Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-137/2026 29.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natəvan Elnur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş EQ seriyalı, 31509418 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin BDYPİ-nin EQ seriyalı, 31509418 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, qeyd edilən qayda pozuntusu onun tərəfindən törətməmişdir. O, qanunvericiliyə uyğun olaraq faktı dərhal yol polisinə bildirmiş, lakin müvafiq tədbirlər görülməmişdir. Faktlara əsasən, qayda pozuntusunu X3 (Ş/V: AA1613278, Fin: 1FQKW0R, Tel: +**********64) törətmişdir. O, taksi fəaliyyəti ilə məşğul olmaqla, bu çətin dövrdə işini davam etdirərək qanuni gəlir əldə etməyə çalışır. Ona qarşı tətbiq edilmiş cərimə balları və sürücülük vəsiqəsinə qoyulmuş məhdudiyyət, qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırılmalıdır. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, “BYD X10-in Hibrid” markalı, 77UD125 dövlət qeydiyyat nişanlı avtomobilə dair sonuncu etibarnamə müraciət edən şəxsə verilmişdir. Lakin, qeyd olunan inzibati xəta müraciət edən şəxsin tərəfindən törədilməmişdir. İnzibati xətanın törədildiyi vaxt avtomobili X3 idarə etmişdir. Buna baxmayaraq, inzibati cərimə və digər tədbirlər müraciət edən barəsində tətbiq edilmişdir. O, dəfələrlə bu barədə polis orqanlarına məlumat vermiş, lakin qeyd olunan hal polis əməkdaşları tərəfindən araşdırılmamışdır. Nəticədə, onun hüquqları pozulmuş, qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülməmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ seriyalı, 31509418 nömrəli, 23 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, o, taksi parkında sürücü olaraq fəaliyyət göstərir və “BYD X10-in Hibrid” markalı, 77UD125 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. O, 23 oktyabr 2025-ci il tarixdə həmin avtomobili idarə edərkən yol hərəkəti qaydalarının pozulması ilə bağlı inzibati xəta törətmişdir. Lakin, avtomobilə dair sonuncu etibarnamə X2 adına verildiyindən, inzibati xəta haqqında tənbeh X4 barəsində tərtib edilmişdir. Bolt taksi şirkətinə əgər sorğu verilərsə, inzibati xətanın törədildiyi vaxt avtomobilin onun tərəfindən idarə olunduğu təsdiqlənəcəkdir. Belə ki, həmin gün avtomobil taksi parkından onun tərəfindən qəbul edilmiş, həmin gün ərzində sifarişlər üzrə sərnişin daşınması həyata keçirilmişdir. X3 onun barəsində dəfələrlə, ümumilikdə 17 dəfə, Azərbaycan Respublikası DİN-ə şikayət etmişdir. Hər bir şikayət əsasında o, polis orqanlarına yaxınlaşaraq müvafiq araşdırmanın aparılmasını tələb etmişdir. Lakin, hər hansı effektiv araşdırma həyata keçirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, qərarı barəsində şikayət verilən səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31509418 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:52-də Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində “BYD X10-in Hibrid” markalı, 77UD125 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri 18 saylı Notariat Ofisinin 04 sentyabr 2024-cü il tarixli etibarnaməsindən görünür ki, X5 tərəfindən X1 1 illik müddət üçün “BYD X10-in Hibrid” markalı, 77UD125 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmə səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:52-də Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində “BYD X10-in Hibrid” markalı, 77UD125 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.1-1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Beləliklə də, Azərbaycan Respublikası DİN-nin Baş X9i İdarəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X2 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X4 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X2 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X4 barəsində EQ 31509418 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də DİN-nin Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 31509418 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün DİN-nin Baş X9i İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. DİN-nin Baş X9i İdarəsi tərəfindən qəbul edilmiş EQ 31509418 saylı, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün DİN-nin Baş X9i İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-137/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-137/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver