Məhkəmə qərarları › İş №3(3-9)-524/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-524/2026

04.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-524/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs), M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN 2249154 nömrəli qərarı ilə Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci və 253.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 2000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərardan narazı qalan Qərardan şikayət verən orqan (şəxs) şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X3 ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xətam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən hakim X2) şikayətin təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X4 ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qərarından narazı qalan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayət verərək, Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-116)-154/2026 qərarının ləğv edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ## #### 2026-cı il tarixli, MN 2249154 inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi şikayətini onunla əsaslandırmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktikiki halların aydınlaşdırılmaması, Cəbrayıl Rayon Məhkəməsinin qərarında göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir. Məhkəmə qərarında torpaq sahəsinin şumlanması zamanı ağac və kol bitkilərinin qanunsuz kəsilməsi faktının baş vermədiyi göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən tərtib edilmiş akt, fotoşəkillər və Qərardan şikayət verən orqan (şəxs) yazılı izahatı ağacların məhv edilməsi və zədələnməsi faktının baş verdiyini təsdiq edir. Göründüyü kimi, məhkəmə tərəfindən “Yaşıllıqların mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanunu, “Yaşıllıqların götürülməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli qərarı düzgün tövsif olunmamış, işin bütün halları nəzərə alınmamışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı inzibati protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati icraat aparılan şəxs Qərardan şikayət verən orqan (şəxs) apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qərar qəbul edildiyindən şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: IXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, .... zərər çəkmiş şəxs, .... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, aşağıda göstərilən əsaslara görə şikayət əsassız olduğundan təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi X3 ## #### 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci və 253.4-cü maddələri ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Işdə olan ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2026-cı il tarixli, ***** saylı aktından görünür ki, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi ərazisində aparılmış reydlər zamanı Cocuq Mərcanlı kəndində diamteri 2-4 sm olan 4 ədəd tut ağacının məhv edilməsi və diamteri 2-4 sm olan 2 ədəd tut ağacının texniki vasitə ilə zədələnməsi müəyyən etmişlər. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 253.4-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların zədələnməsinə görə -fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə yaşıllıqlar – şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur. Həmin Qanunun 1.0.12-ci maddəsinə görə yaşıllıqların götürülməsi - bu Qanunun 13.1ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbirdir. Məhkəmə ilk öncə qeyd edir ki, inzibati məsuliyyətin tətbiqi üçün yalnız inzibati xətanın mövcudluğu deyil, həm də həmin xətanın konkret subyekt tərəfindən törədildiyi sübut edilməlidir. IXM-in 8-ci maddəsinə əsasən, inzibati məsuliyyət yalnız şəxsin təqsiri sübuta yetirildikdə tətbiq edilə bilər. Habelə, inzibati xəta haqqında iş üzrə sübutetmə vəzifəsi inzibati xəta haqqında protokol tərtib edən orqanın üzərinə düşür. Hazırkı iş üzrə iş materiallarından görünür ki, ağacların məhv edilməsi və zədələnməsi faktının, yəni həmin əməlin birbaşa olaraq Qərardan şikayət verən orqan (şəxs) tərəfindən törədildiyini göstərən heç bir sübutu ehtiva etmir. Apellyasiya şikayətində göstərilənin əksinə olaraq ##.##.2026-cı il taixli izahatında Qərardan şikayət verən orqan (şəxs) izhatında konkret olaraq 4 ədəd tut ağacının məhv edilməsi və 2 ədəd tut ağacının texniki vasitə ilə zədələnməsinin məhz onun tərəfindən edildiyini qeyd etməmişdir. O, tut bağı salmaq məqsədi ilə rəsmi müracət edərək tut ağacları əkmək üçün ona torpaq sahəsi verildiyini və tut ağacları əkmək üçün zəruri işlər gördüyünü bildirmişdir. Qeyd olunan xüsusatların araşdırılmadan məsuliyyətin birbaşa bir şəxsə yüklənməsi fərdiləşdirmə prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Bu prinsip inzibati icraata da şamil edilir. Inzibati hüquqda qəbul edilmiş mövqeyə görə, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əməlin şəxsin özü tərəfindən birbaşa, yaxud onun adından və maraqları naminə törədilməsi, həmin əməllə şəxs arasında səbəbli əlaqənin mövcudluğu və şəxsin təqsirinin konkret faktlarla sübut edilməsi zəruridir. Hazırkı iş üzrə bu tələblərin heç biri sübuta yetirilməmişdir. Avropa Insan Hüquqları Məhkəməsinin presedent hüququna görə (məsələn, Ozturk Almaniyaya qarşı, Angel Romaniyaya qarşı), inzibati sanksiyalar mahiyyət etibarilə “cinayət xarakterli” olduqda, sübutetmə standartı yüksək olmalı və şəxs yalnız aydın və inandırıcı sübutlar əsasında məsuliyyətə cəlb edilə bilər. Hazırkı iş üzrə belə sübutların mövcud olmaması inzibati məsuliyyətin tətbiqini qeyri-mümkün edir. Nəticədə qeyd edilməlidir ki, inzibati məsuliyyət subyektin dəqiq müəyyən edilmədiyi, təqsirin sübut olunmadığı və sübutların qanuni yolla əldə edilmədiyi hallarda istisna edilir. Həmçinin, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi sübutları araşdıraraq şəxsin təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlmiş və inzibati orqanın qərarını ləğv edərək iş üzrə icraata xitam vermişdir. Apellyasiya instansiyası üçün əsas məsələ inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqi şərtlərin mövcud olub-olmamasının yoxlanılmasıdır. Inzibati xəta tərkibi dörd elementdən ibarət hesab edilir: obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət. Həmin elementlərdən hər hansı biri sübuta yetirilmədikdə məsuliyyət istisna olunur. Xüsusilə subyektin konkret əməli törətməsi və təqsirin mövcudluğu sübuta yetirilməlidir. Təkcə hüquqazidd nəticənin baş verməsi şəxsin məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. Inzibati məsuliyyət fərdi xarakter daşıyır. Hüquqi dövlətdə məsuliyyət ehtimallara və fərziyyələrə əsaslana bilməz. Qərardan şikayət verən orqan (şəxs) tərəfindən ağacların məhv edilməsi və zədələnməsi arqumenti birmənalı olaraq həmin şəxsin təqsirli olması nəticəsinə gətirmir. Iş materiallarında bu fakt heç biri sübutla təsdiqini tapmır. IXM-in 12.1-ci maddəsinə əsasən inzibati xəta hüquqazidd və təqsirli əməl olmalıdır. Təqsirin sübuta yetirilmədiyi halda hüquqazidd nəticənin mövcudluğu inzibati məsuliyyət üçün kifayət etmir. IXM-in 53.2-ci maddəsinə görə şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsi də bu halda icraata xitam verilməsi barədə qərar qəbul edilməsini nəzərdə tutur. Birinci instansiya məhkəməsi məhz bu normaları tətbiq etmiş və şəxsin təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Apellyasiya şikayətində məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktikiki halların aydınlaşdırılmaması iddia edilsə də, həmin halları təsdiq edən sübutları təqdim etməmiş, iddia olaraq formal mülahizələrlə əsaslandırmışdırlar. Sübutların qiymətləndirilməsi məhkəmənin daxili inamına əsaslanır və həmin inam yalnız iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıldıqdan sonra formalaşır. Iş materialları göstərir ki, məhkəmə sübutları araşdırmış və düzgün hüquqi nəticəyə gəlmişdir. Qanunvericiliyin məqsədi cəzalandırmaq deyil, qanunçuluğu təmin etməkdir. Inzibati məsuliyyət yalnız sübut edilmiş təqsir əsasında tətbiq oluna bilər. Əks yanaşma təqsirsizlik prezumpsiyasının formal xarakter almasına və inzibati orqanların sübutetmə öhdəliyindən azad edilməsinə gətirib çıxarar ki, bu da hüquqi dövlət prinsipinə zidd olardı. Beləliklə, iş üzrə inzibati xəta tərkibinin subyekt və subyektiv cəhət elementləri sübuta yetirilməmiş, şəxsin konkret əməli törətməsi müəyyən edilməmiş, təqsir forması aydınlaşdırılmamışdır. Bu səbəbdən inzibati məsuliyyətin tətbiqi üçün hüquqi əsas mövcud deyildir. IXM-in 2-ci mаddəsinə əsаsən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 48-ci mаddəsinə görə isə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstisusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. IXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində göstərilmişdir: 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2. Inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. Inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. IXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. IXM-in 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. IXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. IXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verilmiş şikayətdə göstərilənlər qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, apellyasiya qaydasında verilmiş şikayət təmin edilməməli, Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməsinə dair inzibati iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 3(5-116)-154/2026 nömrəli qərarı səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. IXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Şərh olunanlara əsasən və IXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Qərardan şikayət verən orqan (şəxs) IXM-in 253.2-ci və 253.4-cü maddələri inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarısəlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar