həmin nümayəndənin məhkəmədə verdiyi izahatın ümumiyyətlə nəzərə alınmaması və yalnız akta istinad edilməsi işin faktiki hallarının birtərəfli qiymətləndirilməsinə səbəb olur. Apellyasiya şikayətində göstərilən digər dəlil ondan ibarətdir ki, guya Agentlik tərəfindən tərtib edilmiş sənədlərin təhlili nəticəsində ##.##.2026-cı il tarixdə Verdiyev İbrahim Məhiyəddin oğlu tərəfindən 830 kubmetr həcmində emal olunmamış qarışıq süxurun hasil edilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, bu dəlil də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Belə ki, iş materiallarından görünür ki, həmin nəticə hadisə yerində birbaşa aşkar edilmiş faktlara deyil, sonradan hazırlanmış fotoşəkillərin və digər sənədlərin təhlilinə əsaslanmışdır. Halbuki inzibati məsuliyyətə cəlbetmənin əsası şəxsin konkret hüquqazidd əməli törətməsinin mötəbər və bir-birini tamamlayan sübutlarla təsdiq edilməsidir. Yalnız ehtimal xarakterli nəticələrə, dolayı mülahizələrə və fotoşəkillərin subyektiv şərhinə əsaslanmaqla şəxsin təqsirli hesab edilməsi hüquqi müəyyənlik prinsipinə və inzibati icraatın əsas prinsiplərinə uyğun deyildir. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, protokol və inzibati tənbeh vermə haqqında qərar əsasən ehtimallara, fotoşəkillərə və dolayı mülahizələrə əsaslanmış, lakin şikayətçinin İXM-in 228-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi kifayət qədər və mötəbər sübutlarla təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən "830 kubmetr qarışıq süxurun götürülməsi" faktının özü belə avtomatik olaraq həmin süxurun məhz Verdiyev İbrahim Məhiyəddin oğlu tərəfindən hasil edildiyini sübut etmir. İnzibati məsuliyyət yalnız nəticənin mövcudluğu ilə deyil, həmin nəticə ilə şəxsin hərəkətləri arasında səbəbli əlaqənin etibarlı sübutlarla müəyyən edilməsi ilə mümkündür. İş materiallarında isə Verdiyev İbrahim Məhiyəddin oğlunun şəxsən qazıntı işləri aparmasını, texnikaya rəhbərlik etməsini, yerin təkindən faydalı qazıntı çıxarmasını və ya belə fəaliyyətə göstəriş verməsini təsdiq edən hər hansı şahid ifadəsi, videoçəkiliş, ekspert rəyi və ya digər obyektiv sübut mövcud deyildir. Əksinə, iş materiallarında onun yalnız əvvəlcədən emal olunmuş və anbarlaşdırılmış materialların daşınmasının təşkilində iştirak etdiyi müəyyən edilmişdir. Bu hal həm təqdim edilmiş müqavilə ilə, həm də məhkəmədə araşdırılmış digər materiallarla öz təsdiqini tapmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, Agentliyin müraciəti əsasında aparılmış araşdırma nəticəsində təbiətə 10.458 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təbiətə ziyanın hesablanması haqqında sənədin mövcudluğu da özlüyündə konkret şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət etmir. Çünki inzibati məsuliyyətin yaranması üçün ilk növbədə həmin şəxsin hüquqazidd əməli törətməsi sübuta yetirilməlidir. Təqsir sübuta yetirilmədən yalnız ziyanın mövcudluğu və ya onun məbləğinin hesablanması şəxsin inzibati məsuliyyətinə əsas ola bilməz. Bu baxımdan apellyasiya şikayətində ziyanın hesablanmasına istinad olunması birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni dəyişdirən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin öz məzmununda da birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq edən hallar mövcuddur. Belə ki, şikayətdə göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən ərazi əvvəllər "Kalyon RSY İnşaat X3 İşletmesi" şirkətinin qanuni karxanası olmuş, həmin şirkət tərəfindən emal olunmuş çınqıl ərazidə anbarlaşdırılmış, sonradan isə "xxxx" MMC ilə bağlanmış rəsmi alqı-satqı müqaviləsinə əsasən həmin materialların daşınması həyata keçirilmişdir. Eyni zamanda apellyasiya şikayətində də etiraf edilir ki, əraziyə baxış zamanı qanunsuz qazıntı aparılması və ya emal olunmamış xammal hasilatı aşkar edilməmişdir. Bu etiraflar apellyasiya şikayətinin digər hissələrində irəli sürülən iddialarla ziddiyyət təşkil edir və birinci instansiya məhkəməsinin müəyyən etdiyi faktiki halların düzgünlüyünü bir daha təsdiq edir. İş üzrə eyni səlahiyyətli orqanın həm qazıntının aşkar edilmədiyini bildirməsi, həm də sonradan yalnız dolayı materiallara əsaslanaraq şəxsin təqsirli olduğunu iddia etməsi həmin sübutların mötəbərliyinə əsaslı şübhələr yaradır. Bu cür şübhələr isə İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin və Konstitusiyanın 63-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməlidir. Beləliklə də, yuxarıda qeyd olunanlara yekun qiymət verərək apellyasiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi Verdiyev İbrahim Məhiyəddin oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməkdə haqlı olmuşdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Odur ki, apellyasiya məhkəməsi qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Səlahiyyətli orqan - * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini icra edən Oqtay Şahmurov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar