Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1209/2026 18.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 16 fevral 1979-cu il tarixdə Ermənistan r. Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Əliyev küçəsi, YAT, ev 6-da qeydiyyatda olan və yaşayan-X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli, EQ30084848 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli, EQ30084848 nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 izahatında göstərmişdir ki, “Daewoo BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus "xxxx" MMC-in mülkiyyətindədir. O isə "xxxx" MMC-də sürücü kimi işləyir. Belə ki, sözügedən, “Daewoo BS090” avtobus markalı, **-TG- *** dövlət qeydiyyat nişanlı avtobus Zabrat qəsəbəsi, Socar YDM qarşısında hərəkətdə olarkən törətdiyi inzibati xətaya görə xx.xx.2025-ci il tarixli, EQ30084848 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Halbuki avtobusu idarə edən şəxs o olmamışdır. Həmçinin bildirir ki, o avtobusu sürücü kimi idarə edir, onları icbarı sığorta etdirmək onun vəzifəsi deyildir. Bunu mülkiyyətçi ya da "xxxx" MMC etməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 20 avqust 2025-ci il tarixli, EQ30084848 saylı qərarın ləğv olunmasını və iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 20 avqust 2025-ci il tarixli, EQ30084848 il tarixli qərardan görünür ki, X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda “Daewoo BS090” avtobus markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən idarə edilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, X3 izahatında bildirmişdir ki, o, “Daewoo BS090” avtobus markalı, **-TG-*** d.q.n-lı nəqliyyat vasitəsini idarə etmədiyini, qeyd edilən avtobusun "xxxx" MMC-in mülkiyyətində olduğunu, özünün isə "xxxx" MMC-də sürücü kimi işlədiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, o avtobus sürücüsü kimi nəqliyyat vasitəsini idarə etsə də, onları icbarı sığorta etdirmək onun vəzifəsi olmadığını bildirmişdir. Halbuki qanunvericiliyin tələbinə əsasən şəxs barəsində protokol tərtib edilərkən və qərar qəbul edilərkən sürücüyə buna dair sənədlərlə tanış olmaq hüququ vardır. Ona görə məhkəmə hesab edir, səlahiyyətli orqanın gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X3 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin dispozisiya şərtlərini sübut edən hallar tam əks olunmamışdır. Həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın(vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli, EQ30084848 nömrəli qərarın ləğv edilməli, yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yenidən araşdırma aparılarkən X2 həmin dövrdə “Daewoo BS090” avtobus markalı, **-TG-*** d.q.n-lı nəqliyyat vasitəsini idarə edib-etməməsi, onun nəqliyyat vasitəsini sığorta etmək vəzifəsinin olub-olmaması aydınlaşdırılmalıdır. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin inzibati tənbeh vermə haqqında 20 avqust 2025-ci il tarixli, EQ30084848 saylı qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10(on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1209/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1209/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver