Məhkəmə qərarları › İş №3(3-9)-574/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-574/2026

25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-574/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi ilə “X3” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək cərimə edilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “X3” MMC-in direktoru nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim Ləman Merəliyeva) “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 50000 (əlli min) ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 10000 ABŞ dolları (ABŞ dollarının Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İŞİN HALLARI Protokolu tərtib edən orqan tərəfindən “X3” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməsinə dair ## ##### 2026-cı il tarixli, EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün adiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsinə göndərmişdir Məhkəmə hesab etmişdir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti qeyd olunan hərəkətləri ilə İXM-in 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh təyin edilmiş hüquqi şəxs “X3” MMC-in direktoru nümayəndə1 apellyasiya şikayəti verərək, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-c il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini və "X3" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, “X3” MMC tərəfindən ##.##.2024-cü il tarixində 50 000 ABŞ dolları məbləğində vəsait avans olaraq xaricə köçürülmüş, lakin müəyyən edilmiş müddətdə müvafiq sənedlərin banka təqdim olunmaması inzibati məsuliyyətə səbəb olmuşdur. Hazırda inzibati xəta törədilməsinə şərait yaratmış və qərarın qəbul edilməsinə əsas olmuş hallar aradan qaldırılmışdır. Belə ki, xarici ticarət əməliyyatı ilə əlaqədar sənədlərdə, o cümlədən invoyslarda mövcud olmuş texniki və məzmun xarakterli uyğunsuzluqlar aradan qaldırılmış, idxal əməliyyatının qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür. Müvafiq sənədlər gömrük orqanlarına təqdim edilmiş, məsələyə gömrük orqanları tərəfindən baxılmış və idxal əməliyyatının rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq razılıq əldə edilmişdir. Bununla da inzibati xəta haqqında işin başlanmasına səbəb olmuş sənəd və rəsmiləşdirmə uyğunsuzluqları faktiki olaraq aradan qaldırılmışdır. Birinci instansiya məhkəməsinin qərarında da Cəmiyyət nümayəndəsinin malların faktiki olaraq Azərbaycan Respublikasına idxal edildiyini, problemin invoyslardakı uyğunsuzluqlardan irəli gəldiyini və həmin uyğunsuzluqların aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinə müraciət ediləcəyini bildirdiyi göstərilmişdir. Hazırda həmin tədbirlər artıq həyata keçirilmiş və gömrük orqanlar ilə məsələ müsbət şəkildə həll olunmuşdur. Bu hal iş üzrə mühüm əhəmiyyət daşıyan yeni vəziyyət olmaqla tətbiq edilmiş inzibati tənbehin qüvvədə sax anılmasının məqsədəuyğunluğunun yenidən qiymətləndirilməsini zəruri edir. Nəzərə alınmalıdır ki, Cəmiyyətin məqsədi valyuta qanunvericiliyinin tələblərindən yayınmaq və ya xaricə köçürülmüş pul vəsaitini qanunsuz şəkildə ölkədən çıxarmaq olmamışdır. Xaricə köçürülmüş vəsait real idxal müqaviləsi çərçivəsində avans ödənişi olmuş, müqavilə üzrə mallar faktiki olaraq Azərbaycan Respublikasına gətirilmişdir. Yaranmış problem əsasən idxal sənədlərinin rəsmiləşdirilməsində mövcud olmuş uyğunsuzluqlarla əlaqədar olmuşdur. Cəmiyyət tərəfindən pozuntunun nəticələrinin aradan qaldırılması üçün tədbirlərin görülməsi, müvafiq sənədlərin qaydaya salınması və gömrük orqanları ilə rəsmiləşdirmənin təmin edilməsi onun qanunvericiliyin tələblərinə əməl etmək niyyətini təsdiq edir. İnzibati tənbehin məqsədi yalnız şəxsin cəzalandırılması deyil, həm gələcəkdə yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasıdır. Hazırkı halda pozuntunun yaranmasına səbəb olmuş hallar Cəmiyyət tərəfindən könüllü şəkildə aradan qaldırılmışdır. Cəlilabad Rayon Məhkəməsinin ##.##.2026-c il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməsini və “X3” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və barəsində inzibati tənbeh tətbiq edilmiş hüquqi şəxs “X3” MMC –in nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini işin materiallarına əsasən araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və “X3” MMC inzibati məsuliyyətdən azad edilməli, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən görünür ki, müvafiq sənədlər gömrük orqanlarına təqdim edilmiş, məsələyə gömrük orqanları tərəfindən baxılmış və idxal əməliyyatının rəsmiləşdirilməsi ilə əlaqədar müvafiq razılıq əldə edilmişdir. “X3” MMC tərəfindən 50000 (əlli min) ABŞ dolları məbləğində vəsait bank vasitəsilə ## #### 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyuta, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 50000 (əlli min) ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta ## #### 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir; - ##.##.2024-cü il tarixli köçürmə haqqında ödəniş tapşırığından görünür ki, hüquqi şəxs “X3” MMC tərəfindən 50000 (əlli min) ABŞ dolları məbləğində vəsait ##.##.2024-cü il tarixdə «xxxx» ASC-də olan hesabdan “X1 CO LTD Chına ”-nın hesabına köçürülmüşdür; - “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubdan görünür ki, “X3” MMC tərəfindən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyuta, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”-nın tələbi olaraq, idxal olunan mal və xidmətlər üzrə qabaqcadan ödəniş aparıldığı gündən 2 il müddətində köçürmələr üzrə idxalı təsdiq edən müvafiq sənədlər “xxxx” ASC-yə tam olaraq təqdim edilməmişdir; Apellyasiya instansiyası məhkəməsi aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmağı mümkün hesab etmir. İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. ## ###### 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin ## ###### 2020-ci il tarixli, **/* nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Protokolu tərtib edən orqan təqdim edilir;” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən Qaydaların 4.3.1.3-cü yarımbəndi və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müvafiq valyuta əməliyyatına xüsusi nəzarət rejiminin tətbiq olunması və valyuta tənzimi qaydasının pozulmasına görə inzibati hüquqi məsuliyyətin müəyyən edilməsi sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıdığı üçün həmin hüquqi normalar Konstitusiyanın 59 və 79-cu maddələrinin tələblərinə uyğun hesab edilməlidir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Beləliklə Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə müvafiq valyuta əməliyyatı ilə bağlı xüsusi nəzarət rejiminin müəyyən edilməsinə və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Beləliklə, apellyasiya məhkəməsi inzibati xəta haqqında iş üzrə icraat materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini tədqiq edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə “X3” MMC İXM-in 430.4-cü maddəsi ilə təqsirli bilinməsi barədə səthi qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın obyekti dedikdə onun zərər yetirdiyi ictimai münasibətlər başa düşülür. İnzibati xəta obyektiv cəhətdən hərəkət və ya hərəkətsizlikdə ifadə olunur. Şəxsin öz hərəkəti və ya hərəkətsizliyi ilə yol verdiyi əməllər inzibati xətalar qanunvericiliyində nəzərdə tutulduğu hallarda inzibati xəta hesab olunur. İnzibati xəta subyektiv cəhətdən təqsirin qəsd və ya ehtiyatsızlıq formasında ifadə olunur. İXM-in 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin və informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırkı iş üzrə inzibati xəta hadisəsi ## #### 2026-cı il tarixdə baş vermişdir. Göründüyü kimi Cəlilabad Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı qəbul etdiyi tarixdə, yəni ## #### 2026-cı il tarixdə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş 4 aylıq müddət başa çatmışdı. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, “X3” MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı bir mötəbər sübutun mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından “X3” MMC-in direktoru nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən “X3” MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar