Məhkəmə qərarları › İş №3(3-9)-433/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №3(3-9)-433/2026

24.07.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 3(3-9)-433/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əliyev Əli Abdulla oğlunun sədrliyi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi ilə Masallı Rayon Məhkəməsindən daxil olmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510.1 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material üzrə işə həmin məhkəmədə baxılmasının mümkünlüyü, habelə materialın aidiyyəti üzrə başqa birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Masallı Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, R X1 tərəfindən ## #### 2026-cı il tarixdə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, protokolun tərtib edilməsinə əsas kimi göstərilən hadisə Masallı Rayon Məhkəməsinin inzibati binasında baş vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən ictimai qaydanı pozan, ətrafdakılara açıq hörmətsizlik ifadə etdiyi iddia olunan hərəkətlərə, habelə onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmama faktına istinad edilmişdir. Masallı Rayon Məhkəməsinin sədri və həmin məhkəmənin digər hakimi iş üzrə icraatın obyektivliyi, ədalətliliyi və qərəzsizliyi barədə proses iştirakçılarında hər hansı mümkün şübhənin yaranmaması məqsədilə özlərinə etiraz etmiş, inzibati xəta haqqında iş materialın başqa rayon məhkəməsində baxılması üçün aidiyyət məsələsinin həll edilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin göndərdiyi materialda göstərilən hallar nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırkı mərhələdə həll edilməli məsələ barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olub-olmaması, protokolda göstərilən faktların sübuta yetirilib-yetirilməməsi və ya inzibati tənbeh məsələsi deyil. Baxılan məsələ yalnız işə qərəzsiz məhkəmə tərkibi tərəfindən baxılmasının təmin edilməsi, yəni aidiyyətin prosessual qaydada müəyyən edilməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107.0-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılması icraatına verilmiş hakim, kollegial orqanın üzvü və ya vəzifəli şəxs həmin maddədə nəzərdə tutulmuş hallarda işə baxa bilməz. Həmin Məcəllənin 107.0.2-ci maddəsinə əsasən, hakim, kollegial orqanın üzvü və ya vəzifəli şəxs şəxsən düzünə və ya dolayısı ilə işin həllində maraqlıdırsa, bu işə baxılması istisna edilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən, 107-ci maddədə nəzərdə tutulan hallardan biri olduqda hakim, kollegial orqanın üzvü və ya vəzifəli şəxs özü-özünə etiraz etməlidir. Bu norma hakimin yalnız faktiki qərəzinin mövcudluğunu deyil, həm də obyektiv müşahidəçi baxımından qərəzsizlik barədə əsaslı şübhə doğura biləcək halların aradan qaldırılmasını hədəfləyir. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın və ya vəzifəli şəxsin səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə və ya vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə, bir qayda olaraq, onun törədildiyi yerdə baxılır. Lakin həmin qayda işə məhz qanunla müəyyən edilmiş, müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması təmin olunduğu halda tətbiq edilə bilər. İşin törədildiyi yer üzrə məhkəmənin bütün hakimlərinin əsaslandırılmış şəkildə özlərinə etiraz etməsi səbəbindən həmin məhkəmədə qanuni və qərəzsiz tərkibin formalaşdırılması mümkün olmadıqda, ərazi aidiyyəti qaydasının formal tətbiqi ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə uyğun olmaz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində işlərin qanunla müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsinin və ya işin əsassız olaraq qanuni hakimin icraatından alınmasının qadağan edilməsi təsbit olunmuşdur. Lakin hazırkı halda işin başqa məhkəməyə verilməsi əsassız aidiyyət dəyişikliyi deyil, məhkəmənin bütün hakimlərinin işə baxılmasında obyektiv qərəzsizlik şübhəsini aradan qaldırmaq üçün qanunla nəzərdə tutulmuş prosessual mexanizmin tətbiqidir. Həmin Qanunun 16-cı maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda hakimlərin qərəzsizliyinə şübhə doğuran hallar yarandıqda hakim həmin işə baxılmasından çəkinməli, yaxud kənarlaşdırılmalıdır. Bu müddəa məhkəmənin qərəzsizliyinin yalnız faktiki mövcudluğunu deyil, həm də onun kənardan görünən etibarlılığını və proses iştirakçılarında məhkəməyə inamın qorunmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” qərarında izah edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş, hakim tərəfindən işə baxılmasına yol verilməyən halların mövcud olması ona etiraz edilməsi və ya hakimin özü-özünə etiraz etməsi üçün əsasdır; hüquqi əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Həmçinin Plenum qərarında birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya öz-özünə etiraz təmin edildiyi halda işin apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilməli olduğu izah edilmişdir. Hazırkı inzibati xəta haqqında iş üzrə protokolların məzmununa görə hadisə məhz Masallı Rayon Məhkəməsinin inzibati binasında baş vermiş, bundan sonra iş həmin məhkəməyə daxil olmuşdur. Belə halda işə Masallı Rayon Məhkəməsinin hər hansı hakimi tərəfindən baxılması, hətta faktiki qərəz mövcud olmasa belə, proses iştirakçılarında və ictimaiyyətin obyektiv müşahidəçi mövqeyində məhkəmənin qərəzsizliyi barədə şübhə yarada bilər. Qərəzsiz məhkəmə hüququnun təmin edilməsi baxımından əsas məsələ hakimin daxili münasibətinin müəyyən edilməsi ilə məhdudlaşmır. Məhkəmə araşdırması elə təşkil olunmalıdır ki, qəbul ediləcək qərar təkcə qanuni və əsaslı deyil, həm də proses iştirakçıları üçün qərəzsiz məhkəmə tərəfindən qəbul edilmiş qərar kimi görünsün. Məhz bu səbəbdən özünə etiraz institutu təkcə maraqlar toqquşmasının faktiki mövcudluğunu deyil, belə təəssürat yarada bilən obyektiv halların da qarşısının alınmasına xidmət edir. İşə aid materiallardan görünür ki, özünə etiraz yalnız ümumi və formal mülahizəyə əsaslanmamış, konkret faktiki vəziyyətlə - inzibati xəta hadisəsinin Masallı Rayon Məhkəməsinin binasında baş verməsi, hadisənin həmin məhkəmədə xidmət aparan polis əməkdaşları ilə bağlı olması və işin həmin məhkəmənin hakimləri tərəfindən baxılacağı təqdirdə qəbul ediləcək qərarların proses iştirakçıları tərəfindən şübhə altına alına bilməsi ehtimalı ilə əsaslandırılmışdır. Bu hallar İXM-in 107.0.2 və 108.1-ci maddələrinin məqsədinə uyğun olaraq obyektiv qərəzsizlik şübhəsinin aradan qaldırılmasını zəruri edir. Bu baxımdan Masallı Rayon Məhkəməsinin sədrinin və digər hakiminin özlərinə etiraz etmələri nəticəsində həmin məhkəmədə hazırkı inzibati xəta haqqında işə baxa biləcək məhkəmə tərkibinin formalaşdırılması mümkün deyildir. İş materiallarının həmin məhkəmədə saxlanılması və ya eyni məhkəmədə başqa hakim tərəfindən baxılması faktiki olaraq icraatın aparılmasını mümkünsüz edər və inzibati xətalar haqqında işlər üzrə qanunla müəyyən edilmiş operativlik, obyektivlik və ədalətlilik tələbləri ilə uzlaşmaz. Beləliklə, işin yaxın ərazidə yerləşən digər rayon məhkəməsinə göndərilməsi həm İXMin 109.1.7-ci maddəsinin tələb etdiyi aidiyyət üzrə göndərmə mexanizminə, həm də qərəzsiz məhkəmə tərkibinin təmin edilməsi məqsədinə uyğundur. Materialın Lənkəran Rayon Məhkəməsinə göndərilməsi işin əsassız olaraq qanuni hakimin icraatından alınması kimi qiymətləndirilə bilməz; əksinə, bu qərar gələcək məhkəmə baxışının obyektiv və qərəzsiz aparılmasına yönəlmiş zəruri prosessual təminatdır. Apellyasiya instansiyası məhkəməsi xüsusi olaraq qeyd edir ki, hazırkı qərardadla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törədibtörətməməsi barədə hər hansı hüquqi nəticə çıxarılmır. Bu məsələlər yalnız işə mahiyyəti üzrə baxacaq məhkəmə tərəfindən, iş materialları hərtərəfli, tam və obyektiv araşdırıldıqdan, barəsində icraat aparılan şəxsin müdafiə hüquqları təmin edildikdən və sübutlara qanuni qiymət verildikdən sonra həll edilə bilər. Göstərilənlərə əsasən, Masallı Rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialın aidiyyəti üzrə başqa birinci instansiya məhkəməsinə göndərilməsi barədə məsələ təmin edilməli, işə baxılması yaxın ərazidə yerləşən Lənkəran Rayon Məhkəməsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 107.0.2, 108.1, 109.1.7 və 110cu maddələrini, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15 və 16-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Masallı Rayon Məhkəməsindən daxil olmuş Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1ci maddələri ilə inzibati xəta haqqında iş üzrə material aidiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar