Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 3(3-9)-585/2026 25.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Babayev Variq Baloğlan oğlunun katibliyi, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsmayılov Tural Sarif oğlunun iştirakı ilə, İsmayılov Tural Sarif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsmayılov Tural Sarif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi) ilə ##.##.1986-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda yaşayan İsmayılov Tural Sarif oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI İnzibati xəta haqqında iş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə əsasən ərizəçi İsmayılova Billurə Atamoğlan qızının uşağı ##.##.2017-ci il təvəllüdlü İsmayılsoy Xanımzeynəb Tural qızı ilə ünsiyyət hüququ müəyyən edilməklə, hər həftənin şənbə günləri saat 10:00-dan 17:00-dək uşaq onun yaşayış yeri üzrə cavabdeh İsmayılov Tural Sarif oğlu tərəfindən İsmayılova Billurə Atamoğlan qızına, həmin günlər saat 17:00-da isə eyni ünvanda İsmayılova Billurə Atamoğlan qızı tərəfindən İsmayılov Tural Sarif oğluna təhvil verilməlidir. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən İsmayılov Tural Sarif oğlunun barəsində Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinin icra edilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 528.1-ci maddəsi ilə ## ###### 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İşə baxan birinci instansiya məhkəməsi yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsmayılov Tural Sarif oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadına əsasən, ərizəçi İsmayılova Billurə Atamoğlan qızının uşağı ##.##.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günləri saat 10:00-dan 17:00-dək uşaq onun yaşayış yeri üzrə cavabdeh İsmayılov Tural Sarif oğlu tərəfindən İsmayılova Billurə Atamoğlan qızına, həmin günlər saat 17:00-da isə eyni ünvanda İsmayılova Billurə Atamoğlan qızı tərəfindən İsmayılov Tural Sarif oğluna təhvil verilməsi qərara alınmışdır. Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək guya icra məmurunun qanuni tələblərini yetirməmişdir. Qeyd edir ki, tələbin könüllü icra edilməsi barədə bildirişlə ##.##.2026-cı il tarixdə tanış edilmişdir və ona icra sənədinin 10 gün müddətində könüllü icra edilməsi bildirişdə göstərilmişdir. Bildirir ki, şənbə günü vəfat etmiş bibisi oğlunun yeddisi mərasimində iştirak edəcəyi üçün evdə olmadığından uşaq anası ilə görüşə bilməmişdir. O, öncədən tələbkar şəxsin atası ilə razlaşaraq şənbə günü evdə olmayacağını bildirərək bazar günü görüş üçün gəlmələrini demişdir. Həm də ona demişdir ki, tələbkar şəxsən özü gəlsin. Çünki o, tələbkarın atasının onların həyətinə gəlməsini istəməmişdir. Onun dediyi gündə, yəni bazar günü tələbkar, yəni uşağın anası gəlib uşaqla görüşməmişdir. ## ###### 2026-cı il tarixində Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə çağırılaraq uşaqla anası arasında görüş keçirilmişdir. Uşaq özü anası ilə görüşmək istəmir. Uşaq onun yanına gələndə görmüşdür ki, onun qolunda xəsarət izi var. Hesab edir ki, həmin xəsarət anası tərəfindən ona yetirilmişdir. Uşaqla anasının ünsiyyəti zamanı heç bir müdaxilə etməmişdir. ##.##.2026-cı il tarixli Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinin icrası ilə bağlı ##.##.2026-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilən icra prosesi zamanı ##.##.2017-ci il təvəllüdlü X4 atasının iştirakı ilə, daha sonra atası olmadan dinlənilmiş, sonra hər üç tərəfin iştirakı ilə görüş keçirilmiş, ünsiyyət zamanı uşaq qardaşını çox istədiyini, qardaşı anasının yanında qaldığından mütəmadi görüşə bilmədiyini, xəyalında ailə üzvlərinin hər birinin bir yerdə yaşadığını düşündüyünü, özünü elə olduğu halda daha xoşbəxt hiss etdiyini bildirmişdir. Ünsiyyət zamanı ana uşağa yaxınlaşmış, uşaq anasının ona yaxın durmasının istəməmiş, İsmayılov Tural anasının uşağı qucaqlamamasını tələb edərək münasibət qurmalarına maneə olmuş, ana ilə uşağın ünsiyyətinə İsmayılov Tural tərəfindən müdaxilənin olduğu hiss olunmuş, tərəflərlə profilaktik söhbətlər aparılsa da, məhkəmə qərarının icrasına müsbət təsir etməmiş, keçirilmiş ünsiyyətin videoçəkiliş vasitəsilə həyata keçirildiyi qeyd edilmişdir. Bildirir ki, ##.##.2026-cı il tarixdə o, uşağın anası ilə görüşməsinə heç bir maneəçilk törətməmişdir və icra məmurunun qanuni tələblərini pozmamışdır. Belə ki, ##.##.2026-cı il tarixdə icra şöbəsində verdiyi izahatında da icra sənədindən xəbərdar olduğunu, uşağın anası ilə ünsiyyətdə olmasına heç bir etirazının olmadığını, uşaq özü anası ilə ünsiyyətdə olmaq istəmədiyini, uşaq anasının yanında olanda şiddətə məruz qaldığını, anası istədiyi vaxt uşaqla görüşə biləcəyini göstərmişdir. Buna baxmayaraq icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, guya məhkəmə qərarlarının icrasını təmin etməmişdir, icra sənədlərinin icrasında qərəzli olaraq yayınmışdır, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin məhkəmə qərarında qeyd edilmişdir ki, 11,08.2026-cı il tarixli bildirişdən görünür ki, borclu İsmayılov Tural Sarif oğluna, İsmayılova Billurə Atamoğlan qızına və Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına məhkəmə qərarının icrası ilə bağlı icra prosesinin ##.##.2026-cı il tarixdə saat 16:00-da Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına təyin edilməsi barədə məlumat verilmişdir. Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasının üzvü ##.##.2026-cı il tarixə təyin edilmiş tələbkarın uşaqla ünsiyyətdə olma prosesində iştirak etməmiş və bu barədə komissiyanın rəyi olmamasına baxmayaraq, icra məmuru tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, ana ilə uşağın ünsiyyətinə İsmayılov Tural tərəfindən müdaxilənin olduğu hiss olunmuşdur. Hazırkı iş üzrə onun icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi ilə əlaqəli olduğu sübuta yetirilməmişdir. Belə ki, o, uşağın anası ilə görüşməsinə heç bir maneə yaratmamışdır, yalnız uşaq anası ilə özü görüşmək istəməmişdir. Hətta icra şöbəsinə verdiyi ##.##.2026-cı il tarixli izahatdan da görünür ki, o, icra şöbəsinə tələbkarın uşağı ilə görüşməsinə heç bir etirazının olmadığını da qeyd etmişdir. Əlavə olaraq bildirir ki, o, İ qrup əlildir. Aldığı pensiya dava-dərmanlara çatmadığı halda məhkəmə tərəfindən əsassız olaraq 700 manat inzibati cərimə edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs İsmayılov Tural Sarif oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış edib, şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mövcud iş materialları əsasında araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, məhkəmənin qərarı inzibati tənbeh ilə bağlı hissədə dəyişdirilməlidir. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs işin faktiki hallarını mübahisələndirərək, təqsirli olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını nəzərdən keçirib müəyyən etmişdir ki, İsmayılov Tural Sarif oğlunun ona istinad edilən inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsində qeyd edilir ki, inzibati xətalar haqqında işlərin icraatı zamanı inzibati xəta hadisəsinin, inzibati xəta törətmiş şəxsin, inzibati xəta törətməkdə şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Mübahisə olunan qərardan görünür ki, İsmayılov Tural Sarif oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması – inzibati xəta haqqında protokol, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş, habelə işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə əsasən ərizəçi İsmayılova Billurə Atamoğlan qızının uşağı ##.##.2017-ci il təvəllüdlü İsmayılsoy Xanımzeynəb Tural qızı ilə ünsiyyət hüququ müəyyən edilmiş və ünsiyyət qaydası hər həftənin şənbə günləri saat 10:00-dan 17:00-dək uşaq onun yaşayış yeri üzrə cavabdeh İsmayılov Tural Sarif oğlu tərəfindən İsmayılova Billurə Atamoğlan qızına, həmin günlər saat 17:00-da isə eyni ünvanda İsmayılova Billurə Atamoğlan qızı tərəfindən İsmayılov Tural Sarif oğluna təhvil verilməsi barədə qərardad qəbul edilmişdir. İş materiallarında olan “İcraata başlama haqqında” ##.##.2026-cı il tarixli qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və həmin qərar icra olunması üçün müvafiq bildirişlə borclu İsmayılov Tural Sarif oğluna göndərilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu İsmayılov Tural Sarif oğluna icra sənədinin könüllü icrası üçün 10 gün müddət müəyyən edilmiş və borclu həmin bildirişlə ##.##.2026-cı il tarixdə tanış olmuşdur. İş materiallarında olan ##.##.2026-cı il tarixli ərizədən görünür ki, tələbkar İsmayıllova X6 rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək məhkəmə qərarının icrasının təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, borclu İsmayılov Tural Sarif oğluna, İsmayılov Billurə Atamoğlan qızına və Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyasına məhkəmə qərarının icrası ilə bağlı icra prosesinin ##.##.2026-cı il tarixdə saat 16:00-da Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasına təyin edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş aktdan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 16(5-134) **/**** saylı icra sənədinin icrası ilə bağlı ##.##.2026-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilən icra prosesi zamanı ##.##.2017ci il təvəllüdlü İsmayılsoy Xanımzeynəb Tural qızı atasının iştirakı ilə, daha sonra atası olmadan dinlənilmiş, sonra hər üç tərəfin iştirakı ilə görüş keçirilmiş, ünsiyyət zamanı uşaq qardaşını çox istədiyini, qardaşı anasının yanında qaldığından mütəmadi görüşə bilmədiyini, xəyalında ailə üzvlərinin hər birinin bir yerdə yaşadığını düşündüyünü, özünü elə olduğu halda daha xoşbəxt hiss etdiyini bildirmişdir. Ünsiyyət zamanı ana uşağa yaxınlaşmış, uşaq anasının ona yaxın durmasının istəməmiş, İsmayılov Tural anasının uşağı qucaqlamamasını tələb edərək münasibət qurmalarına maneə olmuş, ana ilə uşağın ünsiyyətinə İsmayılov Tural tərəfindən müdaxilənin olduğu hiss olunmuş, tərəflərlə profilaktik söhbətlər aparılsa da məhkəmə qərarının icrasına müsbət təsir etməmiş, keçirilmiş ünsiyyətin videoçəkiliş vasitəsilə həyata keçirildiyi qeyd edilmişdir. İş materiallarında olan ##.##.2026-cı il tarixli Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilən icra prosesi zamanı qeydə alınmış DVD diskdən ana ilə uşağın ünsiyyətinə İsmayılov Tural tərəfindən müdaxilənin olduğu müəyyən edilmişdir. Belə ki, İsmayılov Tural Sarif oğlu İsmayılov Billurə Atamoğlan qızına uşağa yaxınlaşmağa imkan vermir, İş materiallarında olan ##.##.2026-cı il tarixli izahatdan görünür ki, borclu İsmayılov Tural Sarif oğlu izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, uşağın anası ilə ünsiyyətdə olmasına heç bir etirazı yoxdur, uşaq özü anası ilə ünsiyyətdə olmaq istəməmişdir, uşaq anasının yanında olanda şiddətə məruz qalmışdır, anası istədiyi vaxt uşaqla görüşə bilər. İş materiallarında olan ##.##.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İsmayılov Tural Sarif oğlu icra sənədlərinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədində nəzərdə tutulmuş tələbi icra etməmişdir. Nəticədə İsmayılov Tural Sarif oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı inzibati işin materiallarını və yuxarıda qeyd olunan sübutları bir daha nəzərdən keçirib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət vermiş, haqlı olaraq İsmayılov Tural Sarif oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması ilə bağlı nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab edir ki, İsmayılov Tural Sarif oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə həm inzibati xəta haqqında protokol tərtib etmiş orqan, həm də işə baxmış birinci instansiya məhkəməsinin hakimi Azərbaycan Respublikası İXM-nin 75-76-cı maddələrinin tələblərinə əməl edərək, inzibati xəta törətmiş şəxsin ona istinad olunmuş inzibati xətanı törətməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi düzgün qiymətləndirilmişdir. Məhkəmənin qənaətincə, hazırkı iş üzrə qeyd olunan halların məcmusu İsmayılov Tural Sarif oğlunun məhkəmə aktı ilə müəyyən edilmiş ünsiyyət qaydasının icrasına mane olduğunu və bununla da icra sənədində nəzərdə tutulmuş tələbin yerinə yetirilməsini təmin etmədiyini təsdiq edir. Belə ki, iş materiallarından görünür ki, Kürdəmir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə İsmayılova Billurə Atamoğlan qızının uşağı İsmayılsoy Xanımzeynəb Tural qızı ilə ünsiyyət hüququ müəyyən edilmiş, həmin ünsiyyətin hər həftənin şənbə günləri saat 10:00-dan 17:00-dək uşağın atası İsmayılov Tural Sarif oğlunun yaşayış yeri üzrə anasına təhvil verilməsi qaydasında həyata keçirilməsi müəyyən olunmuşdur. İsmayılov Tural Sarif oğlu isə həmin məhkəmə aktının mövcudluğundan və onun icrasının məcburi olmasından xəbərdar olmuş, ##.##.2026-cı il tarixli könüllü icra haqqında bildirişlə ##.##.2026cı il tarixdə tanış edilmişdir. Bununla belə, məhkəmə aktının icrasının təmin edilməsi məqsədilə ##.##.2026-cı il tarixdə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin inzibati binasında keçirilmiş icra prosesi zamanı İsmayılov Tural Sarif oğlunun uşağın anası İsmayılova Billurə Atamoğlan qızı ilə ünsiyyətinə müdaxilə etdiyi müəyyən edilmişdir. Belə ki, həmin tarixdə tərtib edilmiş icra aktında uşağın anasının ona yaxınlaşdığı zaman İsmayılov Tural Sarif oğlunun uşağın anasını qucaqlamasına etiraz etdiyi, onun uşaqla münasibət qurmasına mane olduğu və ana ilə uşağın ünsiyyətinə müdaxilənin müşahidə edildiyi qeyd edilmişdir. Qeyd olunan hallar yalnız icra məmurunun aktında əks olunmuş məlumatlarla məhdudlaşmır. ##.##.2026-cı il tarixdə keçirilmiş icra prosesi zamanı aparılmış videoçəkiliş də həmin halları təsdiq edir. Videoçəkilişin məhkəmə iclasında tədqiq edilməsi nəticəsində İsmayılov Tural Sarif oğlunun uşağın anasına yaxınlaşmağa və uşaqla sərbəst ünsiyyət qurmağa imkan vermədiyi müəyyən edilmişdir. Beləliklə, icra aktında göstərilən hallar videoçəkilişin məzmunu ilə də uzlaşaraq bir-birini tamamlayır və məhkəmə aktı ilə müəyyən edilmiş ünsiyyət qaydasının faktiki olaraq İsmayılov Tural Sarif oğlunun hərəkətləri ilə məhdudlaşdırıldığını göstərir. Apellyasiya şikayətində İsmayılov Tural Sarif oğlu uşağın anası ilə görüşməsinə mane olmadığını, uşağın özünün anası ilə ünsiyyət qurmaq istəmədiyini və ##.##.2026-cı il tarixdə keçirilmiş görüş zamanı hər hansı müdaxiləyə yol vermədiyini bildirsə də, bu dəlillər iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib olunur. Xüsusilə, uşağın anası ilə ünsiyyətə müdaxilənin icra prosesi zamanı birbaşa müşahidə edilməsi və həmin halın videoçəkilişlə də təsdiqlənməsi fonunda yalnız uşağın ünsiyyət etmək istəməməsinə istinad edilməsi İsmayılov Tural Sarif oğlunun üzərinə düşən öhdəliyi aradan qaldırmır. Çünki məhkəmə aktı ilə uşağın anası ilə ünsiyyət hüququ artıq müəyyən edilmiş və bu hüququn həyata keçirilməsi üçün konkret qayda müəyyən olunmuşdur. Həmin qaydanın icrasını təmin etmək borclunun üzərinə düşdüyü halda, onun uşağın iradəsini əsas gətirməklə müəyyən edilmiş ünsiyyətə faktiki müdaxilə etməsi məhkəmə aktının icrasına maneə kimi qiymətləndirilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, İsmayılov Tural Sarif oğlunun şənbə günü qohumunun yeddi mərasimində iştirak etməsi səbəbindən həmin gün evdə olmadığını və bu barədə əvvəlcədən tələbkarın atası ilə razılaşdığını bildirməsi də onun məhkəmə aktı ilə müəyyən edilmiş qaydada icranı təmin etməməsinə haqq qazandırmır. Belə ki, məhkəmə aktında ünsiyyətin konkret olaraq hər həftənin şənbə günü saat 10:00-dan 17:00-dək həyata keçirilməsi müəyyən edilmişdir və bu qaydanın dəyişdirilməsi borclunun birtərəfli qərarı ilə mümkün deyildir. Həmçinin tələbkarın sonradan başqa gün gəlməsinin təklif edilməsi də məhkəmə aktında müəyyən edilmiş icra qaydasını dəyişdirən hal kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edir ki, İsmayılov Tural Sarif oğlunun uşağın anası tərəfindən əvvəllər uşağa qarşı zorakılıq törədilməsi barədə irəli sürdüyü mülahizələr də məhkəmə aktının icrasını təmin etməmək üçün hüquqi əsas yaratmır. Belə halların mövcudluğu barədə iş materiallarında onları təsdiq edən mötəbər sübutlar müəyyən edilmədiyi kimi, həmin məsələ məhkəmə aktı ilə müəyyən edilmiş ünsiyyət qaydasının özbaşına dəyişdirilməsinə və ya icrasının dayandırılmasına əsas verən hal kimi də qiymətləndirilə bilməz. Beləliklə, İsmayılov Tural Sarif oğlunun məhkəmə aktından məlumatlı olması, ona həmin aktın könüllü icrası ilə bağlı müvafiq bildiriş verilməsi, icra prosesində məhkəmə aktı ilə müəyyən edilmiş ünsiyyətin həyata keçirilməsinə onun tərəfindən müdaxilə edilməsi və bu halın həm icra aktı, həm də məhkəmə iclasında tədqiq edilmiş videoçəkilişlə təsdiqlənməsi onun icra sənədində nəzərdə tutulmuş tələbin yerinə yetirilməsinə mane olduğunu göstərir. Sadalanan sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə qiymətləndirildikdə, apellyasiya məhkəməsi hesab edir ki, borclunun qərəzli olaraq tələbi icra etməməsi iş materialları ilə tam təsdiq olunur. Borclunun hərəkəti İXM-nin 528.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi dedikdə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Beləliklə, apellyasiya məhkəməsi hesab edir ki, İsmayılov Tural Sarif oğlunun əməlinin tövifi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, haqlı olaraq əməli icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirmişdir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs isə apellyasiya şikayətində iş üzrə icraata xitam verilməsini şərtləndirən hər hansı mötəbər və əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə İsmayılov Tural Sarif oğluna tətbiq edilmiş inzibati tənbeh ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 528.1-ci maddəsinə əsasən bu inzibati xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə İsmayılov Tural Sarif oğluna inzibati tənbeh tədbiri tətbiq edərkən onun birinci dərəcəli əlil olmasını, işsiz olmasını, törədilmiş xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə məhkəmə aktının icrasına müdaxilənin xarakterini nəzərə alaraq sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını qanunamüvafiq hesab etmişdir. Apellyasiya məhkəməsi işin faktiki hallarını, inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, ailə və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi şəxsə haqlı olaraq, cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş inzibati tənbehin növü ilə razılşasa da, təyin edilmiş cərimənin məbləği ilə bağlı nəticəni tam əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati tənbeh təyin edilərkən törədilmiş xətanın xarakteri, şəxsin şəxsiyyəti, onun ailə vəziyyəti, tətbiq edilən tənbehin şəxsin islah olunmasına və gələcəkdə yeni inzibati xətaların qarşısının alınmasına təsiri nəzərə alınmalıdır. İnzibati tənbeh yalnız cəzalandırma məqsədi daşımamalı, eyni zamanda sosial ədalət və fərdiləşdirmə prinsiplərinə uyğun müəyyən edilməlidir. Barəsində inzibati tənbeh təyin edilmiş şəxs İsmayılov Tural Sarif oğlunun apellyasiya şikayətindən, eləcə də, apellyasiya baxışı zamanı vermiş olduğu izahatından görünür ki, o, 1-ci qrup əlildir. Həmin halın mövcudluğu iş materiallarında olan məlumatlarla da təsdiq olunur. Belə ki, iş materiallarında olan rəqəmsal əlillik kartından görünür ki, İsmayılov Tural Sarif oğlu birinci dərəcəli əlildir. Bundan əlavə, apellyasiya baxışı zamanı İsmayılov Tural Sarif oğlu səhhəti ilə bağlı ciddi problemlərinin olduğunu, xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Bu halın yalnız onun izahatı ilə məhdudlaşmadığı, iş materiallarına əlavə edilmiş məlumatlarla yanaşı, “Elektron Məhkəmə” İnformasiya Sistemində mövcud olan məlumatlardan da təsdiq olunduğu müəyyən edilmişdir. Belə ki, həmin məlumatlara əsasən, İsmayılov Tural Sarif oğluna “Qaraciyərin digər sarkomaları, qaraciyərin karsinoid şişi, cT4N1M1 IV mərhələ, 2 kurs PKT-dan sonrakı vəziyyət” diaqnozu qoyulmuş və onun birinci dərəcəli əlilliyi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, inzibati tənbeh tədbiri müəyyən edilərkən şəxsin yalnız törətdiyi xətaya görə məsuliyyət daşıması deyil, həmçinin onun fərdi vəziyyəti və tətbiq ediləcək tənbehin onun üçün doğuracağı nəticələr də nəzərə alınmalıdır. Bu baxımdan, şəxsin birinci dərəcəli əlil olması ilə yanaşı, ağır və uzunmüddətli müalicə tələb edən onkoloji xəstəlikdən əziyyət çəkməsi onun sosial və əmlak vəziyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Eyni zamanda, iş materiallarından İsmayılov Tural Sarif oğlunun işsiz olduğu da müəyyən edilir. Beləliklə, onun sabit əmək gəlirinin olmaması, birinci dərəcəli əlilliyi və ciddi onkoloji xəstəlik səbəbindən müalicəyə ehtiyacının olması nəzərə alındıqda, 700 manat məbləğində inzibati cərimənin onun faktiki maddi vəziyyətinə əhəmiyyətli yük yaradacağı qənaətinə gəlmək mümkündür. Apellyasiya instansiyası məhkəməsi bununla yanaşı, İsmayılov Tural Sarif oğlunun törətdiyi inzibati xətanın xarakterini, məhkəmə aktının icrasına müdaxilənin mahiyyətini və təqsirinin dərəcəsini də nəzərdən keçirir. Törədilmiş xətanın ictimai və hüquqi əhəmiyyəti nəzərə alınmaqla onun inzibati məsuliyyətdən azad edilməsi və ya tənbeh tətbiq edilməməsi üçün əsas müəyyən edilməsə də, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün məhz 700 manat məbləğində cərimənin zəruri və mütənasib olduğu qənaətinə gəlmək də əsaslı hesab edilmir. Bu halların məcmusunu, xüsusilə İsmayılov Tural Sarif oğlunun birinci dərəcəli əlilliyini, ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini, müalicə almasını, işsiz olmasını, habelə məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 700 manat məbləğində inzibati cərimə tənbehi törədilmiş əmələ və iş üzrə müəyyən edilmiş hallara münasibətdə nisbətən sərt olmuşdur. Məhkəmə həmçinin nəzərə alır ki, inzibati tənbeh təyin edilərkən yalnız törədilmiş inzibati xətanın xarakteri və nəticələri deyil, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun ailə və əmlak vəziyyəti, təqsirinin dərəcəsi, habelə tətbiq edilən tənbehin məqsədlərinə nail olmaq üçün zəruri və kifayət qədər olması da qiymətləndirilməlidir. Tənbeh törədilmiş xətaya görə məsuliyyətin labüdlüyünü təmin etməli, lakin konkret işin hallarından irəli gələn zərurətdən artıq sərt xarakter daşımamalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş bütün halları qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, İsmayılov Tural Sarif oğluna təyin edilmiş inzibati tənbehin məbləğinin endirilərək 500 manat məbləğində müəyyən olunması həm şəxsin təqsirinin dərəcəsinə, həm də onun şəxsiyyəti, ailə və əmlak vəziyyəti ilə bağlı müəyyən edilmiş hallara uyğun olmaqla, şəxsin davranışına zəruri hüquqi təsirin göstərilməsi üçün kifayət edəcək, onun islah olunması və gələcəkdə inzibati xəta törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün yetərli olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 135.1 və 135.1.5-ci maddələrinə görə tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilməli, İsmayılov Tural Sarif oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətbiq edilmiş 700 (yeddi yüz) manat inzibati cərimənin məbləği endirilərək 500 (beş yüz) manat məbləğində müəyyən edilməli, qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, məhkəmənin qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İsmayılov Tural Sarif oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tətbiq edilmiş 700 (yeddi yüz) manat inzibati cərimənin məbləği endirilərək 500 (beş yüz) manat məbləğində müəyyən edilsin. Qərarın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(3-9)-585/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №3(3-9)-585/2026
25.09.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver