Məhkəmə qərarları › İş №3(5-101)-1447/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1447/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1447/2026 19.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Rəcəbova Natavan Elnur qızının katibliyi, Qərarı tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025ci il tarixli, EQ seriyalı, 32860072 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verildiyi şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32860072 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi xx.xx.2025-ci il tarixdə “X6” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Atatürk prospekti üzrə hərəkətdə olarkən polis əməkdaşının göstərişi ilə avtobus zolağına daxil olmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə istinad edilməklə, 5.10.15.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə barəsində EQ-32860072 nömrəli qərarla 100 manat məbləğində cərimə və 2 cərimə balı tətbiq edilmişdir. Qeyd olunan halın araşdırılması məqsədilə iki dəfə Bakı şəhər X4 İdarəsinə yazılı müraciət etmiş, üç dəfə “102” çağrı xidmətinə məlumat vermiş, həmçinin bir dəfə məsələ ilə bağlı şəxsən müraciət edərək narazılığını bildirmişdir. Lakin ona qərarın ləğv edilməsi üçün hadisə yerində polis əməkdaşının olmasını sübut etməsinin tələb olunduğu bildirilmişdir. Şikayətçi isə hesab edir ki, belə bir halı sübut etmək vəzifəsi onun üzərinə düşmür. O, əlavə olaraq bildirmişdir ki, həmin vaxt polis əməkdaşı ağaclıq ərazidə, yaşıllıq içərisində xidmət aparırdı və ərazidə iki polis əməkdaşı olmuşdur. BDYPİ tərəfindən isə polis əməkdaşının kamerada görünməməsi əsas gətirilərək qərarın qüvvədə saxlanıldığı bildirilmişdir. Şikayətçi həmçinin vurğulamışdır ki, polis əməkdaşı tərəfindən verilən göstəriş şəxsi təşəbbüs əsasında ola bilməz və belə göstərişin verilməsi müvafiq qaydada yuxarı vəzifəli şəxsin tapşırığına əsaslanmalıdır. Bu baxımdan, həmin hal barədə BDYPİnin məlumatlı olmaması inandırıcı deyildir. O, həmçinin qeyd etmişdir ki, onunla yanaşı digər nəqliyyat vasitələri də polis əməkdaşının göstərişi ilə eyni zolağa daxil olmuş və çox güman ki, onlar barəsində də analoji inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, şikayətçi mübahisələndirilən qərarın yenidən araşdırılmasını, qanunauyğunluğunun yoxlanılmasını və nəticə etibarilə ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32860072 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında qərarı tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, təmsil etdiyi qurumda yol hərəkətinə nəzarət sistemi mövcuddur və bütün müşahidə kameraları həmin sistem vasitəsilə idarə olunur. Onun sözlərinə görə, nəqliyyatın intensiv olduğu vaxtlarda zərurət yarandıqda yol hərəkətinin istiqaməti dəyişdirilə bilər və belə hallarda müvafiq ərazilərdə yerləşən kameralar deaktiv edilir. Yəni, ərazidə polis əməkdaşlarının xidmət apardığı hallarda kameraların fəaliyyəti dayandırılır. Nümayəndə əlavə olaraq qeyd etmişdir ki, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntülərdə hər hansı polis nəqliyyat vasitəsi və ya polis əməkdaşının mövcudluğu müşahidə olunmur. Həmçinin bildirmişdir ki, şikayətçi tərəfindən idarəyə edilən müraciət əsasında araşdırma aparılmış, lakin qeyd edilən tarix və vaxtda hər hansı xüsusi vəziyyətin və ya yol hərəkətinin dəyişdirilməsini zəruri edən halın baş verməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bununla yanaşı vurğulamışdır ki, ümumilikdə belə hallarda yol hərəkətinin istiqaməti dəyişdirildikdə kameralar deaktiv edilir və polis əməkdaşları həmin əraziyə təhkim olunurlar. Göstərilənləri nəzərə alaraq, orqan nümayəndəsi şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32860072 nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 321.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədildiyi yerə dair videogörüntü və şəkildən görünür ki, “HYUNDAİ SANTAFE minik” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü hərəkət edərkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olaraq hərəkətini həmin zolaqda davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə, iş üzrə toplanmış sübutları və məhkəmə iclasında verilmiş izahatları, o cümlədən qərarı tərtib etmiş orqanın nümayəndəsi Nümayəndə göstərdiklərini qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, nümayəndənin izahatına əsasən, yol hərəkətinə nəzarət sistemi çərçivəsində kameralar mərkəzləşdirilmiş qaydada idarə olunur və yalnız zəruri hallarda, yəni yol hərəkətinin istiqamətinin dəyişdirilməsi və ya xüsusi vəziyyət yarandıqda deaktiv edilir. Lakin aparılmış araşdırma zamanı şikayətçinin qeyd etdiyi tarix və vaxtda belə bir halın baş verməsi, hər hansı yol hərəkətinin dəyişdirilməsi və ya polis əməkdaşlarının həmin ərazidə xidmət aparması təsdiqini tapmamışdır. Eyni zamanda, şikayətçi tərəfindən təqdim edilmiş videogörüntülərdə də polis əməkdaşlarının və ya polis nəqliyyat vasitəsinin mövcudluğu müşahidə olunmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin avtobus zolağına daxil olmasının polis əməkdaşının göstərişi ilə baş verməsi barədə iddiaları iş materialları ilə öz təsdiqini tapmır və bu halı təsdiq edən mötəbər və kifayət qədər sübutlar təqdim edilməmişdir. Əksinə, inzibati orqan tərəfindən təqdim edilmiş məlumatlar və aparılmış araşdırmanın nəticələri həmin iddiaları təkzib edir. Odur ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32860072 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 24 dekabr 2025-ci il tarixli, EQ seriyalı, 32860072 inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar