Məhkəmə qərarları › İş №3(3-9)-496/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-496/2026

14.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-496/2026 14.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi ilə, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 iştirakı ilə Hüquqi şəxs “xxxx” MMC-nin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Protokolu tərtib edən orqan tərəfindən “xxxx” MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra - IXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında ##.##.2026-cı il tarixli material baxılması üçün ## ##### 2026-cı il tarixdə Xankəndi Şəhər Məhkəməsinə göndərilmişdir. Xankəndi Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim X7) ilə hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qərarından narazı qalan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 şikayət verərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və qərəzlidir, həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur. Protokolu tərtib edən orqan tərəfindən, səlahiyyət həddi aşılmiş, araşdırma materialına aid olmayan məlumatlar əsasında qanunsuz inzibati xəta haqqında iş üzrə icraata başlanmış və iş başında tutulma faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası IXM-nin 192.1-ci maddəsi ilə məhkəmə tərəfindən hüquqi şəxsə cərimə tədbiq edilməsi üçün, qanunvericiliyin imperativ (məcburi) tələbinə əsasən, işçinin əmək müqaviləsi olmadan faktiki iş başında, əmək funksiyasını yerinə yetirərkən, aşkar edilməsi və yerində rəsmi yoxlama aktının tərtib olunması məcburidir. X2 Rövşən oglu, heç bir dövlət orqanı və ya Əmək müfəttişliyi, Vergi xidməti əməkdaşları tərəfindən iş başında tutulmamışdır. Protokolu tərtib edən orqan qanunla müəyyən edilmiş öz rəsmi fəaliyyət və səlahiyyət həddini aşaraq, başqa bir araşdırma materialının (hansı ki, ##.##.2026-cı il tarixdə cinayət tərkibi və əməldə təqsir olmadığı üçün barəsində CPM-nin 39.1.2-ci maddəsi ilə rəsmi rədd qərarı çıxarılmışdır) hüdudlarından kənara çəxmışdır. Prokurorluq Yol-Nəqliyyat hadisəsinin araşdırma materialına heç bir aidiyyəti olmayan, qanunsuz üsullarla təzyiq altında toplanmış kənar, kəşfiyyat xarakterli məlumatlar və yalnız digər qərəzli və işdə maraqlı şəxs olan Əşrəf Məmmədovun böhtan xarakterli subyektiv ərizəsi əsasında,habelə müstəntiqin kabinetində agır psixoloji təzyiq altında məcburi alınmış,müstəntiqin özü tərəfindən sual cavab formasında yazılmış, şifahi (izahatlar, bəyanatlar, etiraflar) əsasında (IXM-nin 99.1.3) maddəsinə əsasən kabinet şəraitində süni iş açmışdır. Iş materiallarında heç bir rəsmi sənəd, bank kartı köçürməsi, maaş cədvəli,tabel vərəqi, işə davamiyyət jurnalı, xüsusi geyimdə işçinin foto şəkili yoxdur. Prokurorluq vahid yoxlama reyestrindən keçməmiş, səlahiyyətinə aid olmayan və qanunsuz (sübutların mənbəyində nəzərdə tutulmayan qaydada) topladığı təqsirləndirici məlumatlar, AR IXM-nin 76cı maddəsinə əsasən qanunsuz sübutdur və məhkəmə cəzası üçün əsas ola bilməz. X1 texniki ofisin rəhbəri Şamxal Abdullayev, mülki-hüquqi səlahiyyətsiz şəxsdir.Işə qəbul və ya işdən azad etmək onun səlahiyyətindən kanardır.Prokurorluqda məcburiyyət qarşısında, öz əleyhinə verdiyi izahat sübutlar siyahısında çıxarılmışdır. Təzyiq altında alman ifadə və izahatlar qanunla qadağandır və sübut kimi qəbul edilə bilməz. Bununla əlaqədar AR Baş Prokurluguna, Məhkəmə Hüquq Şurasına, Prezident Adminstrasiyasına rəsmi müraciətlər ünvanlanmış və Salyan Rayon Məhkəməsinə vəsatət verilmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən icraatın davam etdirilməsini istisna edən mütləq hallar mövcuddur. Müddət amili nəzərə alınmalıdır. Ittiham olunan əməlin başa çatdığı son tarixdən ##.##.2025-ci ildən etibarən hesablanan bir illik qanuni müddət (IXM 38.1) ## ###### 2026-cı il tarixdə başa çatır. Lakin əsas yol-nəqliyyat hadisəsinin baş verdiyi ##.##.2025-ci il tarixdən hesablama aparıldıqda isə bir illik mütləq müddət artıq ##.##.2026-cı il tarixdə rəsmən bitmişdir. Protokolu tərtib edən orqan ##.##.2026-ci il tarixdə araşdırma materialı üzrə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması haqqında qərar qəbul edir, eyni zamanda qanunun tələbini və prosessual ardıcıllığı pozaraq yekun qərar qəbul etməzdən əvvəl, hüquqi şəxs “xxxx” MMC barədə IXM-nin 192.1 maddəsi ilə Əşrəf Məmmədovun ərizəsinə istinad edərək inzibati icraat materiallarını ##.##.2026-cı il tarixdə Xankəndi Məhkəməsinə göndərmişdir. Bundan başqa Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qanuni qərarı ilə (Hakim Şahəddin Kələntərov), eyni fakt üzrə DƏMX-nin Qarabağ regional şöbəsinin, vəzifəli şəxs Natiq Abbasov barəsində 3000 (üç min) AZN-lik cərimə qərarı ləgv edilmiş, xəta tərkibi olmadığı rəsmən sübut olunmuşdur.Bu səbəbdən mövcud qanunun tələbinə əsasən işə mütləq qaydada xitam verilməlidir. Həmçinin Prosessual hüquq normaları saymazyana şəkildə tapdalanmışdır. MMCnin yeganə təmsilçisi və direktoru Natiq Abbasov rəsmi, üzürlü səbəbdən xəstəliyi ilə əlaqədar ölkə xaricində müalicədə olduğu və bilet portala yükləndiyi halda, hakim AR IXM-nin 99.2-ci maddəsinə zidd olaraq, işə tələsik qiyabi baxmış, eyni hadisə üzrə açılmış iki işi vahid icraatda birləşdirməmiş (IXM maddə 112.2), vəsatətlərinə yazılı cavab verməmiş (IXM maddə 74.3) və məhkəmə iclas protokolu aparılmamışdır. (IXM maddə 10). PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş hüquqi şəxs “xxxx” MMC-nin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş Protokolu tərtib edən orqan nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası IXM-in 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR Azərbaycan Respublikası IXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət təmin olunmamalı, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası IXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. IXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. IXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Mübahisə olunan qərardan görünür ki, “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, şahid ifadəsi, ##.##.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, “X18 Sistemi” vasitəsilə əmək müqaviləsinə dair məlumatlar, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, 2025-ci ilin iyul ayında işə qəbul olunmaq məqsədilə X8 müraciət etmişdir. Şamxal Abdullayev ondan şəxsiyyətini təsdiq edən sənədləri təqdim etməsini istəmiş, o da şəxsiyyət vəsiqəsinə dair məlumatları təqdim etmişdir. Sonuncu ona əmək münasibətlərinin rəsmiləşdirilməsi üçün zəruri sənədlərin tamamlanaraq müəssisənin insan resursları şöbəsinə təqdim ediləcəyini və əmək müqaviləsinin bağlanacağını bildirmişdir. Bundan sonra o, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək “xxxx” MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Şahid qeyd etmişdir ki, onunla əmək müqaviləsinin bağlanmadığından xəbəri olmamış, hüquqi şəxs tərəfindən gördüyü işin müqabilində əmək haqqı tam ödənilmişdir. Həmçinin göstərmişdir ki, həmin hallarla bağlı Protokolu tərtib edən orqan aparılan araşdırma zamanı da izahat vermişdir. “Inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” ## ##### 2026-cı il tarixli qərardan görünür ki, hüquqi şəxs “xxxx” MMC (VÖEN: **********)-hüquqi ünvanı ünvan 1 maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergi Baş Idarəsi tərəfindən verilmiş *-**-*-*/*-*****/**** saylı, ##.##.2026-cı il tarixli Elektron Çıxarışdan görünür ki, “xxxx” MMC VÖEN ********** olmaqla, ##.##.2018-ci il tarixində qeydiyyata alınmış və hüquqi ünvanı AZ 0121, Abşeron rayonu, Saray qəsəəbəsi, Polad Həşimov küçəsi, ev 409 ünvanıdır. Qanuni təmsilçisi X3r. X20 Sistemindən əldə edilmiş Əmək müqaviləsi Məlumatlarından görünür ki, X4 “Arzu Saray” adlı iş yerində ofisiant vəzifəsində ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək müddətli əmək müqaviləsi əsasında şadlıq evlərinin xidmətlərinə cəlb edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb belə nəticəyə gəlir ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası IXMin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası IXM-in 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar müəyyən etmiş və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, “xxxx” MMC-nin ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq edilir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq “xxxx” MMC-nin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçini işlərin yerinə yetirilməsinə cəlb etməsi, beləliklə də Inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Məhkəmə, həmçinin onu da qeyd edir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş hüquqi şəxsin nümayəndəsi apellyasiya şikayətində “işçinin əmək müqaviləsi olmadan faktiki iş başında, əmək funksiyasını yerinə yetirərkən, aşkar edilməsi və yerində rəsmi yoxlama aktının tərtib olunması məcburidir. X2 Rövşən oglu, heç bir dövlət orqanı və ya Əmək müfəttişliyi, Vergi xidməti əməkdaşları tərəfindən iş başında tutulmamışdır.” kimi dəlilləri X5 şahid qismində verdiyi izahatı, X8 Salyan rayon Prokurorkuğunda verdiyi izahatı, o cümlədən işdə olan sadalanan digər sübutlarla “xxxx” MMC tərəfindən X5 əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunur. Apellyasiya şikayətində göstərilən digər dəlillərlə də bağlı “xxxx” MMC tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əksinə işdə olan sübutlarla onun göstərdiyi xüsusatlar təkzib olunmuşdur. Apellyasiya şikayətinin “Protokolu tərtib edən orqan tərəfindən, səlahiyyət həddi aşılmiş, araşdırma materialına aid olmayan məlumatlar əsasında qanunsuz inzibati xəta haqqında iş üzrə icraata başlanmış və iş başında tutulma faktı aşkar edilməmişdir” kimi digər dəlili ilə bağlı məhkəmə qeyd edir ki, bu dəli də əsassızdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarının sistemli təhlilindən görünür ki, prokuror öz səlahiyyətləri çərçivəsində apardığı araşdırma zamanı inzibati xəta əlamətləri aşkar etdikdə həmin fakt üzrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq hüququna malikdir. Qanun inzibati xəta faktının yalnız ixtisaslaşmış inzibati nəzarət orqanı tərəfindən aşkar edilməsini tələb etmir. Hazırkı iş üzrə əmək münasibətlərinin əmək müqaviləsi bağlanılmadan həyata keçirilməsi faktı Protokolu tərtib edən orqan aparılmış araşdırma zamanı müəyyən edilmiş və həmin fakt üzrə qanunla nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilmişdir. Sonradan cinayət işi üzrə icraata xitam verilməsi həmin araşdırma zamanı qanuni qaydada əldə olunmuş sübutların hüquqi qüvvəsini aradan qaldırmır və inzibati məsuliyyət məsələsinin həllinə mane olmur. Bu baxımdan məhkəmə hesab edir ki, prokurorluq tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Apellyasiya şikayətinin “Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən icraatın davam etdirilməsini istisna edən mütləq hallar mövcuddur. Müddət amili nəzərə alınmalıdır. Ittiham olunan əməlin başa çatdığı son tarixdən ##.##.2025 etibarən hesablanan bir illik qanuni müddət (IXM 38.1) ## ###### 2026-cı il tarixdə başa çatır. Lakin əsas yolnəqliyyat hadisəsinin baş verdiyi ##.##.2025-ci il tarixdən hesablama aparıldıqda isə bir illik mütləq müddət artıq ##.##.2026-cı il tarixdə rəsmən bitmişdir.” dəlilləri ilə də məhkəmə razilaşmayaraq bildirir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər pozulmamışdır. Belə ki, Inzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, ümumi qayda olaraq inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Lakin qanunverici bir sıra inzibati xətalar üzrə, o cümlədən əmək qanunvericiliyinin pozulmasına görə daha uzun – bir il müddət müəyyən etmişdir. Bu yanaşmanın məqsədi həmin kateqoriyadan olan inzibati xətaların əksər hallarda xüsusi nəzarət və araşdırma tədbirləri nəticəsində aşkar olunmasını, onların müəyyən edilməsinin daha mürəkkəb xarakter daşımasını nəzərə almaqdan ibarətdir. Bununla yanaşı, Inzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi cinayət-prosessual araşdırmanın nəticəsində inzibati məsuliyyət məsələsinin həll edildiyi halları tənzimləyən xüsusi normadır. Həmin normaya əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən olunduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən ən geci üç ay keçənədək verilə bilər. Hazırkı işin materiallarından görünür ki, hüquqi şəxsin inzibati məsuliyyətinə səbəb olmuş faktlar Protokolu tərtib edən orqan aparılmış araşdırması zamanı aşkar edilmiş, həmin araşdırmanın nəticəsində ##.##.2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilmişdir. Salyan Rayon Məhkəməsinin mübasiləndirilən inzibati tənbeh vermə haqqında qərarı isə ## #### 2026-cı il tarixdə qəbul edilmişdir. Deməli, mövcud durumda IXM-in 38.3-cü maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən də söhbət belə gedə bilməz. Apellyasiya şikayətinin digər dəlili olaraq göstərilmişdir ki, “Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə eyni fakt üzrə DƏMX-nin Qarabağ regional şöbəsinin, vəzifəli şəxs Natiq Abbasov barəsində 3000 (üç min) AZN-lik cərimə qərarı ləgv edilmiş, xəta tərkibi olmadığı rəsmən sübut olunmuşdur. Bu səbəbdən mövcud qanunun tələbinə əsasən işə mütləq qaydada xitam verilməlidir.” Məhkəmə qeyd edilən dəlilə qiymət verərək vurgulayır ki, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Hüquq Idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Salyan Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı ləğv edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Qarabağ regional şöbəsinin ## ### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarından görünüyü kimi X3 ona istinad olunan inzibati xətanı törətməsini sübuta yetirilmişdir. Ümumiyyətlə, apellyasiya şikayətinin dəlilləri heç bir hüquqi əsası olmayan formal mülahizələrə əsaslanmış, inzibati orqanın əsaslandığı sübutları təkzib edən dəlillər öz təsdiqini tapmamış, məhkəməyə təqsirsizliyini sübut edən hər hansı mötəbər sübutlar təqdim edilməmiş, həmin dəlillər subyektiv yanaşma kimi, inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə kimi qiymətləndirilməlidir. Bu da törədilmiş əməlin təsdiqini aradan qaldırmır. Məhkəmə hesab edir ki, şikayətdə göstərilən “xxxx” MMC-nin təqsirli olmaması ilə bağlı xüsusat inzibati xəta törətmiş hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin “xxxx” MMC-nin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən “xxxx” MMC-yə təyin edilmiş inzibati tənbeh ilə də razılaşır. Azərbaycan Respublikası IXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. IXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Birinci instansiya məhkəməsi inzibati xəta törətmiş hüquqi şəxsə tənbeh tətbiq edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası IXM-in 192.1-ci maddəsində bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər üçün min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üçün üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər üçün isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb inzibati xəta törətmiş hüquqi şəxsə 20.000 manat məbləğində cərimə inzibati tənbehi tətbiq etmişdir. Qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, “xxxx” MMC-yə tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və əsaslı olmuş, məhkəmə cərimənin məbləğini ən aşağı həddə müəyyən etməklə sonuncunun barəsində kifayət qədər ədalətli davranmışdır. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası IXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar