Məhkəmə qərarları › İş №3(5-101)-1141/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1141/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1141/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, Hüquqi şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, 00100-00460/26 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Məhdud Məhsuliyyətli Cəmiyyətinin ünvanına Belarusiyadan idxal edilmiş malların daşındığı 65415432 nömrəli nəqliyyat Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2026-cı il tarixdə saat 10:36-da daxil olmuş, lakin həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********1173 sorğu nömrəli xx.xx.2026-cı il tarixli idxal bəyannaməsinin xx.xx.2026-cı il tarixdə saat 12:05-də gömrük orqanına elektron formada təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, gömrük orqanı tərəfindən inzibati xəta haqqında protokol formal hüquqi baxımdan düzgün tərtib edilmişdir. Bununla belə, o qeyd etmişdir ki, cəmiyyət tərəfindən qısa idxal bəyannaməsinin təqdim edilməsi gecikmiş olsa da, həmin gecikmənin obyektiv səbəbləri mövcud olmuşdur. Nümayəndə göstərmişdir ki, cəmiyyət ilə xarici tərəf arasında taxıl məhsullarının idxalı ilə bağlı 14 iyul 2026-cı il tarixli, 71 nömrəli müqavilə bağlanmışdır və X1 Məhdud Məsuliyyətli Cəmiyyəti il ərzində mütəmadi olaraq qısa idxal bəyannamələri təqdim edir. Qısa idxal bəyannaməsinin verilməsi proseduruna əsasən, satıcı malın göndərilməsinə hazır olduqda və ya göndərilmə həyata keçirildikdə bu barədə alıcını məlumatlandırmalı, alıcı isə həmin məlumat əsasında qısa idxal bəyannaməsini tərtib edərək gömrük orqanına təqdim etməlidir. Lakin konkret halda satıcı tərəfindən bu öhdəlik yerinə yetirilmədiyindən, qısa idxal bəyannaməsinin vaxtında təqdim edilməsi mümkün olmamışdır. Nümayəndə əlavə olaraq bildirmişdir ki, qeyd olunan hal aşkar edildikdən sonra cəmiyyət tərəfindən qarşı tərəfə rəsmi məktub ünvanlanmış, qarşı tərəf isə öz təqsirini qəbul edərək gələcəkdə belə hallara yol verməyəcəyini yazılı şəkildə təsdiq etmişdir. Bu səbəbdən nümayəndə hesab edir ki, baş vermiş gecikmə cəmiyyətin iradəsindən asılı olmamışdır. Göstərilənləri nəzərə alaraq, nümayəndə məhkəmədən iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16 yanvar 2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-ci il tarixində "X1" MMCnin (VÖEN: **********) ünvanına Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postundan keçməklə 65415432 nömrəli vaqonla "Abşeron" gömrük postuna daxil olmuş taxta yükü Bakı Baş Gömrük İdarəsinin "Abşeron" gömrük postunda **********5891 sorğu nömrəli xx.xx.2026-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edildiyi, lakin adı qeyd olunan hüquqi şəxs tərəfindən qısa idxal bəyannaməsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada malların gömrük ərazisinə gətirməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. 29 yanvar 2026-cı il tarixli, 00100-00460/26 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "X1" MMC-nin unvanına Belarusyadan 65415432 nömrəli nəqliyyat vasitəsilə idxal edilmiş **********5891 sorğu nömrəl 06 01 2026-cı il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmiş mallara dair gömruk bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki X1" MMC-nin unvanına Belarusyadan idxal edilmiş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gomruk sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim edilməmişdır Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı "X1" MMC-nin unvanına Belarusyadan dxal edilmiş malların daşındığı 65415432 nömrəli nəqliyyat vasitəsi Azərbaycan Respublikasının gomruk ərazisinə xx.xx.2026-cı il tarixdə saat 10 36-da daxil olduğu, lakın həmin nəqliyyat vasitəsilə ölkə ərazisinə gətirilən mallara dair **********1173 sorğu nömrəli xx.xx.2026-cı tarıxlı qısa idxal bəyannaməsinin 04 01 2026-cı il tarixdə saat 12:05-də gömrük orqanına elektron formada təqdim edildiyi müəyyən edilmişdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1 -ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə. Azərbaycan Respublikası Prezidentinin 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları, inzibati xəta haqqında protokolu və digər materialları, habelə tətbiq edilməli olan hüquq normalarını qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, X1 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə əməl edilməmiş, yəni mallar gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsi elektron formada təqdim olunmamışdır ki, bu da İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Nümayəndənin gecikmənin satıcının hərəkətləri ilə bağlı olması barədə izahatı hüquqi məsuliyyəti istisna etmir, çünki qanunvericiliyə əsasən bu öhdəlik birbaşa bəyannaməçinin üzərinə düşür; Eyni zamanda, cəmiyyətin nümayəndəsi Nümayəndə tərəfindən satıcı şirkət tərəfindən tərtib edilmiş rus dilində məktub məhkəməyə təqdim olunmuşdur. Məhkəmə tərəfindən həmin sənədin Azərbaycan dilinə qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiq edilmiş tərcüməsinin təqdim edilməsi təklif olunmuş və bunun üçün nümayəndəyə kifayət qədər vaxt verilmişdir. Lakin buna baxmayaraq, qeyd olunan sənədin təsdiq edilmiş tərcüməsi məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin məktubda göstərilən hallar, hətta təsdiq edilmiş formada təqdim olunsa belə, qısa idxal bəyannaməsinin vaxtında verilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş inzibati məsuliyyəti aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "X1" MMC barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "X1" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "X1" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar