Məhkəmə qərarları › İş №3(3-9)-434/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-434/2026

03.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-434/2026 03.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin olunmaması barədə Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X1) ilə Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası DİN Baş Dovlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı qərarın ləğv edilməsinə dair şikayətin əsassız olduğundan təmin edilməməsi barədə yekun qərar qəbul edilmişdir. İŞIN HALLARI: Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi Qərardan şikayət verən orqan (şəxs) şikayətində göstərmişdir ki, barəsində Nəsimi rayonunda törətdiyi irəli sürülən xəta ilə əlaqədar Baş DYP İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EQ seriyalı, ******** nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM tərəfindən 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Belə ki, söxügedən tarixdə protokolda qeyd edilən ünvanda dayanacaq yerləri dolu olduğu üçün arxa işıqları işlək vəziyyətdə olan bir avtomobilin arxasında bir anlıq gözlərmi ki, yerinə daxil olsun. Lakin şıxmadığını gördükdə avtonobili ilə hərəkət edərərk ordan uzaqlaşmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası DİN Baş Dovlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli, EQ ******** saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etdi. İş üzrə Cəlilabad Rayon Məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada qərar qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Qərardan şikayət verən orqan (şəxs) Cəlilabad Rayon Məhkəməsinin 0# #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı inzibati qərarından apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026 tarixli, № *(5-117)-520/2026 qərarının ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Baş DYP İdarəsi tərəfindən barəsində tərtib edilmiş ##.##.2026 tarixli, № EQ******** qərar qanunsuz və əsassız olduğu üçün məhkəmə şikayət ünvanlandlığını və işə baxan Cəlilabad Rayon Məhkəməsi ##.##.2026 tarixli, № *(5-117)-520/2026 qərarla şikayətini təmin etməmişdir. Qəbul edilən bu qərar maddi və prosessual pozuntularla müşayiət edilməklə birlikdə vətəndaşda ədalətin təmininə olan ümidi, etimadı sarsıdır. Odur ki, hüququnun müdafiəsi üzrə apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Əvvəla, Cəlilabad Rayon Məhkəməsinin qərarında qeyd edilir ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi Qərardan şikayət verən orqan (şəxs) məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu, tamamilə həqiqətə ziddir. Aşkardır ki, iş materialları hərtərəfli araşdıırlmamışdır. Bildirir ki, e-sistemdən və iş üzrə materiallardan göründüyü kimi, tərəfindən iclasdan bir gün əvvəl məhkəməyə məlumatlandırma təqdim edilmiş, iclasda iştirakının üzrlü səbəbdən mümkün olmadığı bildirilmiş, eyni zamanda ədalət mühakiməsinə etimadı vurğulanmış və şikayətinin işə baxılaraq təmin edilməsi xahiş edilmişdir. İkincisi, məhkəmə qərarında qanuna istinad edərək qeyd edir, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” qanunun əsas anlayışlar adlı 1 -ci maddəsinin 29-cu bəndində “dayanma” anlayışı üçün adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsi şərhi verilir. 31-ci bənddə isə “durma” anlayışı üçün əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsinin durmuş hesab edilməsi şərhi verilir. Açıq-aşkardır ki, mənim əməlimdə nə durma, nə də dayanmanın əlamətləri vardır. Aydındır ki, arxa işıqları işlək vəziyyətdə olan və dayanacaq yerindən bir qədər arxaya çıxıntılı vəziyyətdə duran NV-nin arxasına bir anlıq yaxınlaşaraq onun çıxıb-çıxmayacağını yoxlamaq ən təbii hüququmdur və bunu tənbeh etmək tamamilə əsassız və qanunsuzdur. İş üzrə faktlarla irəli sürdüyü hallardan də göründüyü kimi tərəfindən xəta törədilməsinə dair heç bir sübut müəyyən edilməmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qərar mənə ##.##.2026 tarixdə təqdim edilib. Bu qərarda qeyd olunan hal gerçəyi əks etdirmədiyinə, beləliklə, əməlimdə inzibati xəta tərkibi olmadığına görə inzibati xəta üzrə icraata xitam verilməlidir. İMX-in 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Apellyasiya məhkəməsi Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) səlahiyyətli orqan - Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətin, habelə Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmiş, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) “Changan SC35” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış və ya durmuş olduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Changan SC35” markalı, **- MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, A.Məmmədov küçəsində yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış vəziyyətdə olmuş, yolun sağ kənarında isə parklanmış digər nəqliyyat vasitələri mövcud olmuşdur. Həmin hal xüsusi texniki vasitə (kamera) ilə qeydə alınmış və iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 13-cü maddəsinə görə, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Yuxarıda qeyd olunan qanun normalarının tələblərinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta tərkibinin obyektiv cəhətini nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması təşkil edir. Bu əməl "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən yol hərəkəti təhlükəsizliyi sahəsində ictimai münasibətlərə qəsd edən, hüquqazidd və inzibati məsuliyyət yaradan hərəkətdir. Birinci instansiya məhkəməsi iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmaqla haqlı olaraq müəyyən etmişdir ki, sürücü Qərardan şikayət verən orqan (şəxs) idarə etdiyi "Changan SC35" markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, A.Məmmədov küçəsində yolun hərəkət hissəsinin kənarında, yolun sağ tərəfində dayanmış nəqliyyat vasitələrinin yanında ikinci cərgədə yerləşdirilmişdir. İş materiallarında olan fotoşəkillərdən nəqliyyat vasitəsinin ikinci cərgədə dayandığı aydın görünür və həmin hal xüsusi texniki vasitə ilə qeydə alınmışdır. Bu hərəkət "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, nəqliyyat vasitələrinin yolun sağ tərəfində, yol çiyini olduqda yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında yalnız bir cərgədə dayanmasına icazə verilir, ikinci cərgədə dayanma isə qadağandır. Beləliklə, nəqliyyat vasitəsinin ikinci cərgədə dayanması iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından, həmin hərəkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Şikayətçinin dayanacaq yerlərinin dolu olması, başqa nəqliyyat vasitəsinin hərəkətə başlayacağını gözləməsi və qısa müddət ərzində həmin yerdə olması barədə izahatları inzibati məsuliyyəti istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan fotoşəkillər nəqliyyat vasitəsinin ikinci cərgədə dayandığını təsdiq edir və bu halın mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tətbiqi üçün kifayət edir. Belə ki, “Yol hərəkəti haqqında” AR Qanunun əsas anlayışlardan bəhs edən 52-cı maddəsinin 1-ci bəndində qeyd olunur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən sübutların qiymətləndirilməsi hakimin daxili inamı ilə həyata keçirilir. Məhkəmə sübutların məcmusunu qiymətləndirərkən nəticəyə gəlir ki, təqdim edilmiş fotoşəkillər xüsusi texniki vasitənin qeydiyyat məlumatları kimi qanunla müəyyən edilmiş sübut hesab olunur və onların etibarlılığına qarşı əsassız şübhə yaradan hər hansı fakt yoxdur. İXM-in 84.2-ci maddəsi isə heç bir sübutun qabaqcadan üstün qüvvəyə malik olmadığını müəyyən etməklə yanaşı, fotoşəklin təkbaşına da sübut kimi qəbul olunmasını mümkünsüz etmir əksinə, 122-ci maddə foto görüntünün mövcud olmasını inzibati qərar üçün kifayət etmişdir. İnzibati xətaların qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin təmin edilməsi dövlətin mühüm funksiyalarından biri olduğundan, İnzibati Xətalar Məcəlləsinin 2, 4 və 9-cu maddələrində təsbit olunan qanunçuluq, ədalətlilik və mütənasiblik prinsipləri məhkəmənin sübutları qiymətləndirməsi zamanı rəhbər tutulmuşdur. İnzibati xəta tərkibi tam sübut olunduğundan və şikayətçinin təqdim etdiyi izahlar xəta tərkibini istisna etmədiyindən, elektron qərarın hüquqa zidd qəbul edilməsi barədə iddialar əsassızdır. Məcəllənin 126-cı maddəsinin tələblərinə uyğun olaraq qərardan şikayət vermək hüququ şikayətçidə mövcud olmuş, şikayət müddəti keçmədən təqdim edilmiş, lakin şikayət predmeti olan elektron qərarın ləğv edilməsini tələb edən hüquqi əsaslar araşdırma zamanı müəyyən olunmamışdır. Məhkəmə müəyyən edir ki, qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitələr vasitəsilə aşkar edilmiş hüquqpozmanın qeydiyyatı əsasında çıxarılmışdır və qüvvədə saxlanılması üçün bütün hüquqi şərtlər mövcuddur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, nəqliyyat vasitələrinin yalnız yolun sağ tərəfində və yalnız bir cərgədə dayanmasına icazə verilir. İkinci cərgədə dayanma isə qanunla açıq şəkildə qadağan olunmuşdur. Bu norma imperativ xarakter daşıyır və sürücünün niyyəti, məqsədi və ya situasiyanı təhlükəsiz hesab etməsi ilə dəyişdirilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq sürücü Qərardan şikayət verən orqan (şəxs) dayanacaq yerlərinin dolu olması səbəbindən başqa nəqliyyat vasitəsinin hərəkətə başlamasını gözləməsi və həmin yerdə qısa müddət dayanması ilə bağlı izahatlarının inzibati xəta tərkibini istisna etmədiyi qənaətinə gəlmişdir. Belə ki, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanması iş materiallarında olan fotoşəkillərlə obyektiv şəkildə təsdiq edilmişdir. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta anlayışına uyğun olmaqla, həmin Məcəllənin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətin yaranmasına əsas verir. Belə ki, fotoşəkillərdə parklanmış nəqliyyat vasitələrindən (o cümlədən ** MO *** dövlət nömrə nişanlı avtomobilin sağında olan) hər hansı birinin dayanacaq yerini tərk etmək məqsədilə arxaya və ya irəli hərəkət etməsi, yaxud sürücü Qərardan şikayət verən orqan (şəxs) həmin nəqliyyat vasitəsinə yol vermək və boşalacaq yerdə avtomobilini saxlamaq niyyəti ilə gözləmə mövqeyi tutması müşahidə olunmur. Əksinə, fotoşəkillərdən görünən vəziyyət sürücünün sadəcə hərəkət zolağında dayanmış olduğunu göstərir və onun dayanmasının dayanacaq yerinin boşalmasını gözləmə ilə əlaqəli olduğunu təsdiq edən hər hansı obyektiv əlamət əks olunmur. İnzibati xəta haqqında iş üzrə icraat zamanı sübutetmə vəzifəsi obyektiv sübutlarla təmin edilməlidir. Fotoşəkillərdə sürücünün irəli sürdüyü halı təsdiq edən vizual əlamətlər olmadığından, yalnız onun izahatına əsaslanaraq dayanmanın dayanacaq yerinin boşalmasını gözləmə məqsədi daşıdığı qənaətinə gəlmək mümkün deyildir. Buna görə də, sürücünün bu barədə verdiyi izahat mövcud foto-materiallarla uzlaşmır və işin faktiki halları ilə təsdiq olunmur. Sübutların qiymətləndirilməsi baxımından birinci instansiya məhkəməsi İXM-in 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq sübutları daxili inamına əsasən, 84.2-ci maddəsinə uyğun olaraq isə onların məcmusu üzrə qiymətləndirmişdir. İş materiallarında olan fotoşəkillər xüsusi texniki vasitə ilə qeydə alınmış məlumatlar olmaqla qanunla yol verilən sübut növüdür və onların mötəbərliyini şübhə altına alan hər hansı hal iş materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi hesab edir ki, fotoşəkillərin sübut kimi qəbul edilməsi İXM-in tələblərinə uyğundur və əlavə videogörüntünün təqdim edilməməsi inzibati tənbeh vermə haqqında elektron qərarın hüquqi qüvvəsinə təsir göstərmir. Şikayətçinin birinci instansiya məhkəməsinin onun məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat vermədiyi barədə qərarda göstərilən halın həqiqətə uyğun olmadığını bildirməsinə gəldikdə isə, apellyasiya məhkəməsi hesab edir ki, bu dəlil özlüyündə mübahisələndirilən qərarın ləğvi üçün əsas yaratmır. Belə ki, iş üzrə toplanmış sübutlar birinci instansiya məhkəməsi tərəfindən tam və obyektiv araşdırılmış, şikayətçinin irəli sürdüyü arqumentlər qiymətləndirilmiş və qəbul edilmiş nəticənin qanuniliyinə təsir göstərə biləcək prosessual pozuntu müəyyən edilməmişdir. Beləliklə, apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, səlahiyyətli orqan tərəfindən Qərardan şikayət verən orqan (şəxs) İXM-in 346.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni və əsaslı olmuşdur. Bu baxımdan, inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə baxan Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, apellyasiya məhkəməsi göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar