Məhkəmə qərarları › İş №3(5-101)-1352/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1352/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1352/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-cı il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8801/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədini icra etməyərək ümumilikdə icra sənədi üzrə 1729 manat aliment borcunu ödəməməklə AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8801/2017 nömrəli, xx.xx.2017-ci tarixli icra sənədi üzrə 07 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs X1 xeyrinə hər ay 137 manat sabit pul məbləğində aliment tutulmalıdır. Borclu barəsində yalnız axtarış verildikdən sonra hər hansı məbləğdə ödəniş edir. Özü davamlı şəkildə ödəniş etmir. Bir dəfə məhkəmə qətnaməsinin qərəzli olaraq icra olunmaması ilə bağlı CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, aliment üzrə ödəniş edildiyindən icraata xitam verilmişdir. O zaman 2024-cü ilin avqust ayına olan borc məbləği müəyyən olunub məhkəməyə verilmişdir. 2024-cü ilin avqust ayından sonra isə borclu 150 manat, 100 manat, 400 manat olmaqla ümumilikdə 650 manat ödəniş etmişdir. Bu günə olan aliment borcu 1729 manat təşkil edir. Məhkəmə qərarının icrasından heç bir üzrlü səbəb olmadan yayınır. Aliment ödəməməsinin səbəbini işləməməsi ilə əlaqələndirir. Tələbkar isə alimentin ödənilməsini tələb edir. Tərəfindən inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 bildirmişdir ki, cavabdeh aliment ödəməkdən heç bir üzrlü səbəb olmadan yayınır. Hər dəfə o, icra məmurundan tələb edir, icra məmuru axtarış verir, ondan sonra 150 manat və ya 100 manat ödəniş edir. Borclunun alimenti tam şəkildə ödəməsini yaxud inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, işləmədiyi üçün maddi imkanı olmadığından, himayəsində xəstə anası olduğundan icra sənədi üzrə yığılmış aliment borcunu ödəyə bilməmiş, aliment ödəməkdən yayınmaq niyyəti olmamışdır. İşləyib qazanc əldə edəndə aliment ödənişi edir, işləmədikdə isə ödəniş edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8801/2017 nömrəli, xx.xx.2017-ci tarixli icra vərəqəsindən görünür ki, 07 aprel 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvvəyə mindiyi vaxtdan başlayaraq Şəxs X1 xeyrinə hər ay 137 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8801/2017 nömrəli, xx.xx.2017-ci tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, AR CM-nin 306-cı maddəsinin Qeyd hissəsi tətbiq edilərək Şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə, barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında Şəxs məhkəmə iclasında verdiyi izahatında işləməməsini əsas gətirərək alimenti ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin işləməməsini məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirmir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment üzrə borc məbləğinin ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, aliment üzrə yığılmış borc məbləğinin az miqdarda olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar