Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1123/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi-Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı X2, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Naxçıvan MR, Şahbuz rayonu, Külüs kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Yunisov küçəsində yerləşən çay evinin qarşısında X3 tərəfindən vətəndaş Şəxs 350 manat pulu kartına atmış lakin sonuncu kombini verməmişdir. Bu fakt təhqiqatçının qərarı ilə təsdiq edilir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, ona təhqiqat materialı gəldikdən sonra zərərçəkmiş şəxslə əlaqə saxlayan zaman şəxsin telefonuna zəng çatmadığı üçün polisə şikayət etdiyini, sonra şəxsin kombini gətirib quraşdırdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Hazırki inzibati xətanın baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirmişdir ki, ona işlənmiş kombi lazım olduğu üçün bir tanışının vasitəsilə İlqar adlı şəxslə əlaqə saxlamışdır. İlqarla kombini 350 manata almağa razılaşmışdır. İlqarla danışığına əsasən o, pulu ona karta köçürməli, növbəti gün isə İlqar kombini gətirib quraşdırmalı idi. Danışıb pulu ona köçürdükdən sonra İlqara nəyəsə görə zəng edəndə telefonuna zəng çatmamışdır. Ona görə narahat olmuş, aldadıldığını düşünmüş və polisə şikayət etmişdir. Təxminən 2-3 gün sonra İlqar özü onu tapmış və kombini quraşdırmışdır. Onu polisə bu işlə bağlı çağıranda artıq məsələ həll olunmuşdur. Hesab edir ki, İlqarın onu aldatmaq kimi niyyəti olmamışdır. Bildirdiyi kimi həqiqətən telefonunda problem olduğu üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sadəcə həmin vaxt o, İlqarın telefonuna zəng çatmadığından narahat olub aldadıldığını düşünmüş, həmçinin havalar soyuq olduğundan evdə kombiyə ehtiyac olmuşdur. Ona görə də polisə müraciət etmişdir. Kombi aparatı quraşdırıldığı üçün şəxsə qarşı heç şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, kombi təmiri və işlənmiş kombilərin satışı ilə məşğuldur. Fətullanı ona bir tanışı yönləndirmişdir. Onunla telefon vasitəsilə danışmış, kombinin dəyəri ilə bağlı 350 manata razılığa gəlmişlər. Fətulla 350 manat pulu onun kartına göndərmişdir. Növbəti gün onun evində həmin kombini quraşdırmalı idi. Hətta quraşdırmanın da pulunu göndərmək istəmiş, o, isə kombini quraşdırdıqdan verməsini bildirmişdir. Fətulla pulu göndərdiyi gün onun telefonu cibindən kislotaya düşərək yararsız vəziyyətə düşdüyündən onunla əlaqə saxlaya bilməmişdir. Fətullanın ünvanın konumu da telefonunda olmuşdur. Daha sonra onu tanış edən şəxsin vasitəsilə Fətullanı tapmış və kombini aparıb evə quraşdırmışdır. Hətta qurşadırmanın pulunu da Fətulla ona vermişdir. Onun Fətullanı aldadıb pulunu ələ keçirmək niyyəti olmamışdır. Polis tərəfindən ona şikayətin daxil olması barədə heç bir məlumat verilməmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/34 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxsin barəsində AR İXM-nin 227-ci maddəsi ilə inzibati təsir tədbirinin görülməsi qərara alınmışdır. Sabunçu RPİ-nin 13-cü PŞ-nin rəisinə Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı tərəfindən ünvanlanmış raportdan görünür ki, qəbul etmiş olduğu xx.xx.2026-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar göndərilərək icra edilməsi üçün aidiyyəti üzrə əməkdaşa müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında xx.xx.2026-cı il tarixli qərardaddan görünür ki, Sabunçu RPİ-nin 13-cü PŞ-nin polis sahə rəisi, polis kapitanı Hikmət Qurbanov tərəfindən AR İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci bəndinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Hazırkı iş üzrə şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə, yəni xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Göründüyü kimi tamah məqsədi talama cinayətinin subyektiv cəhətinin zəruri əlaməti hesab olunur. “Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 8-ci bəndində əsasən tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq, yaxud əmlaka ehtimal olunan hüquqla bağlı həmin əmlakı götürmək niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. Şəxsin kombi aparatını vaxtında təhvil verməməsi hələ onun tamah niyyəti ilə hərəkət etməsi nəticəsinə gəlməsi üçün kifayət deyil. Talama məqsədinin, yəni təqsirkarın tamah məqsədi ilə hərəkət etməsinin müyyən olunması zəruri şərtdir. Hazırki işin halları ilə təqsirləndirilən şəxsin məhz tamah niyyəti ilə hərəkət etməsi müəyyən olunmamışdır. Belə ki, işin hallarından da görünür ki, zərərçəkmiş şəxs polisə şikayət etdikdən sonra 2 və ya 3 günə kombi aparatı zərərçəkmiş şəxsə təhvil verilmişdir. Həmin müddət ərzində inzibati xəta törədilməsi istinad olunan şəxs polisə çağırılmamış, izahatı alınmamışdır. Yəni onun barəsində hər hansı bir şikayətin olmasından məlumatı olmadığı halda kombi aparatını qaytarması dediklərinin həqiqət olduğunu, yəni talama niyyətinin olmadığını göstərir. Şəxs məhkəmə iclasında telefonunun yararsız hala düşməsi səbəbindən kombi aparatını vaxtında təhvil verə bilməməsini qeyd etmişdir. Yəni şəxs iradəsindən asılı olmadan üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməmişdir. Daha sonra onu zərərçəkmiş şəxslə əlaqələndirən şəxs vasitəsilə zərərçəkmiş şəxsi taparaq kombini təhvil vermiş və zərərçəkmiş şəxsin evində quraşdırmışdır. Bütün bu halları zərərçəkmiş şəxs də öz izahatında təsdiq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından görünür ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da qərarlarında subyektiv cəhətə xüsusilə diqqət ayıraraq qeyd etmişdir ki, şəxsin özgəsinin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək niyyətinin, yəni talama niyyətinin müəyyənləşdirilməsi hüquq pozuntusunun düzgün qiymətləndirilməsi üçün zəruridir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ona istina edilən AR İXM-nin 227-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-1123/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1123/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver