Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1126/2026 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs böyük icra məmuru X4, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X1 iştirakları ilə, xx xxxxxx 1983-cü tarixdə Naxçıvan MR Şərur rayonu, Qaraburc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3436/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 4152 manat aliment borcunun tələbkar X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən MN № ******* saylı, 03 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında göstərmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3436/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli icra vərəqəsinə əsasən yaranmış 4152 manat aliment borcunun tələbkar X1 xeyrinə ödənilməsindən yayınır. Şəxs tərəfindən bu günədək cəmi iki dəfə 240 manat məbləğində aliment borcu ilə bağlı ödəniş etmişdir. Bu səbəbdən də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Hal-hazırda borc məbləği 4152 manat təşkil edir. Barəsində xəbərdarlıq göndərilmiş, tələbin könüllü icrası barədə məlumat verilmişdir. 2025-ci ilin noyabr ayında Şəxs cəza çəkdiyi 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə sorğu göndərilmiş və oradan daxil olmuş arayışa əsasən Şəxs CİM-nin 119.3-cü maddəsinə əsasən çəzaçəkmə müəssisəsindən kənarda hərəkət etməyə icazə verilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Ona verilmiş sullara cavabında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs rəsmi qaydada icra sənədini, xəbərdarlıq bildirişini əldə etmişdir. Həmin vaxt o, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirmiş və icra sənədi üzrə ödənişləri işlədiyi yerdən maaş aldıqca ödəyəcəyini qeyd etmişdir. Ondan sonra yenidən izahatını almaq üçün şöbəyə dəvət etdik və işləyəcəyi halda ödəniş edəcəyəni bildirmişdir. Şəxs cəza çəkdiyi 7 saylı məntə tipli cəzaçəkmə müəssisəsində ancaq axşam saatlarında olmuş, gündüzlər isə gedib işləmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o rəsmi qaydada xx.xx.2025-ci il tarixdə icra sənədi barədə xəbərdar olunmuşdur. Həmin vaxt 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İcra sənədi barədə xəbərdar olunduqdan sonra Sea Breeze də fəhlə işlədiyi üçün aldığı 400 manat maaşdan 120 manat olmaqla iki dəfəyə cəmi 240 manat ödəniş etmiş, qalan 280 manatla özü dolanmağa başlamışdır. Ondan sonra işdən çıxdığı üçün ödəniş etməmişdir. Eyni zamanda onun barəsində xx.xx.2026-cı il tarixdə amnistiya qərarının 2.2-ci bəndinə əsasən azad olunmuşdur. Barəsində nə qərar qəbul ediləcəksə razıdır. Sonda həbs olunmasını məhkəmədən xahiş etmişdir. Ona verilmiş sullara cavabında göstərmişdir ki, ona icra sənədi və tələbin könüllü icrası barədə xx.xx.2025-ci il tarixdə rəsmi məlumat verilmişdir. Ancaq ondan qabaq icra məmuru əlaqə saxlamışdır. İşləyəcəyi halda aylıq 100-140 manat ödəniş etməyə gücü çata bilər. 7 saylı məntə tipli cəzaçəkmə müəssisəsində cəza çəksə də, Sea Breeze ərazisində işləmişdir. İşlədiyi müddət ərzində də iki ay müddətində aylıq 120 manat ödəniş etmişdir. Yaxın günlərdə işə daxil olmaq fikri vardır. Hazırda işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. İşləməsə ödəniş etməyəcəkdir. İcra məmuru onun adını işsiz kimi qeydiyyata aldıra bilər. Tələbkar bunları o, cəza çəkdiyi müddətdə boşanma ilə bağlı iddia ərizəsi verərkən fikirləşməli idi. Məhkəmə iclasında tələbkar X5 izahatında göstərmişdir ki, uşaqlara baxmağa maddi imkanı çatmır, uşaqların aylıq xərcini ödəməkdə çətinlik çəkir. Aylıq ödənilən 100- 120 manat kifayət etmir. Rəfail istəsə ödəniş edə bilər, sadəcə olaraq qəsdən ödəniş etmək istəmir. Cəza çəkməsinə baxmayaraq gündüzlər gedib Sea Breeze də işləmiş, yalnız gecələr gedib məntəqə tipli cəzaçəkmə müəssisəsində qalmışdır. Aliment ödəməmək üçün özü qəsdən işdən çıxmışdır. Uşaqlarının atası olduğu üçün hörmət edərək tutulmasını istəmir. Aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan: Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-3436/2025 saylı, 19 sentyabr 2025-ci il tarixli icra vərəqəsindən gürünür ki, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 nın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq X1 xeyrinə hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.61 misli miqdarında sonrakı artımlar nəzərə alınaraq(40080,61=244) ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, “tələbin könüllü icrası” barədə borcluya məlumat verilmişdir. Əlavə edilmiş xəbərdarlığın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs rəsmi qaydada qəbul etmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra məmuru tərəfindən qətnamənin surətini həmin gün, yəni xx.xx.2025-ci il tarixdə almışdır, qərarlardan şikayət edəcəkdir, 7 saylı MTC müəssisəsində cəza çəkməsinə baxmayaraq 400 manata Sea Breeze də fəhlə işləyir ödənişləri edəcəkdir. Pentensiar Xidmət 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, məhkum Şəxs CİM-nin 119.3-cü maddəsinə əsasən çəzaçəkmə müəssisəsindən kənarda hərəkət etməyə icazə verilmişdir. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs xx.xx.2026-ci il tarixli izahatından görünür ki, icra sənədindən xəbərsiz olmuş, xəbərdar olunduqdan sonra 140 manat aylıq ödəniş etmişdir. Verilmiş qərarlardan şikayət edəcək və yeni qərara əsasən ödənişlər edəcəkdir., 7 saylı MTC müəssisəsində cəza çəkməsinə baxmayaraq 400 manata Sea Breeze də fəhlə işləyir ödənişləri edəcəkdir. Şəxs tərəfindən təqdim edilmiş arayışdan görünür ki, onun barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan(qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl(hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.https://e-qanun.az/framework/52863 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokola əlavə edilmiş materiallardan görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə tələbin könüllü icrası barədə xəbərdarlıq edilmişdir. Borclu barəsində olan icra sənədindən xəbərdardır və aliment borcu olduğunu qəbul edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs rəsmi qaydada xx.xx.2025-ci il tarixdə icra sənədi barədə rəsmi məlumatı olmuş və sənədləri qəbul etmişdir. Qeyd edilən hal işin mübahisəsiz halıdır. Tələbin könüllü icrası barədə borcluya 10 gün müddətində vaxt verilməsinə baxmayaraq, o yalnız iki ay müddətində 120 manat olmaqla, cəmi 240 manat ödəniş etmişdir. İcra sənədi üzrə borcun məbləği 4152 manat təşkil etmiş və Şəxs həmin borcu ancaq işləyəcəyi halda aylıq 100-120 manat aralığında ödəcəyini qeyd etmişdir. Göründüyü kimi, borclu Şəxs xx.xx.2025-ci il tarixdən icra sənədi barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq ödənişləri etməkdən yayınmış, icra sənədinin icrası üçün addımlar atmamış və icra sənədi üzrə borcun məbləği yığılaraq 4152 manat təşkil etmişdir. Şəxs izahatında göstərmişdir ki, o cəzaçəkmə müəssisəsində cəza çəkmiş, xx.xx.2026-cı il tarixdə Amnistiya aktına əsasən cəzadan azad edilmiş, bu səbəbdəndə ödənişləri etməyə imkanı olmamışdır. Məhkəmə Şəxs qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, o, cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində deyil, Pentensiar Xidmət 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmət 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, məhkum Şəxs CİM-nin 119.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən kənarda hərəkət etməyə icazə verilmişdir. Eyni zamanda Şəxs izahatından da müəyyən edilmişdir ki, o, cəzaçəkmə müəssisəsində cəza çəksə də, “Sea Breeze”-də fəhlə işləmiş və aylıq 400 manat maaş almış, həmin aldığı maaşdan aylıq 120 manat olmaqla cəmi 240 manat ödəniş etmişdir. Tətdiq edilmiş sənədlərdən göründüyü üzrə Şəxs cəzasını Pentensiar Xidmət 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmiş, cəza çəkməsi onun sərbəst hərəkət etməsinə mane olmamış, gündüzlər işləməklə gəlir əldə etmişdir. Bu hal onu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə təsir göstərə bilməzdi. Məhkəmə qeyd edir ki, Şəxs hazırda işləməməsi icra sənədi üzrə tələbin üzrlü səbəbdən icra edilməsi üçün əsas hesab edilə bilməz. İşin hallarından görünür ki, hətta Şəxs 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə rahat şəkildə “Sea Breeze”-də fəhlə işləmiş və aylıq 400 manat maaş almışdır. Hazırda onun işləməməsini əsas gətirərək aliment borcunu ödəməməsi ağlabatan hesab edilə bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məhkəmə qətnaməsini üzürsüz səbəbdən, qərəzli olaraq tam icra etməməsini, yaranmış borcun məbləğini, bunun isə tələbkarın manefiyinə toxunmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1126/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1126/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver