Azərbaycan Respublikası adından Qərar İş № 3(3-9)-471/2026 26.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KASPİ-F» MMC-nin direktoru Vəzifəli şəxs iştirakı ilə, «KASPİ-F» MMC və onun direktoru, vəzifəli şəxs Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## #### 20266-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KASPİ-F» MMC-nin direktoru Vəzifəli şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## #### 20266-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Muxtarov Muxtar Arif oğlunun sədrliyi) ilə «KASPİ-F» MMC-nin direktoru, vəzifəli şəxs Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz)) manat məbləğində cərimə edilməsi, hüquqi şəxs «KASPİ-F» MMc-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, “KASPİ-F” MMC-də ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikası İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə MMC-nin direktoru Vəzifəli şəxs barəsində inzibati cərimənin əmək haqqından tutulması məqsədilə onun iş yerinə göndərilsə də, işə götürən və subyekt tərəfindən inzibati cərimə onun əmək haqqından tutulmamış, nəticədə “KASPİ-F” MMC və Vəzifəli şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin X1 Şöbəsi tərəfindən «KASPİ-F» MMC və onun direktoru, vəzifəli şəxs Vəzifəli şəxs barəsində İXM-nin 529.1-1-ci maddəsi ilə ##.##.2026-cı il tarixli MN ******* nömrəli və ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq, baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KASPİ-F» MMC-nin direktoru Vəzifəli şəxs apellyasiya şikayəti verərək, Kürdəmir Rayon Məhkəməsinin "KASPİ-F" MMC və onun qanini təmsilçisi barədə qəbul etdiyi ## #### 2026-cı il tarixli, *(*)-***-***/**** nömrəli qərarının qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarının pozulması, iş üzrə əhəmiyyətli faktiki halların tam araşdırılmaması, sübutların natamam və birtərəfli qiymətləndirilməsi nəticəsində qəbul edilmişdir. Bu səbəbdən həmin qərar qanuni və əsaslı hesab oluna bilməz və aşağıdakı əsaslarla ləğv edilməlidir. İ. Birinci instansiya məhkəməsi hüquqi şəxs və onun qanuni nümayəndəsi barəsində tərtib edilmiş müstəqil inzibati xəta haqqında protokolları eyni icraatda araşdırmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından aydın görünür ki, inzibati orqan tərəfindən "KASPİ-F" MMC barəsində bir inzibati xəta haqqında protokol, cəmiyyətin direktoru Vəzifəli şəxs barəsində isə ayrıca ikinci inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu halın özü təsdiq edir ki, inzibati orqan hüquqi şəxsi və onun qanuni nümayəndəsini iki müxtəlif inzibati məsuliyyət subyekti kimi qiymətləndirmiş və hər biri barəsində ayrıca inzibati icraata başlamışdır. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi hüquqi şəxsin inzibati məsuliyyəti ilə vəzifəli şəxsin və ya qanuni nümayəndənin inzibati məsuliyyətini eyniləşdirmir. Hüquqi şəxs müstəqil məsuliyyət daşıyan hüquq subyekti olduğu kimi, onun rəhbərinin məsuliyyəti də yalnız öz hərəkətləri və ya hərəkətsizliyi çərçivəsində qiymətləndirilməlidir. Bu səbəbdən hər iki şəxs barəsində - inzibati xəta tərkibi ayrıca müəyyən edilməli; hər birinin təqsiri ayrıca qiymətləndirilməli; müdafiə hüquqları ayrıca təmin edilməli; sübutlar ayrıca araşdırılmalı; hər biri üzrə müstəqil məhkəmə qərarı qəbul edilməli idi. Lakin birinci instansiya məhkəməsi bu prinsiplərə əməl etməmiş, iki müxtəlif inzibati məsuliyyət subyekti barəsində tərtib olunmuş iki müstəqil protokolu faktiki olaraq vahid icraatda araşdıraraq eyni məhkəmə qərarı qəbul etmişdir. Belə yanaşma nəticəsində məhkəmə hüquqi şəxsin məsuliyyəti ilə vəzifəli şəxsin məsuliyyətinin əsaslarını bir-birindən ayırmamış, hər iki şəxsin müdafiə hüquqlarının həyata keçirilməsi üçün zəruri olan prosessual təminatları lazımi səviyyədə təmin etməmişdir. Halbuki, inzibati məsuliyyət fərdi xarakter daşıyır və hər bir şəxsin əməlində inzibati xəta tərkibinin mövcudluğu ayrıca sübuta yetirilməlidir. Bir şəxs barəsində toplanmış sübutlar avtomatik olaraq digər şəxsin təqsirini təsdiq edən sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsinin belə yanaşması nəticəsində hüquqi şəxsin müdafiəsi üçün əhəmiyyət kəsb edən halar ayrıca araşdırılmamış, cəmiyyətin məsuliyyətinin müstəqil hüquqi əsasları müəyyən edilməmiş və nəticədə iş üzrə obyektiv araşdırma prinsipi pozulmuşdur. Bu prosessual pozuntu qəbul edilmiş qərarın qanuniliyinə birbaşa təsir göstərmiş və həmin qərarın ləğvi üçün müstəqil əsas təşkil edir. II. Birinci instansiya məhkəməsi iş üzrə bütün əhəmiyyətli faktiki halları tam və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası İXM-in əsas prinsiplərindən biri inzibati məsuliyyətin yalnız hərtərəfli, tam və obyektiv araşdırılmış faktlar əsasında tətbiq edilməsidir. Məhkəmə yalnız inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərlə kifayətlənməməli, tərəflərin bütün arqumentlərini, etirazlarını və təqdim etdikləri sübutları qiymətləndirməlidir. Lakin hazırkı iş üzrə həmin tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə aşağıdakı mühüm haları ümumiyyətlə araşdırmamışdır: cəmiyyətə inzibati cərimənin əməkhaqqından tutulması vəzifəsinin qanunvericiliyin tələblərinə uyğun qaydada çatdırılıb çatdırılmaması; həmin vəzifənin hansı tarixdə yarandığı; həmin öhdəliyin icrası üçün cəmiyyətə real imkan yaradılıb-yaradılmaması; cəmiyyətə hər hansı bildiriş, göstəriş və ya xəbərdarlığın təqdim edilib-edilməməsi; öhdəliyin icra edilməməsinin obyektiv səbəblərinin olub-olmaması; inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan bütün hüquqi və faktiki əsasların mövcudluğu. İş materialarında bu haların mövcudluğunu təsdiq edən mötəbər sübutlar olmadığı halda məhkəmə həmin çatışmazlıqları aradan qaldırmaq əvəzinə yalnız inzibati orqanın mövqeyini əsas götürmüşdür. Məhkəmə tərəfindən göstərilən haların araşdırılmaması iş üzrə həqiqətin müəyyən edilməsinə mane olmuş və nəticədə işin faktiki halarına uyğun olmayan qərarın qəbul edilməsinə səbəb olmuşdur. III. İş üzrə inzibati xətanın bütün tərkib əlamətləri, o cümlədən cəmiyyətin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının hüquqi dövlət prinsiplərindən, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 4, 12.1, 76.1 və 84.1-ci maddələrinin tələblərindən irəli gəlir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi yalnız onun əməlində inzibati xəta tərkibinin bütün elementlərinin mövcudluğu mötəbər və kifayət qədər sübutlarla təsdiq edildiyi halda mümkündür. İnzibati məsuliyyətin tətbiqi üçün yalnız müəyyən nəticənin baş verməsi kifayət etmir. Məsuliyyətə cəlb edilən şəxsin hüquqazidd davranışı, həmin davranışın təqsirli xarakter daşıması, davranışla yaranmış nəticə arasında səbəbli əlaqənin mövcudluğu və qanunda nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün obyektiv və subyektiv əlamətlərinin sübut olunması zəruridir. Lakin hazırkı iş üzrə bu halar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qərarında cəmiyyətin hansı konkret hərəkətinin və ya hərəkətsizliyinin qanunvericiliyin hansı tələbinin pozulması kimi qiymətləndirildiyi ətraflı əsaslandırılmamış, həmin hərəkətsizliyin məhz cəmiyyətin təqsirindən irəli gəldiyini təsdiq edən sübutlara istinad edilməmişdir. İş materialarında cəmiyyətin üzərinə düşən vəzifənin hansı tarixdə yarandığını, həmin vəzifənin qanunvericiliyin tələblərinə uyğun qaydada cəmiyyətə çatdırıldığını, onun icrası üçün kifayət qədər vaxt və real imkan verildiyini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Belə olan halda, yalnız inzibati orqan tərəfindən tərtib edilmiş protokola istinad edilməklə cəmiyyətin təqsirli hesab edilməsi Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinin mahiyyətinə ziddir. Məhkəmə qərarında təqsirin mövcudluğu hüquqi nəticə kimi göstərilmiş, lakin həmin nəticəyə gətirən sübutların təhlili aparılmamışdır. Halbuki təqsir ehtimal əsasında deyil, yalnız qanunla nəzərdə tutulmuş sübutlarla müəyyən edilə bilər. Beləliklə, iş üzrə inzibati məsuliyyətin əsas elementi olan təqsirin mövcudluğu qanunla müəyyən edilmiş sübutetmə standartına uyğun şəkildə təsdiq edilmədiyindən, cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qanuni hesab edilə bilməz. IV. Məhkəmə sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, yalnız inzibati orqanın mövqeyinə üstünlük vermişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə sübutlar şəxsin təqsirini və işin düzgün həli üçün əhəmiyyət kəsb edən digər haları müəyyən etməyə imkan verən faktiki məlumatlardan ibarətdir. Həmin Məcələnin 84.1-ci maddəsinə əsasən isə hakim sübutları iş üzrə bütün haların məcmusunun tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanan daxili inamı əsasında qiymətləndirməlidir. Bu normalar məhkəmənin yalnız inzibati orqanın təqdim etdiyi sənədlərlə kifayətlənməsini deyil, iş üzrə mövcud olan bütün sübutları qarşılıqlı əlaqədə qiymətləndirməsini tələb edir. Hazırkı iş üzrə isə məhkəmə bu vəzifəsini yerinə yetirməmişdir. Belə ki, məhkəmə qərarında yalnız inzibati xəta haqqında protokola və inzibati orqanın təqdim etdiyi sənədlərə istinad edilmiş, lakin həmin sənədlərin mötəbərliyi, kifayətliliyi və digər sübutlarla təsdiqlənibtəsdiqlənmədiyi ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə tərəfindən aşağıdakı mühüm məsələlər cavabsız saxlanılmışdır: cəmiyyətin həqiqətən məlumatlandırılıbməlumatlandırılmaması; öhdəliyin icrası üçün qanuni imkanın yaradılıb-yaradılmaması; cəmiyyət tərəfindən irəli sürülmüş etirazların əsaslı olub-olmaması; inzibati orqanın təqdim etdiyi sənədlərin digər sübutlarla təsdiq edilib-edilməməsi. Beləliklə, məhkəmə sübutların hərtərəfli qiymətləndirilməsi və obyektiv araşdırılması vəzifəsini yerinə yetirməmiş, yalnız inzibati orqanın mövqeyini qəbul etməklə kifayətlənmişdir. Bu isə İXM-in 76.1 və 84.1-ci maddələrinin tələblərinin pozulmasına səbəb olmuşdur. V. Məhkəmə qanunçuluq, ədalətlilik və təqsirsizlik prezumpsiyası prinsiplərinə əməl etməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, inzibati məsuliyyət yalnız qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası və digər fundamental hüquqi prinsiplərə riayət edilməklə tətbiq edilə bilər. Həmin Məcələnin 9.1-ci maddəsinə əsasən isə inzibati tənbeh yalnız törədilmiş inzibati xətanın xarakterinə, işin faktiki halarına və şəxsin təqsirinə uyğun olduqda ədalətli hesab edilə bilər. Hazırkı iş üzrə məhkəmə həmin prinsiplərə əməl etməmişdir. Belə ki, cəmiyyətin təqsiri tam sübuta yetirilmədən, müdafiə tərəfinin etirazları araşdırılmadan, şübhə doğuran halar aradan qaldırılmadan inzibati məsuliyyət tətbiq edilmişdir. Məhkəmə iş üzrə mövcud şübhələri cəmiyyətin xeyrinə deyil, əleyhinə qiymətləndirmişdir. Halbuki təqsirsizlik prezumpsiyasının mahiyyəti ondan ibarətdir ki, şəxsin təqsiri tam sübuta yetirilmədiyi halda onun məsuliyyətə cəlb olunması yolverilməzdir. Birinci instansiya məhkəməsi isə bu prinsipin əksinə olaraq, sübut edilməli olan haları faktiki olaraq cəmiyyətin üzərinə qoymuş və inzibati orqanın iddialarını əlavə sübutlar olmadan qəbul etmişdir. Nəticədə qərar həm qanunçuluq prinsipinə, həm də ədalətlilik prinsipinə uyğun qəbul edilməmişdir. Məhkəmə qərarında apelyasiya şikayətçisinin irəli sürdüyü əsas etirazlara münasibət bildirilməmiş, onların hansı hüquqi və faktiki əsaslarla rədd edildiyi əsaslandırılmamışdır. Halbuki məhkəmə qərarı yalnız nəticədən deyil, həm də həmin nəticəyə gətirən hüquqi əsaslandırmadan ibarət olmalıdır. Müdafiə tərəfinin mövqeyinin qiymətləndirilməməsi qərarın əsaslandırılmamış olduğunu göstərir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş materialarında olan sübutların məcmusu ilə təsdiq olunmur. Cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi üçün zəruri olan hüquqi və faktiki əsaslar tam müəyyən edilmədən, yalnız inzibati orqanın mövqeyi əsas götürülməklə qərar qəbul edilmişdir. Bu səbəbdən qərarın nəticə hissəsi işin faktiki halarına uyğun hesab edilə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «KASPİ-F» MMC-nin direktoru Vəzifəli şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun çıxış edib, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə tədqiq edib, proses iştirakçısını dinləyərək hesab edir ki, şikayət qismən təmin olunmalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı hüquqi şəxsin İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsində göstərilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında AR ƏƏSMN yanında X2 Xidmətinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, elektron əmək müqaviləsinə keçidlə bağlı AR Nazirlər Kabinetinin ##.##.2025-ci il tarixli, *** nömrəli qərarın icrasının təmin edilməsi üçün göndərilən ##.##.2025ci il tarixli, 3-17-5/2 *****/**** nömrəli icrası məcburi göstəriş yerinə yetirilməmiş, nəticədə Vəzifəli şəxs AR İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan AR ƏƏSMN yanında X2 Xidmətinin X1 Şöbəsinin ## ##### 2026cı il tarixli, *-**-*/*-*****/**** nömrəli “KASPİ-F” MMC-nə ünvanlanmış məktubundan görünür ki, Vəzifəli şəxs əmək haqqından hər ay 40% olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsini və tutulmanın həyata keçirilməyə başlanması barədə təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində regional şöbəyə yazılı formada məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan X2 Xidmətinin X1 şöbəsindən “xxxx” MMC-nin Ucar regional poçt filialına təhvil verilməsi barəsində ##.##.2026-cı il tarixli Reyestrdən görünür ki, *-**-*/*-*****/**** nömrəli məktub ##.##.2026-cı il tarixdə “KASPİ-F” MMC-yə göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X1 şöbəsi “KASPİ-F” MMC-yə ##.##.2026-cı il tarixə, saat 10:00-a təyin olunmuş inzibati xəta üzrə tərtib edilmiş inzibati xəta haqqında işə baxılması, regional şöbəyə və ya videkonfrans vasitəsi ilə dəvət barədə məktub göndərmişdir. İş materiallarında olan X2 Xidmətinin X1 şöbəsindən “xxxx” MMC-nin Ucar regional poçt filialına təhvil verilməsi barəsində ##.##.2026-cı il tarixli Reyestrdən görünür ki, 3-17-5/2- 70121/2026 və *-**-*/*-*****/**** nömrəli məktublar ##.##.2026-cı il tarixdə “KASPİ-F” MMC-yə və Vəzifəli şəxs göndərilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında X2 Xidmətinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, görünür ki, “KASPİ-F” MMC-də ##.##.2026-cı il tarixədək AR İXM nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə Vəzifəli şəxs barəsində inzibati cərimə əmək haqqından tutulması məqsədilə onun iş yerinə göndərilsədə işə götürən tərəfindən inzibati cərimə onun əmək haqqından tutulmamış, nəticədə MMC-nin rəhbəri Vəzifəli şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan AR ƏƏSMN yanında X2 Xidmətinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “KASPİ-F” MMC-də ##.##.2026-cı il tarixədək AR İXM nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə Vəzifəli şəxs barəsində inzibati cərimə əmək haqqından tutulması məqsədilə onun iş yerinə göndərilsədə subyekt tərəfindən inzibati cərimə onun əmək haqqından tutulmamış, nəticədə “KASPİ-F” MMC tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Birinci instansiya məhkəməsinin mübahisə olunan qərarından görünür ki, məhkəmə “KASPİ-F” MMC və onun direktoru Vəzifəli şəxs ona istinad olunan inzibati xətanı törətməsinin işdə olan sənədlərlə tam təsdiq edildiyini qeyd edib, hüquqi şəxs və vəzifəli şəxsin İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi ilə bağlı yekun nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq apellyasiya şikayətinin “inzibati xəta haqqında protokolların bir icraat daxilində araşdırılmasının prosessual qanunvericiliyin tələblərinə zidd olması” barədə dəlilinə münasibət bildirərək, qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd olunan protokolları bir icraat çərçivəsində araşdırmaqla prosessual qanunvericiliyin tələblərini pozmamışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, “KASPİ-F” MMC və onun direktoru Vəzifəli şəxs barəsində eyni tarixdə – ## #### 2026-cı il tarixdə, müvafiq olaraq MN 2463622 və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş və hər iki protokol baxılması üçün eyni məhkəməyə göndərilmişdir. Hər iki protokolun tərtib edilməsinə səbəb olan hadisə isə eynidir – Vəzifəli şəxs tətbiq edilmiş 1000 manat məbləğində inzibati cərimənin onun əməkhaqqından tutulmasının təmin edilməməsi. Başqa sözlə, protokolların hər ikisi eyni faktiki hadisə ilə, eyni cərimənin icrası ilə və həmin cərimənin əməkhaqqından tutulmasının təmin edilməməsi ilə bağlıdır. Bu baxımdan, hər iki subyekt barəsində ayrıca protokol tərtib edilməsinin özü həmin protokollar üzrə işlərə hökmən ayrı-ayrı icraatlarda baxılmasını zəruri edən hal kimi qiymətləndirilə bilməz. Əksinə, hüquqi şəxsin inzibati məsuliyyəti məsələsinin həlli onun vəzifəli şəxsi tərəfindən törədilmiş əməl ilə hüquqi və faktiki əlaqədə olduğundan, həmin halların ayrıayrı deyil, qarşılıqlı əlaqədə araşdırılması iş üzrə həqiqətin müəyyən edilməsi baxımından daha məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 139-cu maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 141.1.3 və 142-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2026-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin bir çox maddəsinin sanksiya hissəsində subyekt kimi həm hüquqi, həm də vəzifəli şəxslər nəzərdə tutulub. Hüquqi şəxslərin inzibati məsuliyyətinin yaranması vəzifəli şəxslərin əməlləri ilə bağlı olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində bu məsuliyyətin əsası kimi həmin əməllərin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi göstərilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il ## ###### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Vəzifəli şəxsin törətdiyi inzibati xəta ilə bağlı hallar hüquqi şəxsin məsuliyyəti məsələsinin həlli üçün də əhəmiyyət kəsb edir. Bu səbəbdən həmin subyektlər barəsində aparılan icraatların qarşılıqlı əlaqəsi nəzərə alınmalıdır. Oxşar münasibəti tənzimləyən Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxsin şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındığı cinayət işi üzrə ibtidai istintaqın (fiziki şəxs barəsində cinayət işinə xitam verildiyi hallar istisna olmaqla) bir icraatda aparılmalı olduğu təsbit edilmişdir. Cinayət-Prosessual Məcəllənin 487-2.2-ci maddəsində nəzərdə tutulan yanaşma göstərir ki, hüquqi şəxslə onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən fiziki şəxs arasında mövcud olan hüquqi və faktiki əlaqə qanunverici tərəfindən nəzərə alınmış və buna görə həmin subyektlər barəsində aparılan icraatların ayrılıqda deyil, vahid icraat çərçivəsində həyata keçirilməsi üstün tutulmuşdur. Bu yanaşma hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən şəxsin məsuliyyəti məsələsinin həllində faktiki halların eyni icraat çərçivəsində araşdırılmasının əhəmiyyətini göstərir. Bu baxımdan, analoji hüquqi münasibətlərin mövcud olduğu inzibati xətalar sahəsində də hüquqi şəxs və onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqə nəzərə alınaraq, iş üzrə halların tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması üçün onların inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında və bu Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı, barəsində qərar çıxarılan şəxslərin dairəsi ilə məhdudlaşır; - səlahiyyətli orqanlar tərəfindən vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edildikdən sonra eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar) tərtib edilərək baxılması üçün məhkəməyə, həmçinin eyni inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar tərtib edilərək həm məhkəməyə (hüquqi şəxs barəsində), həm də səlahiyyətli orqana (vəzifəli şəxs barəsində) göndərilməsini Konstitusiyanın 71-ci maddəsinin X hissəsinin və İnzibati Xətalar Məcəlləsinin 18.6 və 18.7-ci maddələrinin tələbləri istisna edir; - İnzibati Xətalar Məcəlləsinin 18.3, 18.6 və 18.7-ci maddələrinin mənasına görə, eyni inzibati xəta hadisəsi ilə bağlı hüquqi şəxslə yanaşı onun xeyrinə və ya onun maraqlarının qorunması üçün hərəkət və ya hərəkətsizlik edən vəzifəli şəxsin də əməllərində inzibati xəta tərkibinin olmasına kifayət qədər əsaslar mövcud olduqda, hər iki subyekt barəsində eyni vaxtda inzibati xəta haqqında protokollar (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarlar) tərtib edilərək baxılması üçün məhkəməyə göndərilə bilər. Belə hallarda inzibati xəta haqqında işin tam və obyektiv araşdırılmasının təmin edilməsi, prosessual qənaət prinsipinin gözlənilməsi və ziddiyyətli qərarların qarşısının alınması məqsədi ilə hüquqi və vəzifəli şəxsin inzibati məsuliyyətinə dair məsələlərə məhkəmələrdə bir icraat daxilində baxılmalıdır”. Hazırkı iş üzrə də məhz belə vəziyyət mövcuddur. Belə ki, “KASPİ-F” MMC və onun direktoru Vəzifəli şəxs barəsində tərtib edilmiş protokollar eyni inzibati xəta hadisəsi ilə əlaqədardır, eyni tarixdə tərtib edilmiş, eyni məhkəməyə göndərilmiş və onların araşdırılması zamanı müəyyən edilməli olan əsas faktiki hallar qarşılıqlı surətdə bağlıdır. Bu halların müxtəlif icraatlarda araşdırılması, əksinə, eyni faktiki hadisə üzrə sübutların parçalanmasına, eyni hallara fərqli hüquqi qiymət verilməsi ehtimalının yaranmasına və nəticə etibarilə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilərdi. Odur ki, apellyasiya şikayətində istinad olunan hər bir protokol üzrə ayrıca icraat aparılmalı və müstəqil məhkəmə qərarı qəbul edilməli olmasına dair arqument inzibati məsuliyyət subyektlərinin fərqli olması ilə məhdudlaşdırılmış yanaşmaya əsaslanır və hüquqi şəxslə onun vəzifəli şəxsi arasında mövcud olan hüquqi və faktiki əlaqəni nəzərə almır. Protokolların ayrıayrılıqda tərtib edilməsi onların mütləq şəkildə ayrı icraatlarda araşdırılmasını şərtləndirmir. Əksinə, hazırkı halda həmin protokolların eyni icraat daxilində araşdırılması işin faktiki hallarının vahid və qarşılıqlı əlaqədə müəyyən edilməsinə imkan yaratmış, prosessual qənaətə xidmət etmiş və eyni hadisə üzrə ziddiyyətli nəticələrin yaranmasının qarşısını almağa yönəlmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin “KASPİ-F” MMC və Vəzifəli şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollara bir icraat daxilində baxması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli hesab etməsinin əsassız olması barədə dəlilinə də qiymət verərək hesab edir ki, həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş materiallarında olan sübutların məcmusuna və qanunun tələblərinə uyğundur. Belə ki, İXM-nin 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati məsuliyyətin yaranması üçün şəxsin yalnız müəyyən edilmiş nəticə ilə əlaqələndirilməsi kifayət etməyib, onun əməlində qanunla nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün zəruri əlamətlərinin, o cümlədən hüquqazidd hərəkət və ya hərəkətsizliyin və təqsirin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə isə Vəzifəli şəxs İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi yalnız inzibati orqanın protokolunda irəli sürülmüş mülahizə ilə deyil, iş materiallarında olan bir-biri ilə qarşılıqlı əlaqəli və bir-birini tamamlayan sənədlərlə təsdiq olunur. İş materiallarından müəyyən edilir ki, Vəzifəli şəxs ## ###### 2025-ci il tarixli, MN ******* nömrəli qərarla Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarın icrası ilə bağlı isə X2 Xidmətinin X1 Şöbəsi tərəfindən ## ##### 2026-cı il tarixdə “KASPİ-F” MMC-yə məktub göndərilərək Vəzifəli şəxs əməkhaqqından hər ay 40 faiz olmaqla 1000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi tələb edilmişdir. Beləliklə, söhbət hüquqi əsası və mənbəyi müəyyən edilməmiş hər hansı ümumi və ya qeyri-müəyyən tələbin icra edilməməsindən deyil, artıq səlahiyyətli orqanın qəbul etdiyi və iş materiallarında mövcud olan inzibati tənbeh tətbiq etmə haqqında konkret qərarın icrası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməməsindən gedir. Eyni zamanda, həmin tələb “KASPİ-F” MMC-yə göndərilmişdir və iş materiallarında olan ## ##### 2026-cı il tarixli Reyestrdən məktubun ## ##### 2026-cı il tarixdə MMC-yə göndərildiyi müəyyən olunur. Deməli, inzibati cərimənin əməkhaqqından tutulmasının təmin edilməsi barədə tələb bilavasitə Vəzifəli şəxs işlədiyi müəssisəyə göndərilmişdir. Bu isə onun əməkhaqqından cərimənin tutulmasının təmin edilməsi ilə bağlı öhdəliyin icrası üçün işəgötürən tərəfindən hərəkət edilməli olduğunu və həmin öhdəliyin icrasına dair zəruri məlumatın müəssisəyə çatdırıldığını göstərir. Bundan əlavə, iş materiallarından görünür ki, Vəzifəli şəxs özü də ## #### 2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubla inzibati xəta üzrə baxışa dəvət edilmiş, həmin məktub ## #### 2026-cı il tarixli Reyestrə əsasən ona göndərilmişdir. Bu hal da mühüm əhəmiyyət daşıyır. Belə ki, inzibati cərimənin mövcudluğu, onun icrası və əməkhaqqından tutulması məsələsinin Vəzifəli şəxs məlum olmadığı barədə hər hansı dəlil iş materiallarından müəyyən edilmir. Əksinə, mövcud sənədlər onun bu məsələ barədə məlumatlı olduğunu təsdiq edir. Azərbaycan Respublikası İXM-in 150.5.1-ci maddəsində inzibati cərimənin ödənilmədiyi halda onun tutulması məqsədilə inzibati tənbeh tətbiq etmə haqqında qərarın surətinin fiziki şəxsin işlədiyi müəssisəyə, idarəyə və ya təşkilata göndərilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də məhz həmin qanuni mexanizm həyata keçirilmiş, Vəzifəli şəxs tətbiq edilmiş 1000 manat məbləğində inzibati cərimənin əməkhaqqından tutulmasının təmin edilməsi üçün müvafiq məktub onun işlədiyi “KASPİ-F” MMC-yə göndərilmişdir. Bu halda, Vəzifəli şəxs vəzifəli şəxs kimi üzərinə düşən öhdəliyin mahiyyəti də aydın olmuşdur. O, “KASPİ-F” MMC-nin direktoru olmaqla müəssisənin fəaliyyətinin təşkilinə və qanunvericiliyin tələblərinin müəssisə daxilində icrasının təmin edilməsinə cavabdeh olan vəzifəli şəxsdir. Buna görə də onun cərimənin əməkhaqqından tutulmasının təmin edilməsi barədə tələb barədə məlumatlı olduğu halda, bu istiqamətdə müvafiq tədbirlərin görülməməsi yalnız formal olaraq cərimənin tutulmaması faktı kimi deyil, konkret vəzifəli şəxsin qanunla tələb olunan hərəkətləri yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. Həmçinin, barəsində inzibati xıta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən də ## ##### 2026-cı il tarixli məktubun icrası ilə bağlı hər hansı obyektiv maneənin mövcudluğu, əməkhaqqından tutulmanın faktiki və ya hüquqi baxımdan mümkün olmadığı, Vəzifəli şəxs əməkhaqqı almaması və ya tutulmanın həyata keçirilməsinə imkan verməyən başqa əsasın mövcudluğu barədə təsdiqedici sübut təqdim olunmamışdır. Əksinə, müvafiq tələb müəssisəyə vaxtında göndərilmiş, lakin cərimənin tutulması həyata keçirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarında Vəzifəli şəxs İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən kifayət qədər, bir-biri ilə uzlaşan və qarşılıqlı şəkildə tamamlanan sübutlar mövcuddur. Birinci instansiya məhkəməsi həmin sübutları düzgün qiymətləndirərək onun təqsiri barədə əsaslı nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətinin Vəzifəli şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsassız olması barədə dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən Vəzifəli şəxs tətbiq edilmiş inzibati tənbeh ilə də razılaşır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi Vəzifəli şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə üç min manatdan beş min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Apellyasiya instansiyas məhkəməsi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Vəzifəli şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati tənbehin məqsədlərinə nail olmaq, Vəzifəli şəxs qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından haqlı olaraq sonuncu barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq etmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Vəzifəli şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Bununla belə, məhkəmə onu da vurğulayır ki, birinci instansiya məhkəməsi Vəzifəli şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə düzgün nəticəyə gəlsə də, həmin hüquqazidd əməlin hüquqi şəxs “KASPİ-F” MMC-nin də inzibati məsuliyyətinə səbəb olması barədə nəticəyə gələrkən işin faktiki hallarını və hüquqi şəxslərin inzibati məsuliyyətinin qanunvericilikdə müəyyən edilmiş xüsusi şərtlərini düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5 və 150.5.1-ci maddələrinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. 18.1-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2-ci maddələrinə əsasən hüquqi şəxs həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yalnız vəzifəli şəxsin inzibati xəta törətməsi faktının müəyyən edilməsi kifayət etmir. Eyni zamanda həmin inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi də müəyyən edilməlidir. Bu, hüquqi şəxsin inzibati məsuliyyətinin müstəqil və zəruri şərtidir və onun mövcudluğu sübuta yetirilmədən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsi dedikdə, həmin inzibati xətanın törədilməsi nəticəsində hüquqi şəxsin hər hansı maddi fayda, gəlir əldə etməsi, onun maddi öhdəliklərinin azalması, maddi durumunun başqa şəkildə yaxşılaşdırılması və s. başa düşülür. Lakin hazırkı işin faktiki hallarından görünür ki, Vəzifəli şəxs əmək haqqından tutulmanın aparılmaması, beləliklə də, İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsində hüquqi şəxs “KASPİ-F” MMC hər hansı üstünlük, mənfət, fayda və.s əldə etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarının tələbinə əsasən isə hüquqi şəxs hazırkı vəziyyətdə o halda inzibati məsuliyyətə cəlb edilə bilərdi ki, sözügedən inzibati xəta hüququ şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Halbuki, Vəzifəli şəxs barəsində tətbiq edilmiş 1000 manat məbləğində inzibati cərimənin onun əməkhaqqından tutulmaması nəticəsində “KASPİ-F” MMC-nin hər hansı maddi və ya digər xarakterli fayda əldə etməsi, gəlir götürməsi, hər hansı maddi öhdəlikdən azad olması və ya onun əmlak vəziyyətinin yaxşılaşması barədə iş materiallarında hər hansı sübut yoxdur. Başqa sözlə, iş materiallarında olan sübutlar Vəzifəli şəxs əməkhaqqından 1000 manat məbləğində cərimənin tutulmamasının “KASPİ-F” MMC-nin iqtisadi və ya digər qanuni maraqlarının təmin edilməsinə yönəlməsi nəticəsinə gəlmək üçün əsas vermir. Burada cərimənin tutulmaması ilə hüquqi şəxsin xeyrinə yaranmış hər hansı konkret nəticə arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımdan, Vəzifəli şəxs direktor vəzifəsində olması da özlüyündə “KASPİ-F” MMC-nin inzibati məsuliyyətinin yaranması üçün kifayət edən hal hesab edilə bilməz. Əks yanaşma hüquqi şəxsin inzibati məsuliyyətini vəzifəli şəxsin məsuliyyəti ilə faktiki olaraq eyniləşdirmiş olardı. Halbuki, qanunverici hüquqi şəxsin və vəzifəli şəxsin məsuliyyətini fərqləndirmiş, hüquqi şəxsin məsuliyyəti üçün isə ayrıca olaraq inzibati xətanın onun xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi şərtini müəyyən etmişdir. Digər tərəfdən, hüquqi şəxsin inzibati məsuliyyətinə dair bu şərtin mövcudluğu ehtimal və fərziyyə əsasında qəbul edilə bilməz. Hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun xeyrinə və ya maraqlarının qorunması üçün hərəkət edildiyini təsdiq edən konkret faktlar müəyyən edilməli və bu hal mötəbər sübutlarla təsdiqlənməlidir. Hazırkı iş üzrə isə belə sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsi də “KASPİ-F” MMC-nin hansı konkret fayda əldə etdiyini, hansı marağının qorunduğunu və ya Vəzifəli şəxs hərəkətsizliyinin hansı şəkildə hüquqi şəxsin xeyrinə yönəldiyini müəyyən etməmişdir. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki hallar yalnız Vəzifəli şəxs vəzifəli şəxs kimi inzibati xəta törətməsini təsdiq edir. Həmin faktlardan “KASPİ-F” MMC-nin də İXM-nin 18.2-ci maddəsində nəzərdə tutulmuş əsaslarla inzibati məsuliyyət daşıması barədə nəticə çıxarmaq mümkün deyildir. Hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi üçün tələb olunan əsas şərt, yəni inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi faktı hazırkı iş üzrə müəyyən edilmədiyindən, “KASPİ-F” MMC-nin İXM-nin 529.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Vəzifəli şəxs inzibati məsuliyyəti məsələsini düzgün həll etsə də, onun törətdiyi inzibati xətaya görə “KASPİ-F” MMC-nin də məsuliyyət daşıması barədə nəticəyə gəlməklə İXMnin 18.2-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Kürdəmir Rayon Məhkəməsinin ## #### 20266-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı hüquqi şəxs «KASPİ-F» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməli və onun barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## #### 20266-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı hüquqi şəxs «KASPİ-F» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1- 1-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilsin və onun barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-471/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-471/2026
26.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver