Məhkəmə qərarları › İş №3(5-101)-1135/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(5-101)-1135/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-101)-1135/2026 09.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası FHN X1 Xidməti 4-cü ərazi X1 İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Maddənin sanksiyasından görünür ki, həmin əmələ görə vəzifəli şəxsin inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmuşdur. Lakin hazırki iş üzrə inzibati xəta haqqında protokol hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol nömrələnmiş blankda tərtib edildikdə onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır və protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə verilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etmələrinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmamış, inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin iştirakı təmin edilməmiş, inzibati xəta haqqında protokol hüquqi şəxsə təqdim edilməmişdir. Tərtib edilmiş protokolda hüquqi şəxsin adından “fikir bildirmədi” qeydinin edilməsi hüquqi şəxsin icraatda iştirakını təmin etmək üçün zəruri tədbirlərin görülməsini təsdiq edən sənədlər əlavə olunmadığından hüquqi şəxsin səlahiyyətli nümayəndəsinin icraatda iştirak etməsi nəticəsinə gəlməyə əsas vermir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim olunmuş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından işin səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası FHN X1 Xidməti 4-cü ərazi X1 İdarəsinə qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası FHN X1 Xidməti 4-cü ərazi X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar