Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-16/2026 12.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 20 (iyirmi) manat məbləğində cərimənin tətbiq edilməsi qərara alınmışdır. Lakin avtomobilini parkladıqdan dərhal sonra 1181 qısa nömrəsinə SMS göndərmiş və SMS göndərilməsi zamanı heç bir problem ilə üzləşməmişdir. Bir müddət sonra avtomobilə qayıdaraq parklanmanı sonlandırmaq məqsədilə yenidən SMS göndərmişdir. Lakin sistem tərəfindən ona “parklanma tapılmadı” cavabı göndərilmişdir. Bununla da məlum olmuşdur ki, əvvəl göndərilmiş SMS-ə təsdiq cavabı gəlməmişdir. Məsələ ilə bağlı AYNA QSC və Bakcell MMC müştəri xidmətlərinə müraciət etmiş, lakin hər iki tərəf məsuliyyəti bir-birinin üzərinə ataraq dəstək göstərməkdən imtina etmişdir. AYNA QSC tərəfindən SMS-in sistemə daxil olmadığı, Bakcell MMC tərəfindən isə SMS-in uğurla göndərildiyi bildirilmişdir. Nəticə olaraq, qarşı tərəfdə olan texniki nasazlıq səbəbindən günahsız olduğu halda inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi üçün 20 (iyirmi) manat məbləğində cərimənin tətbiq edilməsi qərara alınmışdır. X3 tərəfindən 1181 qısa nömrəsinə göndərilmiş SMS mətnindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:31-də X3 avtomobilinin dövlət qeydiyyat nişanını və parklama kodunu daxil etməklə 1181 nömrəsinə qısa mesaj göndərmişdir. Həmin gün saat 11:35-də tərəf parklanmanı sonlandırmaq məqsədilə təkrar SMS göndərmişdir. Saat 11:35də tərəfə məxsus mobil nömrəyə “parklama tapılmadı” mətnli cavab gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsi dövlətin hüquqi dövlət olduğunu təsbit edir. Hüquqi dövlət quruculuğunun ən vacib tərkib hissələrindən biri isə ədalətin təmin edilməsidir. Bu, məhkəmə-hüquq sistemində təqsirsizlik prezumpsiyası, sübutetmə yükünün bölüşdürülməsi və şəffaf məhkəmə proseslərinin keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi şəxsə inzibati məsuliyyətə cəlb edilməklə bağlı ən əsas hüquqi qorumanı verir – təqsirsizlik prezumpsiyasını. Bu maddəyə görə, şəxsin öz təqsirsizliyini sübut etmək öhdəliyi yoxdur, əksinə təqsirlilik sübut edilməlidir. Bu prinsip həm Konstitusiya (məsələn, 63-cü maddə – şəxsin hüquq və azadlıqlarının toxunulmazlığı), həm də beynəlxalq hüquq (AİHM-in 6-cı maddəsi) ilə təsdiqlənir. Təqsirsizlik prezumpsiyası hüquqi təhlükəsizliyi və insan ləyaqətini qoruyur, şəxsə özünü müdafiə hüququnu təmin edir. İnzibati proses, məhkəmənin inzibati xətalar üzrə işləri araşdırması və həlli üsullarını tənzimləyir. Burada hüquq normaları həm inzibati hüquq, həm də prosesual hüquq qaydalarına əsaslanır. Sübutetmə yükü – bir tərəfin iddiasını və ya faktiki halları məhkəmə qarşısında təsdiq etmək öhdəliyidir. İXM-in 8-ci maddəsi və ümumi hüquq prinsiplərinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxs öz təqsirsizliyini sübut etmək məcburiyyətində deyil. Buna görə də, sübutetmə yükü inzibati protokol tərtib edən orqanın üzərindədir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi konkret inzibati xətanın mövcudluğunu sübut etməli, yəni protokolda əks olunmuş faktları etibarlı dəlillərlə təsdiq etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, qərarda göstərilən cərimənin tətbiqi əsassızdır və faktiki hallar göstərir ki, inzibati tənbeh əsassız tətbiq edilmişdir. Belə ki, X3 avtomobilini parkladıqdan dərhal sonra 1181 qısa nömrəsinə SMS göndərmiş və SMS-in göndərilməsi zamanı heç bir texniki problem ilə üzləşməmişdir. Bir müddət sonra avtomobilə qayıdaraq parklanmanı sonlandırmaq məqsədilə yenidən SMS göndərmişdir. Lakin sistem tərəfindən ona “parklanma tapılmadı” cavabı göndərilmişdir. Bu isə göstərir ki, əvvəl göndərilmiş SMS-in təsdiq cavabı sistemə daxil olmamışdır. X3 məsələ ilə bağlı həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, həm də Bakcell MMC müştəri xidmətlərinə müraciət etmişdir. Hər iki qurum məsuliyyətdən yayınmış, texniki dəstək göstərməkdən imtina etmişdir. AYNA QSC tərəfindən SMS-in sistemə daxil olmadığı, Bakcell MMC tərəfindən isə SMS-in uğurla göndərildiyi bildirilmişdir. Bu isə texniki nasazlıq nəticəsində yaranmış vəziyyəti göstərir. İnzibati məsuliyyət yalnız sübut olunmuş hallarda tətbiq edilməli olduğu halda, faktiki hallara görə heç bir inzibati xəta törədilməmişdir. İnzibati tənbeh və cərimə qanuni sübutlara əsaslanmadan tətbiq edilmişdir. Texniki və sistem xətaları nəticəsində cərimənin tətbiqi, adı çəkilən şəxsin günahı olmadan, qanunsuz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X3 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə dəfələrlə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 İXM-nin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat X2 sədr müavini Natiq Dadaşovun AYN seriyalı, ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında haqqında elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(5-101)-16/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-16/2026
12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver