Məhkəmə qərarları › İş №3(3-9)-552/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-552/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-552/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Aydın oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı (hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi) ilə ##.##.1997-ci ildə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X1 İnşaat Sanayi ve Dış Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında mantajçı işləyən, Masallı rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilməsi, qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında işin materiallarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli və Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bu səbəbdən də, Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Aydın oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində maddənin sanksiyasında olan həbslə əlaqədar cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı qanunsuzdur. Qərar onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs bir nömrəli dələduz cinayətkardır. Onu aldadaraq 10000 manat ondan borca pul almış və hal-hazıradək bir manat da qaytarmamışdır. Bu barədə Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən pulun alınıb ona verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə 2025-ci ilin noyabr ayı icraya göndərilmişdir. Üzərindən 1 ilə yaxın vaxt keçsə də borclu ona puldan ödəməmişdir. İcra məmru bu barədə məcburi tədbirlərin görmüş və hətta borclunu axtarışa belə vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs axtarışla gətirilərək məhkəməyə təhvil verilmişdir. Hakim 4 səhifəlik qərarında bir cümlə belə əsaslandırma apara bilməmişdir ki, nəyə görə borclunu həbs yox, cərimə etmişdir. Sanksiya təyin edərkən ən önəmli nüanslardan biri hüquq pozuntusunu törədən şəxsin şəxsiyyətidir. Bu adam qeyd etdiyi kimi, dələduzluq sahəsində artıq professionallaşmışdır. Bu adam cərimə ilə islah oluna bilməz, 1 ildir ki, onu yubadıb pulunu qaytarmır, dövlətin pulunu necə qaytaracaq? Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs kifayət qədər qazanc əldə etməkdədir, yalandan bildirib ki, guya pulu yoxdur. İşlədiyi şirkətlər kifayət qədər perspektivlidir, bu səbəbdən də, onlardan yüksək maaş alır. Buna rəğmən onun pulunu ödəmək istəmir. Müraciət etmədiyi qurum qalmamışdır, lakin heç birindən müsbət nəticə almamışdır. Burdan da göründüyü kimi, bu dələduzun onun borcunu qaytarmaq fikri yoxdur. Bu səbəbdən hesab edir ki, məhkəmənin sözügedən qərarı ədalətlilik prinsipini pozur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Lakin məhkəmə cəriməni təyin edərkən bu meyarlara layiqincə diqqət yetirməmişdir. Bu səbəbdən də, düzgün qərara gəlməmişdir. Hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayətə baxılma qaydası: 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Zərərçəkmiş şəxs torpaq sahəsinin olduğunu, həmin ərazini sataraq müəyyən məbləği ona geri qaytaracağını bildirdiyini, avqustun 21-dən yeni iş yerində fəaliyyətə başladığını, 800 manat əmək haqqı aldığını və hər ay bu pulun yarısını ona verə biləcəyini, bundan əlavə, İkinci Qarabağ müharibəsinin, Aprel döyüşlərinin iştirakçısı olduğunu, buna görə aldığı 80 manatlıq müavinəti də hər ay verə biləcəyini, az yaşlı övladları olduğunu, bir övladının xəstə, birinci qrup əlil olduğunu, onun müalicəsi ilə əlaqədar borcunu tam şəkildə ödəyə bilmədiyini göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Apellyasiya baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və ədalətli nəticəyə gəldiyini göstərib, müdafiə etdiyi şəxsin göstərdiyi halların da nəzərə alınmasını, apellyasiya şikayətinin təmin olunmamasını və məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Aydın oğlu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb, proses iştirakçılarını dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 845 manat borc və dövlət rüsumu qismində ödənilmiş 30 manat, cəmi 875 manat pulun alınaraq iddiaçı Nuriyev Ülvi İsrail oğluna ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(050)- ****/**** nömrəli icra sənədinə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 10.000 manat və dövlət rüsumu qismində ödənilmiş 136.5 manat pul vəsaitinin 120 manat hissəsinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs Aydın oğluna ödənilməsi qərara alınmışdır. İş materiallarında olan ## ###### 2022-ci il tarixli və ## ###### 2026-cı il tarixli “İcraata başlamaq haqqında” qərarlardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Masallı Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli və Masallı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı icra vərəqələri üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişlər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanına göndərilmişdir. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü, həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldığı müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan sübutlarla Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları araşdırıb, məhkəmə belə nəticəyə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi həmin Məcəllənin 75- 76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin hakimi tənbeh edilən şəxsin inzibati qaydada tənbeh edilməsi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmiş, qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ona istinad olunan əməli törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə düzgün qiymətləndirmişdir. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin hakiminin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyildir. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunmuş, məhkəmə də onu həmin maddə ilə təqsirli bilməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Aydın oğlunun apellyasiya şikayətinin dəlillərində Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbirinin mübahisələndirilməsini nəzərə alıb aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Birinci instansiya məhkəməsi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tənbeh tətbiq edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmiş, onu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilib barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasına əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Apellyasiya baxışı zamanı müəyyən edilmiş hallardan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünün maddi vəziyyəti ilə yanaşı, ailə vəziyyətinə dair də əsaslı məlumatlar təqdim etmişdir. Belə ki, onun azyaşlı övladlarının olduğu, onlardan birinin xəstə və birinci qrup əlil olduğu, həmin övladının müalicəsi ilə bağlı xərclərin mövcudluğu iş materialları və onun izahatı ilə əlaqədar qiymətləndirilmişdir. Bundan əlavə, “Elektron Məhkəmə” informasiya sistemində olan məlumatlardan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs aylıq 80 manat məbləğində müavinət aldığı müəyyən olunur. Eyni zamanda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İkinci Qarabağ müharibəsinin, Aprel döyüşlərini iştirakçısı olduğunu, medallarla təltif olunduğunu qeyd etmişdir. Məhkəməyə təqdim edilmiş medalın vəsiqəsinin surətindən görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Bununla yanaşı, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs apellyasiya baxışı zamanı hazırda yeni iş yerində fəaliyyətə başladığını, aylıq 800 manat əmək haqqı aldığını və həmin gəlirindən hər ay müəyyən hissəni Zərərçəkmiş şəxs ödəməyə hazır olduğunu bildirmişdir. O, həmçinin torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin satılması hesabına borcun ödənilməsinin mümkünlüyünü göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları borcun mövcudluğunu və icra sənədinin icrasından azad edən hallar kimi deyil, tənbeh tədbirinin fərdiləşdirilməsi zamanı nəzərə alınmalı olan şəxsi, ailə və maddi vəziyyətə dair hallar kimi qiymətləndirir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə müəyyən edilmiş halların məcmusu, xüsusilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs azyaşlı övladlarının olması, onlardan birinin birinci qrup əlil olması və onun müalicəsinə ehtiyacın mövcudluğu, aylıq müavinət alması, müharibə iştirakçısı olması, müvafiq medalla təltif edilməsi, habelə yeni işə başladığını və borcun mərhələli şəkildə ödənilməsinə imkan verən gəlir əldə etdiyini bildirməsi onun barəsində tənbeh tədbiri seçilərkən nəzərə alınmalı olan mühüm hallardır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi bu hallar birlikdə qiymətləndirərək, , inzibati həbsin tətbiq edilməsinin hazırkı işin konkret hallarına və tənbehin fərdiləşdirilməsi prinsipinə uyğun olmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə təqsirli bilinən şəxsə cərimə növündə inzibati tənbeh təyin edilməsi işin faktiki hallarına, törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam adekvat olmuşdur. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Lakin məhkəmənin qənaətincə, hazırkı işin halları cərimə tədbirinin məqsədəuyğun və tərbiyəedici təsir baxımından yetərsiz olması, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin zəruriliyi ilə bağlı nəticəyə gəlmək üçün əsas vermir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tətbiq edilmiş cərimə növündə inzibati tənbeh tədbiri qanuni və ədalətli olmuşdur. Apellyasiya məhkəməsi yuxarıda göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri formal xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs Aydın oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar