Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1521/2026 13.03.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Sabunçu RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Dövlət X8 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdim. Belə ki, Sabunçu Rayon Dövlət X8 Polis Polkovnik- leytenantı X4 tərəfindən 14 iyun 2025-ci il tarixdə tərtib edilmiş, TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Qərarda, mənim 04 iyun 2025-ci il tarixdə, saat 09:20 radələrində, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində VAZ 21043 markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməyə və əlavə olaraq, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına yol verdiyim qeyd edilmişdir. 04 iyun 2025-ci il tarixdə, saat 09:20-də, mən, VAZ 21043 markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanacaqdoldurma məntəqəsindən yola çıxmaq istəyərkən yol polisi əməkdaşı tərəfindən "saxla" əmri verilmiş və mən də bu əmri yerinə yetirərək avtomobili saxlamışdım. Saxlanılma səbəbini soruşduqda, yol polisi inspektoru tərəfindən alkoqol testi (alkotest) tələb edilmiş və mən də qanunvericiliyə riayət edərək bu tələbi yerinə yetirmişdim. Test nəticəsində mənim alkoqol qəbul etdiyim qeyd olunmuşdur. Test nəticələrinə etiraz edərək, heç bir spirtli içki qəbul etmədiyimi və sərxoş olmadığımı bildirmişdim. MƏn, bu halın obyektiv araşdırılması məqsədilə dərhal Respublika Narkoloji Mərkəzinə müraciət etdim və saat 11:45-də tibbi müayinədən keçmişdim. Müayinənin nəticələrinə əsasən, mənim spirtli içkilərdən istifadəsi və sərxoşluğu təsdiqlənməmişdir. Mənim barəmdə inzibati protokol birbaşa hadisə yerində deyil, əvvəlcə Sabunçu Rayon Dövlət X10 dəvət edilməklə orada tərtib edilmişdir. Bu zaman mənim hüquqlarıma zidd olaraq DYP əməkdaşları tərəfindən özlərini təqdim etmə öhdəliyinin yerinə yetirilməməsi yəni vətəndaşın qarşısında xidməti vəsiqə təqdim edilməmiş, əməkdaşların şəxsiyyəti aydın şəkildə bildirilməmişdir. Heç bir əsas olmadan nəqliyyat vasitəsinin saxlanılması və alkoqol testi tələbinin irəli sürülməsi - bu halda nə vətəndaşın hərəkətində pozuntu olduğu bildirilmiş, nə də şübhə doğuran konkret əsas göstərilmişdir. Sərxoşluq vəziyyətinin müayinəsi zamanı da X12 əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə zidd hallara yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparıiarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Sərxoşluq vəziyyətinin ilkin müayinəsi zamanı X12 əməkdaşı tərəfindən alkotester vasitəsilə aparılan yoxlama qanunvericiliyin tələblərinə zidd olaraq hal şahidlərinin iştirakı təmin edilmədən həyata keçirilmişdir. Halbuki, belə hallarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və aidiyyəti normativ sənədlər əsasında hal şahidlərinin iştirakı mütləq şərt kimi nəzərdə tutulur. Əgər hal şahidlərinin iştirakı təmin olunsaydı, aparılan prosesin qanunauyğunluğu təmin edilə bilər, eləcə də polis əməkdaşının qeyri-obyektiv və etibarsız addımlarının qarşısı alınardı. Onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə istifadə olunan alkotester cihazının saz və yararlı texniki vəziyyətdə olmasını təsdiq edən heç bir sənəd, sertifikat və ya texniki baxışa dair məlumat "Sərxoşluğun müayinəsi barədə protokol"da öz əksini tapmamışdır. "Belə olan halda hesab edirim ki, həmin alkotesterin düzgün müayinə aparması şübhə doğurur. Çünki qeyd olunan texniki vasitə spirtli içki qəbul etməmiş şəxsin - mənim barəmdə yanlış nəticə göstərərək, sərxoş vəziyyətdə olduğunu müəyyən etmişdir." Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndində qeyd edilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. X12 əməkdaşları bu pozuntu barədə qərarda heç bir sübut - sənəd, foto və ya video material təqdim etmədən, onun guya əks istiqamətli hərəkət zolağına çıxaraq qaydaları pozduğunu qeyd etmişlər. Aydın olduğu kimi, təqdim edilmiş protokol heç bir sübuta əsaslanmamış, bununla belə, həmin əsassız protokol əsasında inzibati qərar qəbul olunmuşdur. Hesab edir ki, inzibati xəta törədilməsini sübut etmək bu barədə protocol tərtib edən orqanın vəzifəsidir. Əgər hər hansı sübut təqdim edilmirsə, şəxsin inzibati məsuliyyətə cəlb olunması hüquqi cəhətdən əsassız və qanunsuz hesab edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-4077/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə, şikayət qismən təmin edilmiş Sabunçu Rayon Dövlət X8 TP seriyalı, ******* nömrəli, 14 iyun 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra olunması üçün Sabunçu Rayon Dövlət X10 həvalə edilmişdir. Bundan sonra Sabunçu Rayon X12 Şöbəsi tərəfindən təkrarən TP seriyalı, ******* nömrəli, 22 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Odur ki, barəsində tərtib edilmiş protokolu əsassız hesab edir və barəsində tərtib edilmiş protokola xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək məhkəmədən Sabunçu RPİ DYPŞ tərəfindən barəsində qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və telefon vasitəsilə əlaqə saxlanılan zaman inzibati xəta hadisəsinin baş verməsini və şəxsin təqsirini təsdiq edən sübutlarının olmadığını bildirmişlər. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Kürdəxanı ərazisində “VAZ 21043” minik markalı, ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə və əks istiqamətli hərəkət zolağına çıxamadan manevr etmə qaydasının pozulmasına yol verdiyinə görə AR İXM-nin 333.1 və 327.1 maddələri ilə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin 1/5466 nömrəli, 04 iyun 2025-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X5 04 iyun 2025-ci il tarixdə tibbi müayinədən keçilmiş ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan inzibati xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, ümumiyyətlə belə sübutların olmadığını bildirdiyindən şikayət əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - qırx manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə tərəfindən işin halları üzrə araşdırma aparılan zaman şəxsin ona istinad olunan inzibati xətanı törətməsini təsdiq edən sübutlar qərar qəbul edən orqan tərəfindən təqdim edilməmiş, əksinə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxsin təqdim etdiyi tibbi rəydən onun xx.xx.2025-ci il tarixdə sərxoş olmadığı müəyyən edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın səlahiyyətli nümayəndəsi isə inzibati xəta hadisəsinin baş verməsini, şəxsin onu törətməkdə təqsirini təsdiq edəcək sübutlarının olmadığını bildirmişdir. AR İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin AR İXM-nin 333.1 və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.5-1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 barəsində Sabunçu RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 AR İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sabunçu RPİ DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(5-101)-1521/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1521/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver