Məhkəmə qərarları › İş №3(3-9)-537/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-537/2026

31.08.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-537/2026 31.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin (bundan sonra - BDYPI) ## #### 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh təyin edilmiş şəxs tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar eyni səviyyəli birinci instansiya məhkəmələri arasında yaranmış aidiyyət məsələsi ilə bağlı fikir ayrılığına baxaraq MÜƏYYƏN ETDIM: Qərardan şikayət verən orqan (şəxs) şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək BDYPI-nin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Göygöl RayonMəhkəməsi şikayəti iş materialları ilə birlikdə inzibati xəta hadisəsinin törədildiyi yer üzrə Hacıqabul Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə bu qərara gələrkən Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin (bundan sonra-IXM) 110.1 və 129.1.3cü maddələrinə əsaslanmışdır. Belə ki, hər iki normaya görə inzibati xəta haqqında işə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılmalı olduğuna və həmin hadisə Hacıqabul rayonunun ərazisində törədildiyinə görə işə adı çəkilən inzibati ərazi vahidi üzrə birinci instansiya məhkəməsində baxılmalıdır. Işin aidiyyəti üzrə göndərildiyi Hacıqabul Rayon Məhkəməsi IXM-in 129.1.3-1-ci maddəsinə, “habelə Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsaslanaraq, şikayətə onu verən şəxsin qeydiyyatda olduğu yer üzrə məhkəmədə, yəni Göygöl Rayon Məhkəməsində baxılmalı olması qənaətinə gələrək, məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi üçün işi Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Aidiyyətlə bağlı birinci instansiya məhkəmələri arasındakı fikir ayrılığına əsas olan mövqeləri işin faktiki halları əsasında nəzərdən keçirib, habelə aidiyyətlə bağlı inzibati xətalar qanunvericiliyinin müvafiq normalarının tələblərini rəhbər tutub aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab edirəm. Fikir ayrılığınına səbəb olan hallara keçməzdən öncə qeyd etməyi zəruri hesab edirəm ki, aidiyyət məsələsinə ciddi şəkildə əməl edilməsinin vacibliyi ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələblərindən irəli gəlir və məhkəmə aktlarının qanuniliyini şərtləndirir. Belə ki, Əsas Qanunun 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ######## 2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. kimi xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Konstitusiya Məhkəməsi Plenumunun başqa bir qərarında - “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, Konstitusiyanın və digər qanunvericilik aktlarının müddəalarından, habelə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərindən irəli gələrək qeyd etmək olar ki, məhkəmə qərarlarının qanuniliyinin birinci şərti onun aidiyyət qaydalarına əməl edilməklə çıxarılıb-çıxarılmamasından asılıdır. Əgər məhkəmə aktı həmin qaydaların pozulması ilə qəbul olunubsa, o, mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda qanunsuz hesab ediləcəkdir. Odur ki, gələcəkdə qəbul ediləcək məhkəmə aktlarının qanuni və əsaslı olmasının zəruri şərti kimi ilk növbədə aidiyyət qaydalarına əməl edilməsi zəruridir. Məhkəmələr arasında fikir ayrılığı yaradan məsələ inzibati xəta haqqında işə hadisənin törədildiyi yaxud barəsində icraata aparılan şəxsin yaşadığı yerin məhkəməsində baxılmalı olması ilə bağlıdır. Ümumiyyətlə, qeyd olunmalıdır ki, inzibati xətalar qanunvericiliyində birinci instansiya məhkəmələrinin inzibatixətalara dair işlərə iki əsas üzrə baxması nəzərdə tutulmuşdur. Bunlardan birincisi məhkəmələrin səlahiyyətinə aid olan inzibati xətalar haqqında protokola baxılması, ikincisi isə səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərarlarından verilən şikayətlərə baxılması ilə əlaqədar olan icraatlardır. Hazırki işdən görünür ki. Qərardan şikayət verən orqan (şəxs) məhkəməyə verdiyi şikayət səlahiyyətli orqanın inzibati tənbeh vermə haqqında elektron qərarı ilə bağlıdır. IXM-də bu növ qərarlarlardan verilən şikayətlərin xüsusi aidiyyət qaydası müəyyən edilmişdir. Belə ki, IXM-in 129.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Göründüyü kimi, qanunverici səlahiyyətli orqanlar tərfindən elektron qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verilən şikayətlərin imperativ aidiyyət qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, işi aidiyyəti üzrə göndərən birinci instansiya məhkəməsi qanunun qeyd edilən tələbini nəzərə almayaraq, yəni inzibati xəta hadisəsini törətməkdə ittiham olunan Qərardan şikayət verən orqan (şəxs) Göygöl rayonu üzrə daimi qeydiyyatda olmasını və faktiki olaraq da həmin ərazidə yaşamasını diqqətdən kənarda saxlayaraq inzibati xəta haqqında işi əsassız olaraq inzibati xəta hadisəsinin baş verdiyi yerin məhkəməsinə göndərmişdir. Bu səbəbdən də hesab edirəm ki, həmin inzibati xəta haqqında iş aidiyyət qaydalarına uyğun olaraq baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, qeyd olunanlara əsaslanıb və Azərbaycan Respublikası CPM-in 77-ci, həmçinin “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutub QƏRAR VERDIM: Qərardan şikayət verən orqan (şəxs) Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinin ##.##.2026-cı il tarixli, EQ ******** nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilsin. Sədr: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar