Məhkəmə qərarları › İş №3(5-101)-1353/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1353/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1353/2026 06.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonu, Qovşudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəbrayıl rayonu, Qovşudlu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Kristal ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat miqdarında alimentin X1 adına olan bank hesabına ödəməməklə ümumilikdə icra sənədi üzrə 1180 manat aliment borcu yaranmışdır. Bununla da o, AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanması üçün hər ay 235 manat miqdarında alimentin X3 ödənilməlidir. Borclu aylıq ödənişlər etmişdir. Müəyyən dövr üzrə yığılan borcu vardır. Zərərçəkmiş şəxs borc məbləğinin 2000 manatdan çox olduğunu bildirmişdir. Borclu qəbzləri təqdim etdikdə isə aliment üzrə borc məbləğinin az olduğu, 1180 manat təşkil etdiyi müəyyən olunmuşdur. Tələbkar borcunun tam şəkildə ödənilməsini tələb edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, məhkəmə qərarından sonra təxminən 6 aylıq bir müddətdə tələbkarla yenidən birlikdə yaşamışlar. Həmin dövr üzrə ona görə aliment ödənişi etməmişdir. Lakin sonradan tələbkarla ayrıldıqdan sonra sonuncu həmin dövrü də tələb etməyə başlamışdır. Onun həmin məbləği birdəfəlik ödəmək imkanı olmamışdır. Lakin hissə-hissə olsa da ödənişlər etmişdir. Aliment ödəməkdən boyun qaçırmır. Onun aliment borcu 1180 manat təşkil edir. Onu da ödəyəcəkdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4982/2024 nömrəli, xx.xx.2024-cü tarixli icra vərəqəsindən görünür ki, Şəxs övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanması üçün hər ay 235 manat miqdarında alimentin X1 adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi, əks halda borclu barəsində məcburi icra tədbirlərinin görüləcəyi bildirilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4982/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi xahiş olunmuş, tələb üzrsüz səbəbdən icra edilmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi qeyd edilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 800 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2026-cı il tarixdə 250 manat aliment üzrə ödənişlər həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, ödəniş qəbzləri ilə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə Şəxs tam şəkildə ödənilməsə də müxtəlif vaxtlarda davamlı olaraq hər ay ödənişlər etməsini, bu günə olan aliment borcunun 1180 manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Şəxs aliment üzrə borc məbləğini tam ödəyə bilməməsinə baxmayaraq hissə-hissə də olsa ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır. Bundan başqa elektron məhkəmə informasiya sistemində borclunun mülkiyyətində olan yol nəqliyyat vasitsələrinə dair məlumatlardan görünür ki, borclunun mülkiyyətində “Kamaz 5410” yük markalı nəqliyyat vasitəsi vardır. Məhkəmə hesab edir ki, məhkəmə qərarının icrasının həmin əmlak hesabına ödənilməsinin təmin edilməsi mümkün olduğu halda və şəxs tərəfindən həmin tədbirlərin tətbiq edilməsinə hər hansı maneələr yaradılmamışdırsa şəxsin inzibati məsuliyyətə cəlb olunması ədalətli olmamaqla qanunçuluq prinsipinin tələblərinə də ziddir. Belə ki, İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətin tətbiq olunmasında məqsəd məhkəmə qərarının icrasını təmin etməkdir. Qanunvericilikdə də məhkəmə qərarının icrasının təmin edilməsi üçün bir sıra məcburi icra tədbirləri nəzərdə tutulmuşdur və məhkəmə qərarının icrasının həmin məcburi icra tədbirləri vasitəsilə məsələn tələbin əmək haqqına yönəldilməsi, şəxsin əmlakına yönəldilməsi, bank hesablarında olan pul vəsaitinə yönəldilməsi və.s vasitələrlə təmin edilməsi mümkündürsə bu vasitələrdən istifadə olunaraq məhkəmə qərarının icrası təmin edilməlidir. Şəxsin inzibati məsuliyyətə cəlb olunması məhkəmə qərarının icrasının təmin etmək məqsədilə nəzərdə tutulan ən son tədbirdir. AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasında inzibati cərimə ilə yanaşı ən sərt tənbeh tədbiri olan inzibati həbs növündə inzibati tənbeh tədbiri də nəzərdə tutulmuşdur. Məhkəmə qərarının icrasının məcburi icra tədbirləri vasitəsilə təmin etmək mümkün olduğu halda şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına və ya digər tənbeh tədbilərinin tətbiq olunmasına ehtiyac yoxdur. Ona görə də məhkəmə hesab edir ki, şəxsin barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməzdən öncə səlahiyyətli orqan məhkəmə qərarının icrasının təmin edilməsi üçün bütün zəruri tədbirləri görməlidir. Yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar