Məhkəmə qərarları › İş №3(5-101)-1756/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1756/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1756/2026 23.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X5 qızının katibliyi, X1 iştirakı ilə, X2 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriyalı 33866669 nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri DYPİ Yol patrul xidməti tərəfindən səhv olaraq barəsində xx.xx.2026-cı il tarixində EQ 33866669 saylı İnzibati xəta haqqında prtokol tərtib edilibdir. Həmin qərarda nəzərdə tutulmuşdur ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2026-ci il tarixində ona məxsus “VULİNQ” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanda “Qaçqınları bazarı” deyilən yerlə üzbə-üz daş köşkün yanında saxlamışdır. Bakı şəhəri DYPİ əməkdaşı tərəfindən səhv olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi barədə elektron qərar qəbul edibdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində göstərilir ki, nizamlanma vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanması və ya durması inzibati xətanın tərkibini yaradır. xx.xx.2026-ci il tarixli EQ 33866669 saylı inzibati xəta haqqında prtokol qanunsuz və əsassız hesab etdiyimdən aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, sözü gedən həmin ərazi piyada səkisi deyildir. Ora yol kənarı zolaqdır, uzun illər həmin yedə avtomobillər park olunub. Həm də qanunvericilikdə ümumiyyətlə səkinin hüquqi statusu müəyyən olunmayıb. Qeyri-müəyyən anlayışa görə isə cərimə tətbiq edilməsi hüquqi cəhətdən qanuni deyil. Praktikada isə səki, yoldan bordürlə ayrılan, avtomobillərin girişi məhdudlaşdırılan, avtomobil yolundan minimum 15 cm. hündür olan, piyadaların maneəsiz hərəkəti üçün nəzərdə tutulmuş yol elementidir. Həmin hissə isə avtomobil yolu ilə eyni səviyyədədir və səkiyə xas olan heç bir texniki əlamət yoxdur. Bundan əlavə avtomobil yolundan həmin hissəyə avtomobillər üçün bir neçə yerdən giriş mövcuddur. Həmin hissənin səki statusu qazanması üçün ilk növbədə ora giriş məhdudlaşdırılmalı, avtomobillərin parklanması üçün alternativ şərait yaradılmalıydı, ən azı xəbərdarlıq nişanları qoyulmalıydı. Bunların heç biri edilmədən avtomobil sahibinin cərimələnməsi qanuni və ədalətli sayıla bilməz. Belə çıxır ki, bu bir tələdir. Həmin küçənin yenidən qurulan hissəsində, həmin istiqamət “AYNA”-nın parklanma yeridir. Onun avtomobili həmin ərazidə daşdan tikilmiş köşkün yanında park edilmişdir. Əgər həmin hissə səkidirsə, onda niyə həmin xətt üzrə bir neçə köşk mövcuddur. Səki kimi istifadə olunan hissə isə, onun avtomobil saxladığı ərazi ilə beşmərtəbəli binanın arasındakı təxminən 3-4 metr enində yoldur. Ümumiyyətlə, həmin hissədə avtomobillərin dayanma, durmasını, parklanmanı qadağan edən və ya piyada səkisi olduğunu təsdiq edən heç bir nişan mövcud deyil. Hadisə məkanının video-foto şəkilləri əlavə olaraq məhkəməyə təqdim olunacaqdır. Beləliklə, hesab edir ki, xx.xx.2026-cı il tarixli EQ 33866669 saylı saylı inzibati protokol qanunsuz qəbul edildiyindən ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2026-cı il tarixli EQ 33866669 saylı inzibati protokolun ləgv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X3 izahat verərək şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 12 fevral 2026-cı il tarixdə saat 15:07-də ünvan 2 ünvanında “WULİNG STARLİGHTS PLUG-İN HİBRİD minik” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyinə görə barəsində 60 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkilə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə X3 tərəfindən idarə edilmiş “WULİNG STARLİGHTS PLUG-İN HİBRİD minik” markalı **-YH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin səkidə dayanması və ya durması halı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən tərtib edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 saylı qərarda X2 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 60 (altmış) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın məhkəməyə təqdim etdiyi fotoşəkillərə baxış keçirilmiş, təqdim edilmiş fotoşəkildə X3 tərəfindən idarə edilmiş “WULİNG STARLİGHTS PLUG-İN HİBRİD minik” markalı **-YH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin səkidə dayanması və ya durması halı müəyyən edilmişdir. X3 şikayət ərizəsində səkinin yoldan bordürlə ayrılan, avtomobillərin girişi məhdudlaşdırılan, avtomobil yolundan minimum 15 cm. hündür olan, piyadaların maneəsiz hərəkəti üçün nəzərdə tutulmuş yol elementi olduğunu qeyd etmiş, həmin ərazinin səki olmadığını əsas gətirmişdir. Məhkəmə bu xüsusatla bağlı qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.16-cı bəndində göstərilmişdir ki, səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Azərbaycan dilinin izahlı lüğətində də, səki sözünün izahı kimi piyadaların gedişgəlişi üçün küçənin hər iki tərəfində asfalt, daş, taxta və s. döşənmiş və adətən küçədən bi r qədər hündür yol olması qeyd edilmişdir. Beləliklə, verilmiş anlayışlardan aydın olduğu kimi, səki piyadalar üçün nəzərdə tutulmuşdur, yolun kənarında yerləşir və çox vaxt bördürlə(künc daşı ilə) avtomobil yolundan ayrılır. Məqsədi piyadaların təhlükəsizliyini təmin etmək və nəqliyyat axını ilə toqquşmanın qarşısını almaqdır. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərə baxış keçirdikdə aydın olur ki, avtomobilin saxlanıldığı ərazi bordürlə ayrılmış, avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş yoldan müəyyən qədər hündürlükdədir, piyadaların maneəsiz hərəkəti üçün tənzimlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Təqdim edilmiş sənədlərə və fotoşəkilə baxış zamanı İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən qəbul edilmiş 12 fevral 2026-cı il tarixli, EQ seriaylı 33866669 saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar