Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-101)-1918/2026 17.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, ev 2ET, mənzil 65-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 17 fevral 2026-cı il tarixli, MN ******* saylı və 17 fevral 2026-cı il tarixli, MN ******* saylı protokollara əsasən 13 fevral 2026-cı il tarixdə Şəxs “İnstaqram” sosial şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik etmiş, həmin tarixdə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində polisin qanuni tələblərini qəsdən pozaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, 17 fevral 2026-cı il tarixdə saat 15:00 radələrində Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində Şəxs və dostu Turan Qasımov **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən polis əməkdaşları özlərini ona təqdim edərək “İnstagram” sosial şəbəkəsində etdiyi paylaşımlarla bağlı Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Həmin vaxt onlar özlərini təqdim etməkdən və PŞ-nə gəlməkdən imtina etmişlər. Yenidən polis əməkdaşları onları “İnstagram” sosial şəbəkəsində etdiyi paylaşımlarla bağlı yenidən PŞ-nə dəvət etmişlər. Onlar tabesizlik göstərdiyindən raport ilə müraciət edərək həmin şəxslərin barəsində tədbir görülməsini xahiş etmişlər. Həmin şəxslər məcburi qaydada PŞnə gətirilmişlər. Şəxs və dostu Turan Qasımov **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən maşının qabaq sağ qapısını açaraq bunu video görüntüləyə almış, arxadan gələn digər nəqliyyat vasitəsi isə həmin görüntüləri qeydiyyata almışdır. Raportla şöbə rəisinə müraciət edilmiş, həmin raport əsasında tərəfindən İXM-in 510.2-ci və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədən Şəxs barəsində tərtib olunmuş protokolların təmin edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaq fikri olmamışdır. Polis əməkdaşları onu və dostunu PŞ-nə sosial şəbəkələrdə yayılmış video görüntülərə görə dəvət etmişlər. Bununla bağlı etirazını bildirərək getmək istəməmişdir. Sonradan digər polis əməkdaşlarının gəlməsi ilə onları məcuri PŞ-nə aparmışlar. Video görüntü onun avtomaşınında çəkilmişdir. Bunun qanunsuz olmasını bilmirdi. Video görüntünün yayılmasında xəbəri olmamışdır. Sonradan məlumatı olmuşdur. Etdiyi əməlin mahiyyətini sonradan dərk etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Ona verilmiş suallara cavabında göstərmişdir ki, polis əməkdaşları onlara özlərini təqdim etmiş və sosial şəbəkələrdə olan video görüntülərə görə PŞ-nə dəvət etdiklərini bildirmişlər. Polis əməkdaşlarına onu PŞ-nə apara bilməyəklərini, getməyəcəyini bildirmiş, aralarında davam edən mübahisədən sonra onu və dostunu polis şöbəsinə aparmışlar. Video görüntünün sosial şəbəkələrdə yayılmasına görə təəssüf edir. Onun cəmiyyətə qarşı hörmətsizlik etmək fikri olmamışdır. Sonradan həmin video görüntünü sosial şəbəkədən silmiş, lakin buna baxmayaraq başqa saytlar videonu paylaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 fevral 2026-cı il tarixli, MN ******* saylı və 17 fevral 2026-cı il tarixli, MN ******* saylı protokollara əsasən 13 fevral 2026-cı il tarixdə Şəxs “İnstaqram” sosial şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir etmiş, cəmiyyətə açıqca hörmətsizlik etmiş, həmin tarixdə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsində polisin qanuni tələblərini qəsdən pozaraq tabesizlik göstərmişdir. AZA 017061 saylı, 17 fevral 2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 17 fevral 2026-cı il tarixdə, saat 15:00-da inzibati qaydada tutulmuşdur. Əlavə edilmiş sosial şəbəkələrdə “ölümə meydan oxuyan sərnişin” başlıqlı video görüntüdən müəyyən olunur ki, “Hyundai” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən maşının qabaq sağ qapısını sərnişin qismində əyləşmiş şəxs açaraq arxadan gələn nəqliyyat vasitələrini və ətrafı video görüntülərə çəkir, eyni zamanda arxadan gələn digər nəqliyyat vasitəsi isə həmin görüntüləri qeydiyyata alır. Əlavə edilmiş CD diskdən görünür ki, Şəxs törətmiş olduğu əməlləri etiraf edərək bağışlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan(vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə-beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, video görüntülər, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, video görüntülər, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclası zamanı 24 saniyəlik video görüntülərin əks edildiyi sosial şəbəkələrdən https://avtosfer.az/az/qaydalar/guneslide-olume-meydan-oxuyansernisin-hereketde-olan-avtomobilin-qapisini-acib-vi%CC%87deo-319890 linki üzərindən baxış keçirilmiş, baxış zamanı “Günəşlidə ölümə meydan oxuyan sərnişin” başlıqlı video görüntüdən müəyyən olunur ki, “Hyundai” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olarkən maşının qabaq sağ qapısını sərnişin qismində əyləşmiş şəxs açaraq arxadan gələn nəqliyyat vasitələrini və ətrafı video görüntülərə çəkir, eyni zamanda arxadan gələn digər nəqliyyat vasitəsi isə həmin görüntüləri qeydiyyata alır. Kadrlardan görünür ki, hərəkətdə olan **-SY-*** dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin ön sərnişin oturacağında əyləşən gənc qapını açaraq arxadan gələn nəqliyyat vasitəsini mobil telefonla lentə alır. Bu zaman o, həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atır. Qeyd edək ki, son vaxtlar bu kimi hallar gənclər arasında geniş yayılıb. Əksər hallarda sürücünün yanında əyləşən sərnişinlər(sürücünün dostu) sosial şəbəkələr üçün görüntü əldə etmək məqsədilə təhlükəli hərəkətlər edir, sürücülər isə buna şərait yaradır. Qanunvericiliyə görə, sürücü nəqliyyat vasitəsində olan sərnişinlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyır. Hərəkət zamanı qapının açıq saxlanması və ya sərnişinin təhlükəli vəziyyət yaratmasına şərait göstərilməsi inzibati məsuliyyətə səbəb ola bilər. Şəxs törətdiyi xətanı etiraf edərək əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsidir. Həmin maddənin sanksiyasında beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin növünə münasibətdə hesab edir ki, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, cərimə tənbeh tədbirinin tətbiqi kifayət hesab edilə bilməz. Belə ki, video görüntülərdən görünür ki, sərnişin və sürücü həm öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına atır. Son vaxtlar bu kimi hallar gənclər arasında geniş yayılıb. Əksər hallarda sürücünün yanında əyləşən sərnişinlər(sürücünün dostu) sosial şəbəkələr üçün görüntü əldə etmək məqsədilə təhlükəli hərəkətlər edir, sürücülər isə buna şərait yaradır. Belə hərəkətlərin sosial şəbəkələrdə yayılması ictimai qınağa səbəb olur. Digər şəxslər tərəfindən belə hərəkətlərin edilməməsi üçün nümunə olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun 17 fevral 2026-cı il tarixdən inzibati qaydada tutulmağı nəzərə alınmalı, həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 510.2-ci maddəsinə əsasən 08(səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X2 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(5-101)-1918/2026
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(5-101)-1918/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver