Məhkəmə qərarları › İş №3(5-101)-1832/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1832/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1832/2026 16.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rahib Əsədovun, Zərərçəkmiş şəxs Abbasova Aygün Bayram qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Saatlı rayonu, Şirinbəyli Ərazi Dairəsi, Şirinbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs müxtəlif vaxtlarda “TikTok” sosial şəbəkəsi üzərindən Abbasova Aygün Bayram qızının və onun övladı X1 ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin, “WhatsApp” tətbiqi vasitəsilə Abbasova Aygün Bayram qızı və öz qızı X2 qarşı nalayiq ifadələrdən ibarət səsli mesajlar göndərmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin sahə inspektoru Rahib Əsədov bildirmişdir ki, Abbasova Aygün Bayram qızı onunla əlaqə saxlayaraq bildirib ki, Şəxs onların ünvanına əsassız olaraq nalayiq ifadələr işlədir və onları təhqir edir. Sonuncu dəfə, 15 fevral 2025-ci il tarixdə, Abbasova Aygün Bayram qızı zəng edərək məlumat vermişdir ki, Şəxs yenidən onların təhqir edərək evdə münaqişə yaradır. O, şikayət əsasında qeyd olunan ünvana getmiş, həmin vaxt Şəxs orada olmamışdır. Evdə olan uşaqlar həyəcanlı vəziyyətdə bildirmişlər ki, Şəxs evə gəlmiş, əsassız olaraq mübahisə yaratmış və onları küçədə söyüşlü ifadələrlə təhqir etmişdir. Şikayət əsasında Şəxs saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Bununla əlaqədar olaraq, müvafiq hüquqi tədbirlərin görülməsi və mövcud qanunvericiliyə uyğun olaraq prosedurların davam etdirilməsi məqsədi ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, arvadının və qızının ünvanına nalayiq ifadələr işlətməmişdir. Əksinə, sosial şəbəkələr vasitəsilə Abbasova Aygün Bayram qızı tərəfindən onun barəsində əsassız iddialar səsləndirilmişdir. Belə ki, Abbasova Aygün Bayram qızı sosial platformalarda onun guya narkoman olması, ailəsinə əziyyət verməsi barədə məlumatlar yaymış və bu əsasla yardım toplamağa cəhd etmişdir. Abbasova Aygün Bayram qızının onun razılığı olmadan təmizlik işlərinə getmişdir. O, isə Aygünün təkbaşına təmizlik işlərinə getməsinə etiraz etmiş və bu səbəbdən onun işlədiyi Aytac adlı xanımın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Abbasova Aygün Bayram qızı izahatında göstərmişdir ki, Şəxs onun əridir və o, əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuşdur. Həbsdən azad edildikdən sonra isə heç bir əsaslı səbəb olmadan ailə üzvlərinə qarşı aqressiv davranışlar nümayiş etdirmiş, onları fiziki zorakılığa məruz qoymuş və təhqir etmişdir. Həmçinin bildirilir ki, Şəxs “TikTok” sosial şəbəkəsində birgə nikahlarından olan övladı X1 ünvanına nalayiq ifadələr işlətmiş, onu davamlı şəkildə təhqir etmişdir. Bundan əlavə, “WhatsApp” tətbiqi vasitəsilə səsli mesajlar göndərərək onların ünvanına küçə söyüşləri və alçaldıcı ifadələr işlətmişdir. Şəxs qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs müxtəlif vaxtlarda “TikTok” sosial şəbəkəsi üzərindən Abbasova Aygün Bayram qızının və onun övladı X1 ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin, “WhatsApp” tətbiqi vasitəsilə Abbasova Aygün Bayram qızı və X2 qarşı nalayiq ifadələrdən ibarət səsli mesajlar göndərmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı, 017062 nömrəli, 15 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 15 fevral 2026-cı il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş səs yazılarına baxış keçirilmişdir. Həmin səs yazılarının məzmununun araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs birgə nikahdan olan 11 yaşlı övladının ünvanına seksual xarakterli zorakılıq hərəkətləri edəcəyi ilə bağlı hədələyici ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaldan sözlər səsləndirmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, Şəxs müxtəlif vaxtlarda dəfələrlə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, barəsində inzibati qaydada icraat aparılan şəxin özünün izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs müxtəlif vaxtlarda həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb olunması məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (öz 11 yaşlı qızının ünvanına seksual xarakterli zorakılıq hərəkətləri edəcəyi ilə bağlı hədələyici ifadələr işlətməsi, əvvəllər də dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunması lakin islah olmaması), məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həsbetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 15 fevral 2026-cı il tarixdə, saat 21:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 15 fevral 2026-cı il tarixdə, saat 21:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar