Məhkəmə qərarları › İş №3(3-9)-494/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-494/2026

27.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 3(3-9)-494/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlusnun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs İsayev Rövşən Səxavət oğlunun, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, İsayev Rövşən Səxavət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) İsayeva Ülviyyə Xanlar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi) ilə ## ### 1976-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Saatlı rayonu, Şirinbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan İsayev Rövşən Səxavət oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, İsayev Rövşən Səxavət oğlu Sabirabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 6700 manat aliment borcu qalmışdır. Bu səbəbdən, Saatlı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Hüseyn İsmayılov tərəfindən İsayev Rövşən Səxavət oğlunun barəsində İXM-nin 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan Saatlı Rayon Məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından zərərçəkmiş şəxs (tələbkar) İsayeva Ülviyyə Xanlar qızı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsayeva Ülviyyə Xanlar qızı cavabdeh İsayev Rövşən Səxavət oğlu ilə ailəli olmuşdur. Sabirabad Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2021-ci il tarixli Qətnaməsi ilə İsayev Rövşən Səxavət oğlu ilə aralarında ##.##.2015-ci il tarixdə Saatlı rayonu Şirinbəy kənd İƏDÜN-də bağlanmış və 16№-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, birgə nikahlarından doğulmuş ##.##.2016-cı il təvəllüdlü İsazadə Rəşad Rövşən oğlunun onun himayəsində qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ##.##.2021-ci il tarixdən hesablanmaqla 100 (yüz) manat sabit pul məbləğində alimentin hər ay İsayev Rövşən Səxavət oğlundan tutulub iddiaçı İsayeva Ülviyyə Xanlar qızına verilməsi qət edilmişdir. Həmin vaxtdan 5 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh Rövşən İsayev tərəfindən hal-hazıradak heç bir ödəniş edilməmişdir. Cəmi bir dəfə uşağn doğum günündə tort almaq üçün 100 manat pul göndərmişdir. Saatlı Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Saatlı Rayon Məhkəməsinə təqdimatla müraciət edilərək onun Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati qaydada cəzalandırılması xahiş edilmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Saatlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı əsassız və qanunsuzdur. Ona görə də, qərar ləğv edilməli, təqdimatın təmin olunması barədə qərar qəbul edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İsayev Rövşən Səxavət oğlu Sabirabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli icra sənədi ilə bağlı cəzaçəkmə müəssisəsində olduğu üçün məlumatı olmamış, icra sənədi üzrə aliment borcundan yalnız bildiriş ona təqdim olunduğu vaxtdan, yəni ##.##.2026-cı il tarixdən məlumatı olmuş və həmin tarixdən 200 manat ödəniş etmişdir. Qalan məbləği isə hissə-hissə olmaqla tam ödəyib qurtaracağına söz vermişdir. Məhkəmənin gəldiyi nəticə ilə tamamilə razı deyil. Belə ki, aralarındakı nikah pozulan zaman İsayev Rövşən Səxavət oğlu azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Nikahın pozulması barədə qətnamə qəbul olunan gün cavabdehlə telefon əlaqəsi saxlayaraq ona nikahın pozulması barədə və eyni zamanda uşağın saxlanılması üçün hər ay 100 manat aliment təyin edilməsi barədə məlumat vermişdir. Yəni cavabdehin aliment borcunun olması barədə həmin vaxtdan məlumatı olmuşdur. Buna baxmayaraq heç bir ödəniş etməmişdir. Eyni zamanda, cavabdeh 2023-cü ildə həbsdən azad edilmiş və 3 aydan sonra yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin 3 ay müddətində də aliment borcunun olduğunu bildiyi halda heç bir ödəniş etməmişdir. 6 ilə yaxın müddət ərzində alimenti ödəmək imkanının olmasına baxmayaraq İsayev Rövşən Səxavət oğlu icra sənədi üzrə borcun ödənilməsi üçün real və səmərəli addımlar atmadığına və qəsdən icradan yayındığına görə onun əməli İXM-nin 528.1-ci maddəsi ilə cəzalandırılmalıdır. Belə ki, cavabdehin hal-hazırda 6400 manat aliment borcu var. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxs İsayev Rövşən Səxavət oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, o, həbsdə olan zaman İsayeva Ülviyyə Xanlar qızının məhkəməyə boşanmaqla bağlı müraciət etdiyini, məhkəmənin də qanunvericilikdə tələb olunan müddət tamam olduğu üçün onları boşadığını, lakin özünün boşanmaq niyyətinin olmadığını, artıq 07 (yeddi) aydır ki, həbsdən azad olunduğunu, məhkumluğu bitdikdən sonra fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, alimentdən xəbərinin olmadığını, övladına 1750 manat pul xərclədiyini, aliment məsələsini bilsəydi, həmin məbləği karta atıb borcundan siləcəyini, bu haqda məlumatı olduqdan sonra 400 (dörd yüz) manat, daha sonra 200 (iki yüz) manat pul ödədiyini, bundan sonra da ödənişlərini vaxtında yerinə yetirəcəyini bildirib, şikayətin təmin olunmamasını, Saatlı Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş şəxsin müdafiəçisi Vəkil İnqilab oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəldiyini göstərib, şikayətin təmin olunmamasını, Saatlı Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb və proses iştirakçılarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, inzibati xətalar qanunvericiliyinə görə səlahiyyətli orqan, hakim, kollegial orqan inzibati xəta haqqında iş üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmalı və müəyyən etdiyi hallar əsasında qanuni və əsaslı qərar qəbul etməlidirlər. Qəbul edilmiş qərar əsaslı olması üçün məhkəmədə və ya səlahiyyətli orqanda tədqiq edilmiş sübutlarla əsaslandırılmalıdır. İXM-nin 75 və 76-cı maddələrində sübutlar və sübutetmə qaydaları da müəyyən edilmişdir. Belə ki, İXM-nin 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdə olan sübutları həm ayrı-ayrılıqda, həm də məcmu halında əlaqəli şəkildə təhlil edən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam verilməsi ilə bağlı mövqeyi ilə razılaşır və gəldiyi nəticələrlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Belə ki, birinci instansiya məhkməsində inzibati xəta haqqında protokolu tərtib etmiş Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İsmayılov Hüseyn Musa oğlu izahatında göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən ##.##.2021-ci il tarixindən hesablamaqla 100 manat pul məbləğində aliment hər ay İsayev Rövşən Səxavət oğlundan tutulub iddiaçı İsayeva Ülviyyə Xanlar qızına verilməlidir. Borclu İsayev Rövşən Səxavət oğlu bu vaxtadək heç bir ödəniş etməmişdir. Ona görə də, İsayev Rövşən Səxavət oğlunun barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Birinci instansiya məhkməsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rövşən Səxavət oğlu izahatında göstərmişdir ki, 2020-ci ildə azadlıqan məhrum etmə cəzasına məhkum olunmuş və 2023-cü ildə azadlığa buraxılmış, üç ay sonra yenidən həbs olunmuş və 2026-cı ilin yanvar ayında azadlığa çıxmışdır. Bu müddət ərzində həbsdə olduğu üçün icra sənədi ilə bağlı məlumatı olmamışdır, yalnız ## ###### 2026-cı il tarixində Saatlı rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və tələbin könüllü icrası haqqında bildiriş ona həmin tarixdə təqdim olunmuşdur. O bildirişi aldıqdan sonra ## ###### 2026-cı il tarixində 200 manat ödəniş etmişdir. Bundan bir müddət əvvəl yəni, ## ###### 2026-cı il tarixində uşaqları üçün İsayeva Ülviyyə Xanlar qızına ödədiyi 100 manatı da aliment borcu kimi qəbul edilməsini xahiş etmiş, qalan məbləgi isə hissə-hissə olmaqla tam ödəyib qurtaracağına söz vermiş, məhkəmədən qeyd etdiklərini nəzərə alaraq ona köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs birinci instansiya məhkəməsində verdiyi izahat ilə oxşar məzmunlu izahat vermişdir. Bundan başqa, iş materiallarında olan ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli ödəniş qəbzlərinin surətlərindən görünür ki, İsayev Rövşən Səxavət oğlu əvvəlki aliment borcundan 300 manat ödəniş etmişdir. İş materiallarında olan Saatlı rayon İcra və Probasiya Şöbəsinin tələbin könüllü icrası haqqında bildirişihndən görünür ki, İsayev Rövşən Səxavət oğlu həmin bildirişi ##.##.2026-cı il tarixində əldə etmişdir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin ## #### 2021 ci il tarixli, *(***)-***/**** saylı icra sənədindən görünür ki, İsayev Rövşən Səxavət oğlunun faktiki ünvanı olaraq Azərbaycan Respublikası Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsi qeyd olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarının surətindən görünür ki, İsayev Rövşən Səxavət oğlu Şirvan Şəhər Məhkəməsinin ## ######## 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## #### 2023-cü il tarixdə sözügedən hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünün surətindən görünür ki, İsayev Rövşən Səxavət oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmışdır. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayev Rövşən Səxavət oğlu Sabirabad Rayon Məhkəməsinin Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)- ***/**** saylı icra sənədi ilə bağlı cəzaçəkmə müəssisəsində olduğu üçün məlumatı olmamış, icra sənədi üzrə aliment borcundan yalnız bildiriş ona təqdim olunduğu vaxtdan, yəni ##.##.2026cı il tarixindən məlumatı olmuş və həmin tarixdən sonra 200 manat ödəniş etmiş, qalan məbləgi isə hissə hissə olmaqla tam ödəyib qurtaracağına söz vermişdir. Belə olan halda icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır”. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam, obyektiv və hərtərəfli nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə İsayev Rövşən Səxavət oğlundan hər ay 100 manat aliment tutulması müəyyən edilmiş, onun həmin icra sənədi üzrə ümumilikdə 6400 manat məbləğində aliment borcu yaranmışdır. Bununla belə, həmin borcun mövcudluğu İsayev Rövşən Səxavət oğlunun avtomatik olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə əsas vermir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi bu maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Göründüyü kimi, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün yalnız icra sənədi üzrə borcun mövcud olması deyil, həmçinin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi müəyyən edilməlidir. Başqa sözlə, şəxsin icra sənədi üzrə borclu olması ilə onun icra məmurunun qanuni tələbini qəsdən və ya üzrsüz səbəbdən yerinə yetirməməsi eyniləşdirilə bilməz. İnzibati məsuliyyət yalnız qanunda nəzərdə tutulmuş inzibati xətanın bütün zəruri əlamətləri, o cümlədən şəxsin təqsirli davranışı sübuta yetirildikdə mümkündür. Lakin hazırkı iş üzrə sübutlar borclunun məhkəmə qətnaməsini icra etməkdən yayınmaq niyyətini deyil, əksinə, maliyyə imkanları çərçivəsində mərhələli şəkildə icra etməyə cəhd göstərdiyini təsdiq edir. Həmçinin, iş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən müəyyən olunur ki, İsayev Rövşən Səxavət oğlu həmin bildirişi yalnız ## ###### 2026-cı il tarixində əldə etmişdir. Bu halın əhəmiyyəti ondan ibarətdir ki, həmin tarixədək onun icra sənədi üzrə konkret olaraq icra məmurunun qanuni tələbi ilə məlumatlandırılması və bu tələbin müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi barədə nəticəyə gəlməyə imkan verən kifayət qədər sübut təqdim edilməmişdir. İsayev Rövşən Səxavət oğlunun uzun müddət ərzində azadlıqdan məhrum etmə cəzası çəkdiyi də iş materialları ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarından onun ## #### 2023-cü il tarixdə əvvəlki hökm üzrə cəzanın çəkilməmiş 03 ay 12 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmündən isə ## ###### 2023-cü il tarixdən etibarən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi müəyyən olunur. Bundan əlavə, icra sənədində borclunun faktiki ünvanı kimi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin göstərilməsi də onun icra sənədinin tərtib edildiyi və icra edildiyi dövrdə cəzaçəkmə müəssisəsində olmasını təsdiq edən hallardan biridir. Doğrudur, şəxsin azadlıqdan məhrum edilməsi aliment öhdəliyini öz-özlüyündə aradan qaldırmır və aliment borcunun yaranmasına hüquqi əsas ola bilməz. Lakin hazırkı işdə məsələ aliment öhdəliyinin mövcud olub-olmaması deyil, məhz İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilib-törədilməməsidir. Buna görə də, borcun yaranması ilə şəxsin icra məmurunun qanuni tələbini bilə-bilə və üzrsüz səbəbdən icra etməməsi arasında fərq qoyulmalıdır. Eyni zamanda, apellyasiya şikayətində İsayev Rövşən Səxavət oğlunun 2023-cü ildə azadlığa çıxdıqdan sonra təxminən üç ay ərzində də aliment ödəmədiyi qeyd edilsə də, həmin dövrdə icra məmuru tərəfindən ona konkret hansı tələb və ya bildirişin təqdim edilməsi, bunun hansı müddətdə icra edilməli olması və həmin müddətin üzrsüz səbəbdən ötürüldüyü barədə iş materiallarında mötəbər sübut müəyyən edilmir. Əksinə, iş materiallarında olan sübutlar İsayev Rövşən Səxavət oğlunun ## ###### 2026cı il tarixində tələbin könüllü icrası haqqında bildirişlə tanış olduqdan sonra icra sənədi üzrə öhdəliyin icrasına başladığını göstərir. Belə ki, ## ###### 2026-cı il və ## ###### 2026-cı il tarixli ödəniş qəbzləri ilə onun ümumilikdə 300 manat ödəniş etdiyi müəyyən olunur. Xüsusilə qeyd edilməlidir ki, ## ###### 2026-cı il tarixində, yəni bildirişin ona təqdim edilməsindən cəmi bir neçə gün sonra 200 manat məbləğində ödəniş etmişdir. Bu davranış onun icra sənədini və ya icra məmurunun qanuni tələbini yerinə yetirməkdən qəsdən imtina etməsi barədə birmənalı nəticə çıxarmağa imkan vermir. Bundan başqa, İsayev Rövşən Səxavət oğlunun apellyasiya baxışı zamanı verdiyi izahatında da bildirişdən sonra aliment məsələsindən xəbərdar olduğunu və bundan sonra ödənişləri davam etdirəcəyini bildirməsi iş materiallarında olan ödəniş sənədləri ilə müəyyən mənada uzlaşır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırda aliment borcunun mövcudluğu ilə əlaqədar icra sənədinin icra edilməməsi faktı mövcud olsa da, İsayev Rövşən Səxavət oğlunun məhz icra məmurunun qanuni tələbini bilə-bilə, ona verilmiş müddət ərzində üzrsüz səbəbdən yerinə yetirmədiyi, başqa sözlə, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın obyektiv və subyektiv əlamətlərinin mövcudluğu kifayət qədər mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iş üzrə borcun ödənilməməsi qərəzli xarakter daşımadığından, yəni borclu tərəfindən icra sənədinin icrasından yayınma məqsədi güdülmədiyindən, onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, İXM-nin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baş verməsi üçün icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini üzrsüz səbəbdən icra etməməsi zəruridir. Apellyasiya instansiya məhkəməsi iş materiallarını yuxarıda qeyd olunan qanunvericilik normaları baxımdan nəzərdən keçirib belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədini qərəzli olaraq icra etməməsi və nəticə etibarilə onun əməlində inzibati xəta tərkibinin olması işdə olan sübutlarla təkzib olunur. Belə olan halda, İsayev Rövşən Səxavət oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsindən söhbət gedə bilməz. Beləliklə, apellyasiya məhkməsi hesab edir ki, İsayev Rövşən Səxavət oğlunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi təsdiq olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin olmaması qənaətinə gəlib, inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunubolunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşılmalıdır. Beləliklə, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin şikayət üzrə apellyasiya instansiyasında aparılmış məhkəmə araşdırmasının nəticələrinə əsaslanıb, onlara obyektiv hüquqi qiymət verərək, apellyasiya məhkəməsi Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından iş üzrə zərərçəkmiş şəxs İsayeva Ülviyyə Xanlar qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və həmin qərarın dəyişdirilmədən saxlanılmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar