Məhkəmə qərarları › İş №3(5-101)-1831/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1831/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1831/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Şirinova Nuray ilqar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 16 fevral 2026-cı il tarixli, MN ******* saylı və MN ******* inzibati xəta haqqında protokola əsasən Şəxs 15 fevral 2026-cı il tarixdə saat 18:30-da Nardaran qəsəbəsi 10-cu st postda polisin qanuni tələblərinə tabe olmamış, şöbəyə gətirilmiş, narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 15 fevral 2026-cı il tarixdə axşam taksi fəaliyyəti ilə məşğul olmaq üçün evdən çıxmışdır. Maştağa qəsəbəsindən Saray qəsəbəsinə gedən müştəriləri maşına mindirmişdir. Ünvana gedən zaman Nardaran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan hara getdiyini soruşmuşlar, o da polis əməkdaşlarının suallarına cavab vermişdir. Polis əməkdaşları ona postun təyinatını, orada yaşamadığı üçün, müştəri gətirdiyi üçün digər yoldan istifadə etməsini bildirmişdirlər. Bu zaman aralarında mübahisə yaranmışdır. Əsəbi olduğundan polis bölməsinə getməyə etiraz etmişdir. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis Şöbəsində olan zaman onun narkotik maddələrdən istifadə etməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, tibbi müayinədən keçirilən zaman sidiyində narkotik vasitə aşkar edilmişdir. Lakin yanvar ayının axırlarında Rusiyada olarkən narkotik vasitədən istifadə etdiyini bildirmişdir.Odur ki, İXM-nin 206-cı maddəsi ilə razılaşmır. Qeyd olunanları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin sahə inspektoru X2 16 fevral 2026-cı il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 fevral 2026-cı il tarixli raportdan görünür ki, 15 fevral 2026-cı il tarixdə saat təqribən 18:30 radələrində Nardaran qəsəbəsi 10-cu st postda xidmətdə olan zaman **- YJ-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET COBALT” markalı maşın daxil oldu, özünü təqdim etdikdən sonra qəsəbəyə nə üçün gəldiklərini soruşduqda Saray qəsəbəsinə getdiklərini dedi. O onlara stasionar postun təyinatı barəsində məlumat verdikdən sonra ona izah etmişdir ki, qəsəbə yollarından alternativ yol kimi istifadə etmək olmaz. Vətəndaş isə buna məhəl qoymayaraq qəsəbəyə daxil olmaq istədi və tabesizlik nümayiş etdirdi. Bu barədə 42-ci PŞ-nin NH-nə məlumat vermiş və şöbəyə təmin edilməsini istəmişdirlər. 2485 çağırışlı avtopatrul ilə 42-ci PŞ-nə təmin edildi. Həmin şəxslər Şəxs (sürücü)- xx.xx.1996cı il təvəllüdlü, X3 (sərnişin)-xx.xx.1966-cı il təvəllüdlü, X5 (sərnişin)- xx.xx.1987-ci il təvəllüdlü şəxs olduqları müəyyən eidlmişdir; İnzibati qaydada tutma haqqında 15 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 15 fevral 2026-cı il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş 16 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 15 fevral 2026-cı il tarixdə saat 18:30-da Nardaran qəsəbəsi 10-cu st postda polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsindən daxil olmuş 16 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 fevral 2026-cı il tarixdə saat 18:30-da Nardaran qəsəbəsi 10-cu st postdan şöbəyə gətirilmiş, narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 16 fevral 2026-cı il tarixli, 1228 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə saat 11:00:19-da Tiblisi şəhərindən Azərbaycan Respublikasına, X6 Aeroportuna daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana (kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə iclasında Şəxs özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, o narkotik maddə marixuanadan yanvar ayının sonu Rusiyada olarkən istifadə etmişdir.Məhkəmə onun bu məzmunda izahatını özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir. Belə ki, Şəxs həmin maddədən Azərbaycan Respublikasından kənarda istifadə etməsini əsas gətirsə də, Elektron Məhkəmə İnfromasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə saat 11:00:19-da Tiblisi şəhərindən Azərbaycan Respublikasına, X6 Aeroportuna daxil olmuşdur. Göründüyü kimi, Şəxs 2026-cı ilin yanvarında Rusiyada olmamış, 2025-ci ilin oktyabr ayından bugünə Azərbaycan Respublikasını tərk etməmişdir ki, bu da onun verdiyi bu məzmunda izahatının məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş izahat olmasına dəlalət edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin özünün qismən etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 15 fevral 2026-cı il tarixdə saat 18:30-da Nardaran qəsəbəsi 10-cu st postda polisin qanuni tələblərinə tabe olmamış, şöbəyə gətirilmiş, narkoloji müayinə nəticəsində narkotikdən istifadə etməsi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədli X4 Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsinə əsasən 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar