Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-129/2026 19.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X15 Xidmətinin nümayəndəsi X9, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin əmək müffətişi X7 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair MN seriyalı ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli protokola əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən obyektdə xx.xx.2025-ci il tarixdə Asan Xidmət və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17 X3 tərəfindən aparılmış yoxlama zamanı X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Nəticədə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X13 bildirdi ki, Asan Xidmət və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X23 X3 tərəfindən yoxlanılma aparılmasına dair qərar əsasında Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən obyektdə xx.xx.2025-ci il tarixdə yoxlama aparılmış, yoxlama zamanı 40 nəfər şəxs yoxlanılmış, həmin şəxslərdən X5 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Bundan əlavə, X10 bildirmişdir ki, o, X20 ilə birlikdə həmin obyektə işləmək məqsədilə getmişdir. Onun əsas məqsədi gəlir (qazanc) əldə etmək olmuşdur. Əmək müqaviləsinin konkret olaraq kim tərəfindən bağlanacağı məsələsi onun üçün əhəmiyyət kəsb etməmişdir. X10 tərəfindən ASAN xidmət əməkdaşlarına X14 işçisi olduğunu bildirməsinin məqsədi inzibati məsuliyyətin yüngülləşdirilməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1 000 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 3 000 manatdan 5 000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir. Qeyd olunan hal üzrə məqsəd X14 vəzifəli şəxs qismində qiymətləndirilməsi və bu halda tətbiq edilə biləcək cərimə məbləğinin daha az olması olmuşdur. Məhkəmə iclasında hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X12 izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən ərazidə yaşayış binasının inşası həyata keçirilir. Tikinti işlərinin görülməsi məqsədilə tərəflərindən öz işçiləri ilə yanaşı, podratçı şəxslərin işçiləri də işə cəlb olunur. Podratçı şirkətlərə ödənişlər əsasən nağdsız qaydada həyata keçirilir, lakin zərurət yarandıqda nağd ödənişlərin edilməsi halları da baş verir. Tikinti sahəsinin 3 (üç) giriş-çıxışı mövcuddur. Girişlərdən biri əsas giriş olmaqla işçilərin əraziyə daxil olması üçün nəzərdə tutulmuşdur. Digər girişlər tikinti materiallarının daşınması və digər təsərrüfat məqsədləri üçün istifadə edilir. Əsas giriş hissəsində mühafizə postu qurulmuş və həmin hissədən hər gün işçilərin əmək müqavilələrinin mövcudluğu yoxlanılaraq əraziyə buraxılmaları təmin edilir. Kənar şəxslərin əraziyə daxil olması qadağandır. İşçilər işə gəldikləri zaman müəssisədə aparılan işçilərin giriş-çıxışına dair xüsusi qeydiyyat jurnalında imza etməklə qeydiyyatdan keçirlər. Podratçı şəxslərlə müqavilələr bağlansa da, görüləcək işlərin bitmə tarixi və ödəniş məbləği bəzi hallarda konkret şəkildə göstərilmir. Bu hallar əsasən hava şəraitindən və qeyri-iş günlərindən asılı olaraq işlərin başa çatdırılma müddətinin uzanması ilə əlaqədar dəyişə bilir. X20 əvvəllər əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuşdur. Sonradan onun digər iş yerlərində də fəaliyyət göstərməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. İş yarandıqda isə onunla podrat müqaviləsi bağlanmışdır. X20 müəssisədə dəmirçi-qəlibçi işlərini yerinə yetirir. Sifariş olduğuna görə o, müəssisəyə dəvət edilmişdir. Həmin gün X20 işçisi X10 ilə birlikdə şirkətə gəlmişdir. Şirkətin mühafizə əməkdaşları X18 briqada rəhbəri kimi tanıdıqlarından onu rəhbər şəxs qismində qəbul etmiş, bu səbəbdən onunla birlikdə gələn şəxsin əmək müqaviləsinin mövcud olub-olmaması ayrıca sorğulanmamışdır. Hər iki şəxs müəssisə ərazisinə daxil olsa da, X10 və X20 tikinti işlərinin aparıldığı sahəyə buraxılmamış və məsul şəxsi gözləmişlər. Həmin vaxt ASAN xidmət əməkdaşları tərəfindən obyektə yoxlama aparılmış, ərazidə olan işçilərin əmək müqavilələri yoxlanılmışdır. Yoxlama zamanı X5 əmək müqaviləsi olmadan işləməsinə dair akt tərtib edilmişdir. Video çəkiliş zamanı X10 həmin gün işləmək məqsədilə tikinti obyektinə gəldiyini və X14 işçisi olduğunu bildirmişdir. Həmin vaxt bir neçə podratçı şirkətin əməkdaşlarının da əmək müqaviləsi olmadan çalışdığı müəyyən edilmiş və ASAN xidmət əməkdaşları tərəfindən onların hansı şirkətin işçisi olduqları qeyd edilmişdir. Eyni qaydada, X5 X14 işçisi olduğu da qeydə alınmışdır. O, Əmək Müfəttişliyi orqanına dəvət olunduğu zaman bildirmişdir ki, X2 Manaf Əli oğlunun işçisi olmuş və bu hal yoxlama zamanı şəxsin tərəfindən də təsdiq edilmişdir. Bu baxımdan inzibati protokolun X20 barəsində deyil, müəssisə barəsində tərtib edilməsinin səbəbi sorğulanmışdır. Əmək Müfəttişliyi əməkdaşları tərəfindən isə qeyd edilmişdir ki, onların daxili qənaətinə əsasən X5 müəssisənin işçisi olduğu ehtimal edilir. Yoxlama keçirilən zaman X10 tikinti işlərinin aparıldığı sahədə faktiki olaraq əmək funksiyasını icra etməmiş, onun tərəfindən hər hansı tikinti və ya istehsalat işi yerinə yetirilməmişdir. O, həmin vaxt ərazidə müvəqqəti olaraq olmuş, lakin hər hansı tapşırıq əsasında iş görməmiş və ya əmək fəaliyyətinə cəlb edilməmişdir. Tikinti sahəsinə daxil olan bütün şəxslər ümumi qaydada yoxlanıldığından, o da digər şəxslərlə birlikdə yoxlamaya cəlb edilmiş və bu əsasla əmək müqaviləsi olmadan işə cəlb edildiyi barədə qeyd aparılmışdır. X10 izahatında bildirmişdir ki, o, X14 işçisidir və müəssisə ilə həmin tarixdə əmək münasibətində olmamışdır. Yoxlama başa çatdıqdan sonra, xx.xx.2025-ci il tarixdə X10 ilə müəssisə arasında əmək müqaviləsi bağlanmış və o, dəmirçi-qəlibçi vəzifəsinə qəbul edilərək işə başlamışdır. Qeyd olunan əmək müqaviləsinin bağlanması yoxlamanın nəticəsi və ya inzibati məsuliyyətdən yayınma məqsədi daşımamışdır. Əksinə, həmin müqavilə onun faktiki olaraq müəssisədə əmək fəaliyyətinə sonradan başlaması ilə əlaqədar bağlanmış və bu tarixdən etibarən əmək münasibətləri rəsmiləşdirilmişdir. Beləliklə, yoxlama zamanı X10 ilə müəssisə arasında mövcud əmək münasibətlərini təsdiq edən hər hansı hüquqi və ya faktiki əsas olmamışdır. Bu səbəbdən müəssisə barəsində tərtib edilmiş inzibati protokol obyektiv və kifayət qədər sübutlara əsaslanmamış, nəticə etibarilə əsassız hesab olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirdi ki, o, əsasən sifariş əsasında dəmirçi-qəlibçi işlərini yerinə yetirir və özünə məxsus 8-9 nəfərdən ibarət işçi qrupu ilə müstəqil qaydada fəaliyyət göstərir. O, gördüyü işləri təşkilati və texniki baxımdan özü planlaşdırır, işçi qüvvəsini müstəqil şəkildə formalaşdırır və iş prosesini birbaşa özü idarə edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əvvəllər əmək müqaviləsi əsasında müəssisədə dəmirçi vəzifəsində çalışmışdır. Lakin iş həcminin artması və fəaliyyətin genişlənməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilmiş və o, sahibkarlıq xarakterli müstəqil fəaliyyətə başlamışdır. Bundan sonra götürdüyü işləri podrat münasibətləri çərçivəsində icra etmişdir. O, bundan əvvəl də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə podrat müqaviləsi əsasında əməkdaşlıq etmişdir. Görülmüş işlərin müqabilində ödənişlər əsasən nağdsız qaydada həyata keçirilmiş, zərurət yarandıqda isə nağd qaydada hesablaşmalar aparılmışdır. Podrat müqaviləsi bağlanarkən görüləcək işlərin açıq hava şəraitində və meteoroloji amillərdən asılı olaraq icra edilməsi nəzərə alınmışdır. Bu səbəbdən işlərin təhvil verilmə tarixi konkret təqvim günü ilə müəyyən edilməmiş, işlərin faktiki icra vəziyyətinə uyğun olaraq şifahi razılaşdırılmışdır. X10 əvvəllər onunla birlikdə Sumqayıt şəhərində müxtəlif tikinti obyektlərində fəaliyyət göstərmiş, daha sonra isə əmək fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikası hüdudlarından kənara getmişdir. Bir müddət əvvəl o, onunla telefon əlaqəsi saxlayaraq iş axtardığını bildirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dəmirçi-qəlibçi işlərinin mövcud olduğunu nəzərə alaraq X8 həmin işlə bağlı baxış keçirməyi və mümkün əməkdaşlıq məsələsini müzakirə etməyi təklif etmiş, X10 bu təklifə etiraz etməmişdir. Həmin dövrdə ona məxsus müəssisənin mühasibinin Türkiyə Respublikasında olması səbəbindən X10 ilə əmək müqaviləsinin dərhal rəsmiləşdirilməsi mümkün olmamış və tərəflər arasında həmin tarixədək rəsmi əmək münasibətləri yaranmamışdır. O, xx.xx.2025-ci il tarixdə X10 ilə birlikdə şirkətin tikinti işlərinin aparıldığı əraziyə getmişdir. Onlar əraziyə daxil olaraq görüləcək işlə bağlı məsul şəxslə danışıq aparmaq və işin şərtlərini dəqiqləşdirmək məqsədilə gözləmiş, lakin faktiki olaraq tikinti işlərinin icra olunduğu sahədə hər hansı əmək funksiyası yerinə yetirməmişlər. Həmin vaxt X10 tərəfindən hər hansı istehsalat işi görülməmiş, ona konkret tapşırıq verilməmiş və əmək fəaliyyəti icra edilməmişdir. Bu zaman ASAN xidmət əməkdaşları tərəfindən ərazidə yoxlama aparılmış və X5 əmək müqaviləsi olmadan işləməsinə dair akt tərtib edilmişdir. Həm o, həm də X10 izahatlarında şirkətin işçiləri olmadıqlarını, həmin vaxt ərazidə faktiki əmək fəaliyyəti göstərmədiklərini və əmək münasibətlərinin rəsmiləşdirilmədiyini bildirmişlər. Lakin qeyd olunan hallar nəzərə alınmamışıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, o, peşə etibarilə dəmirçi-qəlibçi işi ilə məşğul olur. O, əmək fəaliyyəti ilə əlaqədar olaraq Moldova Respublikasına getmiş, lakin iş şəraitinin gözlənilən nəticəni verməməsi səbəbindən Azərbaycan Respublikasına geri qayıtmışdır. O, daha əvvəl X20 ilə birlikdə Sumqayıt şəhərində müxtəlif tikinti obyektlərində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasına qayıtdıqdan sonra bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tikinti sahəsində fəaliyyət göstərmiş, lakin görülmüş işlərin müqabilində ödənişlərin gecikdirilməsi səbəbindən həmin işi tərk etmişdir. Bundan sonra X20 ilə əlaqə saxlayaraq iş axtardığını bildirmişdir. X20 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikinti obyektində dəmirçi-qəlibçi işinin mövcud olduğu bildirildikdən sonra, xx.xx.2025-ci il tarixdə onlar birlikdə şirkətin tikinti işlərinin aparıldığı əraziyə getmişlər. Həmin vaxt məqsəd görüləcək işlə bağlı məsul şəxslə danışıq aparmaq, işin həcmi və şərtlərini dəqiqləşdirmək olmuşdur. Onlar tikinti işlərinin faktiki aparıldığı sahəyə daxil olmamış, mühafizə xidmətinin yanında gözləmiş və hər hansı əmək funksiyası icra etməmişlər. Həmin vaxt ASAN xidmət əməkdaşları tərəfindən tikinti obyektində yoxlama aparılmışdır. O, mühafizə xidmətinin yanında dayandığı üçün sorğulanmış, videoçəkiliş zamanı o, həmin gün işləmək məqsədilə obyektə gəldiyini və X14 işçisi olduğunu bildirmişdir. Lakin, həmin vaxt o, müəssisə ilə əmək müqaviləsi bağlamamış, tapşırıq almamış və hər hansı iş görməmişdir. Sonradan, tərəflər arasında faktiki əmək münasibətləri yarandıqdan sonra, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək fəaliyyətinə başlamış və onunla qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanması yoxlama ilə əlaqədar olmayıb, onun real olaraq müəssisədə işə qəbul edilməsi ilə bağlı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 22 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən obyektdə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Əmək X3 tərəfindən aparılmış yoxlama zamanı X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Nəticədə, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1034, ünvan 1 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında bağlanmış 19 noyabr 2025-ci il tarixli əmək müqaviləsindən görünür ki, X10 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində dəmirçi vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 00370 nömrəli, 19 noyabr 2025-ci il tarixli yoxlama aktından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus tikinti obyektində ümumilikdə 40 (qırx) nəfər şəxs yoxlanılmışdır. Aparılmış yoxlama nəticəsində həmin şəxslərdən 36 (otuz altı) nəfərin əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bununla yanaşı, müəssisə ilə müvafiq xidmət müqavilələri əsasında əməkdaşlıq edən podratçı subyektlər tərəfindən cəlb edilmiş bəzi şəxslərlə bağlı əmək münasibətlərinin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən 2 (iki) nəfər şəxsin, "xxxx" MMC tərəfindən 1 (bir) nəfər şəxsin, həmçinin X20 tərəfindən 1 (bir) nəfər şəxsin əmək müqaviləsi olmadan işə cəlb edildiyi göstərilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterinin 14 noyabr 2025-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən obyektdə plandankənar yoxlamanın keçirilməsi qərara alınmışdır. "xxxx" MMC tərəfindən inşa olunan tikinti obyektində həyata keçirilmiş monitorinqin nəticələrinə dair 19 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, "tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X17 X1 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində, şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması məqsədilə tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən, dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində, şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq, Dövlət Agentliyinin 14 noyabr 2025-ci il tarixli 3-45/3-2-42/2025 nömrəli qərarına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının həm sifarişçisi, həm də podratçısı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2025-ci il 19 noyabr tarixli akt tərtib edilmişdir. Yoxlama zamanı 40 şəxs yoxlanılmış, onlardan 36 nəfəri ilə əmək müqaviləsi bağlanmışdır. Tikinti obyektinin sifarişçisi və podratçısı "xxxx" MMC tərəfindən işə cəlb edilmiş 36 şəxslə əmək müqaviləsinin bağlanılması təmin edilmişdir (Cədvəl 1). Həmçinin, tikinti obyektində "xxxx" MMC ilə müvafiq podrat müqavilələri bağlayaraq fəaliyyət göstərən: "xxxx" MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 2 nəfər ilə əmək müqaviləsi bağlanmışdır (Cədvəl 1); "xxxx" MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 nəfər ilə əmək müqaviləsi bağlanmışdır (Cədvəl 1); Fiziki şəxs X21 (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 nəfər ilə əmək müqaviləsi bağlanılmadan işə cəlb edildiyi müəyyən olunmuşdur (Cədvəl 1, Cədvəl 2). Tərəflər arasında bağlanmış podrat müqavilələri təqdim edilmişdir. 07 aprel 2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanılmışdır. 01 sentyabr 2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə X20 arasında podrat müqaviləsi bağlanılmışdır. 01 aprel 2025-ci il tarixli müqavilədən görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında podrat müqaviləsi bağlanılmışdır. Yoxlama günü aparılmış videoçəkilişdən görünür ki, X10 həmin gün işləmək məqsədilə tikinti obyektinə gəldiyini və X14 işçisi olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıla bilər. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları, inzibati orqanın təqdim etdiyi sübutları, məhkəmə iclasında dindirilmiş nümayəndə və şahidlərin izahatlarını, habelə iş üzrə digər sənədləri məcmu halda, obyektiv və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində inzibati xəta tərkibi müəyyən edilməmişdir. İş materiallarından görünür ki, inzibati məsuliyyətin tətbiqi X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi iddiası ilə əsaslandırılmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan şəxs yoxlama keçirilən vaxt tikinti işlərinin faktiki aparıldığı sahədə əmək funksiyasını icra etməmiş, ona hər hansı istehsalat tapşırığı verilməmiş, əmək prosesinə cəlb olunduğunu təsdiq edən obyektiv sübutlar təqdim edilməmişdir. Onun obyekt ərazisində olması faktı özlüyündə əmək münasibətlərinin mövcudluğunu təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki:
1. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X14 podratçı kimi fəaliyyəti formal deyil, real xarakter daşıyır. İnzibati orqan tərəfindən irəli sürülmüş əsas arqument ondan ibarət olmuşdur ki, X10 əslində "xxxx" MMC-nin işçisi olmuş, lakin hüquqi şəxsin inzibati məsuliyyətdən yayınması məqsədilə X20 formal olaraq podratçı kimi təqdim edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı Əmək müqavilələrinin vahid elektron informasiya sisteminə baxış keçirilmiş və həmin sistemdən müəyyən edilmişdir ki, X20 müxtəlif vaxtlarda ayrı-ayrı fiziki şəxslərlə əmək müqavilələri bağlamış, işəgötürən qismində çıxış etmişdir. Bu hal onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və işçi qüvvəsini müstəqil qaydada formalaşdırdığını təsdiq edir. Beləliklə, X14 işəgötürən kimi fəaliyyəti formal xarakter daşımır, əksinə, real və davamlı sahibkarlıq fəaliyyətinin nəticəsidir. Bu səbəbdən onun podratçı kimi təqdim olunmasını hüquqi şəxsin məsuliyyətdən yayınmaq məqsədi ilə yaradılmış görüntü kimi qiymətləndirmək üçün obyektiv əsas müəyyən edilməmişdir.
2. "xxxx" MMC tərəfindən podrat münasibətlərinin sistemli tətbiqi - İş materiallarından görünür ki, "xxxx" MMC yalnız X20 ilə deyil, həmçinin digər hüquqi şəxslərlə – o cümlədən "xxxx" MMC və "xxxx" MMC ilə podrat müqavilələri bağlamışdır. Bu hal göstərir ki, müəssisə tərəfindən podratçıların xidmətlərindən istifadə olunması epizodik və ya konkret bir şəxsə münasibətdə tətbiq edilmiş üsul deyil, tikinti prosesinin təşkili ilə bağlı geniş və sistemli praktikadır. Belə olan halda, X14 podratçı kimi təqdim olunmasını onun faktiki olaraq işçi olduğu halda formal podratçı görüntüsü yaradılması kimi qiymətləndirmək işin halları ilə təsdiq olunmur.
3. İnzibati orqan tərəfindən əsas istinad edilən hal ondan ibarət olmuşdur ki, X10 ilə "xxxx" MMC arasında əmək müqaviləsi məhz yoxlama aparılan gün bağlanmışdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin sonradan bağlanması əvvəlki tarixdə əmək münasibətlərinin mövcudluğunu avtomatik olaraq sübut etmir. Məhkəmə iclasında müəssisənin nümayəndəsi tərəfindən izah edilmişdir ki, ölkədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə əlaqədar olaraq ixtisaslı ustalara tələbat artmış, hazırda usta tapmaqda çətinliklər mövcuddur və uyğun namizəd olduqda müəssisə tərəfindən operativ qaydada işə qəbul həyata keçirilir. Bu baxımdan, əmək müqaviləsinin yoxlama günü bağlanması həmin şəxsin həmin tarixdən əvvəl əmək funksiyasını icra etməsini sübut edən fakt kimi qiymətləndirilə bilməz.
4. Məhkəmə həmçinin nəzərə alır ki, tikinti sahəsində podrat münasibətləri geniş tətbiq olunur və praktikada podratçıların işçilərinin sonradan sifarişçi tərəfindən əmək müqaviləsi əsasında işə qəbul edilməsi geniş yayılmış haldır. Hətta iri podrat şirkətləri bağladıqları podrat müqavilələrində işlərin təhvil verilməsindən sonra müəyyən müddət ərzində sifarişçinin podratçının işçiləri ilə birbaşa əmək müqaviləsi bağlamasını məhdudlaşdıran şərtlər nəzərdə tutur və belə hal baş verdikdə cərimə mexanizmi müəyyən edirlər. Bu praktika özü göstərir ki, podratçı işçilərinin sonradan sifarişçi tərəfindən işə qəbul edilməsi bazar münasibətlərində real və geniş yayılmış haldır.
5. Məhkəmə nəzərə alır ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən şəxsin işə cəlb olunması əmək müqaviləsi bağlanılmayan şəxslərin sayından asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə ki, işçilərin sayı on nəfərədək olduqda inzibati məsuliyyət, on nəfərdən artıq olduqda isə cinayət məsuliyyəti məsələsi yarana bilər. Yoxlama materiallarından görünür ki, tikinti sahəsində "xxxx" MMC tərəfindən birbaşa əmək fəaliyyətinə cəlb edilmiş şəxslərdən X4 başqa bütün şəxslərlə əmək müqaviləsi bağlanmışdır. Ümumilikdə yoxlanılmış 40 nəfərdən 36 nəfərinin əmək müqaviləsinin mövcud olması, həmçinin podratçı subyektlər üzrə müəyyən edilmiş şəxslərin ayrıca qeyd edilməsi onu göstərir ki, müəssisə tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsi sistemli qaydada həyata keçirilmişdir. Belə şəraitdə müəssisənin əmək fəaliyyətinə cəlb etdiyi şəxslərlə əmək müqaviləsi bağladığı halda, məhz bir nəfərlə məqsədli şəkildə əmək müqaviləsi bağlamaması barədə iddia işin faktiki halları ilə uzlaşmır və məntiqi baxımdan inandırıcı görünmür. Əksinə, faktiki vəziyyət müəssisənin əmək münasibətlərini rəsmiləşdirməyə yönəlmiş fəaliyyətini təsdiq edir.
6. İş üzrə ifadələrdən görünür ki, X10 özünü X14 işçisi kimi təqdim etmiş, X20 da onunla əməkdaşlıq etdiyini bildirmişdir. Həqiqətən də, məhz həmin gün X10 ilə "xxxx" MMC arasında əmək müqaviləsinin bağlanması müəyyən şübhə yarada bilər. Lakin, məhkəmə hesab edir ki, bu hal yalnız bir ehtimaldır və inzibati xəta tərkibinin mövcudluğunu şübhəsiz sübuta yetirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati məsuliyyət tədbirinin tətbiqi üçün hüquqi şəxsin konkret olaraq fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etməsi faktı dəqiq, aydın və mötəbər sübutlarla təsdiq olunmalıdır. Mövcud iş üzrə isə faktiki əmək funksiyasının icrası sübuta yetirilməmişdir, şəxsin məhz "xxxx" MMC tərəfindən işə cəlb edildiyini təsdiq edən birbaşa sübut təqdim edilməmişdir. Bu səbəbdən, sırf əmək müqaviləsinin yoxlama günü bağlanması faktı hüquqi şəxsin təqsirini sübut edən yeganə və yetərli əsas kimi qəbul edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmədiyidən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günel Məmmədova