Məhkəmə qərarları › İş №3(3-9)-446/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-446/2026

07.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-446/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) iştirakı ilə, Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Bayramov Orxan Telman oğlunun sədrliyi) ilə Qərardan şikayət verən orqan (şəxs) şikayətinin təmin edilməsi, onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, inzibati tənbeh vermə haqqında qərara əsasən tətbiq edilmiş cərimə məbləğinin silinməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Hacıqabul rayonu, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 110-cu km-də yol kənarında kökü üstə yaş, diametrləri 6-8 sm olmaqla 16 ədəd göyrüc ağaclarını ##.##.2025-ci il tarixində kökündən çıxartmışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) İXM-nin 253.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026 cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadına əsasən Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Hacıqabul Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək, məhkəmənin qərarının ləğv edilməsini və Qərardan şikayət verən orqan (şəxs) barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli, MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsi işə bir tərəfli yanaşmış, yalnız şikayətçinin ifadələrini qəbul edərək onun maraqlarından çıxış etmiş, işə baxılarkən prosesual qaydalar pozulmuş, və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Belə ki, işə baxılarkən Nümayəndə İbrahim oğlu Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi kimi tanınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 65.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraatda müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə iştirak edə bilər. 65.1-1. Məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır.' Göründüyü kimi, məhkəmə tərəfindən işə baxılarkən prosesual qaydalar ciddi pozulmuşdur. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 253.3.2ci maddəsinə əsasən magistral avtomobil yollarının və dəmiryolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər altı min manat miqdarında, hüquqi şəxslər qırx min manat miqdarında cərimə edildiyindən, hazırki iş üzrə ## ###### 2026-cı il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarda Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikasının İXMnin 253.3.2-ci maddəsi ilə təqsirli bilinərək fiziki şəxs qismində 5000 manat cərimə olunmuşdur. Həmin maddənin sanksiyasında mövcud olmayan inzibati cərimə miqdarı şəxs barəsində tətbiq olunmuşdur. İdarə əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı Hacıqabul rayonu, Bakı- Ələt-Qazax avtomagistral yolunun 110-cı km, yolun sağ hissəsində Qərardan şikayət verən orqan (şəxs) məxsus torpaq sahəsində əvvələr yanacaq doldurma məntəqəsi olmuş ərazidə yenidənqurma işləri aparılarkən 16 ədəd kök üstə yaş olan ağacların kökündən çıxarılaraq götürülməsi faktı aşkar edilmişdir. Faktla bağlı İXM-nin 253.3.2-ci maddəsinə əsasən (magistral avtomobil yollarının və dəmiryolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində törədildikdə) inzibati xəta haqqında protokol tərtib edilərək Qərardan şikayət verən orqan (şəxs) fiziki şəxs qismində 5000 manat məbləğində cərimə edilmişdir. Belə ki, İXM-nin 253.3.2-ci maddəsinin sanksiyasında hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslərin iki min beş yüz manat miqdarında cərimə olunması nəzərdə tutulmuşdur. Həmin ərazidə 16 ədəd yaşıllıqların qanunsuz olaraq götürülməsi nəzərə alınaraq və İXM-nin 25.4-ci maddəsi rəhbər tutularaq (manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan artıq ola bilməz) Qərardan şikayət verən orqan (şəxs) 5000 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, İdarə tərəfindən bütün prosessual qaydalara riayət olunsa da, Hacıqabul Rayon Məhkəməsi işə birtərəfli yanaşmış, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, yalnız şikayətçinin ifadələrini qəbul etmiş və bunun nəticəsində əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlar Hacıqabul Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının əsassız və qanunsuz olmasının birbaşa sübutdur. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni və əsaslı nəticəyə gəldiyini, sözügedən ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, ərazidə ağac kəsintisi olmadığını, * saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin tətbiq etdiyi cərimənin dekabr ayında yazıldığını və bu barədə ona heç bir məlumat verilmədiyi üçün 5000 manatlıq cərimənin 11200 manata qədər yüksəldiyini göstərib, şikayətin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarının, o cümlədən birinci instansiya məhkəməsinin iclas protokolunun və qəbul edilmiş qərarın təhlilindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) tərəfindən onu təmsil etmək və adından müvafiq hərəkətləri həyata keçirmək məqsədilə atası Nümayəndə İbrahim oğluna etibarnamə verilmiş, beləliklə də, məhkəmə tərəfindən işə Qərardan şikayət verən orqan (şəxs) nümayəndəsi qismində Nümayəndə iştirakı ilə baxılmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 65.1-1-ci maddəsinə əsasən məhkəmənin baxdığı inzibati xəta haqqında iş üzrə icraata fiziki şəxsin müdafiəçisi qismində yalnız vəkil, zərər çəkmiş fiziki şəxsin nümayəndəsi qismində isə onun yaxın qohumu və ya vəkil buraxılır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz hüquq və mənafelərini müdafiəçi vasitəsilə həyata keçirə bilər. Qanunvericilikdə həmin şəxsin nümayəndə ilə təmsil olunması institutu nəzərdə tutulmamış, nümayəndənin iştirakı isə yalnız zərərçəkmiş şəxsin hüquqlarının həyata keçirilməsi ilə bağlı tənzimlənmişdir. Belə olan halda, apellyasiya məhkəməsi hesab edir ki, Qərardan şikayət verən orqan (şəxs) atası Nümayəndə İbrahim oğlunun işdə nümayəndə kimi iştirak etməsi və məhkəmənin də ona bu prosessual statusu verməsi qanunun tələblərinə uyğun olmamışdır. Məhkəmə tərəfindən iştirakçının prosessual statusunun düzgün müəyyən edilməməsi işə baxılarkən tərəflərin hüquq və vəzifələrinin həcminin, habelə onların həyata keçirilməsi qaydasının düzgün müəyyən edilməməsinə səbəb olmuşdur. Belə ki, prosessual qanunvericiliyin tələblərinə riayət olunması məhkəmə araşdırmasının qanuniliyi və ədalətliliyinin təmin edilməsinin vacib şərtlərindən biridir. İşə baxılmasında iştirak edən şəxslərin prosessual vəziyyətinin düzgün müəyyən edilməməsi isə işin mahiyyəti üzrə düzgün və əsaslandırılmış qərarın qəbul edilməsinə təsir göstərə biləcək mühüm prosessual pozuntu hesab olunmalıdır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş qeyd olunan prosessual pozuntu iş üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasına mane olmuş, nəticədə mübahisələndirilən qərarın qanuniliyi barədə yekun nəticəyə gəlmək imkanını məhdudlaşdırmışdır. Odur ki, məhkəmənin qənaətinə görə, həmin pozuntunun aradan qaldırılması, iş üçün əhəmiyyət kəsb edən bütün halların lazımi qaydada araşdırılması və iştirakçıların prosessual statuslarının düzgün müəyyən edilməsi məqsədilə işə yenidən baxılması zəruridir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni iş üzrə toplanmış sübutların hərtərəfli, tam və obyektiv araşdırılması baxımından da əsaslı hesab etmir. Belə ki, məhkəmənin mübahisə olunan qərarından görünür ki, birinci instansiya məhkəməsi şikayət üzrə icraata xitam verilməsi barədə nəticəyə gələrkən yalnız Azərbaycan Respublikası İXM-nin 253.3.2-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün nəzərdə tutulmuş cərimə məbləğinin 2500 manat olmasına, halbuki barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsə 5000 manat məbləğində cərimə təyin edilməsinə istinad etmiş, bununla da inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini zəruri hesab etmişdir. Lakin məhkəmənin həmin nəticəyə gəlməsi üçün iş üzrə şəxsin inzibati xətanı törədibtörətməməsi, inzibati xəta hadisəsinin faktiki olaraq mövcud olub-olmaması, hadisənin məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilib-törədilməməsi, inzibati xəta haqqında protokolun və digər sənədlərin hansı halları təsdiq etməsi, habelə iş materiallarında olan sübutların bir-biri ilə uzlaşıb-uzlaşmaması məsələlərinin də araşdırılması zəruri olmuşdur. Halbuki birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə bu məsələlərin heç birinə hüquqi qiymət verməmiş, işdə olan sübutların məzmununu təhlil etməmiş, onların mümkünlüyünü, mötəbərliyini və qarşılıqlı əlaqəsini qiymətləndirməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati xəta haqqında iş üzrə qərarın qanuniliyinin yoxlanılması yalnız inzibati tənbeh kimi tətbiq edilmiş cərimənin məbləğinin qanunda nəzərdə tutulmuş sanksiyaya uyğun olub-olmamasının müəyyən edilməsi ilə məhdudlaşmır. Məhkəmə işə baxarkən ilk növbədə inzibati xəta hadisəsinin və tərkibinin mövcudluğunu, şəxsin həmin xətanın törədilməsində təqsirini, habelə iş üzrə əhəmiyyətli olan digər halları müəyyən etməli, bunun üçün təqdim edilmiş və iş materiallarında olan sübutları ayrı-ayrılıqda və onların məcmusu üzrə qiymətləndirməlidir. Yalnız bundan sonra iş üzrə yekun prosessual nəticəyə gəlinməsi mümkündür. Eyni zamanda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya instansiyası məhkəməsində ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, ağac kəsintisinin olmadığını bildirməklə inzibati xəta haqqında qərarda göstərilən halları mahiyyətcə mübahisələndirmişdir. Bu mövqe inzibati xəta hadisəsinin özünün mövcudluğu və əməlin hüquqi tövsifi baxımından yoxlanılmalı olan haldır. Lakin birinci instansiya məhkəməsi bu xüsusatların əsaslı olub-olmamasını müəyyən etmək üçün mövcud sübutlar arasında müqayisəli təhlil aparmamış, həmin izahatların iş materiallarında olan məlumatlarla təsdiq və ya təkzib olunub-olunmadığını müəyyən etməmiş, təqsirlilik məsələsinə qiymət verməmişdir. Halbuki, iş üzrə sübutların tam, hərtərəfli və obyektiv tədqiqi prinsipi məhkəmədən şəxsin təqsirini təsdiq və ya təkzib edən bütün sübutları qarşılıqlı əlaqədə araşdırmağı tələb edir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi yeganə hüquqi əsas inzibati tənbeh haqqında qərarda 5000 manat cərimə tətbiq edilməsinin İXM-nin 253.3.2-ci maddəsinin fiziki şəxslər üçün nəzərdə tutduğu 2500 manatlıq sanksiyaya uyğun gəlməməsi olmuşdur. İş üzrə inzibati xəta hadisəsinin mövcudluğu və şəxsin həmin xətanın törədilməsində təqsiri barədə nəticəyə gəlmək üçün sübutların tam və hərtərəfli araşdırılması zəruri olduğu halda, birinci instansiya məhkəməsi həmin araşdırmanı aparmadan yalnız sanksiyanın məbləğindəki uyğunsuzluğu əsas götürməklə icraata xitam vermişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, inzibati tənbeh haqqında qərarda tətbiq edilmiş cərimə məbləğinin İXM-in 253.3.2-ci maddəsinin sanksiyasına uyğun gəlməməsi halı özü-özlüyündə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün yetərli əsas kimi qiymətləndirilə bilməz. Belə ki, cərimənin məbləğinin qanunun sanksiyasına uyğun müəyyən edilməməsi ilə şəxsin inzibati xətanı törədib-törətməməsi məsələləri mahiyyət etibarilə fərqli hüquqi məsələlərdir. Bu baxımdan, cərimənin məbləğində yol verilmiş uyğunsuzluq müəyyən edildiyi halda, ilk növbədə işin faktiki halları, şəxsin inzibati xəta törətməkdə təqsirinin olub-olmaması və digər hüquqi əhəmiyyətli hallar tam araşdırılmalı, bundan sonra həmin pozuntunun aradan qaldırılmasının mümkün olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir. Başqa sözlə, iş üzrə şəxsin təqsirli olub-olmaması və inzibati xəta hadisəsinin mövcudluğu müəyyən edildiyi halda, yalnız cərimə məbləğinin səhv tətbiq edilməsi faktına əsaslanmaqla iş üzrə icraata xitam verilməsi və bununla da inzibati xəta törədilib-törədilməməsi məsələsinin mahiyyəti üzrə araşdırılmasının qarşısının alınması əsaslı hesab edilə bilməz. Belə vəziyyətdə, işin hallarından və müəyyən ediləcək nəticələrdən asılı olaraq, inzibati tənbeh haqqında qərarın müvafiq qaydada dəyişdirilməsi, o cümlədən qanuna uyğun cərimə məbləğinin müəyyən edilməsi məsələsi nəzərdən keçirilə bilərdi. Odur ki, birinci instansiya məhkəməsi cərimə məbləğindəki uyğunsuzluğu müəyyən etməklə kifayətlənməməli, həmin halın iş üzrə hansı hüquqi nəticəyə səbəb ola biləcəyini digər mühüm hallarla birlikdə qiymətləndirməli idi. Bu araşdırma aparılmadan yalnız cərimənin məbləğinə istinad edilərək iş üzrə icraata xitam verilməsi işin faktiki hallarının və şəxsin təqsirinin müəyyən edilməsini arxa plana keçirmişdir. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, İXMnin 253.3.2-ci maddəsinin sanksiyasının tətbiqi məsələsi həmin maddənin yalnız fiziki şəxslər üçün müəyyən etdiyi 2.500 manat məbləğində cərimə ilə məhdudlaşdırılmamalı, inzibati xətalar qanunvericiliyində bu məsələnin tənziminə dair müəyyən edilmiş digər tələblər də nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 253.3.2-ci maddəsinin sanksiyasında magistral avtomobil yollarının və dəmir yolunun mühafizə zolaqlarında yerləşən yaşıllıq sahələrində lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər üçün iki min beş yüz manat miqdarında, vəzifəli şəxslər üçün altı min manat miqdarında, hüquqi şəxslər üçün isə qırx min manat miqdarında cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 253-cü maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 253.3.1, 253.3.2 və ya 253.3.3-cü maddələrinə əsasən bir neçə ağacın və ya kolların zədələnməsi və ya məhv edilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş qaydada lazımi icazə olmadan kəsilməsi ilə əlaqədar inzibati xəta haqqında işə baxılarkən həmin xətaya görə tətbiq edilən inzibati cərimənin məbləği bu Məcəllənin 25.4-cü maddəsində hüquqi və fiziki şəxsə, həmçinin vəzifəli şəxsə münasibətdə müəyyən edilmiş məbləğdən artıq ola bilməz. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Bu baxımdan, iş üzrə müəyyən edilməli olan hallardan asılı olaraq, İXM-nin 253.3.2-ci maddəsinin bir neçə ağac və ya kol barəsində tətbiq edilməsi zamanı həmin maddənin sanksiyası ilə yanaşı, onun qeyd hissəsində müəyyən edilmiş məhdudiyyətlərin və İXM-nin 25.4cü maddəsinin tələbinin də məcmu şəkildə nəzərə alınması zəruridir. Başqa sözlə, ayrı-ayrı ağac və ya kollar üzrə müəyyən edilmiş cərimə məbləğlərinin hesablanması ilə fiziki şəxs barəsində yekun tətbiq edilə biləcək cərimənin qanunla müəyyən edilmiş maksimal həddi eyniləşdirilməməlidir. Odur ki, hazırkı mərhələdə cərimənin məbləği ilə bağlı yekun nəticəyə gəlməzdən əvvəl, ilk növbədə inzibati xəta hadisəsinin və şəxsin həmin xətanın törədilməsində təqsirinin olubolmaması, habelə məhv edildiyi və ya qanunsuz götürüldüyü iddia olunan ağac və kolların sayı və digər iş üçün əhəmiyyətli hallar müəyyən edilməli, bundan sonra inzibati tənbeh məsələsi yuxarıda qeyd olunan hüquqi normaların qarşılıqlı əlaqəsi nəzərə alınmaqla qiymətləndirilməlidir. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, inzibati xəta hadisəsinin mövcud olub-olmaması, həmin inzibati xətanın məhz Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədilib-törədilməməsi, onun inzibati xətanın törədilməsində təqsirinin olubolmaması kimi xüsusatlar aydınlaşdırılmamış, iş materiallarında olan sübutlara, eləcə də, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin araşdırma zamanı göstərdiyi xüsusatlara kifayət qədər ciddi yanaşılmadan, habelə prosessual pozuntuya yol verilməklə Qərardan şikayət verən orqan (şəxs) barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair nəticəyə gəlinmiş və beləliklə də, iş üzrə səthi qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərdən keçirən apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iş üzrə qanuni və əsaslı qərarın qəbul edilməsi üçün işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmalı və qarşılıqlı təhlil edilməli, bundan sonra işin mahiyyəti üzrə yekun nəticəyə gəlinməlidir. Məhkəmə hesab edir ki, əvvəlcə yenidən araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) məhkəmə baxışında iştirakı təmin edilməli, bu halda inzibati xətalar haqqında qanunvericiliyin müvafiq normalarının tələblərinə riayət olunmalı, daha sonra hazırkı inzibati xəta haqqında iş üzrə araşdırma aparılıb qanuni və əsaslı qərar qəbul edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməli, işə təkrar baxılarkən hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan hallar tam, hərtərəfli araşdırılmalı, sübutlara obyektiv qiymət verilməli və nəticədə qanuni və əsaslı qərarın qəbul edilməsi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda məhkəmə, qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. 135.1 və 135.1.1-ci maddələrinin tələblərinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## ### 2009-cu il tarixli qərarında apellyasiya instansiyasının mahiyyəti ilə bağlı hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, bu məhkəmə instansiyası tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Qərarda daha sonra qeyd edilmişdir ki, qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bununla qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Hacıqabul Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar