Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-13/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, 24 oktyabr 2025-ci il tarixdə, saat 19:23 radələrində dostu X5 öz mülkiyyətində olan 90VF004 dövlət qeydiyyat nişanlı avtomobillə inzibati xəta törətmiş və bu səbəbdən cərimə edilmişdir. Lakin, qeyd olunan nəqliyyat vasitəsi üzrə sonuncu etibarnamə onun adına rəsmiləşdirildiyindən, tətbiq edilmiş cərimə və cərimə balı onun adına hesablanmışdır. Qeyd olunan məsələ ilə bağlı şəxs tərəfindən elektron və yazılı formada şikayət ərizələri təqdim edilmişdir. Lakin, həmin müraciətlərə cavab verilmədiyindən, o, dostu ilə birlikdə polis idarəsinə yaxınlaşaraq şikayətə baxılmadığını bildirmişdir. Buna baxmayaraq, polis idarəsində videogörüntülərə baxılmadan, yalnız şəkildə əks olunan şəxsin zahiri cəhətdən ona oxşadığı əsas gətirilərək müraciət rəsmi qaydada cavablandırılmamışdır. Tərəfindən DİN-in 102 xidmətinə zəng edildikdən sonra müraciət rəsmi qaydada cavablandırılmışdır. Lakin, qəbul edilmiş qərarın düzgün olmadığı bildirilir. Tərtib edilmiş inzibati protokoldan şikayət verilməsinə baxmayaraq, onun üzərinə dəbbə pulu hesablanmağa davam edilmişdir. Halbuki, inzibati protokoldan verilmiş şikayət rəsmi qaydada araşdırılaraq yekun qərar qəbul edilənədək dəbbə pulunun hesablanması qanunvericiliyin tələblərinə ziddir. Bu baxımdan, videogörüntünün məhkəməyə təqdim edilməsi və məhkəmə tərəfindən işə obyektiv və ədalətli şəkildə baxılaraq müvafiq qərarın qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində X5 izahatında bildirdi ki, “Honda Accord” markalı, 90VF004 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 24 oktyabr 2025-ci il tarixdə, saat 19 radələrində “Honda Accord” markalı, 90VF004 dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmiş, lakin qeyd olunan nəqliyyat vasitəsi üzrə sonuncu etibarnamə X2 adına rəsmiləşdirildiyindən, tətbiq edilmiş cərimə və cərimə balı X2 adına hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Baş X10 İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31521749 nömrəli qərarının dəyişdirilərək X3 adına yeni qərar çıxarılmasını xahiş etmişdir. Bu tələblə razılaşılmır və qeyd edilir ki, aparılmış araşdırma zamanı Bakı şəhəri BPİ DYPİ-də DİN-in “Təhlükəsiz şəhər” müşahidə-nəzarət kameralarının görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı şikayət ərizəsində göstərilən tarixdə “Honda” markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi faktı aşkar edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, X2 şikayət ərizəsinin əsassız olması səbəbindən təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 (yüz) manat məbləğində inzibati qaydada cərimələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş X9 İdarəsinin 17 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin rəhbərliyinə ünvanlanmış müraciətə Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsində baxılmasının nəticəsi barədə bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən vəsatətdə göstərilən xüsusatlar, yəni nəqliyyat vasitəsinin digər şəxs tərəfindən idarə edilməsi faktı təsdiqini tapmamışdır. Bu səbəbdən həmin Məcəllənin 327.1-1-ci maddəsi ilə qəbul edilmiş EQ 31521749 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qüvvədə saxlanılmışdır. Gələcəkdə bu kimi hallarla rastlaşmamaq üçün müvafiq etibarnamənin ləğv etdirilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Honda Accord” markalı, 90VF004 dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Məhkəmə şikayət verən şəxsin izahatını və şahidi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Əvvəla Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, X4 qərardakı anlaşılmazlığın aradan qaldırılması üçün öncə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə müraciət etmiş, müraciətinə 17 dekabr 2025-ci il tarixli məktubla rədd cavabı aldıqdan sonra şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Buna görə də inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddəti buraxılmamış hesab edilməlidir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 “Honda Accord” markalı, 90VF004 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarında göstərilir ki, X4 “Honda Accord” markalı, 90VF004 dövlət qeydiyyat nişanlı avtomobili 24 oktyabr 2025-ci il tarixdə, saat 19:23 radələrində Bakı şəhəri, Y.Səfərov küçəsində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmiş və X1 yerləşdirilmişdir. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXMnin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, hadisə anının fotoşəklindən nəqliyyat vasitəsini idarə edən şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. İnzibati tənbehvermə haqqında qərarı tərtib etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, inzibati xəta törədilən anda nəqliyyat vasitəsini idarə edən şəxsin X2 olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati xəta haqqında tənbehvermə barədə qərar tərtib edilmiş X4 inzibati xətanı törətmədiyini, iş üzrə şahid qismində dindirilmiş və nəqliyyat vasitəsinin mülkiyyətçisi X5 isə həmin tarixdə və vaxtda nəqliyyat vasitəsini onun idarə etiyini bildirmişdir. Qeyd olunanlar nəzərə alınmaqla şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası İXM-nin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİnin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31521749 nömrəli, 24 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata barəsndə inzibati qaydada icraat aparılan şəxsin həmin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-13/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-13/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver